Erosun siyasəti

Bəzən xoşbəxtliyimiz hər adamın komplimenti yox, bir adamın tənqidi altında gizlənə bilir. Bəzən də, bu xoşbəxtliyin nə olduğunu bilmək, dadını duymaq üçün bədbəxtliklə üzləşməli oluruq. Xoşbəxtlik yalnız xatirə tək yaddaşda qalır.
Çox zaman da, bu xatirə bir siluetdən ibarət olur. Və çox nadir hallarda geriyə qaytarılması mümkün olan bir və ya bir neçə andan ibarətdir xatirəmiz. Bəlkə də, heç vaxt geri qayıtmayan. Baxır kimə görə.

Etiraf edim ki, yaman duruxdum. Ən acığım gələn şey “bəzən”, “çox zaman”, “nadir hallarda”, “həmişə” və “heç vaxt” kimi zaman zərflərinin seçimi üzərində baş sındırmaqdır. 

Nisbiliyə inanan və publisistik esselərin subyektiv yanaşmaya əsaslandığını bilsə də, mümkün qədər obyektiv olmağa çalışan bir yazar üçün zamanla bağlı qərarlar qəbul etmək çətindir. Həddindən artıq çətin!

Belə hallarda mən özümü “Vyetnam bataqlığı”na düşmüş kimi hiss edirəm. Yox, hətta bundan da dəhşətli bir durumda – “Qarabağ münaqişəsinin həlli prosesi”ndə. Elə bir prosesdə ki, adı var, təyinatı var, mövzu və məqsədlər elan edilib, hər hansı mövcudluq və tərpəniş hiss olunur, amma nəyə isə nail olmaq mümkün deyil. Bax, bu dəhşətdir. Nəticəsi olmayan bir proses…

Daha doğrusu, həyatdır. Körpəliyi SSRİ-nin dağılma illərinə, uşaqlığı müharibə illərinə, gəncliyi isə hələ də bitmək bilməyən atəşkəs və keçid illərinə təsadüf edən mən və mənim kimi minlərlə gəncin həyatı.

Əslində, mən bu həyatı tamamilə mənhus adlandırmazdım. Sovet rejiminin son illəri, müstəqillik uğrunda mübarizənin getdiyi zamanlar, müharibə illəri, hətta 1990-92 arasında yaşanan faciələrlə birlikdə – ŞƏRƏFLİ BİR KEÇMİŞDİR MƏNİM ÜÇÜN.

Amma keçid dövrü… Məncə, bir insan üçün dünyada ən ağır qarğış məhz bu olmalıdır: “Səni görüm, keçid dövründə yaşayasan!”. Və yaxud da, belə: “Səni keçid dövründə uşaq böyüdəsən!”.

Siyasi proseslər, sosial problemlər, hər seçkilərdə cəmiyyətdə doğulub-boğulan dəyişiklik, valideynlərin həyəcanları, mübahisələr, qadının fərsiz kişiyə üsyanı, kişinin deyingən qadından bezginliyi, müəllimlərin hərisliyi, qızların “bomba oğlan” gözləntisi, təsbeh və ya açarla burun-qulaq eşənlər, dar şalvarı “rajok”la geyinənlər… Soyunmaqdan ziyadə, soğan kimi soyulub insanlıqdan çıxanlar. 
Və bu keçid dövründə nədən nəyə keçdiyini anlamayan bir insan. Uşaq, yeniyetmə, gənc! Sadəcə bir vətəndaş!

O axtarır, vurnuxur, çabalayır… Sevir, yaxud da sevməyə cəhd edir. Sevilir, amma sonda tərəziyə qoyulur. Aldadılmayanda aldadır, sadiq qalanda aldadılır.
Kimsə onu çox sevəndə, arzu edəndə diksinib qaçır…. Kimisə çox sevəndə vaxtından tez itirir. Ümumiyyətlə, itirməyin “vaxtında”sı olurmu? Sadəcə özünə təsəlli verir: “Gedənlər mənim deyil. Deməli, mən heç nə itirməmişəm”.
O, artıq 26 yaşına qədəm qoyur. Çox yox, cəmi 1 həftə sonra bu yazının məchul qəhrəmanı anlayacaq ki, artıq gəncliyin “mən-mən” deyil, “biz-biz” deyən dövründə belə… Onun üçün “tək halda” plan qurmaqdan başqa bir çarə, bir seçim yoxdur.

Bu vətəndaş elə də mömin deyil, elə də dinsiz deyil. “Elə də”lərin də, “belə də”lərin də heç birindən ola bilməyib. Deməli, 26 il ərzində yaşamayıb – sadəcə keçid dövrünün bir elementi kimi mövcudluğunu sürüb.

Erosa vurulmuşdu, indi Thanatos qucağını açıb bizim qəhrəmanımızı gözləməkdədir. Gedəsi başqa bir yeri də yoxdur əslində. 

Biz hamımız bu həyatda məhz xırıltıyla ölmək üçün nərildəyirik. Onun çoxdan – heç özü də xatırlamadığı bir zamandan ürəyində bir arzu yaşayır. Bütün ümid və arzulardan daha möhkəm çıxıb bu arzu. Arzusu odur ki, məhz doğulduğu gündə dünyasını dəyişsin. Ya bu il, ya gələn il, ya da uzun illər sonra, öz yubileyinin son sağlığını özü desin – “kəlmeyi-şəhadət”lə. 

Kimsənin ağlına intihar seçimi gəlməsin. Haqqında danışdığım, heç vaxt özünə qəsd eləməyəcək. Getdiyi yerdə eşidəcəyi tənələrə görə yox. Tərk etdiyi yerdə eşidə bilməyəcəyi, amma yüz faiz xor şəklində deyiləcək qınaqlara görə. Halbuki, sən həyatda olmadıqdan sonra, bu dünyada baş verənlər vecinə olmamalı. 
Qəribədir və həm də gülməlidir – taleyin bütün şərəfsiz oyunlarına bircə şərəf naminə tab gətirmək.

Nə deyək? Bilmək olmaz. Bəlkə də, Erosun siyasəti elə budur?! 

Danılmazdır: Milyonlar arasında kiminsə yoxluğu – “kimsəm yoxdur” deməyə əsas verir. Bu, fəktın zaman zərfi “həmişə” və ya “hər zaman” olsa da, məhz başqalarının qüruruna toxunmamaq, ya da “obyektiv” görünmək naminə “bəzən” deyə bilərik. 

Bir az siyasətcil olmaq lazımdır. Ümidlə ki, axırda Erosa kəf gələcəyik.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma