Biz qəfildən qocaldıq…

Rüfət Əhmədzadə

(Bu mənsur şeiri mənimlə eyni gündə – iyunun 7-də doğulan dostum Nicat Aslana hədiyyə edirəm)

Biz qəfildən qocaldıq…

Atdı bizi zaman-zaman üzən fələk bir an dəli küləklə… süpürüldük, təmizləndik ruhumuzdan boşluğa… Daha gənc olmarıq biz, yenidən doğulmarıq. Duyğuların alçalmasındanmıydı, ruhən guya ucaldıq, uzaqlaşdıq bəşərə…. Biz acıqdan qocaldıq.
Kimsə hiss etmədi yaşımızın nə məna verdiyini. Kimsə anlamadı ömrümüzdən hər günün onunçün keçdiyini… Heç cür də fərq etmədi – nə bizimçün, nə də başqalarıyçün – hansı zərbə daha həllediciydi. Biz sevgidən qocaldıq.

Yaşamadıq günləri – “bir, iki, üç, dörd” deyə… Biz “yenə”ylə tükəndik… “Qəm yemə”ylə kökəldik. Qocaldıq heç nəyi hiss etmədən. Qocaldıq səbəbini bilmədən. Qocaldıq həyatın mənasını dünyada aramaqla…

Qocaldıq o dünyanın sirrini anlamaqçün boşa baş sındırmaqla… Bizə bu dünya lazım deyildi, heç o dünya marağında deyildik… Yəqin öz yaratdığımız dünyanı özgələrə sırımaqdan qocaldıq. Yad dünya sakinlərinin işinə yarımaqdan qocaldıq…

Hər gün bir şeir yazardıq, dostum. Yəqin kimsə düşünər, zarımaqdan qocaldıq. Qoy kim nə deyir desin. Biz uşaqlıq görmədik, gənclik dadı bilmədik… Bəlkə, doğulan gündə, bu dünyanın havayla ciyərlərə dolan bir lənətindən qocaldıq?

Öc aldıq, bac aldıq, tac aldıq… Sonra yıxdıq, qırdıq hamısını “uf” demədən… Sadəcə dəlilikdən, “səfehlikdən” deyənin boynu sınsın… Hər nə etdik, özümüz də bir-bir cavab verərik. O dünyaya bu dünyadan borc aldıq.

Hansı əcəllə ölərik, bilmirəm.. Biz macaldan qocaldıq.

Qocaldıq – elə bir otaqda, tənhalığımızla baş-başa qalıb. Siqaretin tüstüsüylə buxarlandı duyğular – doldurdu kimsəsizliyi, boşluğu…

Qanad açdı havada xatirələr. Xatirələr deyirəm – hər biri bir mərhumu yaşatmağa bərabər, hər biri bir ölkəni boşaltmağa bərabər.

Yerdə ümidlər qaldı. Külqabı da ağzına qədər doldu… Ağlın kəsəndən bəri, çılğın gəncliyini rəngarəng edən…Ümidləri deyirdim, amma qəti üzülmə, ya sabah, ya birigün hansısa bakirənin bir məkriylə doğular… Sonra yenə boğular…

Bəsdir, dostum, bu gecəlik bəsimizdir, bəlkə də… Qocalmağın “mübarəki”ylə heyifdən qocaldıq.

Əsas odur, yaşayırıq hələ də. Gəncliyin irgəncliyindən ölmədik. Biz qəfildən qocaldıq. Bəlkə, elə əbədiyyən qocaldıq. Ölməməkçün deyirəm, haqq-hesab görməməkçün… Niyə böyüdək axı bu adi hadisəni?! Bu gün sadəcə bir il də qocaldıq.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma