Evlənmə təklifi

Rüfət Əhmədzadə

(novella)

Bir anlıq duruxdu, özünü toparladı, var gücü ilə nəfəsini içinə çəkdi… Və nəhayət, bütün bədəni əsə-əsə dilə gəldi:

– Mən səni sevirəm… Çox, lap çox sevirəm… Mən səni… Dəlicəsinə… Eşşək kimi… Eh, mən nə danışıram?! Yox bir, balqabaq kimi…

Əsəbindən əsirdi artıq, “həyəcandan əsdiyini” demək sadəcə bəhanə olardı. Bir siqaret yandırdı, tüstünü dərindən içinə alıb-buraxdı, yenidən nitqinə davam etdi:

– Bilirsən, biz səninlə elə də çoxdan tanış deyilik. Bir aydan bir az çox… Belə baxanda, nə sən məni çox yaxından tanıyırsan, nə mən səni… Amma… Amma mən səni hər görəndə, səsini hər eşidəndə…. Adicə telefonumda sənin adınla rastlaşanda, birdən elə gəlir ki… Sanki səni çoxdan, lap çoxdan tanıyıram. Uşaqlığımdan bəri…. Hə, indi deyəcəksən ki, sənin çox sevgilin olub, hamısına da eyni sözləri demisən… Amma vallah, belə deyil! Lap bəlkə də belədir, onların arasında doğrudan da sevdiyim üç-dörd qız olub… Hamısına sənə demək istədiklərimi demişəm, eşitmək istədiklərimi eşidə bilməmişəm… Alınmayıb da, nə edək? İstəyirəm, sənlə alınsın. Mən sənə… Mən sənə bu həyatda xoşbəxt gələcəyə son şansım kimi baxmağa başlamışam… Vallah, Allaha and olsun, inan mənə!

Artıq nəfəsi tükənirdi. Dili-ağzı qurumuşdu. Bir qüllab da siqaret tüstüsü… Yox, çay içsə, bəlkə də, bircə qurtum alsa, daha rahat danışa bilər. Daha rahat izah edə bilər hisslərini. Əlini uzadıb yazı masasının üstündəki stəkandan artıq soyumuş çay dolu stəkanı götürdü, tələsik dodaqlarına yaxınlaşdırıb bir-iki qurtum xoruldatdı… Və yenidən başladı:

– Bax, əgər səni doğrudan sevməsəydim, belə həyəcan çəkərdimmi? Bu gün mənim üçün əlamətdar gündür – 25 yaşım olur. Sən… Sən qarşımdasan, neçə gündür naməlum səbəbə məndən qaçmağına baxmayaraq, axır ki, görüşə razılaşmısan… Hə, demək istəyirəm ki, bu an bir ömrə dəyər. Axır ki.. Axır deyəcəm sənə… Bir dinləsənə! Mən istəyirəm ki, sən mənim… Yəni ki, sən mənə… Daha doğrusu biz…

Cəsarətini toplayıb içini yandıran o sözləri, əslində çox qısa və dəqiq bildiyi bir təklifi etməyə hazırlaşdırdı ki, birdən, otaqdakı sükut onu dəhşətə gətirməyə başladı. Adam lap kar olar ki! Belə də sükut olar?!

Cəld yazı masasının arxasına keçib, kompyuterin “mp3 player”ində asta səslə həzin bir melodiyanı otaqdakı sükutla mübarizəyə buraxdı. Sol əlinin barmaqları arasında yarıya çatmış siqaretdən bir qüllab da aldı, sonra özünü tələsik süzüb utanırmış kimi kompyuterin yanındakı külqabıya basdı. Sonra isə, yazı masasının arxasından sıçrayıb bayaqkı yerinə gəldi. “Mən sülhlə gəlmişəm” deyən cəngavərlər kimi, boş əllərini yana açdı. Və elə əlləri ilə havanı yara-yara öz “əlamətdar” nitqini tamamlamağa çalışdı:

– Elə bilmə ki, sənə verdiyim sözü tutmuram. Neçə gündür çəkmirdim, içkini tərgitmişəm, sadəcə indi həyacandan bir-iki tüstü almaq istədim. Amma sən… Sən məni sevindirsən, hər şey başqa cür olacaq. Sənə layiq olmaq üçün hər şeyi edəcəm… Həyatımız dəyişəcək, səninlə bu dünyaya meydan oxumaq üçün özümdə güc tapacam… Səni tələsdirmirəm, üstünə gəlmək fikrim də yoxdur… İstəyirsən, heç indi cavab vermə, evdə düşünüb “hə-yox” deyərsən…

Birdən dəli kimi gülmək tutdu onu.

– Əlbəttə… Sadəcə, hə-yox. Ya “hə”, ya da “yox”… Allah göstərməsin! Nə isə… Sən mənə… Mənim həyat yoldaşım…

Elə bu anda, qəhrəmanımı otağında öz-özünə söylədiyi nitqindən mobil telefonuna gələn mesaj ayərdı. Sevdiyi qızdan gəlmişdi bu mesaj: “Salam. Artıq gecədən keçib. Deməli, sənin bu gün doğum günündür. Ürəkdən təbrik edirəm. Amma bağışla məni… Biz görüşə bilməyəcəyik. Özünü qoru!”

Bu an, müəlliif qəhrəmanın düşdüyü vəziyyəti təsvir etməyə çalışır, amma heç nə alınmır. Görək, qəhrəmanımız sevdiyi xanıma nə yazdı: “Salam. Çox sağ ol, sənin təbrikin mənimçün çox əzizdir. Amma de görüm, niyə görüş alınmır?”.

Əvvəlcə istəmişdi, elə birdəfəlik “Niyə?” yazsın, sonra düşündü ki, bir az səbir göstərsin, nəzakətli olsuun, bəlkə sevgilisi naz edir… Ya da, onu yoxlayır. Və yaxud, hər nə edirsə də, bir Allah bilir!

Ayaq üstə donub qalıb, tərpənmir. O ana qədər ki, “Təcili işim çıxıb, sonra deyərəm” yazılmış qısa mesaj onu hərəkətə gətirir.

Birtəhər güc tapıb “Bəs sabaha, yəni ayın 8-nə vaxt olar?” deyə yazır, əvəzində isə bayaqkı mesajdan tez cavab alır: “Nə sabah, nə də başqa vaxt. Unut məni, xoşbəxt ol!”.

Qəribədir, deyilmi? İnsanı əzib atasan, sonra da xoşbəxtlik arzulayasan?!

Tələsik telefonu götürüb o qızla danışmağa çalışır. Amma ilk çağırışın siqnalında telefon üzünə bağlanır. Yenə də yığır, yenə də sevdiyi qızın nömrəsi “məşğuldur”. Telefonu bərk-bərk sağ ovcunda sıxıb çarpayıda oturur. Əlini cibinə atıb siqaret axtarır… Amma siqaret yoxdur, sonuncusunu az əvvəl külqabıda əzişdirib basdırmışdı. Beləcə, bir neçə saniyə keyimiş halda qaldı.

Sonda, yəni hər şeyin sonu sayılan bir anda sevdiyi insandan son mesaj gəlir: “Sən yaxşı oğlansan. Şairsən, romantiksən, sənin kimi oğlanı arzulayan qız çoxdur. Amma incimə, mən səninlə gələcək görmürəm. Bu gün elçi gəlmişdi, mən razılaşdım. Telefon nömrəmi indi sındırıram, daha məni axtarma. Yeni ilham pərisi asanlıqla tapılar. Sən bacarıqlısan.. Aramızda hər şey bitdi. Əlvida!”

Bilmirdi nə etsin. Bir neçə dəqiqə durdu, sonra yenə ona zəng etdi. Yenə “məşğul”. Bir daha yığdı, bu dəfə isə “nömrəyə zəng çatmır”. Daha mənası yoxdur. Bu dünyanın da, bu həyatın da, həyatın və dünyanın ən əlamətdar hadisəsi də, heçə döndü bircə “Sən yaxşı oğlansan” başlıqlı son mesaj ilə.

Telefonu hirslə söndürüb balıncın altına atdı. Sanki onu kimsə axtaracaqdı. Elə bil, sevdiyi qız öz əməlindən peşman olaraq onu axtaracaqdı yenidən… Uzandı çarpayıya, əllərini başının altında cütlədi, hovuz kənarında dincələnsayaq sağ ayağını o birinin üstünə aşırdı… Gecələri söndürməyə qorxduğu işığa “meydan oxuyurmuş” kimi, gözlərini kiçik çilçıraqda bir nöqtəyə zillədi.

Yox, mənim şair qəhrəmanım ölməyib. Heç ölmək də istəmir. O, sadəcə növbəti şeirinin ilk misrasını düşünür bu anda.

 

07.06.2012

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma