Siyasətin ağlatdığı şairlər

Demokratiya yoxsulluğu yaşayan bir cəmiyyətdə sevgi yarası belə siyasi problem sayıla bilər. Sevdiyi qadın tərəfindən rədd edilən yoxsul bir şairin sarıldığı ilham pərisi də, əgər siyasi mənsubiyyətə malik olarsa, yalnız və yalnız müxalif ruhda ola bilər. O, üsyankar olmalıdır. O, haqsızlıqla barışmaz olmalıdır.

Onun sevgidən, ədalətdən, sülhdən başqa bir idealı olmamalıdır. Nə ilham pərisini, nə də sevgi şairini adətlər, məhdudiyyətlər, qadağalar üzməməlidir. Amma üzür. Və bütün təzyiqlərə qarşılıq, şairdə nəinki üsyankar, hətta anarxist ruh formalaşır. Lakin sonra yenidən ağıl işə düşür, ya bir qədər ehtiyatlı, ya da bir qədər müdrik görünmək gərəyi yaranır…

Şairin,  kövrək bir ruha malik olan əsl şairin əsl problemi elə siyasətdir. Şairi sıxan sosial problemlər əvvəlcə onu gənc yaşında işgəncələrə məruz qoyur, çətinlik və ehtiyac içində yaşadır, sonra şairin sevdiyi xanımların daha yüksək kriteriyalarda adaxlı axtardığı məlum olur, burda da şairin ruhsal inkişafına bəhanə yaranır – şair ərafındakı problemləri unudub bir dikburunun dərdini çəkir… Daha sonra şairi elə şair kimi sevən biri peyda olur.

Lakin zamanla onun prinsipiallığı başdanxarablıq kimi görünür, həyat yoldaşı ondan daha çox şey tələb edir. Şair ya burada peşəkar şair olaraq özünü “ağlamaliyski” yaradıcılığa kökləməli, ya da xalqın ən kasıb yaşayan birinin dərdini çəkə-çəkə ondan pis duruma düşməlidir. Və şair baxımsız vəziyyətdə tərk edilməlidir. Şair onu tərk edənləri əbədi tərk edəndən sonra isə… Artıq hər şey mənasını itirir.  Hətta onun anlamlı şeirlərini oxuyub kədərlənənlər belə, rola girmiş olurlar.

Şairi sevən yoxdur. Şairi yaşadan yoxdur. Şairin ancaq əzabla şair olması kimi bir hökm var və hər kəs də bu hökmü şərtsiz qəbul edib. İnsanların nə vecinə, bu gün şair nə yazacaq, kimi ağlayacaq, kimi istəyəcək… Hansı məmur balasının fahişəsinə çevrilmiş məsum bir mələyin yasını tutacaq.

Sosial problemlərin arxasında siyasi problemlər durur. Şairin də problemi elə siyasətdir. Amma bədbəxtliyindən sevgi davası edir. İnsanlar düşüblər çörək qazanmağın dalınca, şairsə elə durmadan nalə çəkir. Siyasətdən nəsə yazdıqda isə… Hətta ən daimi oxucunun reaksiyası bu olacaq: “Şair, bağışla, mən siyasətlə maraqlanmıram. Sən bir sevgi şeiri yaz”…

Şairi siyasət ağladır. Amma o, siyasətin zorladığı, altına saldığı başqa insanlara bənzəməz. Şairə heykəl ucaldıla bilər, qarşısında baş da əyərlər…  Sevgi və sayğı ilə. Amma şair əysə-əysə sevdiklərinin qarşısında baş əyər, sadəcə sevgi və sayğı ilə. Elə sevgi və sayğıdır insanları bir-birinə təmənnasız bağlayan. Qalan şeylər isə… Elə fahişənin verdiyi həzz qədər ötəridir.

Amma ağlayan şairlərin bədbəxtliyi inkar edilməzdir. Az əvvəl kədərli şeirlər yazan bir gəncə yazdığım mesajla yazımı bitirirəm: “Gün gələcək, yenə sevəcəksən. Bəlkə də, axtardığın qadını tapacaqsan. Onda anlayacaqsan ki, bu vaxtadək boşuna ağlamışam, hədər kədərlənmişəm. Odur ki, az əzab ver özünə”.

Hə… Şairlər axı heç vaxt ağlamır. Onlar üsyan edirlər.  Mən şairlərdən danışıram, lirikanın anasını ağladıb siyasi mövzularda yaxasını çəkənlərdən yox. Onları siyasət ağlatmayıb, sadəcə zorlayıb. Və ya az əzab duymaq üçün gözlərini yumaraq, könüllü təslim olublar…

Bəlkə də düz ediblər. Amma bu, mübariz şairin həqiqəti ola bilməz.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma