Evliliyimin onuncu günü

 

(“yaraşmayan” bir esse)

 

Sevmədən evlənmək – inanmadan ibadət etmək kimi alçaq bir işdir

(Anton Çexov).

Axır ki, mən də evləndim. Nə gec, nə tez – 27 yaşımda. Əslində, mənim cinsimdə ailə qurmaq üçün normal bir yaşdır. Həyat təcrübəsi yığırsan, bir neçə dəfə sevirsən, bir neçə dəfə ümidlənir, yanılır, oxlarını daşa vurursan… Və tamamilə dalana dirəndiyini düşündüyün zaman… Qarşında ucalan çəpərlərin ortasında kiçik bir işıq yeri görünür, birtəhər özünü o “pəncərə”dən yeni həyatına atırsan, adiləşən subaylıq həyatının mənhus duyğularından qurtulursan.

Etiraf edim ki, subaylığımın son zamanları, yəni elçi-nişan söhbətindən əvvəl, getdikcə bozlaşan və maraqsız bir həyat sürürdüm. 15-20 gün sürən tanışlıqlar, 1-2 aydan çox davam etməyən, iqnor-mübahisə-qırışma şəraitində davam edən sevgi macəralarından təngə gəlmişdim. Son zamanlar pessimist rep həvəskarı olmuşdum, Sagopa Kajmeri dinləyirdim. Və onun replərinin birində səsləndirilən bu sözlər də beynimə həkk olmuşdu: “ölmek istiyorum, çünkü bu şekilde yaşamak bence onursuz bir şey”…

Əslində, onursuz, yənqi qürursuz bir həyat da yaşamırdım. Əgər qürurum olmasaydı, yəqin ki, qarşıma çıxan hər hansı bir ərköyün və dikbaş adamla ailə qurardım, yaxud da atasının pulları ilə məni ələ alacağını düşünən qızcığazlardan birini xoşbəxt edərdim. Amma hələ ki, qürurumu yelkən kimi açaraq dolaşırdım. Bir sahildə lövbərimi salmamış, başqa bir sahilə yan alırdım. Bəzən haqsız yerə qəlblər də qırırdım. Və yaxud, mənim səmimiyyətimə inanmayan, dedi-qoduya inanıb məndən şübhələnən qızlara “hə, səni fırlatmaq fikrim var idi” deyib uzaqlaşırdım. Onlar isə… Hələ də son sözlərimdən qalan nifrətlə qovrulurlar bəlkə. Məndən eşitdikləri ilk yalanın nifrətindən.

İlk sevdiyim insan da məni belə tərk etmişdi. Sonra yenə özümü toparlayıb sevməyə cəhd etdim, onda da yerlibazlıq və qohumbazlığa görə bizi ayırdılar. Qızın atası məni tanımaq istəmədi belə… Çünki qızını “yaxşı bir oğlana” ərə verirdi. O da xəbərdar idi olanlardan, amma optimist davrandı, veriləni aldı. Mən pessimist replər dinləməyə və bədbin şeirlər yazmağa davam etdim. Qürurum mənimləydi.

Daha sonra bir sevgi daha… Onun da bəd xəbərini çatdırdılar mənə. Bu xəbər də qürurumu sındırmadı. Ümid edirdim ki, bir gün həyatımın xanımı çıxacaq qarşıma. Xərçəngdən əməliyyat olunmuş atam, səhhəti problemli olan 60 yaşlı anam, sosial problemlər, borclar, keryera uğursuzluğu, adamsızlıq, bir az da tərsliyim və fərsizliyim… Amma arzum da var idi ki, hər şey dəyişsin. Ya da mən dəyişim. Bəlkə özümə pul yığım, bəlkə karyera qurum… Düşünə-düşünə, çalışa-çalışa ayları ötürürdüm, sonu olmayan yoxlama münasibətlərlə həyatımı və adımı korlayırdım.

Sonda bezib anamdan kömək istədim. Onun tapdığı qızla da yola getmədim. Ən çox qorxduğum qısqanclıq idi, kiminsə məni idarə etmək istəyi idi… Və birdən… Özüm də bilmədən, ruhumu tamamlayan insanla ailə qurmaq qərarına gəldim. Əslində mən gəlmədim. Nə etdiksə birlikdə etdik. Sadəcə vaxtı yetişmişdi, mən də taleyə təslim oldum. Nişanlı olduğum zamanda qısqanclıqla da üzləşdim, köhnə sevgililərin nişanlıma yazdığı sarsaq mesajlar da az problem yaratmadı… Amma biz gələcəyə baxaraq, birlikdə olmağı bacardıq.

Gənc bir yazarın ailə qurması o qədər də asan deyil. Xüsusən də, bizim adətlər ilə. Xirtdəyə qədər borc içindəyəm, lakin yenə də xoşbəxtəm. İstədiyim insanla ailə qurdum, məni istəyən insanlar mənə dəstək verdilər. Həyatda bundan gözəl ləzzət ola bilməz, məncə. Əlbəttə ki, qadın kasıbı milyarder edər, milyarderi kasıb. Kişi də gərək aciz olmasın, inamlı və çalışqan olsun.

Məncə bu qədər bəsdir, “sevgi yoxdur” deyib gənclərin beynini korlayanlara deyirəm, onlara sevmək və sevilmək üçün təmkinli və dürüst davranmağı öyrədin, yetər!

Əvvəl elə düşünürdüm ki, evlənənəndən sonra passiv olacam, hər sözü deyə bilməyəcəm. Amma indi görürəm ki, yox… Mənim övladlarım demokratik ölkədə böyüməlidir. Və mən öz oğlumu qürurla orduya yola salmalıyam, ölkəyə faydalı bir vətəndaş kimi yetişməsini, onun da mənim kimi ailə qurmasını görməliyəm. Görməsəm də belə, gözlərimi bu parlaq gələcəyə inamla yummalıyam!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma