“Adi səhnə” (hekayə)

Dünən mən kiçik bir qızın gözləri qarşısında gənc bir qadının üstünə qışqırdım. Və sonra sağ əlim havaya qalxdı. Sol  əlim isə yumruq halında, növbəti zərbəyə hazır… Kiçik qız ağladı. Mənim zərbəmə yox, bəlkə də silləmin ardınca gələn ani qadın çığırtısına.

Mən durdum. Qadın əlləri ilə üzünü tutub susdu. Uşaq susmaq istəmirdi, daha da şiddətlə ağlamalıydı. O, durmamışdı, duran kimi görünürdü, amma titrəyirdi…. Hönkürtüsü artdıqca, titrəyişi daha da güclənirdi. Az qalmışdı, bu uşağın içindəki dünya partlasın. Amma sadəcə qucağındakı gəlinciyi yerə düşdü.

Qızcığaz ayaqlarının  arasında yerə düşən gəlinciyə baxdı; sonra isə aralarında, amma  bir addım kənarda durduğu valideynlərinə. Bu ağlama da, titrəmə də, aşağı-yuxarı baxışlar da bir dəqiqədən çox çəkmədi. Amma o an mən də donub yerimdə qalmışdım – sağl əlim açıq vəziyyətdə, sol əlim isə yumruq halında. Əllərim yanımda dönüb sağa – uşağa baxdım.

Qadının da cınqırı çıxmırdı, elə ayaq üstə, iki əli də üzündə idi. O da mənimlə eyni anda əllərini üzündən çəkib sola – uşağa baxdı .  İkimizdə buz heykəl kimiydik. Əgər özümün nə hislər keçirdiyimi deyə bilmirəmsə, qadının o an yaşadığı duyğuları heç təxmin də edə bilmərəm. Amma biz hələ çox baxacaqdıq,  sanki bu ağlama səhnəsinə hələ bir neçə dəqiqə, hətta bir saat da nəfəs almadan tamaşaçı kəsilməyə hazır idik. Nəfəs almaq demişkən, az əvvəlki əsəbi təngnəfəsliyimdən əsər qalmamışdı. Qızcığaza baxarkən nəfəs alırdımmı, yax yox.. Bilmirəm.

Ağlamağında bir tərslik var idi, ya da bizim baxışlarımızdan özünü itirmişdi… Qəfil dayandı. Bir dəfə hıçqırdı, burnunu çəkdi və bütün səsini, üsyanını yenidən öz içində qaytararaq susdu. Daha titrəmirdi də. Dodaqlarını yığıb pərçimlədi. Sanki deyəcəkdi:

– Ata, ana, bəsdirin! Sizin mübahisəniz mənim qəlbimi qırır!

Amma heç nə demədi. Totuq əllərini önündə birləşdirdi. Onun da sol əli yumruq halında idi, amma bu yumruq onun sağ ovcunda sığınacaq tapmışdı. Başını aşağı əymiş, gözlərini yerdəki gəlinciyə zilləmişdi. Qolları yana açıq vəziyyətdə yerə düşmüş gəlinciyin gülən siması isə indi sanki təəccüblə dolmuşdu. Həm də kədərli bir təbəssümlə.  Qızcığazı oundurmaq, könlünü almaq istəyirdi bəlkə də… Amma qızcığazın duruşunda, baxışında gəlincik həsrətindən daha böyük şeylər əks olunurdu.

Ya bu böyük şeylər biz insanların ağlı kəsəcək dərəcədə deyil, ya da o qədər adi bir səhnədir ki, indiyədək heç bir müdrik bu duruşun, bu baxışın fəlsəfəsini açmağa cəhd göstərməyib. Mən də o an fəlsəfə düşünəcək  halda deyildim. Hansı halda idimsə, qızcığazın gözləri ilə baxmaq, sonra demək lazımdır.

Biz – mən və qadın yerimizdən tərpənməyə çalışdıq. Amma o, biza dalaşmağa macal vermədiyi kimi, nəsə deməyə də macal vermədi. Yumruğunu və ovcunu bir-birindən ayırmadan, nəzərlərini  yerdən qaldırmadan, bizə – atasına və anasına arxa çevirdi. Elə o vəziyyətdə də durdu.

Bir insanın yaxınlarına qarşı etdiyi üsyanda ən zirvə nöqtə, yəqin ki, bu olar: susaraq, arxa çevirmək.

Bizim donumuz açılmışdı, amma qızcığaza yaxınlaşmağa heç birimiz cürət etmədik. Mən susaraq otaqdan çıxdım. Evin kiçik bağçasında siqaret çəkəcəkdim. O gündən elə bir gün əvvəl qızımla dünyanın ən xoşbəxt insanları kimi  oynadığımız həmin bağçada.

Qadın isə heç nə demədən, deyinmədən, hətta qızına nəvaziş belə etmədən şkafın qapısını açacaq, ordan vacib alt və üst geyimlərini tələsik şəkildə bir çamadana yığacaqdı. Şkaf həmin şkaf idi – hələ altı il əvvəl, qızımızın dünyaya gəlməsinə bir ay qalmış onun üçün bir yerdə seçib aldığımız cürbəcür paltarları elə birlikdə yerləşdirdiyimiz . Nə dəyişmişdi? Elə biz də həmin adamlar idik. Həmin sevgi dolu. Yoxsa… Daha içimizdə sevgiyə aid nəsə qalmamışdı?

Nə bu sualları, nə də onların cavabını həmin an düşünmürdüm. Ancaq siqaret çəkir, dərin iç ağrısıyla zəhərli tüstünü içimə sümürürdüm. Siqaret bu gecənin qaranlığına öz közərtisiylə yaraşıq verirdi, ya da əksinə. Bir insan varlığının acı həqiqətini  qara fonda işıqlandırdı… Hər nə edirdisə də, siqaret sadəcə közərir və tüstülənirdi. O an insanların əməlləri gecənin qaranlığını ya tamamlamalı, ya da dağıtmalıydı.

İnsanlıq isə öz qaranlığından macal tapa, nə gecəni, nə də səhəri düşünə bilmirdi.

Qadın da sual-cavab marağında olmazdı, ya da düşünürdü bəlkə də… Amma əsas o idi ki, qadın bu evdən çıxıb getmək üçün əşyalarını yığırdı. Belə bir məqamda düşüncə yox, hərəkət məna kəsb edir.

Mən bir siqareti bitirdim, sonra bağçada bir az var-gəl etdim… Nəsə çatışmırdı. Əlbəttə ki, ikinci siqaret. İkinci siqaret bitəndə isə onlar da artıq bağçada idilər. Hər ikisi qısaqol paltarların üstündən jaket  geyinmişdilər. Yay gecəsi olsa da, soyuq ola bilərdi… Atasız və ərsiz həyatın ilk gecəsi, əslində bundan sonra başlayacaq soyuq gecələrin ən ilığıdır.

Ana sol əli ilə balasını qucağında tutaraq darvazaya yaxınlaşdı, sağ əli isə təkərli çamadanı sürüyürdü. Gəlinciyini əlində tutmuş qızcığaz anasının çiynindən mənə baxırdı. Mən də tərpənmədən, dillənmədən onlara.

Darvazaya çatanda, qadın dilə gəldi:

– Boşanacam. Fikrim qətidir. Razı olmasan, məhkəmə boşandırar.

Daha heç nə demədi. Deməyinə ehtiyac  da yox idi. Son sözünü, son xəbərdarlığını edib gedirdi.

Mən də heç nə deməyəcəkdim. Deməyimə ehtiyac da yox idi. Amma… Darvazanın qapısı açılanda qızcığaz sanki böyüklərdə belə olmayan güc tapdı. Vurnuxaraq, özünü anasının qucağından yerə atdı. Və onun əlindən çıxaraq, gəlinciyi ilə birlikdə mənə doğru qaçmağa başladı.

Ağlamırdı, üzündə elə bir ifadə də yox idi. Qəribə səslənsə də, mənimlə ayrılıq anı yaşayan qızım çox sakit idi. Qucağıma atıldı. Mən də sakit idim. Hər iki əlimlə, onu bərk-bərk özümə sıxmışdım. Mənim də üzümdə kədər yox idi, gözlərim dolmamışdı, hətta o an nəfəs almadığımı da deyə bilərəm. Hamımız susmuşduq. Bu gecəniz sükutu bir az da uzansaydı… Birdən partlayış oldu:

– Məgər atamdan uzaqda olanda ağlamayacam?

Mənim əllərim boşaldı. Qızcığaz da sanki növbəti səhnəyə yol açırmış kimi qollarını boynumdan boşaldaraq aşağı süzüldü. Keçib solda durdu. Hər ikimiz də sakitcə o qadına baxdıq. Qızcığaz anasına, mən həyat yoldaşıma.

Onun da əlləri boşalmışdı. Əlini qapıdan çəkmiş, çamadanı yerə buraxmışdı. Və birdən, eynən qızı kimi mənə sarı qaçdı.

Dünən mən kiçik bir qızın gözləri qarşısında gənc bir qadını öpdüm. Qızcığaz gülürdü. Gəlincik də o an xoşbəxt idi. Gecənin qaranlığı bir anda rəngbərəng olmuşdu.

Bircə, yerə atılmış təkərli çamadan necə idi, oxucum soruşmasın.

07.08.2013

Rüfət Əhmədzadə

 

Advertisements

“Adi səhnə” (hekayə)” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma