Əsas səhifə » Proza » Ağlamaq azadlığı (hekayə)

Ağlamaq azadlığı (hekayə)

Rüfət Səid Əhmədzadə – Ağlamaq azadlığı

(ömrün bir dəqiqəsindən hekayə)

Bəzən belə də olur: Bir divar dibində çömələrək, dizlərini qucaqlayıb, uşaq kimi ağlamaq istəyərsən. Hönkür-hönkür, səsini kiminsə eşidəcəyindən, kədərinə qənim kəsiləcəyindən qorxmadan.

Və heç düşünmədən ki, biri sənə kənardan ikrah hissiylə baxar, sənin üzündəki kədərə qarşılıq onun üzündə istehza doğular. Ya da əksinə… Ən dəşətlisi – kiminsə sənə yazığı gəlməsi. Sən bütün bunlar olmadan, öz ağlamağını bir inqilab kimi gerçəkləşdirmək istəyərsən. İçdən ağlayaraq. Və bununla da, illərlə içinə yığılmış, səni getdikcə daha çox boğan ehtiras və aqressiya da keçib gedəcək.

Yaxşı, ağlamaq ağlamaqdır, bəs səbəb? Səbəb o qədər çox ki, oturub bir-bir saymaq lazım deyil. Heç nəyə demirəm, elə uzun müddət içdən ağlamadığına da ağlaya bilərsən. Susqunluğuna yas tutmaq azadlığın da var! Gülməyə, şənlənməyə, danışmağa, toplaşmağa olan azadlığından faydalana bilməsən belə…

Hə, indi zırramanın biri səni ağlamaq həsrətinə bürünən düşüncələrindən ayıracaq:

– Mənim xalqım! Siz bu vətən xainlərinə, milli satqınlara fikir verməyin. Onları sizi aldatmaq, azdırmaq istəyirlər. Onların məqsədi sizin haqqınızı, milli sərvətləri talamaq, xaricə daşımaq, özlərinə və balalarına xaricdə villalar almaqdır!

Budur, ağlamaq yaddan çıxdı. Gülümsündün bir anda. Və içindən kənara çıxmayan bir monoloqa başladın:

– Sənin xalqın? Xalq hardan sənin oldu? Harda bir mənəviyyatsız varsa, bu xalqı özəlləşdirib alət etməyə çalışır… Yaxşı, “milli satqın” nədir, ay oğraş?! Satqının “milli”si olur?! Yoxsa, indi mənimsənilən sərvətlərin “milli”si var? Kim kimi aldatmaq istəyir, görəsən? Onsuz da hər gün bir məmurun xaricdə bank hesabları açdığını, villalar aldığını eşitmirikmi? Hansısa rayona gedəndə “ordan-ora filan nazirindir, burdan-bura icra başçısının” söhbətlərinə şahid olmuruqmu? Guya indi sərvətimiz xaricə daşınmır?! Bu xalqa düşən də ki…

Yox, bu deyəsən monoloq yox… Suallar yağışı oldu. Cavabsız sualların içində ağlamağın gələcək. Amma yenə də, bir başqa zırrama səni öz fikrindən ayıracaq:

– Bizim ölkəmizi istəməyən xarici qüvvələr var. Onlar bizim iqtisadiyyatımızı iflic vəziyyətinə salmaq, öz banklarından asılı vəziyyətə gətirmək istəyirlər…

Sənin qəhqəhən qopacaq. Amma yenə də içində:

– Necə olur, ay şərəfsiz? Azmı xarici borclarımız var? Silah al, tikinti materialı al, xaricdən mühəndislər, memarlar gətizdir, əvəzində isə sənin xalqının burnu qanayan kimi xaricə qaçsın….

Qəhqəhənə də imkan verməyəcək zırramalar. Bu dəfə bir başqası:

– Əziz seçicilər, ölkəmizin necə abadlaşdığı və necə inkişaf etdiyi göz önündədir. Biz istəyirik ki, növbəti beş ildə daha çox iş görək. Bizim adambaşına düşən milli gəlir…

Daha dinləmək istəməzsən. Əllərin əsəbdən əsə-əsə, tələm-tələsik “söndür” düyməsini basar, dərhal da pultu otağın bir küncünə tolazlayarsan. Və əllərinlə başını tutub, gicgahlarından yuxarı sıxıb, elə vəziyyətdə dəhlizə çıxarsan. Bu an içində qəribə bir arzu yaranar.

Bəzən belə də olur: Bir meydan ortasında öz sinəni gərərək, qollarını azad bir şəkildə havada yellədərək…. Uşaq kimi sevinmək, səmimi bir qəhqəhə ilə gülmək istəyərsən. Şən-şaqraq, səsini kiminsə eşidəcəyindən, sevincinə qənim kəsiləcəyindən qorxmadan.

Ağlamaq və gülmək arzularının bir-birinə qarışdığı zamanda, qəlbində “Üsyan” adlı bir ehtiyacın doğular.

05.10.2013

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma