Əsas səhifə » Proza » Yol yoldaşları (hekayə)

Yol yoldaşları (hekayə)

Yol yoldaşları

Hər ikisi ölməyə hazırlaşırdı. Ya da əməlliyata. Hər halda, əməliyyatdan sağ çıxmamağı da gözə almışdılar. Birinin düz bağırsağında xərçəng var, digərinin sidik kanalında. Bir palatada iki həmyaşıd kişi… Biri 55, digəri isə 58 yaşında idi. 55 yaşlı üzünü yüngülvari sola çevirib, 58 yaşlıya dedi:

– Seyid! Məndən 3 bayram böyüksən, sən çox yaşamısan…

İkisi də qımışdı. Üzlərində bitkinliyə və ölüm sarılığına qarışmış bir təbəssüm peyda oldu. 58 yaşlı xəstə üzünü çevirmədən gözlərini sağa yönəltdi. Sanki tavan ayna idi, o da aynadan öz palata yoldaşını görürdü.

– Oğlun-qızın var, Teymur əmoğlu?

Teymur ah çəkdi:

– Bir oğlum, bir qızım var, ay Seyid. Yaxşı ki, tez evləndim, onları da tez evləndirdim… Amma deyəsən, ikinci nəvəmi görməyəcəm. Oğlumun bir-iki aya övladı olasıdır…

Seyid asta səslə gülümsündü.

– Rəhmətliyin nəvəsi… Mənim bir xəstə, subay oğlum var, heç iş də tapmayıb… Bura bankdan kre-dit götürüb gəlmişəm.

Teymur susdu. Seyidin ondan çox – 3 il artıq yaşaması az əvvəl zarafatyana da olsa, içindən qopan bir paxıllıq idi. Amma indi, taleyinə şükr etdi bir anlıq. Boğazını arıtlayıb, səsini qaldırdı. O, Seyidə nisbətən əməliyyata tez çatdırmışdı özünü. Amma Seyid pul tapana qədər, xəstəlik onu yemiş, haldan salmışdı.

– Yaxşı olar, ay Seyid! Oğlun haranı qurtarıb?

– Tərcüməçiliyi oxuyub. Altı dil bilir, – 58 yaşlı Seyid inildəsə də, səsində iftixar hiss olunurdu. Amma bir anlıq duruxdu, yüngülvari köks ötürdü. – Di gəl, şair adamdır, hər yerdə qərar tuta bilmir.

Teymur indi özü və ailəsi ilə daha çox fəxr etdi və Tanrıya olan şükranlığı daha da artdı. Onun səsində daha qəti və daha aydın iftixar hiss olunurdu.

– Amma mənim oğlum bankirdi… Hə… Fərasətli uşaqdır. Vaxtında onu tapşırıb işə düzəltdim, indi özü başını dolandırır. Dövlət işidir, babat qazancı var…

Sanki Seyidə acıq verirdi. İndi ondan 3 il daha çox yaşamış insandan bütün heyfini çıxırdı.

– Şair nədi sən canın? O qədər dil bilməklə, savadla deyil, ay Seyid, cəddivə qurban olum! Adamın gərək fərasəti olsun, fərasəti!.. İndi həkimə pul lazımdır, necə verəcəksən? Bax, üzülüb əldən düşmüsən. Amma məndə… Oğlum bir günə ölkədə ən yaxşı cərrahı tapdı. İynə-dərman, hazırlıq-zad, cəmi 1 ay keçib. Açığı, özüm də qorxurdum, bir az yubatdım. Sənin həkimin cavan oğlandır, deyirlər fərsizdir. Mənimki professordur. Sidik kanalıdır da, birtəhər keçinərik. Amma bağırsaq qəliz məsələdir. Ay Seyid, eşdirsən məni? Seyid!..

Seyid danışmırdı. Son yol yoldaşlığına namizəd olan palata yoldaşının sarsaq bir adam olduğunu anlamışdı. Ona görə də, dinmirdi, ancaq oğlunu düşünür, onun üçün öz beynində dua edirdi. Amma Teymur başını qaldırmağa çalışanda, Seyid onu sakitləşdirmək üçün dedi:

– Narahat olma, əmoğlu. Fikrə getmişdim. Düzələr əşşi… Gəl, azacıq dincələk. Birazdan bizi kəsib-doğrayacaqlar.

Əməliyyat zamanı gəldi. Hər iki xəstəni təkərli xərəklərdə ayrı-ayrı əməliyyat otaqlarına apardılar. Bir neçə saat keçdi… Xərəklərdən birini ölüxanaya sürdülər. O biri xərəkdəki kişi isə həyatda qalmışdı. Daha bir neçə saat da keçdi. Sağ qalan kişi gözlərini açdı:

– Əmoğlu, burdasan?

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma