“Dilənçi rus qadın” (hekayə)

Rüfət Əhmədzadə : “Dilənçi rus qadın”

(“Adım anonim qalsın” kitabından hekayə)

Bu hadisə üç il əvvəl baş verib. Onda şəhərin mərkəzində, redaksiyası Şahmat Klubu yaxınlığında yerləşən bir saytda işləyirdim. Həftənin beş günü, hər gün səhər saat 09:00-dan 19:00-a qədər işdə olurdum. Müxbir olduğuma görə, redaksiyada çox oturmurdum və tədbirə-reportaja gedərkən, tez-tez Şahmat Klubunun qarşısından keçirdim. Az qala hər keçdiyimdə də, o qadını görürdüm – dilənçi rus qadını.
Başına tipik malakan qadınlarına xas olan rəngbərəng naxışlı köhnə bir ləçək örtmüş və nimdaş, boz palto geymiş bu qadının arıq, solğun bənizi, yerdən qalxmayan ürkək və cəsarətsiz gözləri var idi. Yaşı yetmişdən bir az çox olardı.
Bir əlində həmişə içi boş olan, şəkilli sellofan torba olardı. Digər əlini isə, daha irəli uzatmağa qorxurmuş kimi, qurşağı ilə eyni səviyyədə, açıb tutardı. Sırtıq qaraçılar kimi yolun ortasında dolaşmaz, insanların qarşısını kəsib onları Allahın adı ilə şantaj etməz… Sadəcə bir kənara çəkilər, divarın dibində durub, “podayte” və ya “pomoqite” sözlərini vaxtaşırı təkrarlayardı. Həm də, çox asta səslə. Ötüb keçən tələskən insanların eşitməyəcəyi tonda. Amma ona nəzir verənlər var idi. Elə biri mən. Az qala hər gün o qadına yaxınlaşar, cibimdə pulum az olsa da, 10 və ya 20 qəpik verərdim. O qadın başqa qaraçılar kimi məni borclu çıxarmırdı. Nə də özünü yerə yıxıb sürünmürdü ki, ona yazığım gəlsin. Sadəcə bir kənarda durmuşdu və insan gözləyirdi. Bir gün məni çoxdan görməyən, təsadüfən iş yerimi başqa bir tanışdan öyrənərək baş çəkməyə gələn bir dostum bu qadını göstərib, demişdi:
– Elə fağır, büzüşüb dayanmağına baxma, axşam içib, lül-piyan olacaq!
Mən də gülərək, dostumla zarafat etmişdim:
– Gəl, sən o qadına yaxınlaş, dinə-imana gətir, axşam məscidə getsin. Heç olmasa, kilsəyə.
Dostum qımışmış, “Əşşi, bunları düzəltmək çətindir” deyib, söhbəti dəyişmişdi.
Mən dilənçi qadını qınamırdım. Uzun illərdir ki, yeganə qınaq obyektim bu cəmiyyətdir. Elə toplu şəkildə.
Əlbəttə ki, bu qadının hekayəsini bilmirdim. Bilmək üçün can da yandırmırdım. Ona qarşı nə qədər simpatiyam olsa da, mənim üçün adi dilənçi idi. Sadəcə, fərqli kateqoriyada.
Dekabr ayının son həftəsi idi. Yeni il qabağı, dekabr maaşını qabaqcadan vermişdilər. Yanvarı gözləyəsi olmadığıma görə, kefikök halda işdən çıxıb evə gedirdim. Hava isə, soyuq və küləkli. Ara-sıra sulu qar çiləyirdi. “Şahmat klubu”nun yanından keçəndə, qeyri-ixtiyari əlimi cibimə salaraq, ordakı qəpikləri tərpətdim. Gözlərim o qadını axtarırdı. Qadın əvvəlki yerindən bir az aralıda, içəri məhləyə girişin olduğu tağın altında büzüşüb dayanmışdı.
Bir əli nimdaş paltosunun cibində idi, digər əlini isə əvvəlki adəti ilə bədənindən bir az qabağa, açıq halda uzatmşdı. Sellofanı açıq əlinin biləyinə keçirmişdi. Əlcək geyinməmişdi; əlinə iynə batırsan, qanı çıxmazdı.
Özünü sıxmış, gözlərini yummuş halda nəyi isə və ya kimisə gözləyirdi sanki. Bu kimsə, ya da nəsə, onun bu qoca vaxtında həyatını dəyişdirə bilərdi. Mən pul vermək üçün ona yaxınlaşdım. Aramızda bircə addımlıq məsafə qalmışdı ki, qadın yıxıldı.
Cəld qoluna girib, yerdə oturmuş halda divara söykədim. Əllərini əlimə alıb ovdum ki, damarlarındakı donu açılsın. Onu səslədim:
– Babulya, babulya!…
Qadın asta-asta göz qapaqlarını araladı. Rus dilində soruşdum:
– Babulya, özünü necə hiss edirsən?
Qadın başını tərpətdi, inildədi, qırıq-qırıq kəlmələrlə nəsə deməyə çalışdı, amma heç nə danışa bilmədi. Ya da, mən anlaya bilmədim.
Tələsik, yolun kənarında duran taksini səslədim. Taksi sürücüsü pəncərələri bağlayıb, içəridə oturmuş, musiqiyə dalmışdı. Yaxınlıqdan keçənlər isə sadəcə biz tərəfə boylanır, sonra da başlarını çevirib, yola davam edirdilər. Çox gözləmədim, tez qaçıb, ağ rəngli taksinin yan şüşəsini döyəclədim. Taksi pəncərəni aşağı saldı.
– Dayı, düş mənə kömək elə, bir qadını təcili yardıma aparmaq lazımdır!
Taksi sürücüsü tərəddüdlə maşından düşdü, qadını görəndə isə , daha artıq tərəddüdlə dilləndi.
– Sən Allah, bacıoğlu, məni zibilə salma!…
– Dayı, insafın olsun, halı yaxşı deyil. Kimsə heç nə deməz. Mən jurnalistəm, narahat olma!
Kişi bir az ürəkləndi. Qadını maşına oturdub, yaxınlıqdakı Təcili Yardım Mərkəzinə çatdırdıq. Həkim xanım nə danışdı, yadımda deyil. Amma qadına iynə vurdu, dərman içirtdi, bir də təxminən 20 manat dəyərində resept yazdı. Mən cəld yaxınlıqdakı aptekə qaçıb, dərmanları aldım. Adı Klara olan, 72 yaşlı bu qadının mədəsində yara var idi. Həm də, bir böyrəyi yox imiş.
Təcili Yardım Mərkəzində Səma xanım adlı cavan həkim onu müstəntiq kimi sorğu-suala tuturdu.
– Böyrəyinin biri yoxdur deyirsən? Satmısan?
– Yox, ehtiyacı olan birinə pulsuz vermişəm neçə il əvvəl, hələ 90-cı illərdə, bir yaşıdıma lazım idi… – Klara xanımın böyrəyini satmasına mənim də şübhəm yox idi. Ehtiyacdan etmişdi, amma orqan satan bütün donorlar bunu pulsuz etdiyini deyir və deməlidir. Yoxsa, başları ağrıyar.
Səma xanım mavi gözlərini mənalı tərzdə süzdürdü. Əvvəlcə, gözləri xoşuma gəlmişdi, amma diqqətlə baxanda linza taxdığını anladım və dərhal da marağım keçdi.
– Babulya, mənə də yox da… Əşşi, öz işindir. Bu oğlan kimdir bəs? – Səma xanım məni göstərdi.
Mən özüm sözə qarışdım.
– Mən jurnalistəm. İşdən çıxanda gördüm ki, bu xanım yıxılıb və kömək lazımdır. Və taksi tutub, bura gətirdim. Bu da vəsiqəm, – deyərək, tədbirlərdə boynuma asdığım birkanı cibimdən çıxarıb, ona uzatdım.
Səma xanım mənə doğru addım atdı. Xalatı aralandı, gödək yubkasının kəsiyindən qara kapronlu budu göründü. Dizinə qədər uzunboğaz çəkmə geysə də, düz ayaqları hər subay oğlanı ovsunladığı kimi, mənim də diqqətimi çəkdi. Amma özümü yığışdırıb, gözlərimi xərəkdə oturmuş Klara xanıma yönəltdim. Səma xanım iri, səma rəngli gözlərini vəsiqəmin üzərində gəzdirdi.
– Əhmədzadə… Subaysınız?
İçimdən qəhqəhə çəkmək keçdi. Amma özümü güclə saxladım.
– Nişanlıyam, – yalan dedim. Hərçənd, belə gözəl və cazibədar xanımdan niyə çəkindiyimi özüm də anlamadım. – Amma bunun məsələyə nə dəxli var?
İrişdi.
– Heç bir dəxli yoxdur. Sadəcə, tanış gəldiniz. Köhnə bir rəfiqəmin qardaşına oxşatdım. Mehriban adlı bacınız yoxdur?
– Yox, – axşam düşürdü və mən evə getməli idim. – Klara xanımı evinə apara bilərəm?
– Hə, bu dəqiqə, sənədlərə qol çəkin… – Sonra telefon nömrəsini yazıb, mənə verdi. – Nə lazım olsa, zəng edərsiniz.
… Çöldə başqa bir taksiyə əyləşdik. Klara xanımın evi yaxında idi. “Şahmat klubu”ndan bir neçə yüz metr aşağıdakı köhnə evlərdən birində yaşayırdı. İndi o ev sökülüb.
Qadın əli əsə-əsə açarı cibindən çıxardı, qapını açdı. Və sonra, mənə minnətdarlıq dolu nəzərlərlə:
– Gəl, bir stəkan çay iç, bayır soyuqdur, – dedi.
Mən içəri keçmək istəməsəm də, ayaqyoluna getmək məcburiyyəti onun təklifindən imtina etməyə qoymadı.
İkiotaqlı, kiçik mənzilin otaqları da, mətbəxi də, ayaqyolusu da bərbad və təmirsiz halda idi.
Zəruri tələbatımı ödəyib çıxanda, Klara nənə məni mətbəxdən səsləyərək, çay içməyə dəvət et-mişdi. Elə orda, Sovet dövründən qalmış ağ masanın arxasında oturduq. Mən onu çox danışdırmaq istəmirdim. Sadəcə, çay içib, tez evə getmək fikrindəydim. Həmin gün telefonumu da evdə unutmuşdum. Anam narahat olacaqdı. Və birdən ağlıma gəldi ki, evə zəng edim, bir saata evdə olacağımı deyim. Telefon dəhlizdə, qapı ilə üzbəüz tryumonun üzərində idi. Evə zəng etdim. Anam ardıcıl sual verməyə macal tapmamış, söhbəti qısa və konkret etdim.
– Ana, narahat olma, şəhərdəyəm. Xəstə bir qadın küçədə yıxılmışdı, kömək elədim. İndi gəlirəm evə, hələlik.
Elə bu an qapı açıldı. Təxminən 24-25 yaşında olan, hündürboy, uzun qara plaşın altından mi-niyubka geyinmiş bir sarışın qız və kastyumda, eynəkdə olan, qısa qıvrım saçlarını arxaya daramış, 30-35 yaşlı bəstəboy və qarabuğdayı bir kişi içəri girdilər. Daha doğrusu, öpüşə-öpüşə özlərini içəri atdılar. Qız bir əlində evin açarını tutmuş, digər əli-ni isə, sevgilisinin boynuna keçirmişdi. Məni görəndə özünü düzəldib, təəccüblə mənə yaxın-laşdı. Boyu hündür olmasına baxmayaraq, uzun dikdaban geymişdi. Mən 175 santimetr boyumla onun çənəsinin altında qalmışdım. Rusca çımxırdı.
– Sən kimsən?
Klara xanım divarlardan tuta-tuta mətbəxdən gəldi.
– Maşenka, bu oğlan Rüfətdir. Jurnalist… Bu gün küçənin ortasında halım pisləşmişdi, tez girdi qoluma, həkimə apardı.
Düşünürdüm ki, Maşenkanın üz ifadəsi dəyişəcək, mənə qarşı daha mehriban davranacaq. Ən azından, təşəkkür gözləyirdim. Amma…
– Hə, lap yaxşı. İndi hamını evə çağırmalısan, babulya? – Nəsə düşünüb dayandı. – Rufatik, çox sağ ol hər şeyə görə. Gedə bilərsən.
Heç nə demədim. “Təşəkkür”ümü almışdım. Mətbəxə qayıdıb paltomu götürmək istəyərkən, bəstəboy məşuq qolumdan tutdu.
– Podojdite… – Guya, bu insan daha mədəni idi. – Bu da sizin zəhmətinizin haqqı. – Cibindən 2 ədəd 20 manatlıq əskinas çıxarmışdı. – Narahatlığa görə bağışlayın. Xahiş edirik, bu olanları öz qəzetinizdə yazmayasınız. İli na sayte, çto tam u vas, ne znayu…
Mən istehza ilə güldüm, onun əlindən çıxıb, mətbəxə tələsdim. Onlar da öpüşməyə yenidən davam edərək, yataq otağına keçdilər. Qadın mənim yanımda xəcalətli olmuşdu, utana-utana üzrxahlıq edirdi:
– Bağışla, bizi. Marina mənim nəvəmdir. Uşaq vaxtından yetim qalıb. Atası hardadır bilmirik. Anası isə, o dünyada… Ərköyün böyütmüşəm. O oğlan da onun…
– Klara xanım, narahat olmayın, hər şey yaxşıdır. – Paltonu əynimə keçirib, şərfimi boynuma doladım. Və bir anda Səma xanımı xatırladım, onun nömrəsi olan kağızı cibimdən çıxarıb, masanın üzərinə qoydum.
– Həkimin nömrəsidir, sizə lazım olsa, zəng edin. Mənim də nömrəm burda, – deyib öz vizit kartımı da çıxartdım.
Klara utandığından, başını qucaqlayıb otur-muşdu. Mən evdən çıxmağa hazırlaşarkən, Marina otaqdan çıxıb, yorğa yerişlə düz qapıya doğru gəldi və mənim qarşımı kəsdi. Əynində tünd məxməri kofta var idi. Səma xanımdan fərqli olaraq, miniyubkasının altından ətrəngi kapron corab geymişdi. Qollarını sinəsində çarpazlayıb, qapıya söykəndi.
– Xoşuma gəldin əslində… Bağışla, kobudluq elədim. Nömrəni yaz, bir gün borcundan çıxım.
Başımı buladım. Bu qadını saçından tutub sürümək istəyirdim.
– Onun borcundan çıxın. – Başımla mətbəxə işarə elədim. – Özünüz necə yaşayırsınız, öz işinizdir. Amma nənənizin dilənməsi nə sizə, nə də ona yaraşmır.
Bu dəfə mehribanlıq deyil, əksinə, Marinanın daha da cırnamasını gözləyirdim.
Lakin yenə də yanıldım. Marina məyus və peşman üz ifadəsi ilə, sanki məni inandırmağa çalışırmış kimi dedi:
– Yaxşı olacaq, evi satacağıq. Daha dilən-məyəcək. Sizə söz verirəm! Murik mənə söz verdi… Həyatımız dəyişəcək!
Murik onun məşuqunun adı idi. Artıq nə Murik, nə Maşenka vecimə deyildi. Sadəcə “Yaxşı, icazə verin, gedim” deyərək, oranı tərk etdim.
Mən pilləkənlərlə düşərkən, Maşenka qapının arasından arxamca baxırdı. Bir neçə pillə düşüb dayandım, üzümü çevirəndə baxışlarımız toqquşdu. Doluxsunmuşdu, sanki bir kəlmə də de-səydim, ağlayacaqdı. El bu an yataq otağından Murikin səsi gəldi:
– Kiska, nu çto tam, bizim supermen getmədi?
Qüsursuz üz cizgilərinə malik o rus gözəlçəsi qapını örtdü. Addımlarımı yeyin atmağın vaxtı çatmışdı…
…Ondan sonra, Klara xanım üçün çox narahat oldum, amma bir də ora getmədim. Qadını daha dilənən görməmişdim. Sanki əvvəldən bu şəhərdə belə bir qadın yaşamamışdı. Zəng də eləmirdi. Bu yaxında bir köhnə tanışımla elə Şahmat Klubu yaxınlığında yerləşən bir kafedən çıxarkən, həmin o Marinanı gördüm. Daha doğrusu, o məni gördü. Qiyməti 50-60 min dollara olan bir “Jeep”dən düşərək, təxminən 10 metr məsafədən məni səslədi. Çox mehriban danışırdı, qəti unutmamışdı.
– Nənəm o hadisədən 5-6 ay sonra dünyasını dəyişdi. Səndən çox nigaran idi, istəyirdi zəng etsin, amma Murik sənin vizit kartını alıb cırmışdı. Əclaf evi satdırıb, pulun çoxunu öz işlərinə xərclədi. Sonra da atdı məni. Sağ olsun Rafiq müəllim, mənə yeni həyat verdi.
Hər halda, “Rafiq müəllim” dediyi adam onun yeni məşuqudur, dəqiq kim olduğunu bilmirəm. Amma deyəsən, bu qadın onunla çox xoşbəxt olub. Özü demişkən, həyatı dəyişib. Marinadan eşitdiyim sonrakı sözlər isə… İnanın ki, canıma yağ kimi yayıldı:
– Sənə verdiyim sözü tutdum, Rufatik!

Advertisements

“Dilənçi rus qadın” (hekayə)” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma