Əsas səhifə » Esselər(içsəslər) » “Yetim Eyvaz” sindromu

“Yetim Eyvaz” sindromu

Xalqını sevən və yerli-yerində tənqidi bacaran hər mübariz yazıçı özlüyündə həm ictimai təşkilatdır, həm vətəndaş hərəkatıdır, həm də siyasi partiya. “Hər mübariz yazıçı bir yazıçılar birliyidir” deməyəcəyəm, çünki gözümü açandan 5-10 nəfərlik də olsa ya ictimai, ya da siyasi birlik görmüşəm, amma yazıçıların birliyini görməmişəm.

Elə ona görə də, ədəbiyyatla bağlı epitetlər, təşbehlər, metaforalar, zadlar… Bu məsələdə hərcayi qalır.
Hər yazıçı həm də özlüyündə bir qaladır. Mübariz olub-olmamasından asılı olmayaraq. Sadəcə, ona baxır ki, hansı qala uçuq-sökük, hansı qala alınmaz və məğrur, hansı qala ,sadəcə, çay daşlarından ibarət və qoyunların otlaması üçün bir xarabadır. Bəzi qalalar quldur yuvasıdır – xaricdən ibadətgaha, müqəddəs bir yerə oxşasa belə. Bu arada “Kitab yüklü eşşək”də quldurların gizləndiyi qədim xarabalıqlar yada düşdü. Bu quldurları isə bir eşşək – Çoşşa deşifrə edir. Məsələ budur: nə qədər hiyləgər və hoqqabaz olsalar belə, bir gün gözləmədikləri yerdən gözləmədikləri zərbəni alacaqlar… Aman, lap Polad Ələmdar kimi danışdım!
Hə, bizim şair və yazıçılar arasında Polad Ələmdar təqlidçiləri də az deyil. Çoxbilmiş “aforizm ustadları”. Qara kostyum, ciddi sima, pafoslu ifadələr, AZTV standartları… Harmoniya tamamdır. Və onlarda alınır. Bizdə niyə alınmır? Çünki istəmirik. Ya da, əlimizdən gəlmir… Bəs nəyi bacarırıq? “Qala təsnifatı”nı bitirim, ona da keçəcəyəm.
Qala da var – məğrurluğunu qoruyub saxlayır, baxmayaraq ki, uçulub sökülür. “Ac ol, kişi ol” misalı. Bu qalalar tarixdə qalacaq qalalardır. Xalq da onları belə məğrur yadda saxlayacaq. Hətta xalq unutsa belə, bir kişinin oğlu tapılacaq ki, bu “qala”nın “daş”larına sığal çəksin, yenidən nəfəs versin. Niyə? O cür “qala”lar yetişdirən xalq qısır deyil ki, hələ çox qalalar (hərfi mənada) ucalacaq, qalabəyilər (məcazi mənada) peyda olacaq.
Amma çox təəssüf… Bu gün ədəbiyyatımızda “Yetim Eyvaz” sindromu daha çox kök salıb, qalalar da, qalabəyilər də yaddan çıxıb. Nə romantizm, nə realizm, nə idealizm, nə nihilizm öz taxçasını, boxçasını tapa bilmir… Nədənsə, səbəbini bilmirəm. Yetim Eyvaza sayğı duymadığımı sanmayın, obrazdan danışıram! Yeyib-içmək məclisində kefli halda şeir deyir, bunu kameraya çəkirlər, xalq paylaşır… Və beləcə, ədəbiyyat guya “təbliğ” olunur.
Şair və yazıçılarımız aşağı-yuxarı oxşar haldadır. İçi mən qarışıq. İçki aludəçisi olmasam da, bəzən gənclikdənmi, xarakterdənmi, yoxsa nevrozdanmı… bir qala kimi ucalmaqda çətinlik çəkirəm – etiraf etməliyəm.
Nəsimi də olmaq istəyirik, Füzuli də, bir az Qərbə baxıb Nitsşe də… Hətta bəzən Dədə Qorqud kimi ona-buna ad qoyanlar da olur. Di gəl… şairdən çox şairi olan bu xalqın ozanı çatışmır. Şairlərimizin 90 faizi öz şeirlərinin çoxunda “yenə səni düşünüb içdim”, “içərkən səni düşündüm”, “içirəm bu gecə sənin şərəfinə”, “səni şərabda batırıram” kimi ifadələrdən qopa bilmirlər. Nisyə yazdırdıqları ucuz “çubuş”u da, qırmızı şəraba bənzədir binəvalar… Şair fantaziyası.
Qələm dostlarımın xətrinə dəymək istəməzdim, amma məncə, artıq yetər. Sosial şəbəkə vasitəsi ilə cəmiyyətə çıxırıq, amma bu cəmiyyət bizi həddən çox həzm edir, adiləşdirir, heç nə verə bilmirik, almaq da çətinləşir. Depressiya, böhran, sıxıntılar, sonra yenə kartof qızartması yanında “çubuş”la sağlıqlar və “Facebook”da paylaşılan “bu gün vurarkən” tipli mənzərələr….
Ozansız qalan xalqın müharibəyə deyil, yerində addımlamağa belə taqəti çatmaz. Şair xalqın ruhudur, dumanlı olan ruh nəyə lazımdır? Şikayətə, ağlaşmaya mükafat və medal yox, nəzir düşür əslində…
Əlqərəz, bu xalqda da az yoxdur. Şairlərə əyyaş gözü ilə baxmaq… “Şair tayfası şorgöz olur” məsəliylə ümumi diaqnozlar qoymaq… Hətta içməyənə də inanmayıb, “sən öl” vurdurmaq… Bu xalq ozan istəmir? İstəyirsə, pozitiv arzulara və pozitiv təsəvvürə köklənməlidir. Bəli, bizim qəmgin şairlərimiz kifayət qədərdir. Mübariz ozanlara ehtiyac var. Və ozanı dinləyəcək, ondan ruhlanacaq bir orduya.
Və yazımı üstündə işlədiyim “Bakı uğrunda mübarizə” romanımdan bir xatırlatma ilə bitirmək istəyirəm. Bu romanda Rüfət Əhməd adında epizodik bir obraz yaratmışam: 28 yaşında “mübariz millət ozanı” kimi xatırlanmaq arzusu ilə dünyasını dəyişir, amma dostları bu bədbəxti “qəmgin sevgi şair” olaraq yadda saxlayır.
Əlbəttə ki, bir yazıçı və şair olaraq, özüm üçün bundan da faciəli sonluq düşünə bilmərəm. Mən “Yetim Eyvaz” olmaq istəmirəm!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma