Aqşinin serroz, Azərbaycanın Seymur xəstəliyi

 seymur baycan-kesmeRüfət Əhmədzadə

Qələm dostumuz, istedadını çoxdan sübut etmiş şair Aqşin Yeniseyin serroz xəbərindən sonra “Facebook”da içki ilə şəkil çəkdirib paylaşanların sayı azalıb. Heç olmasa, buna şükür etmək olar. Yazar əhli ildırım vurmuş kimi diksinib, oyanıb və anlayıb ki, həyat tərzinə bir az əl gəzdirmək lazımdır.

Bu barədə əvvəl çox yazılıb, deyilib. Bir neçə ay əvvəl saytlarda yayılmış “Yetim Eyvaz sindromu” başlıqlı yazıda da qeyd eləmişdim, qəmgin və sərxoş sevgi şairləri nə özlərinə, nə ədəbiyyatımıza yeni heç nə qazandıra bilməyəcəklər. Bizə ozan ruhlu şairlər lazımdır… İstəyirsiniz, adını daha fəlsəfi yanaşma ilə “Ömər Xəyyam sindromu” qoyun. Amma məğz eynidir. Və çox uzatmayacam.

Aqşin Yeniseyi elə də yaxından tanımamışam. Statuslarını və açıqlamalarını izləmişəm. Hətta bir statusumda onu “Yenisəy” də adlandırmışdım. Ümumiyyətlə, şair və yazıçılarımızın inanclara, ideyalara dil uzatmaqla, söz atmaqla gündəmdə qalması mənə çatmır da… Bəlkə mən də indi kiminsə ideyasına dil uzadıram? Üzrlü saysın.

Hə… Bir ara 1937.az-da dərc olunurdum (saytın təzə vaxtlarında), Etibar Salmanlının dəvəti ilə redaksiyaya getdim, Aqşinlə də görüşdüm. Aqşinin dağınıq və fikirli halı hələ də yadımdan çıxmaz. Onun sayt mediasına uyğun adam olmadığı başqa məsələ, amma şair kimliyi üzündən yağırdı. Mənə dedi: “Sən tək-tük müəlliflərdənsən ki, yazılarına çox az düzəliş edirəm, çünki ehtiyac olmur. Yaza bilirsən, yaz”. Və o an xeyli utandım. Bəzi xudbin baş redaktorlar kimi hansısa tənqidi “comment”dən qıcıq olub “embarqo” qoymaması, əksinə, xoş münasibət göstərməsi Aqşinin məndən ən gözəl intiqamı oldu.

“Yaza bilirsən, yaz” sözlərini Seymur Baycandan da eşitmişəm (Aqşinlə görüşdən təxminən bir il əvvəl). Ona da tənqidi statuslar yazmışdım, hətta ilk görüşümdə mübahisə etməyə hazırlaşırdım. Xoş münasibət görməyim ona hörmət yaratdı. Di gəl ki, həmişə baltanı eyni yerə vurması, daim istiotlu və şapalaqlı yazılarla gündəmə gəlməsi – fikrimcə düz deyil. Mirzə Cəlil maarifçiliyindən uzaq və aqressiv publisistika mənim könlümü açmır.

Bütün bunlar öz yerində. Hər kəsin öz fikri və mövqeyi var. Həyat tərzi həmçinin. İstəyirsən, gününü kafelərdə keçir, amma mətbuatda maarifçi imici yarat – öz işindir.

Di gəl ki, bu yazını yazmağıma səbəb – Seymur Baycanın “qurbağa” açıqlaması həqiqətən də məyusedici oldu. Düzdür, bu açıqlamanı bəlkə 10 dəfə oxuyub gülmüşəm, amma bir az sonra diqqətlə düşünəndə məşhur bir sual yaranıb beynimdə: “Ə nolsun?!”…

Nə olsun ki, bu gün Seymur Baycanın gücü var: istədiyi zaman gündəm yarada bilir, istədiyi açıqlama ilə mübahisələrə səbəb olur. Məsələn, mən boynuma yığılıb-qalan tərcümə işlərimi görməkdən, durub onunla bağlı yazıram. Halbuki, bir ay əvvəl mənə yaxşı pul da təklif edən olmuşdu, amma bu təklifdən imtina eləmişdim. İndi isə pulsuz yazıram – söymək üçün yox…

Daim gündəmdə olmaq ehtirası və hər an gücünü nümayiş elətdirmək şövqü bir xəstəlikdir. Bu xəstəliyə yoluxanda isə özün olursan xəstəlik – bütün ölkə üçün!

Seymur Baycanı sevənlər çoxdur, sevməyənlər də. Başlayaq müzakirəyə ki, Seymur yaxşıdır, yoxsa pisdir – mübahisə səngiməz. Onun “geyimini dəyişdiyi”, “dəbini təyin etdiyi” kütlə də onu daş-qalaq edən kütlə ilə analoq təşkil edir. Yəni, bu iki kütlə arasında elə də fərq görmürəm. Təsəllisi Seymur Baycan olanla problemi Seymur Baycan olan insanlar mənim üçün maraqlı deyil… Heç bir cəbhədə yer almaq istəməzdim.

Bəli, bu gün bizim Seymur Baycan elə bizim Azərbaycan üçün xəstəliyə çevrilib. Amma hər ikisi bizimdir.

Bizim olanları kəsib atmağa dəyməz. Bu xəstəlik mövcud olmalıdır. Lağlağı və çürükçü “maariflənməyə” qarşı immunitetimiz qalxanda, Seymur Baycan da ciddi ədəbiyyat və publisistika ortaya qoyacaq. Çünki onun buna istedadı, ağlı və bir yazıçı üçün lazım olan bütün bacarıqları var…

Tez qayıt, Seymur! Biz səni də sevirik, qarnındakı qurbağa balasını da!

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma