Əsas səhifə » Esselər(içsəslər) » Hamımız Nelsonuq, hamımız Mandelayıq!

Hamımız Nelsonuq, hamımız Mandelayıq!

Rüfət Səid (Əhmədzadə)

rufatahmadzada@mandelagmail.com

Bu gün – 18 iyul məşhur insan Nelson Mandelanın doğum günüdür (1918-2013). Tanımayanlar və yazını oxumağa səbri çatmayanlar “Google”a baxa bilər. Amma deyim ki, Cənubi Afrika Respublikasının ilk qaradərili prezidentidir.

Prezident olmazdan əvvəl isə 27 il həbsdə yatıb. Həbsinə səbəb onun Afrika Milli Konqresində silahlı qanada rəhbərlik etməsi və irqçi-aparteid hökumətin repressiyalarına adekvat cavablar verməsi olmuşdu.

Axı ədalətsiz rejimlər onların zoruna cavab verilməsini sevmirlər… Əgər etiraz edirsənsə, deməli, terrorçusan. Ən yaxşı halda isə cibindən bir kibrit qutusu anaşa çıxarıb atarlar içəri. Bir-iki ildən sonra ağlın başına gələr.

O, tez-tez deyirdi ki, “tamamilə adi adamdır” və “xüsusi şərait nəticəsində liderə çevrilib”. Onun əsl adı belədir: Nelson Rolihlahla Mandela. Gələcək prezident yoxsul bir kənddə böyüyüb və ailəsindən kollecə daxil olan ilk şəxs olub. Vaxtilə Mfezo kəndinin rəhbəri olmuş, sonra isə koloniyaçılar tərəfindən vəzifəsindən kənarlaşdırılan Hadla Henri Mandelanın 4 arvaddan 13 uşağı var idi (4 oğul və 9 qız). Nelsonu isə Hadlanın üçüncü arvadı Nonqali Nosekeni dünyaya gətirmişdi. “Rolihlahla” yerli kosa dilində “ağacın budağını qıran” və ya “dəcəl” mənasını verir. Mandela nəsli yerli hakim sülalə olan Tembulara bağlı idi, lakin onlar hakimiyyətdən məhrum idilər.

1937-ci ildə Fort-Boforta gedərək həm kollecə daxil olan, həm də vəfat etmiş atasının yerinə məxfi Tembu şurasının üzvü olan Mandela 1939-cu ildə qarışıq irqlərdən olan insanlar üçün yeganə ali məktəbə – Fort-Her Universitetinə qəbul olunur. Hüquq təhsili ilə yanaşı, aparteidə (irqi ayrı-seçkilik) qarşı mübarizə aparan Afrika Milli Konqresinin üzvü olur.

Əvvəl hökmdar ailəsi tərəfindən dəstəklənsə də, qaraları sıxışdırmaq üçün yaradılmış “bantustan” bölgülərinə görə, Kayzer Mantanzima ilə yolları ayrılır. Universiteti tərk edərək əmisioğlu ilə qızıl mədənlərində işləməyə gedən  Mandela sonralar mədəndən də qovulmuş, zamanla siyasi mübarizəyə qoşulmuşdu. 1963-cü ildən 1990-cı ilə qədər həbsdə yatdı. O, şöhrətinin zirvəsinə həm də 7-ci prezident, ağdərili Frederik Villem de Klerk “sayəsində” çatdı. Lakin Mandela onun da hörmətini öz qətiyyəti ilə qazandı.

Həbsdə ikən belə şöhrəti artan Mandelaya ağdərili hökumətdən təklif gəldi: “Hərbi tədbirlər görməyəcəyinə söz ver, azad edək”. Onun isə cavabı belə oldu: “Belə sözlər verməyə məhbusun ixtiyarı çatmır. Həm də bizim mübarizəmiz şərtlərə görə silahlı olmuşdu. Bizim hansı tədbirə əl atacağımız hökumətin davranışlarından asılıdır”.

Sonda Mandela deyən oldu. Onun qətiyyəti rejimi güzəştə getməyə məcbur etdi. Amma Mandela bu uğuru özünün yox, onu dəstəkləyən və “bayırda” mübarizə aparan xalqın adına yazdı. Bəli, xalq öz liderini tək qoymadı.

Ya da ki, pafossuz danışaq: onun üçün həyatın naz-nemətlərinə tüpürən məhbusunu unutmadı.

1993-cü ildə Nelson Mandela və onunla danışığa getmiş prezident de Klerk birlikdə “Nobel” Sülh Mükafatını aldılar. 1994-cü ildə Mandela CAR-ın 8-ci prezidenti seçildi. Və de Klerk vitse-prezident oldu. Mandela 2013-cü ilin dekabrın 5-də vəfat etdi. Dünyanın ən çox mükafat alan siyasətçisi idi. Hətta “Lenin” ordeni ən son ona verilmişdi. Mükafat sayında Brejnevi də keçdi…

Deyəsən, Mandela haqqında lap “vikipedist” kimi danışdım, amma məqsədim bu deyildi. Yazımı çox uzatmaq da istəmirəm. Bir neçə abzas yuxarı qayıdaq: ONU ŞƏRTLƏR, VƏZİYYƏT LİDER ETMİŞDİ.

Kimsə bu mübarizəni aparmalı idi. Kimsə qabağa düşməli idi. Kimsə xalqın qapaz yemək qorxusundan deyə bilmədiyi sözləri dilə gətirməli idi. Və öz irsi, milli haqlarını tələb etməli idi.

Başlığa gəlincə isə… Zarafat elədim. Biz nə Nelsonuq, nə də Mandelayıq. Bir az guruldayan Rüfətik, bir az yağan Rəşadətik, bir az dəlisov Zauruq, bir az çarəsiz Bəxtiyarıq, bir az ziyalı Yadigar bəyik, bir az günahsız Həsən müəllim, amma daha çox arsız-həyasız Nadir Qafarzadəyik…

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma