Əsas səhifə » Poeziya » Azərbaycan, sənə nə versəm çoxdur

Azərbaycan, sənə nə versəm çoxdur

Rüfət Səid

(Allen Ginsberqin “Amerika” şeirindən ilhamlanaraq)

Azərbaycan!
Sənə hər şeyimi verə bilərdim,
Amma qorxuram ki, heç nə olaram…
İtirərəm qadınım qarşısında son kişi hörmətini,
Övladım qarşısında ata məhəbbətini…
Anam-atam da əvvəlcə xiffətlə qarşılayar,
Sonra evdən həbsxanaya qədər məsafə
Onları da bezdirər…
Və mən bütün mübarizə eşqinə tüpürərək,
Sadəcə onlara qovuşmaq üçün,
Məhbusluğu onların yanında yaşamaq üçün…
“Əfv ərizəsi” yazacaq qədər aciz olaram.
Azərbaycan, səni sevməklə miskinləşir adam…
Sənə nə versəm, çoxdur!

Azərbaycan!
Nə fərqi var, sağçıyam, ya solçuyam…
Bilirəm ki, düşmənlə üz-üzə gəldiyim zaman
Onlar üçün mən azərbaycanlıyam.
Sənin oğlunam, amma…
Nə günah işlədin ki, indi onun altını çəkməliyəm?
Nə vaxt, necə
Bu qədər düşmən qazandın, ey Ana Vətən?!
Nə edim ki, bir-iki dostun olsun?
Nə vaxta qədər axı
Yalandan tərifləməliyəm səni?
Sənə nə versəm çoxdur.

Azərbaycan!
Sənin üçün oğul böyüdürəm.
Hər gün içməyə dəvət edən dostlarıma da
“Qardaş, evdə təcili işlərim var” deyirəm ki,
Heç olmasa, özümü ev sahibi olduğuma
bu yolla inandırım,
Yalandan başımı aldadım ki,
Ailə dəyərinin heç olduğu ölkədə
Özümü ailə başçısı hiss edim.
Verdiyim kreditlər,
Bir borcdan başqa borca girməklərim…
Sənin üçündür yoxsa,
Sənin mikroblarını firavan etmək üçün?
Öl, sorsunlar qanını…
Səndə heç nəyim yoxdur…
Oğlum da mənim deyil,
İndidən onun üçün qılınclar itilənir…
Sənə “fəda” dediyim
Düşmən təsəllisidir…
Sənə nə versəm çoxdur.

Azərbaycan!
Saqqallı, ya saqqalsız…
Xaçlı, ya da xaçsız…
Nə qədər insan üçün
Qan tökməyə şanlı meydan olmusan.
Dinsizəmsə, yəni, əqidəm yoxdur?
Səndə xoşbəxt olmağa,
Səndə xoşbəxt etməyə haqqım da yoxdur, yəni?
Sənin təşəkkürün də
Sənə pislik edənlərə ünvanlı.
Uzaq ölkələrə də göndərirsən sülhməramlı taqımı.
Bir əsgər tapmadınmı
Səninçün canından yox,
Nəsli üçün yığdığı milyonlarından keçsin?
Dilin qısadır amma,
Uzun dirəklərinlə öyünürsən…
Sənə nə desəm azdır.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma