“Allahın həyat tərzi” (esse)

Rüfət Səid

“Allahın həyat tərzi”
(esse)

Əgər baş kəsən də, başı kəsilən də “Allahu əkbər” deyirsə və hər ikisi də seçdiyi yolla Cənnətə gedəcəyinə inanırsa, burda dava Allah davası deyil. Yüz illərlə, min illərlə sürən mübarizənin əsas predmeti həyat tərzi və hakimiyyətdir.

Lap istəyirsiniz, əqidə və məfkurəni də bura əlavə edin. Təbii ki, inancına hörmət etdiyim bir çox insan İmam Hüseyn şəhadətini cəsarətdən doğulan cihad hesab edir. Haqlı saymaq olar. Amma istənilən halda, burda iki fikrin mübarizəsi gedir. Bir fikir hakimi-mütləq olmaq üçün, digər fikir isə gələcəkdə hakim olmaq ümidi ilə müqavimət göstərmək üçün savaşır.

Və heç də, dava Allah (Tanrı, Boq, God) davası deyil. Yəni, məsələ iman gətirməkdən yox, necə iman gətirməkdən (hansı instansiyanın, təşkilatın və ya şəxslərin davamçısı olmaqdan) gedir. Tərz və üslub polemikası müharibələrə yol açır. Budizmdə belə insanlar yaxşılığa dəvət olunur. Amma dərinə getdikcə, dinlər arasında fərq yaranır. Hələ 100 il əvvəl bakirəliyin önəm verildiyi xristian cəmiyyətlərində bu gün bakirəlik haqqında danışmaq qeyri-adi görünür.

Əksini isə İslam dünyasında danışmaq olmaz. Amma hər iki din də Tanrı dinidir, necə deyərlər əhli-kitabdır. Kitabdan kitaba da fərq var, atam balası.

Hələ çox əsrlər didişəsi, qırışasıyıq. Nəticə? Hə… Qiyamət olacaq, ağaclar və daşlar dilə gələcək, “ey müslüm, arxamda yəhudi gizlənib” deyəcək…

Məni maraqlandırmır. Tam səmimi deyirəm. Mənim yaşadığım cəmiyyətdə bu onu “müşrik”, o bunu “xəvaric” adlandırıb yastıq altına silah yığacaqsa… Qiyamət nəyimə lazımdır axı? Ateistlər və teistlər arasında mübarizə də bitən deyil. Hər kəs öləndən sonra həqiqəti öz gözüylə görəcək (və ya sadəcə ölüb yoxa çıxacaq). Ya da hər qoyun öz ayağından asılacaq.

Dəvət deyirsiniz? Dəvətin barıtı çox olmadımı? Şübhəsiz, dini inancını rahat yaşamaq istəyənləri də anlayıram, amma nə olur olsun, bu sadəcə həyat tərzidir. Və intim məsələdir. Kimsə kiməsə öz qadınıyla necə sevişməyi öyrədə bilmədiyi kimi, öz Allahıyla münasibətlərinə də qarışa bilməz.

Yəqin ki, çoxunda belə suallar yaranır: Allaha inanıram, o var, amma niyə onun sözlərini hərə bir cür deyir? Nə üçün hamı düz yola dəvət edir, amma biri Şamaxıdan, o biri Kürdəmirdən, digəri də Salyandan görür bu yolu?

Deməli, Tanrının dərki də nisbi məsələdir. Allahın necə olduğu, necə həyat tərzi sürdüyünə necə əmin ola bilərəm? Ehkamlar, ayələr.. Bunlara şəkk etmək günahsa belə, bu qədər dilemmanın içində şəkk etməyin, fikrə dalmağın özü normal deyilmi?

Nə isə… Uzun sözün qısası: Tanrının varlığına inanıram, amma dini təbliğatlar, polemikalar, debatlar (çox nadir görülən), müharibələr yordu məni. Gəlin, sadəcə inanaq (və ya inanmayaq), təriqət şeyxlərini və məscid axundlarını varlandırmaq, siyasi oyunların aləti olmaq isə…

Kim bilir, bəlkə də bu yazımla məndə kiminsə dəyirmanına su tökdüm. Olsun, sadəcə yorulduğumu demək istədim. Nəticədə uzun yazı alındı.

Advertisements

“Allahın həyat tərzi” (esse)” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma