Con Kerrinin Azərbaycan xalqına açıq məktubu 

Əziz və hörmətli azərbaycanlılar!
Tam səmimiyyətimlə etiraf etmək istərdim ki, son zamanlar adım və Konqresdəki ofisim ətrafında yaranmış qalmaqaldan bərk narahat olmuşam. Hətta deyərdim, neçə gündür narahatlıqdan gözümə yuxu getmir. Azərbaycan xalqı bir daha necə inkişaf etmiş, mədəni, yüksək sivilizasiyaya malik xalq olduğunu sübut elədi. Qısa bir müddət ərzində mənim siyasi karyeramı məhv edəcək sənədlər üzə çıxarıldı, Azərbaycanın sadə vətəndaşları və qlobal proseslərə biganə qalmayan paytaxt sakinləri haqqımda inanılmaz faktlar dilə gətirdi. Açığı, indiyə qədər siyasətə qarışmadığını və dünyadakı hadisələrə biganə qaldığını hesab etdiyim azərbaycanlıların bu reaksiyası mənim təsəvvürümü alt-üst etdi.
Dərhal da fərəh hissi məyusluğu vurub keçdi. Azərbaycanlıların məni yaxşı tanıması, hədəfi istənilən nöqtəsindən vurmağa qadir olan jurnalistlərinizin də az vaxtda bütün həyat yoluma işıq salması məni duyğulandırdı. Həm də əmin oldum ki, indiyə qədər mənə bu böyük xalq barəsində yalnış məlumatlar verilirmiş. Erməni lobbisinin təsiri altında Azərbaycana qarşı olan fəaliyyətimdən xəcalət çəkirəm.
Gec də olsa, bir şeylə razılaşıram. Birinci Avropa Oyunları öncəsi Azərbaycanda demokratiya problemlərini qabartmaqdan böyük cinayət və xəyanət ola bilməz. Ölkənizin inkişafı və perspektivləri kölgə altına salınmamalıdır. Axı bununla Azərbaycan dünyada daha çox tanınanacaq, avropalı turistlər də Türkiyənin, Yunanıstanın, Kiprin və başqa ölkələrin ucuz turizm obyektlərini qoyub “Land of fire”nin bahalı otellərinə gələcəklər… Buna inanmayanlar açıq-aşkar paxıllıq çəkir, Azərbaycanın inkişafını həzm edə bilmir. İnanın mənə, Amerikada artıq minlərlə turist ordusu yaranıb ki, Bakının müştərilərə “şot soxan” restoranlarında nahar etmək üçün bir-birinə bıçaq soxmağa hazırdırlar.
Bıçaq demişkən, bu yaxında “Facebook”da saxta profil açıb tərcüməçimlə bir yerdə azərbaycanlı gənclərin haqqımda nə düşündüyünü araşdırmaq istədim. Profilində bıçaq, təsbeh və beşbarmaq şəkli olan bir gəncin “Kerri deyəsən kantını qırxdırmır” deyə status yazması məni təəccübləndirdi. Azərbaycanlıların kantı qırxdırmağa belə əhəmiyyət verməsi bu xalqa olan marağımı bir daha artırmış oldu. Etiraf edim ki, öz ölkəmdə heç bu qədər tanınmıram. Amerika vətəndaşları əsasən sosial problemlərə görə narahat olur, ölkəmizin xarici siyasəti ilə elə dərindən maraqlanmırlar. Yəqin ki, elə bizim siyasətdəki səhvlərimiz də bu nəzarətsizlikdən qaynaqlanır. Yoxsa, ABŞ xalqı öz strateji müttəfiqinə qarşı belə nöqsanlar törətməyimizə bircə an da dözməzdilər… Biz də fürsətdən sui-istifadə etməzdik.
Üzə çıxarılan faktlar, sənədlər, xüsusən də Azərbaycanın və Türk dünyasının (hətta bundan sonra bütün dünyanın) mübariz simalarından olan Qənirə Paşayevanın ifşaedici açıqlamaları məni ciddi seçim qarşısında qoydu. Xanım deputatın dühası qarşısında necə sarsıldımsa, bütün həyatım bir anda gözlərim qarşısından keçdi. Amma azərbaycanlı jurnalistlərdən dönə-dönə xahiş edirəm, bircə aşıq Ədalətdən münasibət almayın, nəyə desəniz razıyam….
 Bəli, mənim də siyasi ambissiyalarım və arzularım var. Lakin bu xoşagəlməz məqamlara görə, siyasətdən bu vaxtda, həm də belə biabırçı şəkildə getməyi heç istəməzdim. Əksinə, sizinlə dost olmaq, ölkənizdə qısa müddətdə əldə olunmuş nailiyyətləri, sürətli inkişaf təcrübəsini ABŞ-a da qazandırmaq üçün səbirsizlənirəm.
Dünən ABŞ prezidenti Barak Obama məni oval kabinetində çay içməyə dəvət etdi. Mən də qoltuğuma nərd vurub getdim Ağ Evə. Cənab prezident əvvəl zər cütləmək istədi, amma mən cibimdən armudu stəkan çıxarıb onun planlarını alt-üst elədim. Obamanı iki dəfə mars edəndən sonra, kefini açmaq üçün ona Azərbaycanın sosial-iqtisadi inkişafından, işsizliyin 0,1 faizə endirilməsindən, ölkədə hər il 5-6 yüz min iş yerinin açılmasından, digər mütərəqqi islahatlardan danışdım. Mən danışdıqca, prezidentimiz heyrətdən ağappaq olurdu. Bəli, bəli, heç rəhmətlik Maykl Cekson bu cür ağara bilməmişdi. Prezident özünə gələndən sonra vurğuladı ki, gərək biz də ölkəmizdə Azərbaycan standartları tətbiq edək, CNN-də yenidənquma aparıb onu ikinci AZTV-yə çevirək, Qafqazın və bütün regionun lider dövlətinin təcrübəsindən lazımınca yararlanaq. Hətta yaxın gələcəkdə dövlət büdcəsindən ayrıca “katyol” yaratmaq, maaşları da konvertdə verməklə bağlı geniş disskussiyamız oldu. Axırda da milli Azərbaycan musiqisi olan “Sarı gəlin”i dinləyib, doyunca ağladıq… Qısası, biz çox istərdik ki, Azərbaycan xalqı bizə bu qədər qəzəbli və incik olmasın. Strateji müttəfiqimizlə münasibətlərimizin yaxşı səviyyədə qalması bizim üçün həddən ziyadə vacibdir. Qarşıdan gələn Gül Bayramı münasibəti ilə sizi ürəkdən təbrik edirəm. Birdən Şuşanın işğal günü də yadınıza düşər, qəhərlənərsiniz, qəti belə etməyin. Qarabağ sizindir!
Hörmətlə, ABŞ dövlət katibi Con Kerri

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma