Əsas səhifə » Esselər(içsəslər) » Amerikapərəst şairin dramı

Amerikapərəst şairin dramı

Mayın 10-da dünyasını dəyişən atam Seyidəhməd Əhmədova ithafən…seyidehmed baba ve mete

Əlbəttə, yeni söz deyil: yetimliyin yaşı olmur. Valideyn itkisi ağlı kəsən və vicdanı olan hər övladı aşağı-yuxarı eyni cür sarsıdır, eyni cür zərbə vurur.

Yaşı altmışı ötmüş Ramiz Rövşənin ana məzarı önündə hönkür-hönkür ağlamasının yanında, otuz yaşlı Rüfət Əhmədzadənin ata qəbri üstündə ağlaması nədir ki…

Ağlarkən mənim şəklimi çəkən olmadı, heç lazım da deyildi.

Amma hər iki səhnə müsabiqəyə qoyulsaydı… Yox, bu artıq ağ oldu.

O zaman körpə yaşında atasını itirən, bir neçə il atasının uzaq səfərdə olmasına inanan uşaqların həyatından hansı səhnəni kadra alaq? Bir deyil, iki deyil… Ağlı kəsməyən uşaq bu acı həqiqəti zamanla öyrənir, onun ağrısını illər boyu şikəst ruhunda hiss edir…

Şahin adlı bir dostumun atası Qarabağda şəhid olub. O şəhadət mənzərəsi hər dəfə Şahinin üzünə, gözlərinə baxdığım zaman qarşımda canlanıb… Dəhşətdir. Bir ata gözünə ölümü alaraq Vətən uğrunda düşmən üstünə gedir, bir ana bütün məhrumiyyətlərə meydan oxuyub övladına sarılır, onu atasına layiq böyüdür.

İnsanları təhlil edərkən, ən çox nigaran qaldığım, narahat olduğum şey şəhid övladlarının vətənə münasibəti olub. Çünki indiki vəziyyətdə dilimiz onların yanında qısadır. Amma sevindirici haldır: gördüyüm əksər şəhid övladları eyni ruhda, eyni əqiqədə – vətənpərvərdir.

Mənim atam şəhid olmadı. Nə də mən otuz yaşıma qədər əsgər “batinka”sı geymədim. Hərbi xidmətə yararsızam. Etiraf edim ki,  bu “yararsız” sözü məni daim incidir, təqib edir, əzab-işgəncə verir. Bəlkə də kompleks yaradır, nə bilim… Amma həmişə də “başqa cür nə edə bilərəm deyə düşünmüşəm. Bu düşüncəni də mənə atam aşılayıb. Atam avtobusda sürücü işləyə-işləyə 13 yaşımda məni varlı uşaqlarının oxuduğu özəl türk liseyinə həvəsləndirdi: “get, savadlan, ölkənə xeyrin dəysin”.

Hər halda, ölkəmə istədiyim kimi xeyir verə bilməmişəm – atam qarşısında ən çox buna görə xəcalətliyəm. Jurnalist kimi informasiya müharibəsində hər fərqli xəbərimə, açıqlamama görə sevinirdim… Amma niyə gizlədək, hələ hədəfimizə çatmamışıq. Proseslər saqqız kimi uzanır, mən də bu müharibədən “out” vəziyyətdəyəm.

Bir şeyə görə fəxr edə bilərəm, övladına “vəzifəyə gəlib çoxlu pul qazanmaq” kimi tövsiyələr verən valideynlərə bənzəmədi atam… Məndən sadəcə savadlanmağımı, bir də mərd yaşamağımı istədi. Bir neçə dəfə varlanmasını da, 1 manata həsrət qalmasını da görmüşük – amma həmişə də “Allah kərimdir, ürəyinizi sıxmayın” deyən nikbin, mübariz adam olub. Di gəl ki, sadəlövh olub, çalışqanlığı nə qədər çox idisə, hiyləgərliyi o qədər az idi. “Fərsiz” deməzdim, çünki son illərdə bacım üçün ayırdığı torpaq sahəsində təkbaşına (xəstə-xəstə) həm sement qarışdırdı, həm də bənnalıq etdi. Usta da, fəhlə də özüydü. Gündə on daş hörə-hörə böyük bir iş bacardı. Evi tikib qurtarmaq üzrə idi, heyif ki, damın örtülməsini görə bilmədi. Yaşasaydı, elə əlil vəziyyəti ilə dırmaşıb damı da da özü hörərdi.

Atam xərçəng əməliyyatından keçən dörd il ərzində çox əsəbi olmuşdu, son zamanlar az qala hər gün dalaşırdıq. Hətta aramızda dərin bir uçurum da yaranmışdı. Az danışırdıq, danışanda da sözümüz çəp gəlirdi. Onu başa düşsəm də, artıq sonsuza qədər bir-birimizlə belə soyuq olacağımıza inanmışdım. Sanki atam sonsuza qədər yaşayacaqdı.

Son nəfəsində onun yanında “Yasin” oxudum (dini həyat sürməyən Rüfət üçün qəribədir, amma bu haqda sonra). Oxuya-oxuya içimdə dua edirdim ki, atam mənim bitirməyimi gözləsin, onunla halallaşım, vidalaşım… Allah duamı eşitmədi. Yoxsa, belə məsləhət idi…

Keçinəndən sonra meyitinin yanına uzandım, yastığına baş qoyub ağladım….  Ömrümdəki ilk yetim ağlamağıydı.

Təsəvvürü belə ağırdır, amma ən saf duyğuları məhz o an keçirirsən. Atılmış, valideynindən məhrum olan bir uşağın yaşadıqlarını yaşayırsan. Otuz yaşlı, saqqallı  bir kişinin simasında.

Hə, bir sözardı da verim: Nə qədər dini möfhumatı, daşı-torpağı öpməyi tənqid eləsəm belə… Atamın məzar torpağını onun üzünü öpürmüş kimi oxşadım, başdaşı əvəzi qoyulmuş o “kubik” daşına Kəbə daşı kimi səcdə elədim.

Valideyn itkisi heç bir inanc fərqi tanımır… Deist və dinsiz olduğumu heç kimsə bilmədi – özüm də hiss etmədim.

“Quran”dan surələr oxudum, uşaqlıqdan əzbər bildiyim ərəbcə duaları pıçıldadım, salavat zikr elədim – atam üçün qatı müsəlman və “Əli şiəsi” oldum. Bir xristian kimi ölsəydi, lap xaç da çevirərdim.

Və bir də, yetimliyin siyasəti olmur. Bir çoxlarının bu yaxında Con Kerrinin adından yazdığım zarafatcıl yazıya görə “amerikapərəstlik”də, hətta “ermənipərəstlik”də ittiham etdiyi, hətta “bəzi yerlərdən sifariş aldığıma” inandığı  halda, atam köməksiz, maddi problemlərin ağuşunda dünyasını dəyişdi. Və mən…. onu qorumaqda, ömrünü uzatmaqda aciz oldum.

Son ümidim yenə də öz dövlətim, öz vətənimdir. Mən heç bir yerə getmək, ailəmi dolandırmaq üçünbaşqa dövlətlərdən qayğı istəmək fikrində deyiləm.

Qarşıdan “Bakı-2015” – Birinci Avropa Oyunları gəlir. Bir vətənpərvər bununla fəxr etməlidir, mən də edirəm. Amma çox istərdim ki, özümlə də fəxr edim… Kasıbçılığın üzü qara olsun!

Rüfət Əhmədzadə

16.05.2015

(Seyidəhməd kişinin 7-sində)

 

 

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma