Darıxmağın ən axmaq növü

Özüm də bu mövzuda yazmağa utanıram artıq, amma adam yaşadıqca da yazmaq istəyir – ona rahat yaşamağa imkan verməyən şeylərdən.

Qısaca, “duyğu sömürüsü yapmadan”, mətləbə keçirəm: düz iki aydır ki, səhərlərimi atamın yoxluğu ilə açıb, gecələri də onun yoxluğuyla birtəhər yola verməyə çalışıram. Mümkün olsa da, çox ağır prosesdir. Düşmənə də arzulamıram, amma bu duyğuları hər kəs yaşayır. Gec, ya tez.

Məsələn, bir anlıq təsəvvür etdim ki, hər gün “Facebook”da gic-gic hədə-qorxu yazanların biri qabağıma çıxdı, sözümüz tərs gəldi və… mən öldüm. Dəhşət! Anam öz yoldaşının itkisindən sonra cavan oğlunu qəbrə yola salır, bacılarım “vay qardaş” deyib saçlarını yolur, yoldaşım isə… Yox, bu səhnəni təsvir etmək çox ağır olar.

Geridə 2 yaşlı uşaq qalar. O, nə qədər çətinliklə böyüsə də, tədricən məni unudacaq. Nə vaxtsa kimdənsə haqqımda eşidər, əlinə hansısa kitabım düşər, ya da internetdə yazılarımı tapar… Görəsən, nə düşünər? O, həm körpəlik xatirələrini oyandırmaq, həm də məni təsəvvüründə canlandırmaq üçün beyninə əməllicə işgəncə verər. Fantaziya ona olmazın əzablar yaşadar. Ya da ki… Onun mənim xatirələri elə mənim yoxluğumla dolar beyninə: Qonşuda bir cavan ata oğlunu qucaqladı, bu isə boynunu büküb qaldı, istədiyi şeyləri kimsə almadı ona, sonra xoşlandığı qızın da anası onu gözüm-çıxdıya saldı ki, yetim uşaqla qızımın nə yoldaşlığı ola bilər… Bəli, bəli, atalı xatirələrlə bərabər, atasız xatirələr də işgəncəlidir.

Amma atalı xatirələr çox öldürücü olur. Atam ölənə qədər ona çox hirsli idim. Ən xırda uğursuzluğumda belə atamı günahkar görürdüm: vaxtında məni filan işə düzəlməyə qoymadı, beşməkan ölkədən dəvət gəlmişdi, buraxmadı…

İndi bəs kimi günahlandırım? Anamı?.. Yazığın beli bükülüb, 2 ayda 20 il qocalıb sanki, hərdən deyinib məni danlasa da, “yaxşı-yaxşı” deyib susmaqdan başqa yol görmürəm… Nə deyim, necə edim, atamla dalaşdığım, az-qala əlbəyaxa çıxdığım günlər də gəlir gözümün önünə. Sanki qaynar bir şişi kürəyimdə gəzdirirlər…

Bəzən problemlər, fikirlər, günahkarlıq və fərsizlik hisləri məni o qədər bezdirir ki… Etiraf edirəm: gecənin bir vaxtında iş otağımda noutbukdan qulaqlıqları çıxarıb naqilini boğazıma dolayıram, sıxıram…

Sonra qəfildən yadıma o biri otaqda mışıl-mışıl yatan Mete düşür, əlim-ayağım boşalır… Nə anam, nə bacılarım, nə də yolaşımı düşünmürəm o an, bir anın içində balaca uşaq gözümdə böyüyür bığıburma kişi olur və məni kinayə ilə baxır: “Heç utanırsan?! İntihar sənin harana yaraşır?!”…

Bir şeirimdə yazmışdım:

Ay Allah, bir az da yaşayım nolar,
Gör, hələ nə qədər borc verməliyəm…
Valideyn borcumu qaytarmalıyam,
Borcuma şəriklər böyütməliyəm.

Sağ olsunlar bütün əməyi keçənlər, bizi  günü-gündən o qədər borclandırırlar ki, nə yaşamaq yaxın görünür, nə də ölmək… Elə vurnuxa-vurnuxa günlərimizi yola veririk. Hansı dahinin dediyini unutmuşam, amma həqiqətən dahi kəlamıdır: müharibənin ortasında sərkərdəsiz qalmaq kimidir atasız qalmaq…

Oxucudan üzr istəyirəm, darıxmağın bu növü insanı axmaq-axmaq fikirlərə sövq edir!

İntihar edəndə də, gərək elə intihar edəsən ki, sənə yaraşsın…

Rüfət Əhmədzadə

Senzor.Org

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma