Qadın xəyanətinin ən qorxunc nümunəsi

Bəzən ya tənbəllikdən, ya da unuqtanlıqdan başqa saytlarda çıxan yazılarımı bloqda paylaşmıram. Bu yazı 2015-ci ilin fevralında “Kulis.Az”da dərc olunub. Ümidvaram, bloqumun oxucularına maraqlı olar:

Gərək sevəndə eləsini sevəsən ki, sonra o səmimi hislərə görə başına döyməyəsən. Düzdür, doğrudur və tamamilə zaddır. Zaddır, yəni ki, bu sevgidir, riyaziyyat deyil. Deməli, “gərək sevəndə…” məsələsi dünyagörmüş nənələrin “yaxşı oğlana ərə getmək” nağıllarından qəti fərqlənmir. Hardan bilmək olar axı?

O qədər acı nümunələr var göz önündə…

Məsələn, SSRİ-nin romantik vaxtlarında sevgiylə ailə quran, qoşa göyərçinlər kimi növbəyə durub mənzil alan, problemsiz-qayğısız ailə həyatı yaşayıb gözəl-göyçək qız övladı dünyaya gətirən iki nəfərin xoşbəxtliyinə kişinin bir qəzadan sonra şikəst qalması qənim kəsildi. Kişinin ayağı kəsilmədi, sadəcə əsayla gəzməli oldu.

Amma bu əsa qadının gözünə necə girdisə, sevgi də uçdu, ailə müqəddəsliyi də. 11 yaşlı balaca qızcığazı atasıyla baş-başa buraxdı, özü isə başqasına qoşulub qaçdı. Bax, belə… Həmin kişini qadın xəyanəti daha da şikəst elədi. İndi böyüyüb 27-28 yaşına çatmış gənc qız həm iflic vəziyyətinə düşmüş atasına baxmaqla, həm də işləyib çörəkpulu qazanmaqla məşğuldur. Ərə gedəsi vaxtında….

Həyat budur, inanın, bir sözcük də uydurub-bəzəmədim. Kim bilir, bəlkə həmin xanım bu yazıdan xəbər tutacaq, onun faciəsi ilə “like” qazandığımı düşünüb söyəcək də… Bəlkə gözləri yaşarar da… Amma yenə də, məni bağışlamayacaq.

Ən çox ona görə bağışlamayacaq ki, ətrafdakı hər kəsin ondan üz döndərdiyi vaxtda mən həddən artıq səmimi görünməyə, dəstək olmağa çalışdım. Bəlkə də, 500 dəfə əl uzatdım… Amma həmişə də əlim havada qaldı. Məğrurluq olan yerdə heç də hər şey düzgün anlaşılmır axı… Sandı ki, yazığım gəlir.

O vaxtdan çox keçib. Ara-sıra rastlaşırıq. Gözlər gündən-günə öz çuxurunda batdıqca, bəbəklərdə daha hündür bir dağ ucalır. Sanki qızcığazın dərdləri onun gözlərinə qalanır, Həbəşzəncinin kəllə təpələri kimi baxanı dəhşətə gətirir.

Bəli, kimsənin köməyinə ehtiyacı yoxdur. Atası da son günlərini yaşayır. Bir gün o xanım tamamilə tək qalacaq. Həyatındakı yeganə kişini basdırandan sonra, bütün dünya onun üçün yadlaşacaq. Bu dünyanın təbiəti bir ata evi, bir də ata qəbri olacaq sadəcə…. Əlil ruhla hara qədər gedə bilərsə gedər.

Qadınların yaxşı kişidən əvvəl yaxşı qadına ehtiyacı var… Məhz qadındır başqa qadını xoşbəxt edən, həyatda istiqamət verən, səhv yollardan qoruyan, dəyərlər aşılayan…. Məhv edən də qadındır.

Feminizmə dəxli yox idi bu yazının… Qadın olmaq gözəldir. Sadəcə qadın olmaq!

Bir-birinin arvadına göz dikənlər…

Ötən il ölkə mətbuatında yayımlanan,  “Kitablar və insanlar” silsiləsində yazdığım bir yazını oxuculara təkrarən təqdim edirəm:

Rüfət Əhmədzadə

“Elgizin millətçiliyi Cek Londonun gözüylə”

Televizora baxan deyiləm. Artıq illərdir ki, mavi ekran deyilən nəsnənin qatı düşməniyəm.

Vaxtaşırı hansısa təsadüf nəticəsində göz və qulaq şahidi oluram, ondan da əsəblərim korlanır.

Bu yaxınlarda işimizdə mətbəxə çay süzməyə keçərkən, ANS-in efirində səslənən bu sözlər beynimə işlədi: “Biz dünyanın ən humanist xalqıyıq”.

Bu sözləri aparıcı Elgiz deyirdi və bununla, bir qızın öz doğma bacısını öldürməsi hadisəsinə giriş alırdı… Bizdə belə şey ola bilməz. Olsa da, çox pisindən olar.

Həqiqətən də, baş verən dəhşətli haldır. Və Elgizə də haqq qazandırıram. Adam nə qədər milləti, xalqı öz “süzgəcin”dən keçirib, papuasları, astekləri, yaponları, ingilisləri, afrikalıları yoxlayıb və axırda qərara gəlib ki, dünya xalqları içində ən humanist xalq azərbaycanlılardır.

Məsələ heç Elgizdə də deyil. Efirdən tez-tez belə şeyləri eşidirik. “Dünyanın ən sürətlə inkişaf edən ölkəsi”, “dünyanın ən qonaqpərvər xalqı”, “ən tolerant cəmiyyət”… Bir-birimizin ətini yeyirik, bir-birimizə badalaq gəlirik, işdən qovulmaq, həbs olunmaq qorxusuyla çox şeyi uduruq… Nəticədə oluruq tolerant.

Hərdən görürsən ki, yekəağız bir müğənni efirə çıxıb, milli-mənəvi dəyərlərdən danışır. Bu mənzərə o qədər dəhşətli olur ki, səmimi millətçilər də utanır. Amma bunun adı millətçilik deyil. Başqa “–çılıq” və “-çilik”lərdəndir.

Bu günlərdə Cek Londonun (Jack London) “Güclülərin qüvvəti” adlı hekayəsini oxudum. “Uzunsaqqal” ləqəbli qoca bir kişi nəvələrinə öz doğma qəbiləsinin tarixindən danışır. Balıqyeyənlər (balıqçılar) qəbiləsi “Dəniz vadisi”ndə yaşayır və daim “Böyük vadi”dəki Ətyeyənlər (ovçular) qəbiləsinin hücumlarına məruz qalırdı.

Balıqçıların vəziyyəti ağır idi. Çox olsalar da, güclərini anlamırdılar. Ailələr ayrı-ayrı ağacların başında yaşayırdı. Hər kəs özünə görə idi. Kimsə güclü idi, zəifin arvadını oğurlayıb öz ağacına dartırdı. O zəif isə başqa bir zəifin arvadını oğurlamaqla özünə təsəlli verirdi.

Beləcə, kim kimi necə xamladısa, elə də zövqlə yaşayırdı. Bir gün ovçular balıqçıların kəndinə hücum etdi, onların kişilərini bir-bir qırdı, qadınlarını əsir apardı. Ondan sonra balıqçılar anladı ki, 60 nəfərin 10 nəfərə qarşı gələ bilməməyinin tək səbəbi birliyin olmamasıdır.

Balıqçılar qəbilə şurası yaratdı, mühafizə dəstələri və növbətçilər təyin olundu. Amma yenə də, arvad oğurlamaq adəti səngimədi. Qəbiləni düşməndən qoruyan mühafizəçilərin gözü arxada qalmışdı. Tezliklə, arvad oğurlamaq da qadağan olundu. Hətta özünü güclü sayanları da yığışıb öldürürdülər, çünki başqalarından güclü olmaq qadağan idi.

Şuranın rəhbər seçdiyi adam isə işləri yaxşılaşdırmaq əvəzinə öz mövqeyini möhkəmlətdi, öləndən sonra da oğlu onun yerini tutdu. Yeni hökmdar qəbilədən özünə yaxın adamlara güvənib xalqı əzməyə başladı. “Vilka-lojka” dəstəsi deyilən bir şey.

Bir tənbəl və başıxarab adam özünü kahin elan etdi, daxmasında tanrını saxladığını və o tanrının adından hökmdara itaətin vacib olduğunu bildirdi. Hökmdar bu kahini himayəsinə aldı.

Xalqın vəkilləri də hökmdarın vəkili oldular. Tezliklə, torpaq tutub tarla salan birisi bütün taxıl biznesini nəzarətə aldı, bir başqası balıq tutmağı inhisara götürdü, digəri “odlu su” (araq) biznesi ilə, digəri isə keçi saxlamaqla oliqarx oldu. Onlar hökmdara vergi verir, hökmdarın dəstələri isə bu oliqarxları qoruyurdu. Xalq qazandığını bunlara verir, əvəzində “dilənçi payı” alırdı.

Bir gün avara bir Böcək də peyda oldu. Ləqəbinə sadiq qalaraq, vızıldayaraq xalqın könlünü xoş nəğmələrlə oxşadı. “Ətyeyənlər əclafdır”, “Ar olsun düşmənlərə”, “Xalqı geriyə aparmaq istəyənləri dinləməyin”, “İslahatçılar inkişaf istəmir” və s.

Əlbəttə ki, xalqı nəzarətdə saxlamaq üçün düşmənlər də lazım idi, ancaq dostlar yox. Tez-tez müharibələr etmək, “daxili düşmənləri” cəzalandırıb el içində biabır etmək… Amma bütün bunların da bir həddi var.

Bir gün ətyeyənlər hücum elədi. Gücdən düşən, dilənçilər, xəstələr və əlillərin qəbiləsi darmadağın oldu. Hamını qırdılar – iki nəfərdən başqa. Axsaq olan Uzunsaqqal qaçıb canını qurtardı, Böcək isə keçdi Ətyeyənlər qəbiləsinin tərəfinə. Və oldu Ətyeyən qəbiləsinin “xalq artisti”.

Böcəklərə etibar yoxdur. Ümumiyyətlə, düşmən axtarmaq təhlükəli şeydir… Öz qəbiləsini həddən artıq sevmək də.

(yazı oxuzali.az-ın arxivindən götürülüb)