Əsas səhifə » Esselər(içsəslər) » “Vallah, dilənçi deyiləm”…

“Vallah, dilənçi deyiləm”…

Bilmirəm, “təkamül” deyim, yoxsa iqtisadçılar demişkən, bunun adını “diversifikasiya” qoyum, amma son illərdə bir neçə dəfə yeni-yeni dilənçi növlərinin yayılmasına şahid olmuşuq.

Üstü-başından cin ürkən, metro qatarları və avtobuslara girib insanların ətəyindən yapışan, zorla pul tələb edən, hələ üstəlik də Allahın adı ilə şantaj edən dilənçilər indi də rastımıza çıxır. Amma o qədər də populyar deyillər, onlardan bezənlər də çoxdur.

Son 2-3 il ərzində “Sumqayıta gedənlər” fəsiləsi peyda oldu. Cüssəli-bədənli, hətta cavan və sağlam adamların hər yolda tutduğundan az qala zorla 50 qəpik, 1 manat qoparması çoxuna məlumdur.

Bu dilənçilərin çoxu kişi olsa da, aralarında qadınlar az deyil. Bir neçə ay əvvəl “28 may” metrostansiyası tərəfdə dostumla görüşdüm, metroya qayıdarkən, “reketlər” qarşımızı kəsdi: bir yaşlı qadın, bir cavan gəlin və onların yanında balaca uşaq.

Cavan gəlin dərhal məni səslədi:

– Ay oğlan, 1 manat ver də… Lazımdır…

Mübahisə etmədim, utandım, əlimi atıb cibimdə olan 2 manatdan birini “qeyd-şərtsiz” həmin gəlinə uzatdım.

Düşündüm ki, bəlkə doğrudan ehtiyacları var, amma dostum bir qədər kənarda durub onları müşahidə etməyi məsləhət gördü.

Elə oldu ki, söhbət edə-edə, həm də bu “trio”ya baxa-baxa 1 saata qədər yaxınlıqda durduq.

Yalan olmasın, 50 nəfərə yaxın cavan oğlanı və ya orta yaşlı kişini saxladılar, onlardan cəmi 1-2 nəfəri utana-utana “yoxumdur” deyib keçdi. Amma əksəriyyət etiraz etmir, havada 1 manatlıqlar ciblərdən o “reket” gəlinin ovcuna uçurdu.

Ən azından,həmin gecə o trionun qazancı 60-70 manat hesablana bilər. “Bəxtəvər başlarına” deməyəcəm… Çünki bizə o cür nümunələr yaddır. Amma bu adamlar heç yalvarmadan da, dilənmədən də istədikləri pulu “hipnoz edirmiş” kimi bizdən alırlar, qınaq-ittiham görmürlər.

Son zamanlarda yeni bir dilənçi tipi də yayılıb: uşaqdan böyüyə qədər “vallah, dilənçi deyiləm” deyən adamlar Bakı Beynəlxalq Avtovağzalı həndəvərində dolaşır və bütün avtobuslara minib insanları gah Allahın adı ilə, gah da “əzizlərinin xəstə olması” ilə yumşaldırlar.

Dünən bir cavan oğlan mənə yaxınlaşıb “vallah, dilənçi deyiləm” deyəndə, mən də cavab verdim: “vallah, milyonçu deyiləm”.

“Dilənçi olmayan qardaş” mənə qayıtdı ki, milyon istəmirəm, imkanın çatandan ver.

Mən yenə dilləndim:

– Anan xəstədir?

– Hə, vallah, ağır xəstədir… Dərmanları bahadır, çatdıra bilmirəm.

-Mən jurnalistəm, gedək ananla tanış elə, hara lazımdır müraciət edim, ananı müalicə elətdirək.

– Məni dolama da, pul verirsən ver, vermirsən Allah canını sağ eləsin…

– Səni niyə dolayıram? Cavan oğlansan, xoşuna gəlir dilənmək? Hamımızın anası var, gəl sənə kömək edim… Əgər doğrudan da anan xəstədirsə…

Bayaqdan dil-dil ötən oğlanın dili dolaşdı, rəngi qaçdı…

– Əşşi, köməyin təpənə dəysin, işverənsən ki sən…

O tələsik məndən uzaqlaşdı. Mənsə bilmədim onun arxasınca gülüm, ya əsəbiləşim, ya söyüm…

Amma bu ifşa ilə öyünə də bilmərəm: çünki ifşa ediləcək fırıldaqçılar içində, bəlkə də ən xırda fiqur elə bu dilənçi oğlandır.

Zəmanə pisdir, sosial problemlər, işsizlik, filan, beşməkan, zad…

Amma eşşək boyda kişini nə məcbur edir ki, özünü və anasını bu qədər alçaltsın?

 

Rüfət Əhmədzadə

(yazı  ilk dəfə 25 avqust tarixində reaksiya.az-da dərc olunub)

Advertisements

“Vallah, dilənçi deyiləm”…” üçün bir cavab

  1. Salam Rüfət bəy.Doğulduğum torpaq Naxçıvanda dilənçi tapmaq olmaz. Buralarda başımıza elə şeylər gəlmir. Bəzən çox nadir hallarda yolda gedərkən bir nəfər yol pulu istəyə ya yox. O da ki, aylarla qabağımıza çıxmaz heç. Lakin Bakıda olduğum vaxtlarda metroda olarkən yaxınlaşıb pul istəyənlər oldu məndən. Balaca qızcığaz, daha sonra azyaşlı oğlan uşağı… Tərəddüt etmədən pul verdim. Bakıda qalan dostlarım məni tənbehlədilər ki, onlara pul vermək lazım deyil. Haqqlarında mənfi sözlər söylədilər. Amma yəqin bu mənim saflığımdan irəli gəlirdi. ÇÜnki hər zaman ikinci ehtimalları düşünən insanam. “Bəlkə həqiqətən də ehtiyacı var.” Məqalənizdə yazdığınız gəlin və ya boy buxunlu oğlan mənim də rastıma çıxsa pul vermərəm onu deyim. Hətta danlamışam da birini ki, cüssən 2 mən boyda sağlığın yerində canın çıxsın get işlə qazan. Hələ də Bakıya gələndə hansısa balaca uşaq və ya qoca bir kişi məndən pul istəyirsə kömək əlimi uzatmaqdan çəkinmirəm.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma