Əsas səhifə » Esselər(içsəslər) » Təhsilimizin inkişafı və intiharı haqqında

Təhsilimizin inkişafı və intiharı haqqında

Ötən həftəsonu Qazax və Ağstafada oldum. Gülnar Nəzərova adlı bir xanımın Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirdiyi fərdi layihədə təlimçi idim. “Yazar olmaq istəyirəm!” adlı layihədə bu rayonlarda yaşayan məktəbli və gəncləri ədəbiyyata həvəsləndirmək, onlara bəzi məsləhətlər verib kiçik nəsr əsərləri (hekayələr) yazdırmaq nəzərdə tutulurdu. Amma məktəblilərin daha çox inşa səviyyəsində düşündüyünü, şablona bağlandığını gördüm.

Sadəcə, səmimi mühit məsələsi var idi ki, onu da azacıq yarada bildik. Şagirdlərə inadla təkrarladığım sözləri bir daha xatırlayıb, bura da yazıram: “Bəzən dərdləşmək üçün ən münasib adam tanımadığınız adam olur. Utanmayın, çəkinməyin… Problemləriniz, qayğılarınız, ətrafda gördükləriniz haqda düşünün, ya da xəyalınızı gücə salın, mənə hekayə verin”. Və bu təlimlər zamanı bir-birindən fərqli olan, süjet xətləri, mövzuları ilə fərqlənən hekayələr əldə etdik.Hamısına “super” demək olmaz, amma hər halda, məktəbdə inşa üslubuna kökləndirilən şagirdlərdən ilk təşəbbüsü qopara bildik. Belə… Siz hələ görəsiniz, üzündən-gözündən kasıblıq yağan bir şagird Azərbaycan haqqında, onun “qara qızıl”ı haqqında necə şövqlə şeir deyir. Siz hələ düşünəsiniz, təhsil sisteminin problemlərlə çulğaşdığı bir cəmiyyətdə uşaqlar “müəllim” sözünün müqəddəsliyi haqqında necə coşa-coşa danışırlar.

Bilirsiniz, millətçilik mövcud milləti yox, xəyalındakı milləti sevməkdir. Yəni, görmək istədiyin. O uşaqların coşqusunu da belə başa düşmək lazımdır. Onlar xəyallarındakı, daha yaxşı Vətəni vəsf edir, daha fərqli müəllimə söz qoşurlar. Bakıya qayıtdıqdan sonra isə Sumqayıt Dövlət Universitetində 1-ci kurs tələbəsinin intiharı barədə xəbər oxudum. Həqiqətən sarsıldım. Rüşvət, sıxışdırma, süründürməçilik, tələbənin mənəvi sarsılması… İntihar! Əslində, intiharı elə 1-ci kurs tələbəsindən gözləmək lazım idi.

Çünki 1-ci kurs tələbəsi böyük arzularla tələbə həyatına atılıb. Onun xəyalları ilə reallığın üst-üstə düşmədiyini anlaması xeyli vaxt alacaqdı. O, bu reallığa öyrəşməli idi… Amma öyrəşə bilmədi. “Adaptasiya” məsələsindən danışıram, amma həm də danışmıram.Məsələ daha böyük, daha fərqlidir. Mən də tələbə olmuşam. Mən də Bakı Slavyan Universitetində, Tərcümə Fakültəsində 1-ci kursdan dekan müavini Kamran müəllimin zəhmli simasından, sərt tənbehlərindən qorxan, əsəb-həyəcan çəkən tələbələrdən olmuşam. Məni də sıxışdıran, inadla imtahandan kəsdirməyə çalışan müəllimlər olub. Hətta bir müəllim yanımdakı tələbənin üzündən “ünvanı səhv salıb”, gəlib mənə şillə vurub.

Ən absurdu, məktəb vaxtı daim 5 aldığım, olimpiadalarda yer tutduğum “Azərbaycan Tarixi” fənnindən kəsilmişəm, payıza qalmışam. İmtahana gipslə gəlmişdim (maşın vurmuş, ayağım sınmışdı). Dekan müavini məni müəllimə “xüsusilə tapşırdı ki, onda gözün olsun”. Müəllim də sağ olsun, elə əsəb verdi ki… Gəlib ayağımı qoyduğum stulu elə çəkdi ki… Ondan sonra boş kağızı özüm təqdim edib çıxdım.

Bəli, biz çoxumuz aşağı-yuxarı eyni cür, travmalı tələbəlik, gənclik yaşamışıq… Amma insafən deyim, bizim Tərcümə Fakültəsu digər fakültələrə nisbətən daha yaxşı idi. O vaxtkı dekan Seyfəl müəllimin bu yaxında prorektor olduğunu öyrəndim, sevindim də. Amma yenə də istərdim ki, bu universitetdə aqressiya az olsun, 1-ci kurs tələbələri, 17-18 yaşlı gənclərə “gestapo” əhvalı ilə yox, dostyana və anlayışla yanaşılsın. Tapşırılan tələbələr hər yerdə var, amma mən rüşvətsiz oxuya bilmişəm. Mənim də havalı tələbəliyim olub. Amma hamıdan, hətta ailəmdən də küsdüyüm vaxtda kitabların, ədəbiyyatın içində öz havamı tapmışam. Buna görə də, xoşbəxtəm ki, nə ortada diplomlu, amma savadsız biri kimi qaldım… Nə də qalstuka məhkum olan, monoton həyat sürən ofis işçisinə çevrildim. Mənə görə deyildi bütün bunlar… Kamran müəllim indi mətbuatda çalışır, yetərincə savadlı, çox yaxşı tərcüməşünasdır.

Məsələn, mən də yaxşı tərcüməşünas, alim, pedaqoq ola bilərdim. Amma o sərt yanaşmalardan diksinib alimlik sevdasından vaz keçdim, çünki getdikcə onlara oxşayacaqdım – tələbələrə qarşı amansız, “dava-dava” deyən, “tələbənin gözünü çıxartmasaq, oxumaz” təfəkkürüylə yaşayan bir pedaqoq olacaqdım. Qayıdaq Sumqayıtdakı intihar məsələsinə…

SDU rəhbərliyi deyir ki, qızın intiharına başqa səbəblər olub. Yəni, səmti şəxsi məcraya yönəltmək lazımdır. Lap tutaq ki, olub. Bundan ən az sizin də xəbəriniz olmalı idi. Universitetlərdə psixoloq olmalıdır – səhv etmirəmsə, bu psixoloqlar nə işə yarayır? Tələbələr müraciət edirmi? Etmirsə, niyə? Onlar niyə çəkinir? Tələbələri səmimi dərdləşməyə necə həvəsləndirmək lazımdır?

Görün, nə qədər suallar ortaya çıxır… Avropa universitetlərində fakültə dekanlıqlarının xüsusi işçiləri olur – gənclərlə işləyən, dost olan, onlara istiqamət verən, kreativ təşəbbüsləri irəli sürən və tələbələrlə birlikdə müxtəlif tədbirlər edən insanlar. Təşkilatçı deyim, kurator deyim, abi deyim, abla deyim… amma nəsə insanlıqdan başa düşən insanlar!

Ancaq dekanın və rektorun əmrini məruzə etmək, tələbələri qorxutmaq, sıxışdırmaq, əzbərçiliyə kökləndirmək, “bunlar havalıdır, dəlidir, yekəxanadır” deyib sındırmağa çalışmaq… Axırı ya intihardır, ya da inkişafa dəxli olmayan, boş-bekara, diplomlu savadsızlar istehsalıdır. İşiniz avand olsun, amma… Amma təhsil sistemimiz dəyişməlidir, ən birinci isə düşüncəmiz, yanaşma tərzimiz dəyişməlidir. Zəngdən zəngə müqəvva kimi bir yerdə durub dəftərdən mühazirə oxuyan, müəllimliyi hərbə-zorba ilə dərk edən pedaqoqlar bu cəmiyyətə heç nə verməyəcəklər… Amma bir gün təqaüdə çıxacaq, “əməkdar müəllim” olacaq… Bu dövlətdən daha yaxşı şərait, daha çox güzəşt tələb edəcəklər. Bəs siz dövlətə daha yaxşı kadrlar, daha insaflı məzunlar verə bilirsinizmi?

Rüfət Əhmədzadə

Qafqaznews.az

Advertisements

Təhsilimizin inkişafı və intiharı haqqında” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma