Əsas səhifə » Esselər(içsəslər) » Naməlum məmura açıq məktub

Naməlum məmura açıq məktub

“Gördün vicdanla danışa bilmirsən, heç olmasa, vicdanla susmağa çalış!”

Hörmətli məmur! Bu məktub həm sənədir, həm də başqalarına. Daha doğrusu minlərlə, milyonlarla insana.

Çünki bu milyonların içində sən və sənin kimilər də var. Sənin kimi olmayıb, sənə oxşamaq istəyənlər də. Sənə nifrət edib, ürəyində həsəd aparanlar da. Sənə valeh olub, sənin kimi olmağa qulaqlarını “kış-kış” deyə dartanlar da…

Bəli, sən təmiz də ola bilərsən! Deyilmi? Vicdanlı, dürüst, rəhbərliyin sözündən çıxmasan da, qəlbinin bir guşəsində əzilən insanlara rəğbət hissinlə, oğrun-oğrun hər fürsətdə kiməsə yaxşılıq etməyə çalışarsan.  “Rəhbərliyin sözü” demişkən, daim düz işləsən də, hər zaman danlanan da sənsən elə!.. Əynin nimdaş, kostyumun Allah bilir, neçənci ilin “premiya”sından aldığın… Yoldaşını “gələn maaşda sən dediyin şubanı” deyərək illərlə aldadan biri. Qonşuların və qohumlarının da, “buna bax, nazirlikdə işləyir, amma acından ölür” deyə lağ etdiyi məmur.

Sən dünyadakı ən murdar məmurlardan biri də ola bilərsən. Hər fürsətdə şəxsi mənfəətini güdən, ancaq özünü reklam etdirmək üçün “xeyirxah” görünən, onun-bunun uğuruna göz dikən, ancaq sərvət toplamaqla ad qazanan bir məmur.

Amma sənə yenə də həsəd aparacaqlar. Hörmət edəcəklər. Əlbəttə ki, üzünə… Arxanca nə danışırlarsa, önəmli deyil.

Sənə həm nifrət edəcəklər, həm də həsəd aparacaqlar. Hər kəsin tanınmağa ehtiyacı var.

Hər kəsin sevilmək arzusu ürəyinin bir guşəsində çırpınır…

Hər kəs danışmaq, öz arzusunu dilə gətirmək istəyir.

Məsələn, vicdanla danışmaq istəyənlər də var.

Ya da, vicdansızlıqla çənə döyənlər.

Rəhmətlik atam Seyidəhməd kişinin bu sözlərini tez-tez xatırlayıram: “Gördün ki, vicdanla danışa bilmirsən, vicdanla susmağa çalış! Kiminsə xoşuna gəlmək üçün, təmiz adamları ləkələmə!”.

Bəli, vicdanla susmağa çalışdıq. “Barı, kiməsə pislik etməyək” dedik… Onda da qorxaq olduq. Adi olduq. Yol kənarında duran ağac belə bizdən faydalı oldu.

Bəlkə, bir az danışaq?

Məsələn, ürəyimizdən keçənləri… heç olmasa, obrazlı şəkildə, şeirlə, hekayə ilə yazaq…

Sən yazma, məmur, sənin işlərin başından aşır. Yazanlara dəstək də olma… Əngəl törətməsən, böyük oğulsan.

Heç olmasa… Heç olmasa, bircə dəfə düşündünmü, sənin dəhşətlə izlədiyin, çox vaxt düşmən və bəzən də “dost” olmağa çalışdığın xəbər saytlarından da dəhşətli bir düşmənin var. Məsələn, müstəqil bir ədəbiyyat saytı…

Bu günlərdə maddi çətinliklər üzündən bağlanan, amma bundan əvvəl düz bir il ərzində yüzlərlə gəncə azad fikir meydanı verən Senzor.az portalını da nümunə göstərə bilərik. Heç bir imkanlı şəxs yaxın durmadı. Ədəbiyyata dəstək verməsi ilə öyünən, amma əsas qayəsi hansısa məmurları reklam etmək olan bəzi təşkilatlar da kömək etmədi.

Sanki özün üçün nəsə istəyirmişsən kimi, utana-utana saytın bərpasına 100-150 manat dəstək istəyirsən, həm də birdəfəlik yardım… Amma cavab: “Büdcəmiz yoxdur”.

Dostlar da az deyil, onların köməyi ilə, yaxın günlərdə Senzor.az bərpa olunacaq. Bu saytı niyə uzun müddətdir saxlayıram? İşim var, problemlərim boğaza qədərdir… Mənə lazımdı kənarda ədəbiyyat saytı saxlamaq?

Bəlkə, lazım deyil? Bəlkə, doğrudan da, vicdanla qımıldanmaq, aradabir nəsə pıçıldamaq bikara şeydir?

Axı kasıbların hobbisi olmaz! Axı kasıblar əlavə bir ruh rahatlığını düşünə bilməz…

Deyilmi, hörmətli məmur?

Sən elə buna görə, adının qarşısında “müstəqil” olan hər şeydən qorxursan? Nə vaxta qədər qorxaq qalacaqsan? Kresloda oturarkən, başqa şeylər düşünməyə vaxt yoxdur?

Cavab vermək istəsən, bir saxta “email” aç, rufat_ahmed@list.ru ünvanına cavab yaz, adını da bildirmə…

Görüm, heç olmasa vicdanla saxtakarlıq etmək əlindən gəlirmi? Sadəcə, maraqlıdır… Vicdanınla baş-başa qalanda nə düşünürsən? Ondan hələ də bir əsər-əlamət qalıbmı səndə?

Rüfət Əhmədzadə

 

Advertisements

Naməlum məmura açıq məktub” üçün bir cavab

  1. Geri bildiriş: Naməlum məmura açıq məktub | SenZor.Org

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma