Xəyal qurmağa da qorxursan, anlayıram səni…
Azadlığın nə olduğunu bilməyən qadına
Necə tərif edim sevginin gözəlliyini…
Sən məcbursan məni elə uzaqda saxlamağa,
Mən məcburam səni ən yaxınımda xəyal etməyə.
Sən ömrünü də məcburiyyətdən yaşayırsan…
Daha səni heç nəyə məcbur etmək də olmaz.
Mən isə ömrümü məhrumiyyətdən yaşayıram.
Doyunca sevgi duya bilmədim deyə, ölmürəm…
Sevirsən ruhunun yaralı yerlərini sığallayan
Baxışlarımı!
Amma özümü sevməyə…
Nədənsə, çəkinirsən.
Sevirsən nə vaxtsa öldürüb dənizə atdığın
o saf qız uşağının qayıtmasını…
Elə bir xoş sözümlə.
Amma “günah” deyirsən.
Sən sevirsən
Övladını, məsələn.
Həyat yoldaşın isə
Sadəcə “övladının atası”dır.
Qəlbindəki boşluğun adını da qoya bilmirsən.
O boşluq civə kimi hər gün yeyir içini…
Həyatına necəsə rəng qata bilmişəmsə,
Bu rənglər niyə belə qorxuya salır səni?
Sən xəyal qurmağa belə qorxursan, anlayıram…
Hətta darıxmağa da cəsarətin çatmır ki!
Bir an xoşbəxt olaram “Ağlımdasan” sözündən…
Amma sonra üzüntü…
Qəlbin niyə bağlıdır?
Bəlkə, mən səhv edirəm…
Ürəyində mən varam…
Xəyalların da sonsuz…
Orda elə mən və sən…
Bəlkə də, sən haqlısan…
Bu yolun sonu yoxdur…
Di gəl ki, son verməyə
İkimiz də qorxuruq.
Bəlkə də, mən nankoram,
Əslində, həyatımın ən bəxtəvər anında
Səni bikarçılıqdan özümə dərd etmişəm?
Bəlkə, yalan demişəm, özümə də, sənə də…
Mən səni sevmirəm ki…
Sadəcə, susamışam,
Sadəcə, acımışam,
Sadəcə, gücüm bitib…
Sənə ehtiyacım var.
Rüfət Səid Əhmədzadə
17.10.2016