Masazırı ucqar dağ kəndiylə səhv salanlar… – VİDEO

“Yeni Bakı” komendantlığının əməkdaşları sakinlərə xidmət göstərmək əvəzinə, “kəndxuda”lıq edirlər…

Artıq neçə ildir ki, Masazır qəsəbəsində, Bakıdan maksimum 10 kilometr aralıda “Yeni Bakı” adlı şəhərcik yerləşir. Yəni, paytaxtdan elə də uzaq deyil və bəzi ucqar dağ kəndlərinin yaşadığı problemləri bu şəhərcikdə axtarmaq məntiqsiz olardı. Amma nə təəssüf ki, hətta Xınalıq kəndinin qazla təmin olunduğu bir zamanda, “Yeni Bakı”da yüzlərlə mənzilin qazdan məhrum olması, vaxtaşırı müxtəlif bəhanələrlə sakinlərin işığının kəsilməsi barədə xəbərlər eşidirik.

Bu şəhərcikdəki binaların çat verməsi barədə məlumatlardan savayı, sosial şəbəkələr və mətbuatda yetərincə foto və video faktlara rast gəlmək olar. Lakin bu məlumatları işıqlandırmaq da baha başa gələn işdir. “Yeni Bakı”nı idarə edən “İlin Dörd Fəsli” MMC bu və digər məlumatları cəmiyyətə çatdıranları məhkəməyə verə, hətta 243 min “təzminat” da tələb edə bilər. Jurnalisti təhdid edən şirkət nümayəndəsi  əlini-qolunu sallayıb gəzəcək, şikayəti “araşdıran” DİN Baş MCMİ əməkdaşından  kimsə hesab soruşmayacaq, şikayətçi jurnalistə isə guya noyabr ayında “göndərilən” məktubun niyə hələ də çatmadığını kimsə izah edə bilməyəcək.

Bu günlərdə “Yeni Bakı” sakinləri qaz verilməməsinə etiraz edərkən, şəhərciyə müxtəlif jurnalistlər toplaşmışdı. Hətta “Meydan tv” əməkdaşları şəhərcikdən canlı yayım da etdilər. Həmin vaxt şəhərcikdə çəkilən bir video bu günlərdə sosial şəbəkələrdə paylaşıldı. Videoda kadrlar yeknəsək alınsa da, məsələ barədə oxuculara bir balaca məlumat vermək istərdim.

Səbuhi adlı “Yeni Bakı” komendantlığının əməkdaşı (komendant Ehtiram Yusifovun köməkçisi) eyvana “Binaya qaz verin, biz donuruq”plakatı asan sakinin evinə soxulmağa, həmin plakatı ordan “yığışdırmağa” çalışır. Lakin sakin etiraz edir və əlindəki işıqpulu çeklərini göstərir. Deyir ki, sizə görə, mən 400 manata yaxın işıqpulu verirəm, o pulu ödəyin, plakatı yığışdırım.

Sizcə, əziz oxucular, həmin gənc doğru demirmi? Onun əvəzində isə Səbuhi adlı komendantlıq işçisi hərbə-zorba danışmağa, təhqir etməyə başlayır. Utanmadan da, sakinlərə küçə səviyyəsində “lampoçka-patron” söhbətləri edir. Baxın, MİS-lər xidmət sektoruna daxildir. Özünü MİS-ə analoq sayan “Yeni Bakı” komendanlığının əməkdaşları vətəndaşlara xidmət göstərmək əvəzinə, onlarla kobud davranır, “kəndxuda”lıq edirlər…

Axı, 50-60 min manat pul verib mənzil alan, sayğaclara görə 700 manat ödəyən, hər ay heç bir VÖEN göstəricisi olmayan qəbz qarşılığında 30-40 manat kommunal ödəniş keçirən vətəndaş heç kimin təhkimli kəndlisi deyil… Feodalizm dövrünü çoxdan keçmişdik, deyəsən! Amma yox, “İlin Dörd Fəsli” MMC rəhbərliyi sakinlərə də, onların şikayətini işıqlandıran jurnalistlərə də feodal düşüncəsiylə yanaşır, şəhərcikdə çəkiliş aparan KİV nümayəndələrini təhqiramiz ifadələrlə qovmağa çalışır, heç bir qanuna məhəl qoymadan “şəxsi qanunlar” əsasında işləyir…

Görəsən, hörmətli şirkət rəhbəri Elnur Hüseynov söyüşcül nümayəndəsi Mehman Muradlıdan tutmuş həmin o “lampoçkataxan” Səbuhiyə qədər hər bir işçisini xüsusi kriteriyalar əsasında seçib? “İlin Dörd Fəsli”nin əməkdaşı olmaq üçün, insanları söymək, təhdid etmək, əl-qol atmaq lazımdır?… Elədirsə, Allah xeyir versin… Hər bir kəndə şəhərdən “papkalı”lar qonaq gələ bilər. Hətta eşitdiyimizə görə, son günlər o “papkalı” müəllimlər “Yeni Bakı” istiqamətini tez-tez tutmalı olublar.

Rüfət Əhmədzadə

Qafqaznews.az