Şah İsmayılı davamlı tənqid edənlərin əsl məqsədi nədir?

“İnsan öz keçmişini inkar edəndə və onu pisləməyə başlayanda fəlakət yaranır”

Həqiqətən də, düşünürsünüzmü, Şah İsmayıl Səfəvinin adı (və ya şair təxəllüsüylə Xətai) niyə bu gün inadla müzakirələrə çıxarılır?

Bəlkə, kimlərsə, bütün səmimiyyətləri  ilə bu xalqın fikirlərində inqilab etməyə, stereotipləri qırmağa çalışırlar?

Bununla da, onlar xalqı “təmiz zehinlə” gələcəyə aparacaqlar?

Yoxsa, əksinə, dövlətçiliyimizə sevgimizin “çürük” olduğunu göstərməyə, xalqımızın qürur sütunlarını bir-bir qırmağa çalışırlar?

Bəli, Şah İsmayıl Səfəvi tariximizdə qürur sütunudur. Həm də, ən möhkəmindən…

Düz 5 əsr bundan əvvəl yaşayan, Azərbaycanın və Anadolunun türkmən tayfalarını ətrafına toplamaqla böyük bir dövlət quran Şah İsmayıl Səfəvi niyə bu qədər gözlərə “batır”, nəyə görə bu qədər “alim”in yuxusunu ərşə çəkdirir?

Son bir neçə ildə davamlı olaraq, müxtəlif şəxslər tərəfindən hədyan və absurd ittihamlar eşitməkdəyik.  Bu şəxslərə də, ən yüksək səviyyədə cavablar verilib. Akademik Ramiz Mehdiyevin də bu mövzuda tutduğu mövqeyi müsbət qarşılayıram. Və son günlər Şah İsmayıl haqqında fikir bildirməklə gündəmə gələn hörmətli professor Nizaməddin müəllimə də, oxucularıma da bu fikirləri bir daha oxumağı məsləhət görürəm.

“İnsan öz keçmişini inkar edəndə və onu pisləməyə başlayanda fəlakət yaranır. Öz keçmişindən məhrum olan insan mənəvi boşluq dilində danışmağa başlayır. O, nəsillərin varisliyindən kənarda qalır, bununla da nəinki tarixin vəhdətini, həm də tarixin özünü alt-üst edir. Öz keçmişi ilə həmrəyliyin yoxluğu inkişaf etmiş mənlik şüurunun olmamasına və deməli, milli mənafe və dəyərlərin başa düşülməməsinə bərabərdir” (Ramiz Mehdiyev, “Şah İsmayıl Xətai”, istinad: APA, 04 dekabr 2012-ci il).

Guya XXI əsrdə arzu etdiyimiz sivilizasiyaya, fikri inqilaba çatmışıq… Cəmiyyətimizdəki birliyi tamamilə bərpa etmişik… İndi qayıdıb 500 il əvvəl Şah İsmayılın niyə şiə təmayüllü dövlət qurduğunu sorğulayırıq.

Azərbaycan məzhəb və konfessiya savaşları yaşamayan tək-tük ölkələrdəndir. Kimlərsə, inadla ölkəmizin simasında “qırış” axtarmağa çalışır…

Düşünün, hələ XX əsrdə maarifçi ziyalılarımızı ən çox narahat edən insanlarımızın özünü “müsəlman milləti” kimi tanıması  idi… Və il olub 2017, BDU-nun professoru deyir ki, “Şah İsmayılın damarlarında xristian qanı axırdı, xristian dövlətlərinin təsirilə hərəkət edirdi”.

Professoru bir az danışdırsanız, Şah İsmayılın gündə neçə dəfə subaşına çıxdığını da həvəslə danışar. Hər şeydən xəbəri varmış kimi..

Başqa sözüm yoxdur.

Sözardı: Şəxsən, mənim fikrimcə, lap başdan biz səhv etmişik: Şah İsmayılı ölkəmizdə şair təxəllüsüylə yox, qurduğu səltənətin adı ilə əbədiləşdirməli idik – Şah İsmayıl Səfəvi kimi. Bəlkə, yanaşma da fərqli olardı. Xətaidə inadla xəta axtaranlar da az olardı.

Rüfət Əhmədzadə

Qafqaznews.az