ETSN-də söyüşsöymə turniri

Sivil ölkədə jurnalisti təhqir edən bir məmur dərhal məsuliyyətə cəlb olunmalı idi, amma Azərbaycan da sivildir axı… Bəs niyə jurnalisti təhqir edən Zaqatala Dövlət Qoruğunun rəisi Ramazan Çuxullayev cəzalandırılmır?

Hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi, öz hədsiz nəzakəti ilə hamının sevimli “bacı”sına çevrilən İradə İbrahimova da özünü bivecliyə vurub. O tərəfdən Azər Hüseynbala adlı birisinə məxsus (və ya ona yaxın) saxta saytda mənim (qonorarla əməkdaşlıq etdiyim) Qafqaz Xəbər Agentliyinin kollektiviylə çəkdirdiyim şəkil “Facebook” profilimdən oğurlanıb dərc edilir və ictimaiyyətə ETSN-i şantaj edən “reket dəstəsinin üzvü” kimi təqdim olunuram…

Gah Zaqatala Dövlət Qoruğunda “qırmızı kitab”a düşmüş piton ilanının öldürülməsiylə bağlı, mətbuat katibi “məsələni araşdıracam” deyib sorğuma cavab gözləməyi təklif edir… O tərəfdən isə qoruq rəisindən zəng gəlir, ən ağır şəkildə söyüş eşidirəm.

Üstündən iki gün keçdi, amma heç bir tədbir görülmədi. Daha neçə gün gözləməliyik ki, həmin şəxs cəzalandırılsın, ya da nazirlik rəsmiləri ictimaiyyətə açıqlama versinlər?
Daim mətbuatla əməkdaşlığa açıq olduğunu deyən İradə İbrahimova özünü niyə bivecliyə vurub görəsən?
Yoxsa, ağız dolusu vədlər verəndən sonra, müğənni adaşı İradə İbrahimova kimi “Neyləyək, alınmadı” şarkısıyla özünə təsəlli verir?
Və yaxud da, ETSN-də etikasızlıq adi hal sayılır?
Əgər o qurumda hamı əsəbiləşəndə bir-birini söyürsə, o zaman heç bir tədbir görməsinlər… Allah bağışlayandır, biz də bağışlayarıq.
Əsas odur ki, dağadırmaşan məmurlar zirvədən düşməsinlər…
Ən qısa zamanda, ETSN-də söyüşsöymə turnirinin də keçiriləcəyinə inanıram. Yəqin ki, bu turnirdə aparat rəhbəri Rövşən Cəlilov da xüsusilə fərqlənə bilər.
Mətbuatda “aylığa” bağlanan və az qala “yaylıq” bağlamağa hazır olan həmkarlarıma da salamlarımı göndərirəm.

P.S.: Dünəndən bəri neçə dostum və qohumum o səviyyəsiz və mənəviyyatsız Ramazan Çuxullayevin nömrəsini istəyir.. Vermirəm. Deyirəm ki, fikir verməyin, o adam söyülə-söyülə bu yaşa, bu vəzifəyə gəlib. Öz əzizlərinə hörmət qoyan başqalarıyla elə davranmaz.

Rüfət Əhmədzadə

Advertisements

Homo Oblitus

“Homo Oblitus”
(lat. unudulmuş insan)
 
Mən səninçün zamanların ən qədimi olmuşam…
Küləklərlə aşınmış, yağışlarla yuyulmuş.
Mən yazan kitabələr oxuna bilmir daha,
Salnaməsi yarımçıq, əfsanəsi yalançı…
Mən danışan dil çoxdan “ölü dillər”dən olmuş,
Mən oxuyan nəğmələr quyu dibində qalmış.
 
Sən mənimçün hələ də yaşanmamış əsrsən.
Şütüsəm də, çatmağa min illərim var hələ…
Sən bir yeni şəhərsən, səmaya qol açarkən,
Göydələnlər altında qalan məzarlıq mənəm.
 
Mən səninçün sirr idim, bir ay, bəlkə, iki ay…
Bəlkə də, bir ömürlük tapmaca saydın məni.
Sən mənimçün dürr idin, qiymətini bilmədim…
Büküb xatirələrə, dənizə atdım səni…
Düşündüm ki, sağaldar zaman yaralarımı…
Elə bildim, gələcək daha da parlaq olar…
Nə biləydim, sağalmır yaralar,
xarabalar…
Abad olmur…
Sadəcə, çəkilib bir guşəyə…
özün öz əllərinlə başına toz tökürsən.
Sadəcə alışırsan yaralanmış, dağılmış,
“ölü dildə” danışan bir insan olmağına.
Eləcə söz qoşursan öz unudulmağına….
 
Rüfət Əhmədzadə
07 iyun 2017-ci il.