Əsas səhifə » Esselər(içsəslər) » Hüseynqulu Bağırova açıq məktub

Hüseynqulu Bağırova açıq məktub

Qüruru alçaldılan adam üçün həbs olunmaq və ya olunmamaq arasında böyük fərq yoxdur

(bu məktub eco.gov.az saytında göstərilən rəsmi elektron poçt ünvanına, mətbuat kativi İradə İbrahimovaya və bəzi mətbuat nümayəndələrinə də göndərilib. Qeyd edim ki, mən Qafqaz Xəbər Agentliyi və ya başqa KİV-lərlə əməkdaşlığımı artıq dayandırmışam)

Cənab Nazir Hüseynqulu Bağırov!

Bilirləm ki, qonorar əsasında vaxtaşırı əməkdaşlıq etdiyim Qafqaznews.az və Legion.az saytları ilə Sizin (və ya şəxsən olmasa da, rəhbərlik etdiyiniz qurumun) müəyyən gərgin münasibətləri var. Və hətta məndə olan məlumata görə, Siz bu saytların rəhbərliyi barəsində  məhkəməyə müraciət etmisiniz. Bu işlərə qarışmıram, məhkəmə araşdırıb qərarı verəcək, sonra biz də ictimaiyyət olaraq fikrimizi bildirərik.

Mən ancaq öz imzam altında dərc olunan yazılara görə cavabdehəm və sübut da edərəm ki, imzamla ETSN barədə dərc olunan yazıların hər birində ETSN mətbuat xidmətinin və ya MX-dən yönləndirilən mütəxəssislərin mövqeyini dərc etməyə çalışmışam.

Əməkdaşlıq etdiyim saytlardan sadəcə yazılarıma görə qonorar alıram, amma bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbər şəxslərinə izah etməkdə çətinlik çəkirəm.

Xüsusilə də, bu günlərdə Zaqatala Dövlət Qoruğu ərazisində “Qırmızı kitab”a düşən piton ilanının öldürülməsi barədə Qafqaz Xəbər Agentliyinə məlumat daxil olması, o məlumatın da işləmək üçün mənə həvalə olunması “başıma bəla” olmuşdur.

O məsələ ilə bağlı ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimovaya sorğu göndərdim və redaksiyaya göndərilmiş fotoşəkli onun elektron poçtuna yönəltdim.

Həmçinin, qoruq müdiri Ramazan Çuxullayevdən də telefonla açıqlama aldım. İradə İbrahimova məsələni araşdıracağını dedi, lakin bir müddət sonra, nazirlikdən Ramazan Çuxullayevə nə deyiblərsə, mənə zəng edib ağır söyüşlərlə təhqir və təhdid etməyə başladı.

Mənsə cavab qaytarmadım, ona “Evdəkilərlə belə danışırsan?!” deyərək dəstəyi atdım.

Təəssüf ki, Zaqatala Dövlət Qoruğunun rəisi Ramazan Çuxullayevin məni ağır söyüşlərlə təhqir və təhdid etməsi onun tabe olduğu Ekologiya və Təbii Sərvətlər Nazirliyində “adi əsəbiləşmə halı” kimi qəbul edilib və bu barədə bir tədbir görülmür.

Hadisədən neçə gün keçsə də, ETSN-in mətbuat xidməti və aidiyyatı olan şəxslər məsələyə aydınlıq gətirmək, təhqirə məruz qalan jurnalistdən üzr istəmək yerinə, iyunun 30-da açıqlama yayaraq, sanki “qabaqlayıcı” tədbirlər kimi, Qafqaz Xəbər Agentliyinin əməkdaşlıq etdiyi jurnalistləri reketlik və şantajda ittiham edir.

Eyni zamanda, müxtəlif saytlarda bəzi özlərinə yaxın jurnalistlərin imzası ilə, öldürülən ilanın Ramil Asabov adlı şəxs tərəfindən tutulması əks olunan fotoşəkli montaj adlandıraraq, əməkdaşlıq etdiyim agentliyin rəhbərliyini və yazı müəllifi kimi də, dolayısı ilə məni “şər-böhtan”da ittiham edirlər.

Halbuki, ETSN rəsmisi Raqub Mirzəyevin fikirlərinə də məqaləmdə yer vermiş, “o şəkil montajdır” açıqlamasını işıqlandırmışdım.Lakin ETSN tərəfindən “orijan şəkil” mənə təqdim olunmadı.

Lap şəkil montajdırsa belə, bunun mənim təhqir olunmağıma nə dəxli?

Sanki ETSN “reketlik” və montaj söhbətləriylə mənim təhqir olunmağımı unutdurmağa çalışır. Mən başa düşmürəm, mənim təhqir olunmağım, ETSN-in bu məsələni “cinayətkar dəstə” adı altında ört-bastır etməyə çalışması hansı məntiqə əsaslanır.

Əgər siz barəsində şübhəli iddialar dolaşan, mətbuat xidmətinə sorğu vermiş  jurnalisti təhqir edən Ramazan Çuxullayevi cəzlanadırmır, əksinə, qoruyursunuzsa, o zaman onunla həmfikir və hətta əlbirlik nümayiş etdirmiş olursunuz (halbuki, mən onun narkotik əkməsiylə bağlı sorğu verməmişdim. Bu barədə isə Hacıbəy Zaqatalski adlı sahibkar ötən gün mənlə söhbətində təsdiqlədi, dedi ki, Ramazan Çuxullayev obyekt sahiblərindən haqq toplayır, aparat rəhbəri Rövşən Cəlilov isə onu himayə edir).

Məni mətbuatda “reket” kimi təqdim olunan şəxslərlə hər hansı “kriminal” və ya qohumluq əlaqələri bağlamır. Lakin gözümün qarşısında hər hansı reketlik əməllərinin şahidi olmamışam! Sizə qarşı da hər hansı reketlik etməmişəm, şantaja əl atmamışam. Mətbuat Xidmətinizin rəhbəri İradə İbrahimovaya da bildirmişəm ki, sadəcə məndən üzr istənilməsini gözləyirəm. Halbuki, son günlərdə mənə böyük mənəvi ziyan dəymiş, habelə ETSN-in açıqlamasında dolayısı ilə son məqalənin müəllifi kimi “cinayətkar dəstə”də cəmləşdirilmiş, hətta profilimdən götürülən fotoşəkil Sizi müdafiə edən başqa saytlarda  “reket dəstəsi” kimi göstərilmişdir. Qoy nazirlik rəsmiləri həmin fotoşəkildə kimlərin ETSN-i şantaj etdiyini dəqiq göstərsinlər, ya da mənim fotoşəklimin çıxarılması üçün həmin “qara piarçı”lara xəbərdarlıq etsinlər.

Mən öz şərəf və ləyaqətimi qoruyan, bir çox insan üçün təmənnasız işlər görüb problemlərinin həllinə çalışan insanam. 31 yaşımda reket kimi tanınmağım mənim karyeramın və gələcəyimin məhv edilməsi deməkdir!

Əgər üzrxahlıq baş tutmasa, nazirlik öz işçilərinə yerini göstərməsə, mən xarici mətbuata və beynəlxalq təşkilatlara qədər də məktublar yazacam, Azərbaycanda media hüququnun işləmədiyini dünyaya çatdıracağam.

Yəqin ki,ETSN rəsmiləri mənim daha sərt bloq yazıları yazmağımı və bilmədən qanunu pozmağımı gözləyirlər. Əlbəttə, mən nə yazdığımı yaxşı bilirəm.

Və bilirəm ki, başqalarının söyüşünə haqq qazandıran şəxs özü də o söyüşləri qəbul və həzm edəndir.
Ümid edirəm, Siz də bunu bilirsiniz. Və onu da bilirsiniz ki, öz əzizlərinə hörmət edən şəxslər, başqalarıyla danışanda var-yox söyüşü söyməz. Xüsusilə də, fəaliyyətini qanunla görən müstəqil jurnalistə qarşı belə addım yolverilməzdir.

Siz o tərbiyəsiz Ramazan Çuxullayevi qorumağa davam edəcəksinizsə, cəmiyyətdə haqsızlığa qarşı qeyri-obyektiv və hətta onunla bərabər səviyyədə biri olduğunuzu göstərəcəksiniz.

Mən nə etməliyəm? Keçmiş polis polkovniki olan adamın üstünə silahla getməliyəm? Yoxsa, zəng edib mən də onu söyməliyəm?
Müdrikliyinizi işə salın və mənə yol göstərin. Qoy verdiyiniz tövsiyə cəmiyyətdə nümunə olsun!

Lakin bilin ki, bundan sonra mənə qarşı ediləcək hər hansı tərbiyəsizlikdən və ya cəza tədbirindən çəkinmirəm. Mən ədəbiyyat adamı, ali təhsilli tərcüməçi, şair və yazıçıyam. 5-10 manat qonorara görə hansısa səviyyəsizdən söyüş eşitmək mənə xoş deyil. Qüruru alçaldılan adam üçün həbs olunmaq və ya olunmamaq arasında böyük fərq yoxdur.

Əgər siz mənə qarşı edilənlərə haqq qazandırırsınızsa, o söyüşləri normal qəbul edirsinizsə, Sizə deyiləsi sözüm də qalmır.

Fəaliyyətinizdə uğurlar arzu edirəm.

Hörmətlə, Rüfət Seyidəhməd oğlu Əhmədzadə

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma