“Adım anonim qalsın” (e-kitab)

Rüfət Əhmədzadə

 

Adım anonim qalsın

(hekayələr, mənsur şeirlər, esselər)

yeni kitabim uz qabigi (1) 

Qeyd:  burda kitabdan ancaq 49 səhifəni oxuya bilərsiniz.

PDF formatında yükləmək üçün bura keç!

 

Kitabı tam həcmdə əldə etmək, hətta qapınıza qədər gətizdirmək üçün:

http://kitabevim.az/index.php?route=product/product&product_id=3160

© Rüfət Əhmədzadə / 2014

© Hədəf Nəşrləri / 2014

 sahin agabeyli

“Adım anonim qalsın” kitabı gənc yaşında av-tomobil qəzasında dünyasını dəyişən, tanınmış jurnalist Şahin Ağabəylinin əziz xatirəsinə ithaf olunur. Biz onun-la çox yaxın dostlar olmamışıq. Amma uzaq da deyildik. Vaxtaşırı rastlaşardıq, aradabir internetdə hal-əhval tu-tardıq. Yaxın olmadıqları ilə də çox mehriban, səmimi davranan, çox jurnalistin qibtə etdiyi bir insan idi.

Və nədənsə, həmişə mənə “partizan” deyərdi. Adımla yox, məhz bu “partizan” ləqəbiylə çağırmasına öyrəşmişdim. Əvvəlcə incimişdim, çünki ləqəb taxmaq söhbətlərinə heç vaxt yaxşı baxmamışam.

O isə belə demişdi: “Sənə baxanda partizan gö-rürəm. Yaxşı mənada deyirəm, pisinə gəlməsin ha. İndi partizan ruhlu gənc tapmaq çox çətindir”…

Şahinə təşəkkür edirəm. Bu kitabı məhz “partizan” ləqəbinin təsiri ilə yazdım. Ümid edirəm, Şahinin eti-madını doğrulda biləcəyəm.

 

“Adi səhnə”

 

Dünən mən kiçik bir qızın gözləri qarşısında gənc bir qadının üstünə qışqırdım. Və sonra sağ əlim havaya qalxdı. Sol əlim isə yumruq halında, növbəti zərbəyə hazır… Kiçik qız ağladı. Mənim zərbəmə yox, bəlkə də silləmin ardınca gələn ani qa-dın çığırtısına.

Mən durdum. Qadın əlləri ilə üzünü tutub susdu. Uşaq susmaq istəmirdi, daha da şiddətlə ağ-lamalıydı. O, durmamışdı, duran kimi görünürdü, amma titrəyirdi… Hönkürtüsü artdıqca, titrəyişi daha da güclənirdi. Az qalmışdı, bu uşağın içindəki dünya partlasın. Amma sadəcə qucağındakı gəlin-ciyi yerə düşdü.

Qızcığaz ayaqlarının  arasında yerə düşən gə-linciyə baxdı; sonra isə aralarında, amma  bir addım kənarda durduğu valideynlərinə. Bu ağlama da, tit-rəmə də, aşağı-yuxarı baxışlar da bir dəqiqədən çox çəkmədi. Amma o an, mən də donub yerimdə qal-mışdım – sağ əlim açıq vəziyyətdə, sol əlim isə yumruq halında. Əllərim yanımda dönüb sağa – uşağa baxdım.

Qadının da cınqırı çıxmırdı, elə ayaq üstə, iki əli də üzündə idi. O da mənimlə eyni anda əllərini üzündən çəkib sola – uşağa baxdı .  İkimiz də buz heykəl kimiydik. Əgər özümün nə hislər keçir-diyimi deyə bilmirəmsə, qadının o an yaşadığı duy-ğuları heç təxmin də edə bilmərəm. Amma biz hələ çox baxacaqdıq, sanki bu ağlama səhnəsinə hələ bir neçə dəqiqə, hətta bir saat da nəfəs almadan tama-şaçı kəsilməyə hazır idik. Nəfəs almaq demişkən, az əvvəlki əsəbi təngnəfəsliyimdən əsər qalmamışdı. Qızcığaza baxarkən nəfəs alırdımmı, yax yox… Bil-mirəm.

Ağlamağında bir tərslik var idi, ya da bizim ba-xışlarımızdan özünü itirmişdi… Qəfil dayandı. Bir dəfə hıçqırdı, burnunu çəkdi və bütün səsini, üsya-nını yenidən öz içində qaytararaq susdu. Daha titrə-mirdi də. Dodaqlarını yığıb pərçimlədi. Sanki deyə-cəkdi:

– Ata, ana, bəsdirin! Sizin mübahisəniz mənim qəlbimi qırır!

Amma heç nə demədi. Totuq əllərini önündə birləşdirdi. Onun da sol əli yumruq halında idi, am-ma bu yumruq onun sağ ovcunda sığınacaq tap-mışdı. Başını aşağı əymiş, gözlərini yerdəki gəlin-ciyə zilləmişdi. Qolları yana açıq vəziyyətdə yerə düşmüş gəlinciyin gülən siması isə indi sanki təəc-cüblə dolmuşdu. Həm də kədərli bir təbəssümlə.  Qızcığazı ovundurmaq, könlünü almaq istəyirdi, bəlkə də… Amma qızcığazın duruşunda, baxışında gəlincik həsrətindən daha böyük şeylər əks olu-nurdu.

Ya bu böyük şeylər biz insanların ağlı kəsəcək dərəcədə deyil, ya da o qədər adi bir səhnədir ki, indiyədək heç bir müdrik bu duruşun, bu baxışın fəlsəfəsini açmağa cəhd göstərməyib. Mən də o an fəlsəfə düşünəcək  halda deyildim. Hansı halda idimsə, qızcığazın gözləri ilə baxmaq, sonra demək lazımdır.

Biz – mən və qadın yerimizdən tərpənməyə çalışdıq. Amma o, biza dalaşmağa macal vermədiyi kimi, nəsə deməyə də macal vermədi. Yumruğunu və ovcunu bir-birindən ayırmadan, nəzərlərini  yer-dən qaldırmadan, bizə – atasına və anasına arxa çe-virdi. Elə o vəziyyətdə də durdu.

Bir insanın yaxınlarına qarşı etdiyi üsyanda ən zirvə nöqtə, yəqin ki, bu olar: susaraq arxa çevir-mək.

Bizim donumuz açılmışdı, amma qızcığaza yaxınlaşmağa heç birimiz cürət etmədik. Mən su-saraq otaqdan çıxdım. Evin kiçik bağçasında siqaret çəkəcəkdim. Elə bir gün əvvəl qızımla dünyanın ən xoşbəxt insanları kimi oynadığımız həmin bağçada.

Qadın isə heç nə demədən, deyinmədən, hətta qızına nəvaziş belə etmədən şkafın qapısını açacaq, ordan vacib alt və üst geyimlərini tələsik şəkildə bir çamadana yığacaqdı. Şkaf həmin şkaf idi – hələ altı il əvvəl, qızımızın dünyaya gəlməsinə bir ay qalmış onun üçün bir yerdə seçib aldığımız cürbəcür pal-tarları elə birlikdə yerləşdirdiyimiz. Nə dəyişmişdi? Elə biz də həmin adamlar idik. Həmin sevgi dolu. Yoxsa… Daha içimizdə sevgiyə aid nəsə qal-mamışdı?

Nə bu sualları, nə də onların cavabını həmin an düşünmürdüm. Ancaq siqaret çəkir, dərin iç ağ-rısıyla zəhərli tüstünü içimə sümürürdüm. Siqa-ret bu gecənin qaranlığına öz közərtisiylə ya-raşıq ve-rirdi, ya da əksinə. Bir insan varlığının acı həqiqətini  qara fonda işıqlandırdı… Siqaret hər nə edirdisə də, sadəcə közərir və tüstülənirdi. O an insanların əməlləri gecənin qaranlığını ya tamamlamalı, ya da dağıtmalıydı.

İnsanlıq isə öz qaranlığından macal tapa, nə gecəni, nə də səhəri düşünə bilmirdi.

Qadın da sual-cavab marağında olmazdı, ya da düşünürdü bəlkə də… Amma əsas o idi ki, qadın bu evdən çıxıb getmək üçün əşyalarını yığırdı. Belə bir məqamda düşüncə yox, hərəkət məna kəsb edir.

Mən bir siqareti bitirdim, sonra bağçada bir az var-gəl etdim… Nəsə çatışmırdı. Əlbəttə ki, ikinci siqaret. İkinci siqaret bitəndə isə onlar da artıq bağçada idilər. Hər ikisi qısaqol paltarların üs-tündən jaket  geyinmişdilər. Yay gecəsi olsa da, soyuq ola bilərdi… Atasız və ərsiz həyatın ilk ge-cəsi, əslində bundan sonra başlayacaq soyuq ge-cələrin ən ilığıdır.

Ana sol əli ilə balasını qucağında tutaraq dar-vazaya yaxınlaşdı, sağ əli isə təkərli çamadanı sürüyürdü. Gəlinciyini əlində tutmuş qızcığaz ana-sının çiynindən mənə baxırdı. Mən də tərpən-mədən, dillənmədən onlara.

Darvazaya çatanda, qadın dilə gəldi:

– Boşanacam. Fikrim qətidir. Razı olmasan, məhkəmə boşandırar.

Daha heç nə demədi. Deməyinə ehtiyac  da yox idi. Son sözünü, son xəbərdarlığını edib gedirdi.

Mən də heç nə deməyəcəkdim. Deməyimə eh-tiyac da yox idi. Amma… Darvazanın qapısı açı-landa qızcığaz sanki böyüklərdə belə olmayan güc tapdı. Vurnuxaraq, özünü anasının qucağından yerə atdı. Və onun əlindən çıxaraq, gəlinciyi ilə birlikdə mənə doğru qaçmağa başladı.

Ağlamırdı, üzündə elə bir ifadə də yox idi. Qəribə səslənsə də, mənimlə ayrılıq anı yaşayan qızım çox sakit idi. Qucağıma atıldı. Mən də sakit idim. Hər iki əlimlə, onu bərk-bərk özümə sıx-mışdım. Mənim də üzümdə kədər yox idi, gözlərim dolmamışdı, hətta o an nəfəs almadığımı da deyə bilərəm. Hamımız susmuşduq. Bu gecənin sükutu bir az da uzansaydı… Birdən partlayış oldu:

– Məgər atamdan uzaqda olanda ağlamaya-cam?

Mənim əllərim boşaldı. Qızcığaz da sanki növ-bəti səhnəyə yol açırmış kimi qollarını boynumdan boşaldaraq, aşağı süzüldü. Keçib solda durdu. Hər ikimiz də sakitcə o qadına baxdıq. Qızcığaz anasına, mən həyat yoldaşıma.

Onun da əlləri boşalmışdı. Əlini qapıdan çək-miş, çamadanı yerə buraxmışdı. Və birdən, eynən qızımız kimi mənə sarı qaçdı.

Dünən mən kiçik bir qızın gözləri qarşısında gənc bir qadını öpdüm. Qızcığaz gülürdü. Gəlincik də o an xoşbəxt idi. Gecənin qaranlığı bir anda rəng-bərəng olmuşdu.

Bircə, yerə atılmış təkərli çamadan özünü necə hiss edirdi, oxucum soruşmasın.


 

Kəlağayı ilə striptiz

 

Zöhrə nənə həyətdən doğma səsi eşidəndə qeyri-ixtiyari həyəcanlandı, gözləri sevincdən iri açıldı. Soyduğu kartofu və bıçağı cəld qarşısındakı  boşqaba atdı. Və əllərini masanın üstündəki dəs-malla tələsik silərək, qapıya doğru qaçdı. Qapının ağzına çatanda birdən dayandı,  sağ əlini yüngülcə başına toxundurdu, sonra yenidən geri qayıtdı. İçiçə iki otaqdan ibarət evin digər otağına – yataq otağına qaçdı. Zöhrə nənə bir-iki saniyə alaqaranlıq otaqda sağa-sola baxdıqdan sonra, cəld dəmir çarpayısına yaxınlaşdı və sürahidən balıncın arxasına sürüşmüş kələğayısını götürdü.

Elə kəlağayını başına bağlaya-bağlaya da, çöl otağa çıxdı, tələsik qapının ağzındakı qaloşları aya-ğına keçirib, yenidən həyətə çıxdı. Nəvəsi Mehman onu qabaqlamış, darvazanın qapısını açmışdı. Zöh-rə nənəni həyəcanlandıran səsin sahibi – qız nəvəsi Lalənin siması qapıda göründü. Totuq, qarayanız siması, iri qara və şən gözləri, qapqara qıvrım saçları olan, altı yaşlı bu qızcığaz axırıncı dəfə keçən yay gördüyü nənəsinə sarı yüyürüb, onun qucağına atıldı.

Alçaqboy, amma canımöhkəm olan 65 yaşlı Zöhrə nənə “Allah, Allah! Kim gəlib!” deyə qollarını açıb nəvəsini bərk-bərk bağrına sıxdı. Uşağı quş kimi sinəsi tuşunda qaldırıb, sağ qolunun üstündə otuzdurdu. Nəvəsinin sağ və sol ya-naqlarından bərk-bərk öpüb, üzünü qapıdan girən növbəti qonaqlara – təxminən otuz yaşlarında olan, hər ikisi idman tərzində geyinmiş ər-arvada tutdu.

– Xoş gəlmisiniz, balalarım! Həmişə siz gə-ləsiniz! Bəs niyə belə gec gəldiniz, ay Gülnaz? Elə bildim ta…

Gülnaz onun sözünü kəsdi:

– Ay ana, tam yığışıb gəlmək üçün sənəd işlərimiz uzandı bir az… Danışarıq evdə, qoy bir dincimizi alaq. Hələ…

Bu dəfə Gülnazın əri Səməd sözə qarışdı:

– Nə dinc almaq, ay qız?  – Cəld addımlarla qayınanasına yaxınlaşıb sol yanağından öpdü. – Zöhrə xala, taksi bizi çöldə gözləyir. Laləni gə-tirmişik, mən veş-vüşü baqajdan çıxarım, siz bir az danışın, dərdləşin. Biz ikimiz də Bakıya qayı-dasıyıq… – Qapının yanında durmuş qaynıoğlu Mehmanla da öpüşüb-görüşdü, əli ilə uşağın saç-larını qarışdırıb dedi: –  İgid, gəl mənə komək elə.

Mehman çıxmağa tələsmədi, yaxınlaşıb bi-bisiylə də görüşdü, sonra getdi Səmədə kömək et-məyə.

Gülnaz sanki birdən diksinərək, bayaqdan iki addımlığında olan anasıyla öpüşüb-görüşmədiyini xatırladı. Və tez də ona sarı yüyürüb, boynunu qucaqladı, ağbirçək qadının sağ üzündən, sol özündən öpdü.

– Yaman darıxmışdım, anacan!

– Can ana! Qurban olaram sizə… Gəl, heç olmasa, içəridə söhbət edək.

İçəri keçdilər. Gülnazın bol-bol üstünə səpdiyi kəskin parfyumun qoxusu evi bürüdü. Bahalı və xoş ətir idi, amma bu qoxudan evdə nəfəs almaq xeyli çətinləşdi.

Anası kimi alçaqboy, saçlarını saraltsa da simasındakı qarayanızlığı tez sezilən Gülnaz  al-nından yuxarıda saçına keçirdiyi eynəyini çıxardı, özünü masanın yanındakı stula ataraq,  bir “oh” çəkdi. Zöhrə nənə isə Laləni qucağından düşürərək, sobaya yaxınlaşdı, çaydanı qızmağa qoydu.

– Yol yordu məni, ay ma! Bakıya səhər 10-da çatmışıq. Səmədin dostugildə bir az çay içdik, çörək yedik, oturduq taksiyə.

Qadın qızına və nəvəsinə çay süzüb gətirdi.  Sonra isə Lalə üçün nəlbəkiyə çay süzüb, qənd-qabının içindəki şokoladları nəlbəkinin yanına qoy-du. Nəvəsinin boynundan, çiyinlərindən öpdü.

Birdən, gözü qızının geyiminə və saç düzü-münə sataşdı. Qızı keçən il daha abırlı geyimlə gəl-mişdi. Həm də o vaxt saçları boyalı deyildi:

– Bu nə vid-fasondu, a qız? Qardaşın görsə, nə deyər? Bəs Səməd nə əcəb…

– A, toje mne qardaşım! Neynəmişəm ki, ay ma? Saçımı deyirsən? Moskvada qara millətə bir az pis baxırlar ey… Həm də Azərbaycanda çoxu saç saraldır da…

Zöhrə nənə duruxdu. Gülnazın ağ koftasının sinəsi çox geniş idi, iri döşlərinin arası görünürdü. Əynindəki kip və cırıq-cırıq cins şalvar isə onun əndamının bütün əzalarını büruzə verirdi.

– Ay qızım, geyimin də dəyişib… Rüstəmi bilirsən də, həmişə belə dar-dayaz geyimlərə qarşı olub. Bir az gen geyinsənə, eşitdiyimə görə, Bakı dar geyinənlərə çox sataşırlar…

Gülnaz üzünü turşutdu:

– Yaxşı da, mama! Uzatmayaq… Deməli, Ma-sazırda torpaq alasıyıq, Səmədlə sabah gedib torpaq seçəcəyik, sonra da usta gətirib ev tikdirmək istəyirik. Lalə də burda qalar 1-2 ay. Səmədin dostu Oktayın anası məktəb direktorudu orda. Dedi ki, uşağın adını yazdırarıq, sentyabrda evə köçə bil-məsəniz, lap oktyabrda da dərsə gələr. Biz də bir neçə gün Oktaygildə qalaq, qayıdacağıq Moskvaya. Orda yarımçıq işlərimiz qalıb.

Gülnaz çaydan bir qurtum aldı, sonra səssiz durub ona baxan anasının əlindən tutaraq özünə sarı çəkdi:

– Ay mama, qurban olum, Lalə burda bö-yüməlidir. Səməd belə istəyir. Yesli çesno, mne vseravno. Amma nastayivat eləyir ki, yox ey, Mosk-vada qız böyütmərəm. Vobşim, məktəblər açılana qədər, biz polnostyu  bura yerləşənəcən Lalə burda qalsın… – Sonra üzünü  qızına çevirdi. – Tak, ağılllı balam? Yaxşı olacaq hər şey.

Bu an Səməd əlində iki iri çanta ilə içəri girdi.

– Bu da Lalənin veşləri… Başqa pay-puş da var, gətiririk. Güliçka, nu potoropis, nam uje pora…

Onun arxasınca da, Mehman özü boyda bir tə-kərli çamadanı sürütləyə-sürütləyə evə salmağa ça-lışırdı. Gülnaz isə tələm-tələsik anası və qızı ilə öpüşüb-görüşdü, sonra qapının yanındakı güzgü-nün qarşısına keçib pomasının yayılmış boyasını cibindən çıxardığı bir salfetlə təmizlədi, saçlarını sı-ğallayıb, evdən çıxmağa hazırlaşdı.

***

Lalə nənəsinin hər hərəkətinə diqqət yetirir, hər sözünü maraqla dinləyirdi.  Rusiyada göz açmış və tamam başqa bir mühiti, insanları görməyə öy-rəşmişdi. Qızcığaz ildə bir dəfə, onda da 1-2 həf-təliyinə gördüyü bu qadına heyran idi.  Bu, nənə-nəvə doğmalığından daha çox bir şey idi.

Qızına çox zaman ayırmayan və ölkəsinin adətləri və tarixi haqqında bir kəlmə də danışmayan valideynlərin yanında bu nənə obrazı, onun da-nışdıqları, uzaq və soyuq Rusiyaya qədər ayaq açan xatirələr daha böyük bir dəyər daşıyırdı Lalə üçün.

Hətta ona dayəlik edən və “Babulya” deyə ça-ğırdığı Tatyana da, Zöhrə nənənin yoxluğunda  La-ləni ovundura bilmirdi.

Artı iki gün idi ki, Lalə bu kənddə idi. Vaxtının çoxunu ya nənəsi ilə, ya da eyni həyətin içində yaşayan dayısı Rüstəmin 10 yaşlı oğlu Mehmanla keçiridi. Onlar çox vaxt birlikdə yaxınlıqdakı mək-təbin bağçasına gedir, ora toplaşan digər kənd uşaq-ları ilə oynayırdılar.

Bu gün hava çox isti idi. Günəş baş deşirdi. Mehmanın anası Çimnaz oğlunu da götürüb qonşu kənddə yaşayan  qardaşıgilə qonaq getmişdi. Rayon mərkəzində mağaza işlədən Rüstəm isə evə ancaq gecə gələcəkdi. Zöhrə nənə və Lalə evdə tək qal-mışdılar.

Günortanın istisində, nənə ilə nəvə ventilyatoru  qoşub, dəmir çarpayıda uzanmışdılar. Ventilyator çarpayıdan 2 addım aralıda fır-fır fırlanır, otağın havasını sərinlədirdi.

Lalə başını nənəsinin dizinə qoymuşdu. O, Zöhrə nənənin başından açıb balıncın yanına qoyduğu kəlağayısının bir ucundan tutub özünə tərəf çəkdi və əlini kəlağayının bənöşəyi butaları üzərində gəzdirdi. Bu ipək, zəirf işləmələri olan kəlağayı qızcığazda heyranlıq oyadırdı. Nənəsinin kəlağayını necə sevdiyini və əzizlədiyini bilirdi.  Başını oxşayan nənəsi zümzümə etdikcə, pişik ba-lası kimi mürgüləyən Lalə birdən dilləndi:

– Nənə, ay nənə…

– Ay can, gözümün işığı?

– Bu kəlağayını çox istəyirsən?

– Hə, mənim balam…

– Məndən də?

Zöhrə nənə duruxdu. Nə deyəcəyini bilmədi. Qırışlı, amma yumşaq barmaqlarını nəvəsinin bu-ruq saçlarında daha da dərinə qərq elədi:

– Mənim balam, bizim millətin qadınına onun ailəsi necə əzizdirsə, kəlağayısı da o qədər əzizdir. Mən gözümü açmışam, nənələrimdən belə gör-müşəm. Sən də məndən gör, böyüyəndə sənin də nəvələrin olacaq. Onlara deyərsən ki, kəlağayı bi-zimçün doğmadır, onu atmaq, alçaltmaq olmaz. Kə-lağayı namusdur,  qeyrətdir! Həm də ki…

Elə bu an küçədən hay-küy və qışqırıq səsləri gəldi. Qapıqonşu Mehdinin cavan arvadı Zem-firanın cır səsi ucaldı:

– Vaxsey, ay qonşular… Mehdiylə Rəcəb qı-racaq bir-birini, kömək edin. Gəlin çatın ay qon-şular, qırğın çıxacaq!…

Mehdi əsəbi, amma sakit və adi həyat tərzi sürən, zəhmətkeş bir oğlan idi. Rayon-kənd ara-sında sürücülük edirdi. Rəcəb isə onun narkoman qardaşı idi və ayda-ildə bir dəfə evə gəlir, onda da evdən nə isə oğurlayıb yoxa çıxırdı. Zöhrə nənə cəld yerindən durdu. Kəlağayısını da götürüb, üst-başını düzəltdi. Laləyə heç nə demədən, tələsik küçəyə çıxdı. Evdən çıxarkən, dediyi bu oldu:

– Lalə, sən otur evdə, çıxma!

Lalə pəncərədən boylandı. Bir az sağda, beş-altı metr aralıda 25-30 yaşlarında iki cüssəli cavan əllərində bıçaq tutaraq üz-üzə durmuşdular. Bir-birinə hücum çəkməyə hazır idilər. Ətrafda qon-şular – kişi və qadınlar qadınlar toplaşaraq, hərə bir söz deyir, onları sakitləşdirməyə çalışırdı. Zemfira isə cır səsini başına atıb şaxsey-vaxsey çəkirdi:

– Ay Allah, öldürəcəklər bir-birini qoymayın, ay qonşular! – Birdən qaça-qaça onlara yaxınlaşan Zöhrə nənəni gördü, bir az ruhlandı. – Ay Zöhrə xala, qurban olum, bu dəlilərə ağıl ver, iki qızım atasız qalacaq…

Zöhrə nənə qəti addımlarla heç kimin ya-xınlaşmağa cürət etmədiyi qardaşalrın arasına girdi, kəlağayısını başından çıxarıb onların qabağında ye-rə atdı.

– Sizə ana kimi, qadın kimi deyirəm, özünüzə yazığınız gəlmir, əzizlərinizə rəhm edin. Bəsdirin! Qardaşsınız!

Mehdi dişlərini qıcaya-qıcaya dedi:

– Zöhrə nənə, qurban olum, götür o kəlağayını! Bu biqeyrət gəlib anasının, gəlinbacısının qızıllarını oğurlayıb…Aparıb verib mala!

Rəcəb isə daha cırt-qoz şəkildə cırnayırdı:

– Qələtvi elə, əəə! Şər atma mənə! Deyirəm xəbərim yoxdur! Mən elə biqeyrətəm?

– Biqeyrət olmasaydın, anan  rəhmətə gedəndə burda olardın! Nə üçündə, nə yeddisində oldun. Bir il keçib, bir dəfə də qəbrinə baş çəkməmisən…

Onların qoca ataları, beli iki qatlanmış Rəhman kişi yazıq bir üz ifadəsiylə bir az irəli addımlayıb, onlara yalvardı:

– Qurban olum, atanızı göz görə-görə yerə soxmayın!…

Zöhrə nənə hər iki əlini açaraq, qardaşlara sarı uzatdı. Demək istəyirdi ki, “bıçaqları verin”.

– Verin bura! Bəsdirin, ayıbdır! Sizdən uşaqlar nə götürəcək?! Qeyrətiniz varsa, ana sözünü yerə salmayın!

İkisinin də əliyavaş-yavaş boşaldı. Bıçaqlar Zöhrə nənənin əlində olanda, kənd camaatı irəli gə-lib, onları bir-birindən uzağa apardılar.

Zöhrə nənə evə qayıdanda Lalə təəccüblə ondan soruşdu:

– Ay nənə, deyirdin ki, kəlağayını yerə atmaq olmaz…

Nənə gülümsündü:

– Hə, mənim balam, olmaz. Amma belə qırğın düşəndə olar. Kəlağayını tapdalayıb keçməsinlər deyə…

Lalə tam da olmasa, bu kəlağayı hikmətini bir az anladı. Namus-qeyrət simvolu olan kəlağayını ancaq cavanlar arasında dava düşərkən yerə atmaq olar. Deməli, kəlağayı həm də sülh simvoludur.

***

Mehmangil bir az olardı  qayıtmışdılar. Lalə on-lara keçdi. Çimnaz Mehman üçün çay süzüb masaya qoymuş, özü isə mətbəxdə əri üçün yemək bişirirdi. Mehman çayı nəlbəkiyə süzüb xortuldada-xortuldada içərkən, bir tərəfdən otağın küncündəki televizora baxırdı. Televizorda bir konsert yayım-lanırdı. Qalın səsli bir qadın oxuyurdu.

Lalə maraqla soruşdu:

– Bu kimdir?

– Rayadır… Yaxşı oxuyur, hə?

Laləyə bu qadının görkəmi və səsi qəribə gəldi. Rusiyada çox müğənni görmüşdü, amma beləsini yox.

Arıq, süni qaralmadan zənciyə oxşayan Ra-yanın əynində göbəyi açıq olan gödək kofta və kə-lağayıdan tikilmiş uzun yubka var idi. Ətrafında dörd yarıçılpaq qız rəqs edir, bir çubuğa bərkitdiləri bənövşəyi butalı kəlağayıları dalğalandıraraq yerdə sürüyürdülər. Və Rayanın ətrafında dövrə vurur-dular. Əcaib mahnı sona yetdi. Qızlar Rayanın ətrafında sıx birləşərək, kəlağayıları birləşdirdilər və bir növ ara pərdə yarandı. Birdən səhnənin hər tərəfindən tüstü və alov çıxdı. Gurultulu alqışlar və fit səsləri eşidildi. Bir neçə saniyə sonra isə qızlar aralaşdılar, Raya çimərlik paltarında göründü. Onun kəlağayıdan olan yubkası isə yerdə idi…

Lalə təəccüblə üzünü çüvirib Mehmana baxdı.

– Mehman, bu neynirdi?

Mehman şaqqanaq çəkib güldü:

– Oxuyurdu da… İndi ən çox ona qulaq asırlar. Qəşəy qızdı!

Lalə ilanvurmuş kimi donub, yerində qalmışdı.  Nə deyəcəyini bilmirdi. Raya əz əvvəlki soyunma səhnəsi ilə, uşağa sarsıdıcı bir zərbə vurmuşdu. Axı bu soyunma səhnəsi nə mənaya gəlirdi? Həm də kə-lağayı ilə…

Üstündən bir-iki ay da keçəcək, Lalə Bakı ya-xınlığındakı qəsəbəyə – Masazıra köçəcəkdi. Onun həyatındakı yeni mərhələ burda başlayacaqdı. Yeni ev, yeni məktəb, yeni adətlər… Hətta bir gün Rayanın konsertinə getmək üçün, valideynlərinə dil tökəcəkdi.

 

 

 


 

Qonşu arvadıyla qorxulu yuxu

Gözlərinə inana bilmirdi. Necə olurdu ki, qon-şu olduqları bir il ərzində həmişə uzaqdan yanıb-yaxılaraq baxdığı, rastlaşanda isə adi salam ver-məyə utandığı bu qadın indi yanında idi?

Yanında deyəndə ki, üstündə. Üstündə de-yəndə ki, qucağında… Qucağında deyəndə ki… Əşşi, necə izah eləsən, yenə də Kazımın düşdüyü bu və-ziyyəti təsvir eləmək çətin olar.

Qonşu arvadı ilə kipə-kip birləşmişdi, böy-rəkləri qadının dizləri arasında sıxıla-sıxıla qalmış-dı, boynu, sinəsi və beli cırmaq-cırmaq olmuşdu… amma ağrıları həzzə qarışaraq, böyrək nədir, can nədir, dünyanı belə yadından çıxarmışdı Kazımın! İndi Kazım tamam başqa dünyanın sakini idi. Bəlkə də Kosmosda uçurdu, özünün xəbəri yox idi.

Amma yox, o, Yerdə, Azərbaycanda, Bakının M* kəndinin “Bələdiyyə” küçəsində idi və qonşu ar-vadı ilə vacib bir məsələni həll edirdi. Amma niyə? Nəyə əsasən? Və necə olmuşdu ki, Kazım hər gecə öz xarabasında, öz arvadının yanında yatdığı halda, birdən-birə gəlib bu canıyanmışın qucağına düş-müşdü? Ya da ki, altına girmişdi… Ya da ki… Əsl zi-bilə düşmək deyildimi bu?

Gərgin ehtiraslı anlar içində, Kazımın ağlına qı-sa qapanma kimi ani gələn bu fikirlərlə, daha doğ-rusu, cavabsız suallarla əlləşməsi çox çəkmədi və öz-özünə ürəyində “sonra” deyib, “indi”nin ləz-zətini çıxarmağı üstün tutdu.

Qonşu arvadı üstündə daha da acımasız şə-kildə atılıb-düşməyə, onu da cırnatmağa başlayırdı. Kazım bir istədi yanına düşüb qalan qollarını hərəkətə gətirsin, qucağındakı çılpaq qadının ağap-paq bədənini, hamar və yumşaq sinəsini sığallasın, lap xarici filmlərin qəhrəmanları kimi ikiəlli bu mə-ləyin döşlərindən sıxıb arxası üstə yıxsın, mövqeyi dəyişsin, sonra da onu qucağına alıb ayağa qal-dırsın…

Bax, məsələn, son illər ürəyində bir arzu yaran-mışdı Kazımın: nə vaxtsa gözəl bir gündə, 100 kiloluq arvadını qucağına alıb divara dirəyəcək, tər su yerinə axacaqdı divardan… Lap təzə evləndikləri günlərdə olduğu kimi. “Günlərdə” deyəndə ki, toydan 1 ay sonra olardı, hələ özündən 15 kiloqram ağır olan 75 kiloluq Tükəzi qucağına alıb divara söykəmişdi, onda da beli sərpmiş və bu cür tryuk-lar üçün yararsız hala düşmüşdü.

Bir pələng çevikliyi ilə, Sadiqəni qucağına alıb divara söykədi. İtələ ki, itələyəsən.

– Off, Sadiqə, sən nə yaman şeysənmiş… Ra-simin ağlı yoxdu, sənin kimi mələyi qoyub gedib Rusyetə…

Sadiqə isə dinmir, sadəcə xoş iniltilər çı-xarmaqla yetinir və uzun dırnaqları ilə onun kü-rəyini cırmaqlayırdı.

– Hə, Sadiqə… Belə… İndi qurtaracam…

– Kazım, ay Kazım!

– Can Kazım, de görüm, canım mənim, Sadi-qəm mənim…

– Canıva azzar, dur ə yuxudan!

Danq! Başına nəsə bərk şey dəydi.

Yerindən dik atıldı. Tükəz əlindəki qapa-qovuranla ərinin başından necə ilişdirmişdisə, yazıq Kazım bimirdi ufultuyla yerində qıvrılsın, yoxsa, nə baş verdiyini ayırd edib tələsik bəhanə uydursun.

– Nə sadiqəbazlıqdı, ay oğrac? Bu nədi, səsin uşaqları da durğuzub yuxudan. Utanmırsən ə?!

Kazım dikəlib yerində oturdu. Bir əlində qa-paqovuran tutan arvadına, bir də qapının ağzında sual dolu nəzərlərlə duran yarıyuxulu oğlu və qı-zına baxdı. Bir anlıq utandı özündən. Amma indiyə qədər ərinə əl qaldırmayan, sadəcə deyinməklə ki-fayətlənən Tükəzin indi başına tava çırpması ona yer eləmişdi. İstədi, bir az şeşələnib valı dəyişdirsin.

– Özüvü yığışdır, azz. Sən xeyr ola…

– Kəs səsivi, düdük, – Tükəz yaman qızışmışdı.  – Sadiqə, Rasim, Rusyet… Bu nədi, ay oğrac… Ol-maya nəsə var?!

Kazım gördü ki, əks-hücum alınmadı, ona görə də dərhal müdafiəyə keçdi.

– Vallah arvad, heç nə yoxdu, balarımızın ca-nıyçün heç nə yoxdu. Yuxudu də… Adi yuxu!

Tükəzin iri sinəsi qalxıb-enir, genişlənmiş bu-run pərlərindən çıxan fısıltı bütün otağı bürüyürdü. Tükəz daha dinmədi, amma üzünə baxanda bi-linirdi ki, bu dəqiqə ərini parçalamağa, tikə-tikə doğramağa belə hazırdır.

Kazım cəld yerindən durdu, uşaqlara “gedin otağıvıza” deyə çımxırdı, onlar qapıdan uzaq-laşandan sonra isə, tələsik çarpayının yanındakı stuldan şalvarını götürüb geyindi. Və arvadının qəzəbli baxışları altında dəhlizə çıxdı.

– Tez elə, şirinçay-zad hazırla, işə gecikmişəm.

Tükəz daha heç nə demədi. Amma ürəyində dedi ki, “Kazım, bir də duxun var, hansısa pozğunu öz yuxunda gör”. Hətta Sadiqəni belə tutub cırıq-lamaq barədə ani plan qurdu. Sonra isə dərhal fik-rini dəyişdi. Ayıbdır, millət buna nə deyər? O yazıq nə etsin ki…

İldırım sürəti ilə, bu sözlər də beynindən keçdi:

– Harası yazıqdı ki? Dükançı Eminlə gəzən qancıq mənim ərimlə də gəzər, hələ o yana da ke-çər! Aaa, görəsən, bu həyasız ibnə başqa kişilərin də yuxusuna girirmi?

***

Sadiqə on bir yaşlı oğlu Cümşüdü qonşu kü-çədəki dükana göndərmişdi. Uşağa da belə deməyi tapşırmışdı: “Anam deyir ki, bir kilo yağ, bir kilo qənd, iki çörək, bir qutu da çay versin, bir saata özü gəlib pulunu verəcək”. Əslində pul-zad ver-məyəcəkdi. Belədir ki, uşaqla göndərməyə pulu da var idi… Amma məsələ başqa idi və uşağın həmişə dükançı Eminə dediyi “anam özü filan vaxta gə-ləcək” sözləri bir ismarıc idi. Yəni ki: “Hazır ol, anam gələcək səni bihuş eləməyə!”… Emin də bu “bihuş olmağın” əvəzində Sadiqənin nəinki ərzaq borcunu silir, hətta şəhərdən aldığı ətir, pomada, pudra və ya başqa bahalı hədiyyələr verirdi. Əsas məsələ heç hədiyyə də deyildi. Emin zorla baş-qasına ərə verilən qonşu qızı Fəridənin acısını hə-min dəqiqələrdə unudur, Sadiqə isə Rusiyada arvad saxlayan ərindən bu yolla qisas alırdı. Beləcə, hər ikisi başqalarına olan acıqlarını bir-birindən çıxır-dılar.

Həm də ehtirasla… Eminin özü demişkən: “-casına” və “-cəsinə”. Yaxşı, bəs niyə Sadiqə gələcəyi xəbərini Eminə telefonla bildirmirdi ki? Əvvəla, Rasim ona telefon işlətməyə icazə vermirdi, amma o, özü üçün gizli bir mobil telefon almışdı. Və bu telefonu da çox nadir hallarda istifadə edirdi. Gecələr uşaq yatandan sonra, ya da səhər tezdən lazım olardı. Gündüzlər isə xəbər aparıb-gətirmək üçün Cümşüd var idi. Və belə daha maraqlı idi. O, Moskvadakı uşağını Bakıdakı uşağından əziz tutan kişidən ikiqat qisas alırdı. Onun belindən gələn övlad da bu xəyanətin, bu intiqamın iştirakçısına çevrilmişdi. Sadəcə görüş xəbərlərini aparıb-gə-tirməklə.

Uzun qamətli, qara buruq saçlı, ağ sinəli, bə-dəni çox da kök olmayan, amma iri döşləri, ağ əndamı, ətli dodaqları və badamı qara gözləri ilə hər yanından keçdiyi kişini özünə tamarzı edən Sadiqənin də dərdi var idi. Bu dərdin adı Rasim idi – ilk illər dolanışıq üçün Rusiyaya gedən, sonrakı illərdə isə sadəcə ikinci dəfə ailə qurub birinci ai-ləsini unudan əri. Onu qaytara bilmirdisə də, öz alə-mində belə cəzalandırırdı.

Hətta Eminin üstündə vəhşi kimi atılıb-düş-düyü anlarda da bu sözləri deyirdi: “Ala, Rasim! Bax, Rasim. Ay, Rasim… Səni sevirdim axı!”… Emin əvvəlcə bu sayıqlamalardan qorxmuşdu, amma son-ra məsələnin nə yerdə olduğunu anlayıb öyrəşdi. Hətta Sadiqə onunla sevişəndə “Can Emin” dediyi zaman üzünü turşudur, “ərini nə tez unutdun, azz?” deyərək qonşu arvadına tərbiyə verirdi.

Rasim ailəsinə nə qədər biganə olsa belə, tez-tez maraqlanırdı, mobil telefon işlətməyə icazə vermir, ev telefonuna gələn zənglərin siyahısını da Bakıya gələndə ATS-dən çıxarırdı. Hətta Sadiqənin tez-tez Eminin yanına getməsi, ondan sonra dükanın bağ-lanması da qulağına çatmış, ötən həftə evə zəng edib arvadını hədələmişdi.

Uşaq mağazada olarkən, Sadiqə duş almağa girmiş, özünü bu həftəlik görüşə hazır edirdi. Əslində Sadiqə elə də gəzəyən qadın deyildi. Sadəcə həftədə bir dəfə Eminlə görüşürdü, başqa heç nə. Hə.. Bir də ki, aradabir Rasimin dostu Zülfüqar qo-naq gəlirdi. Onda da təsadüfən, heç özü də is-təmədən, bir il əvvəl bu evə təzə köçdükləri gün-lərdə ilişmişdi. Rasim özü tələsik Moskvaya uçan günün səhərisi Zülfüqar məhz onun tapşırığı ilə bu evə təzə çilçırağı quraşdırmağa gəlmiş, bu an Sa-diqənin xalatının kəməri açılmış, Zülfüqar da gör-düyü mənzərədən dəli olub gəlinbacısının üstünə atılmışdı. Və o gündən bu günə, Sadiqə heç özü də bilmədən… Hə, harda qalmışdıq, elə bu arada Cüm-şüd hövlnak içəri girdi, qaça-qaça düz hamamın qa-pısının ağzında dayandı.

– Ay mama, ay mama!

Sadiqə tez duşun səsini kəsdi, tələsik qətifəyə bürünüb başını qapıdan çıxardı.

– Nolub, dədə?

Rasim oğluna atasının adını qoymuşdu, ona görə də, Cümşüdə hamı “dədə” deyirdi. Hətta qonşular da.

– Nolacaq, Səməd məhlədə ağzına gələni danı-şır!

Sadiqə heyrətləndi.

– Səməd kimdi, a bala?

Qaraşın, qırmızı yanaq və toppuş bir uşaq olan Cümşüdün qara gözləri bərəlmişdi. At kimi töv-şüyürdü.

– Ay mama, Tükəz xalanın oğlu da. Uşaqlara deyib ki, atam yuxuda Sadiqə xalanı görüb. Onlar da mənə lağ edib gülürlər.

Sadiqəni sanki ildırım vurdu.

– Vaxsey! Tez get Səmədi çağır bura, ona tap-şırım ki, belə gic-gic şeyləri danışmasın.

Uşaq ağlamsınmışdı.

–Ay mama, hamı danışır ey…

Sadiqənin səsi daha da sərtləşdi.

– Get uşaqların hamısını yığ gətir.

Uşaq donquldana-donquldana çölə çıxdı, Sa-diqə isə cəld geyinib üzünü-gözünü səliqəyə saldı. Beş dəqiqə sonra qonaq otağında beş-altı oğlan uşa-ğı var idi. Amma Səməd qorxusundan gəlməmiş, qaçıb evə getmişdi.

Sadiqə pulqabından bir dəstə manatlıq çıxarıb Cümşüdə verdi.

– Ala, hərəsinə iki manat ver, – sonra ciddi sifət alıb uşaqlara xəbərdarlıq etdi, – Yekə oğlanlarsız, hansısa başıxarab nə deyirsə, siz buna qulaq as-mayın, danışmayın. Cümşüd də bir kişinin oğludu. Heç bilirsiz, Rasim əmi xəbər tutsa nə edər? Bütün məhləni qırar! Eşitdiz? Bir də belə şeylər eşit-məyim!

Uşaqlar “Baş üstə, Sadiqə xala” deyib, ac-gözlüklə Cümşüdün payladığı pulları alıb ciblərinə dürtüşdürdülər.

– Bax, belə! Evdə də heç nə deməyin, sabah da sizə dondurma alacam. Səmədə də qulaqburması verin, bir də elə qələt eləməsin.

Cümşüd də əlində qalan üç manatı özünə saxladı, uşaqlar hamısı bayıra çıxdılar. Sadiqə Cüm-şüdün də bayıra çıxdığını görəndə arxadan səs-ləndi:

– Dədə, sən gəl bura görüm! Dediyimi Emin əmiyə çatdırdınmı?

– Emin əmi dükanda yoxdu, ay mama, dükanı da bağlayıb gedib rayona. Suğra xalayla Məmməd Əmini aparıb qayıdacaqmış.

– Yaxşı, onda özüm gedib “İ-Market”dən ba-zarlıq edərəm. Sən get oyna bala, mənim evdə az-maz işim var.

Sadiqənin “İ-Market” dediyi yer Eminin qatı düşməni, onun nakam məhəbbəti Fəridənin atası İsfəndiyarın obyekti idi. “Mini-market” tipli bu ma-ğaza küçədən bir az aralıda, maşın yolunun kə-narında idi. Vaxt var idi, bütün yaxın küçələrin sakinləri İsfəndiyarın mağazasından bazarlıq edirdi. Baha olsa da, nisyə mal verirdi. Amma ondan nisyə mal alan adam borcunu bir aydan çox gecikdirsə, borcunun üstünə faiz gəlirdi. Ona görə də, İsfən-diyarı bu ərazidə kimsə sevmir, “sələmçi” kimi tanıyırdılar. Əvvəl ondan çəkinirdilər, amma kasıb uşaq kimi tanıdığı, “bir dəri, bir sümükdür” deyə qızını vermədiyi Emin düz qapısında mağaza açan-dan sonra İsfəndiyarın bazarı ölmüşdü. Emin on-dan-bundan borc alaraq dükan açmış, qiymətləri də ucuz eləmişdi ki, “İ-Market”in bazarı zəifləsin. Düz üç ay olardı ki, Eminin ticarətə girişməsi İsfəndiyarı dəli eləmişdi. Və qərara almışdı ki, bu cüvəllağının qulağını bursun. Amma necə? Necə olacaqdı, Emi-nin Sadiqə ilə yatıb-qalxması şayiə kimi də olsa, küçədə hamıya məlum idi. Sadəcə əlverişli fürsət olmalı idi ki, Emini ilişdirib Rasimlə üz-üzə qoysun. Rasim də ki, neçə aydır – qışdan bəri öz xarabasına gəlmək bilmirdi.

Lopa bığlı, daz başlı, 50 yaşlarında olan İsfən-diyar kişi uzaqdan burcuda-burcuda gələn Sadiqəni görəndə təəccübləndi. “Nə əcəb, bu matah biz tərəfə də gəlir”, – deyə öz-özünə donquldandı.

Uzun ətəkli, amma sinəsi döşlərinin arası gö-rünəcək qədər açıq olan mavi don geyinmiş Sadiqə mağazanın qapısından girəndə, İsfəndiyar piştax-tanın arxasından çıxıb qabağına qaçdı.

– Salam, ay gəlin, necəsən? Eşitdim çoxdandı naxoş idin?

Sadiqə çaşbaş halda:.

– Nə naxoşluq, ay İsfəndiyar əmi?

– Nəbilim, uşaqlardan soruşdum ki, bizim gəlin görünmür, köçüblərmi? Dedilər naxoşlayıb, evdən bayıra çıxmır, – İsfəndiyarın irişə-irişə dediyi sözlər Sadiqəni sancdı. Kişi qarşsındakı gəlinin tutul-duğunu hiss edəndə daha da ürəkləndi. – Əslində elə gəlin evdə oturmalıdır də…. Amma insafın ol-sun, uşağı arada biz tərəfə də yolla, pay-puşunu göndərək!

Sadiqə məsələni anladı. Nəsə sərt bir söz de-məyə çaışdı, amma bilmədi nə desin. Odur ki, guya utana-utana dilləndi:

– Eh, İsfəndiyar əmi, Rasim gedəndən, evdə hər iş mənim boynuma düşüb. Durub turba-zad dü-zəldirəm evdə… Bir az naxoşlamışdım. Cümşüd də uzaqlığı bəhanə edir, gedib Emindən alır şey-şüyü. Həmin o oğlan da.. Sən tanıyırsan.

“Sən tanıyırsan” cümləsi İsfəndiyarı silkələdi. Qızı Fəridənin toy günündə Eminin restorana içib gəlməsi, dava-dalaş salmasını xatırladı. Onda qar-daşı uşaqları Emini yaxşıca çırpmışdılar, amma İsfəndiyarın hirsi soyumamışdı. Tüfəng götürüb bir dəfə Eminin üstünə də getmişdi. Amma Eminin atası Məmməd də köhnə hərbiçiydi – İsfəndiyarı əlində qumbarayla qarşılamışdı. Və bununla da, İs-fəndiyar suyu süzülə-süzülə evə qayıtmışdı.

İsfəndiyar daha heç nə demədi, Sadiqənin nə istədiyini soruşub tələsik yola saldı. Amma Sadiqə mağazadan çıxmağa hazırlaşanda Tükəzin içəri girməsi ab-havanı daha da ağırlaşdırdı.Tükəz Sa-diqəni görən kimi, onun qolundan yapışdı.

– Bura bax, ay lotu, bizim uşağı niyə döy-dürmüsən?

Sadiqə yenə çaş-baş qaldı. Nə döydürmək? Və birdən anladı ki, ondan pul alan qonşu uşaqları həvəsə gəliblər, Səmədi bir qırağa çəkib əzişdiriblər. Amma özünü o yerə qoymadı.

– Ay qonşu, bu nə danışıqdı, hansı lotuluğumu görmüsən? Kimi döydürmüşəm, axı?

Balacaboy olsa da, yekə qarnı, yoğun ətli qolları olan və daim belinə şal bağlayıb gəzən Tükəz daha kükrədi:

– Ağəz, lotuluqlarıvı saysam, qurtarmaz ey! Sən kimsən, uşaqlara pul verib demisən ki, Səmədin qu-lağını burun, hə?

İsfəndiyar da, Sadiqə də özlərini itirmişdilər. İs-fəndiyar narahat idi ki, bu dəqiqə mağazası dar-madağın olacaq. Sadiqə isə dükanın ortasında saçları yolunmaqdan qorxmağa başlamışdı.

– Ay Tükəz bacı, ona-buna deyirdi ki, atam Sadiqəni yuxuda görüb. Mən də həm onu, həm də başqa uşaqları evə çağırdım ki, başa salım. Başa salım ki, ayıbdı belə şeyləri danışmaq. O da qorxdu, gəlmədi. Mən nə bileydim ki…

Tükəz düz Sadiqənin çənəsinin altına qədər gə-lərək, yerindən tullanırmış kimi, onun sözünü kəsib çımxırdı:

– Uşaq neynəsin, ağəz? Uşaqdı da… Sən də yax-şı gəlinsən, onun-bunun yuxusuna girmə.

Sadiqə qəhqəhə çəkdi. Amma Tükəzin daha da hirslə onun üstünə gəlirmiş kimi qollarını çar-pazlayıb sinə gərməsindən narahat oldu.  Qarşısın-dakı tosun qadını itələyə bilməyəcəyini anlayaraq, bir addım geri çəkildi. Əslində Tükəz də mənasız söz işlətdiyinin fərqində idi, amma ortada şərəf məsələsi var idi və əvvəlcə ərinin yuxusuna girən, sonra da doqquz yaşlı oğlunu döydürən bu həyasızı “nokaut” eləməliydi.

Sadiqə qapıya doğru gedərək, Tükəzə bax-madan dedi:

– Sənin ərin xalxın arvadını niyə yuxuda görür, get ondan soruş!

Tükəz qollarını yanlarına qoyub, Sadiqənin ar-xasınca çığırdı.

– Ay ləçər, ay lotu… Zato, mənim ərim arvadını atıb nataşaların yanına getməyib!

Sadiqə özünü eşitməzliyə qoyub mağazadan çıxdı. Arxada isə gərgin müzakirə gedirdi. Tükəz bütün olanları məsələdən bixəbər İsfəndiyara danışır, o isə hiss etdiyi ləzzəti gizlədərək, qaş-qabaqla başını bulayırdı. Həmin gün axşama qədər bu söhbət bütün küçəyə, sonra da başqa küçələrə yayıldı. Biabırçılıq idi. Amma kimin günahkar ol-duğu hələ dəqiq deyildi. Tükəz ərinə hirsli olsa da, onu özgənin ayağına vermirdi:

– Ərim neynəsin? Kişidi də… Yəqin, bu lotu ona göz-qaş atıb, yazıq Kazımın da ağlı qarışıb. Bəlkə də cadu-zad eləyib, bilmək olmaz… Mən görürəm, çox-dan bizim kişini qıyqacı süzürdü…

Yazıq Sadiqə isə Kazımın üzünü əməlli-başlı x-atırlamırdı. Amma bilirdi ki, mebel sexində usta iş-ləyən Kazım çox eybəcər kişidir və qonşu arvadlar tez-tez öz aralarında “Tükəzin meymun əri” deyir-dilər. Amma bu yuxu söhbətindən sonra, Sadiqənin özündə də ona qarşı maraq yaranmışdı. Hərdən Tü-kəzin həyasızlığını xatırlayıb gülümsünür, öz-özünə deyirdi:

– Görəsən, yuxuda nə görüb? Nə eləmişik? Am-ma pis olmazdı ha… Tükəzə od qoyardım.

Amma sonra özünü yığışdırır, “Bircə bu ça-tışmırdı” deyərək, fantaziyalarını idmançı bədənli, yaraşıqlı Eminə yönəldirdi.

***

Axşama bütün qonşular Kazımın yuxusundan danışırdı. Qadınlar narahat idi ki, birdən onların kişiləri də yuxuda bu gəlini görər, biabırçılıq olar. Elə o kişilər də narahat idi ki, niyə Sadiqə onların yox, Kazımın yuxusuna girir. Elə həmin gecə mö-cüzə baş verdi. Amma möcüzənin xəbəri səhər çıx-dı.

Gecə içkili halda toydan qayıdıb qonaq ota-ğında yatan Kazım, səhər tezdən qonşu arvad-larının həyətdən gələn səsinə oyandı. Fatma, Xey-ransa və Səmayə adlı qonşu arvadları “Tükəz, ay Tükəz” deyə çağırır, hamısının da səsindən və üzündən hövsələsizlik, əsəb yağırdı. Kazım gözünü ovuşdura-ovuşdura pəncərənin yanında durdu, amma səsini çıxarmadı. Bilirdi ki, arvad söhbətini kənardan izləmək və dinləmək daha faydalı olar.

Donquldana-donquldana yataq otağından qa-pıya doğru qaçan Tükəz əynindəki xalatın kəmərini bərkidib üzünü qonşu arvadlarına çevirdi:

– Nə var, azz? Nolub, səhər-səhər nə xəbərdi?

Birinci Fatma danışdı:

– Nə olasıdı, ay bajı, bu qanjıx bizim Ələs-gərin yuxusuna girifdi.

Sonra Xeyransa söhbətə qarışdı:

– Tükəz, bu nə bəladı, bizim qoca Kərim də yu-xuda “Sadiqə, Sadiqə” deyirdi.

Onun sözünü iki oğlu da nişanlı olan dul qadın Səmayə kəsdi:

– Mənim öz yuxuma girib o lotu. Hə-dələyirdi məni. Deyirdi, oğlanlarını az təriflə, bir göz eləsəm, ikisinin də nişanı pozular!

Tükəzin dəhşətdən dili-dodağı qurumuşdu. Elə, içəridən söhbəti dinləyən Kazımın da…

Elə bu vaxt Sadiqə uşağın yatmasından istifadə edərək, tələsik Eminin dükanına getmiş, rayondan təzəcə gələn Emindən məsləhət istəmişdi. Qərara gəlmişdilər ki, bir neçə gün görüşməsinlər, amma Emin dükana gəlib-gedən qonşuları sakitləşdirməli, yuxulara inanmamağa çağırmalıydı. Amma fay-dasız… Yuxu söhbəti acı bağırsaq kimi uzanıb ge-dirdi. Emin demişdi:

– Ceyran, ehtiyatlı ol! Bu söhbətlər hamımız üçün  “-casına” və “-cəsinə” qurtara bilər!..

***

Kazımın Sadiqəni yuxuda görməsindən üç gün keçirdi. Artıq küçədə bığ yeri təzə tərləyən yeni-yetmələr belə, hər səhər dostlarına yuxuda Sadiqəni gördüklərini deyir, hərəsi də bir cür süjetli əhvalat uydurub danışırdı. Sadiqəni yuxuda görmək qürur əlaməti olmuşdu. Hətta yuxusunda hansısa qadını görən başqa küçələrin cayılları da “Bələdiyyə” kü-çəsinə axışırdı ki, yuxudakı o qadının Sadiqə olub-olmadığına əmin olsunlar. Bu isə küçənin qa-dınlarını dəli edirdi. Bəs necə? Qeyrət-namus əldən gedirdi! Bir yol tapılmalıydı! Axırda Fatma xala ilə Xeyransa xala hardansa Rasimin Rusiya nömrəsini tapdılar, zəng edib dedilər ki: “Tez elə, dur gəl, arvadıvı xalxın yuxularından yığışdır!”

Rasim onların nə demək istədiyini anlamadı. Fatma bir ağız danışıb telefonu Xeyransaya verdi, Xeyransa da cır səsi ilə şaxsey-vaxsey qaldırıb tele-fonu Fatmanın üstünə atdı. Axırda kontur bitdi, am-ma Rasim anladı ki, arvadı nəsə düz iş görmür.

Onda İsfəndiyarın telefon nömrəsi var idi, cəld ona yığdı.

– Ay İsfəndiyar əmi, nə məsələdir? Qonşu ar-vadları mənə zəng eləmişdilər. Vay-şüvəndən heç nə anlamadım.

İsfəndiyarın əlinə fürsət düşmüşdü, amma özü-nü baiskar çıxarmaq istəmədən nəm-nüm elədi.

– Qardaşoğlu, necə deyim… Biz M* kəndini ta-nımırsan? Burdan asqırırsan, o başda eşidirlər…

– Yaxşı, nə məsələdir? Omaya bizim arvada kimsə sataşıb?

– Necə deyim ey… Bu dükançı Emin var ha…

Rasimin səbri daraldı.

– Hə, tanıyıram, nə qələt edib?

– Əşşi.. Bir az özünü yaxşı aparmır. Necə deyim ey, subay oğlandır, söz qoşur ki, ay filan gəlinin məndən xoşu gəlir…

– Bəsdi, başa düşdüm, ilk reyslə Bakıya uçu-ram! – Rasim əsəbi halda dəstəyi asdı, İsfəndiyar isə kefikök halda soyuducudan bir pivə götürməyə getdi.

***

Kazımı kim içirtmişdi belə? Niyə bu qədər iç-mişdi? Və niyə evə səhərəyaxın gəlirdi? Yaxşı, tak-sini burda niyə saxlatdırıb? Öz qapısına hələ var idi… Amma Rasimin qapısını döyürdü.

– Sadiqə, ay qız! Eşiyə çıx görək, sənə sözüm var…

Kazım sözləri ağzında çeynəyərək, hıçqıra-hıçqıra danışırdı.

Sadiqə əynində xalat çıxdı qapıya. Qorxa-qorxa qapını açıb sərxoş Kazımı gördü. Bunun nə iti azıb burda? Həm də elə mərəkə qaldırıb ki, bütün qonşular indi yığışacaq.

– Qonşu, nə lazımdır?

– Sən lazımsan, mələyim!

Kazım darvaza qapısını zorla itələyib özünü içəri, daha doğrusu Sadiqənin üstünə atdı. Sadiqə müqavimət göstərib onu üstündən atmağa çalışdı, amma Kazım artıq xalatın yaxasını açmış, başını onun döşləri aasına soxmuşdu. Əlləri ilə Sadiqənin qollarını yerə sıxmış, ayaqlarını da qatlayıb qıçlarının üstündə oturmuşdu. Sadiqə hərəkət edə bilmirdi. Amma qışqırmağa da cəsarəti çatmırdı. Lakin üfunətli araq qoxusu onu necə iyrəndirdisə, var gücünü toplayıb onu itələdi və çığıraraq evə qaçdı.

Kazım da onun arxasınca durub qaçmağa çalışarkən… Danq! Tükəz qapaqovuranla özünü çat-dırmışdı. Kazım tirtap yerə sərilmişdi. Ev qapısının ağzında xalatını səliqəyə salan Sadiqə isə qəzəbli Tükəzə uzaqdan-uzağa yalvarırdı.

– Vallah, Tükəz bacı, mən heç nə eləmədim…

– Kəs səsini, ləçər, bütün məhlənin yuxusunu qarışdırmısan… Sürüyəcəm səni!

Xeyransa, Fatma və Səmayə də özlərini çatdırmışdılar. Hamısı da qollarını çırmalayıb? Hü-cuma hazırlaşırdılar ki…

– Ay qonşular, Rasim gəlib, Emini dükanın qabağında it kimi çırpır!

Bu xəbər hamını bir anda ayıltdı. Hətta yerdə sərilmiş Kazım da başını qaldırıb oğluna baxdı, nəsə zaryıb yenə üzüqoylu yıxıldı.

Rasim aeroportdan birbaşa qonşu küçəyə gəlmiş, Emini yuxudan durğuzub elə həyətdəcə, elə Eminin özü demişkən, “-casına” və “-cəsinə” döyürmüş.

Hay-küyə yığışan küçənin sakinləri, elə Sadi-qənin özü də əynini geyinib ora qaçdılar. Və tələsik sözü bir yerə qoyub qərara gəldilər ki, Rasimi bir-təhər sakit etsinlər, qan axmasına imkan vermə-sinlər.

Kazım isə yazıq idi, iki uşaq atasını zibilə salmaq günah olardı!

Kitabın davamını oxumaq üçün almaq lazımdır. Link:

http://kitabevim.az/index.php?route=product/product&product_id=3160

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma