“Ağıllı sima”lar səltənətində

umnoe litsoTelevizordan nə qədər uzaq olsam da, aradabir və çox zaman təsadüfi, ötəri şəkildə bəzi “əttökən” verilişlərin tamaşaçısı oluram. İstəmədən olur, amma ki, olur… “Əttökənlik” deyilən şeyi ən çox hansı məqamlarda görürəm, deyim: “Umnoe litso” formatında keçən verilişlərdə.

Və ya bizim dildə desək, “ağıllı sima”.

Bu formatda bəzən tok-şoular da ola bilər, bəsən telemüsahibələr də… Hətta əyləncəli-musiqili proqramlara da bəzən “umnoe litso” formatı qarışır.

Mənim üçün bu xarakterdə keçən bütün verilişlərin bir adı var: “Umnoe litso”.

Qonaq ağzına gələni danışsa da, fəlsəfi danışsa da… Aparıcı “ağıllı sima” alıb başını dayanmadan tərpədəcək. Bu zaman “ağıllı” aparıcı dodaqlarını “büzüşmüş əncir” formasına salmağı da unutmayacaq…

O zaman əməlli-başlı ətim tökülür.

Əsəbiləşirəm, vallah! Hətta deyim ki, dəli oluram!

Əllərimi ekrana uzadıb o aparıcının yaxasından tutmaq və silkələmək istəyirəm. Axı sən nə başa düşdün, ay kütbeyin!

Maraqlıdır ki, bu “umnoe litso” formatı cəmiyyətdə “zəncirvari qəza” effekti yaradır. Tədricən, tamaşaçılar da “umnoye litso” rejiminə keçirlər… yuxarı-aşağı tərpənən başlar, “büzüşmüş əncir”  formasına düşən dodaqlar… Beynin içi isə yuyulmaqdadır.

Elə buna görə də, ilk və son dəfə ümumrespublika yayımlı verilişdə iştirakım 4 il əvvələ təsadüf edir… Yəni, son 4 ildə heç bir verilişə çıxmıram və heç vaxt da çıxmaq istəmirəm. Gələcəkdə məşhur bir yazardan, jurnalistdən olsam… Nə vaxtsa, “umnoe litso” formatındakı verilişə çıxsam, bu yazını çap edib bürmələyər və başıma çırparsınız.

Çünki acığım gəlir… Son dəfə bu cür formatlı verilişdə mən danışarkən aparıcının ətli dodaqlarının getdikcə “büzüşmüş əncirə” dönməsini seyr etməkdən…. Cəhhənəm əzabı yaşamışdım. Bir daha bu əzabı yaşamaq istəməzdim!

Mən niyə “umnoe litso”dan danışdım ki? Axı sözümün məğzi var…

Əsl yazıçı, əsl şair, əsl ziyalı heç vaxt “umnoe litso” almamalıdır. Uşaq kimi sadəlövh… qoca kimi müdrik, amma yenə də sadəlövh olmalıdır.

Yəni, bir doza müdriklik, iki doza sadəlövhlük!

Ətrafda bu qədər haqsızlıqlar, absurdizmlər baş verdiyi halda, vicdanı olan şəxs necə “umnoe litso” ala bilər? Və necə dodaqlarını “büzüşmüş əncir” formasına salıb, bütün əclaflıqları müticəsinə təsdiqləyə bilər?

Heç cür… Amma edirlər… Hətta vicdanı olanlar belə. Çünki vicdanı olanların bəhanələri də var. Evdə yemək, geyim, xərclik gözləyən, Vətən üçün hər gün daha çox tualetə gedən bəhanələr…

Gecəniz xeyrə qalsın, əziz (tək-tük) bloq oxucularım!..

Rüfət Əhmədzadə

04-05.07.2017

Advertisements

Hüseynqulu Bağırova açıq məktub

Qüruru alçaldılan adam üçün həbs olunmaq və ya olunmamaq arasında böyük fərq yoxdur

(bu məktub eco.gov.az saytında göstərilən rəsmi elektron poçt ünvanına, mətbuat kativi İradə İbrahimovaya və bəzi mətbuat nümayəndələrinə də göndərilib. Qeyd edim ki, mən Qafqaz Xəbər Agentliyi və ya başqa KİV-lərlə əməkdaşlığımı artıq dayandırmışam)

Cənab Nazir Hüseynqulu Bağırov!

Bilirləm ki, qonorar əsasında vaxtaşırı əməkdaşlıq etdiyim Qafqaznews.az və Legion.az saytları ilə Sizin (və ya şəxsən olmasa da, rəhbərlik etdiyiniz qurumun) müəyyən gərgin münasibətləri var. Və hətta məndə olan məlumata görə, Siz bu saytların rəhbərliyi barəsində  məhkəməyə müraciət etmisiniz. Bu işlərə qarışmıram, məhkəmə araşdırıb qərarı verəcək, sonra biz də ictimaiyyət olaraq fikrimizi bildirərik.

Mən ancaq öz imzam altında dərc olunan yazılara görə cavabdehəm və sübut da edərəm ki, imzamla ETSN barədə dərc olunan yazıların hər birində ETSN mətbuat xidmətinin və ya MX-dən yönləndirilən mütəxəssislərin mövqeyini dərc etməyə çalışmışam.

Əməkdaşlıq etdiyim saytlardan sadəcə yazılarıma görə qonorar alıram, amma bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbər şəxslərinə izah etməkdə çətinlik çəkirəm.

Xüsusilə də, bu günlərdə Zaqatala Dövlət Qoruğu ərazisində “Qırmızı kitab”a düşən piton ilanının öldürülməsi barədə Qafqaz Xəbər Agentliyinə məlumat daxil olması, o məlumatın da işləmək üçün mənə həvalə olunması “başıma bəla” olmuşdur.

O məsələ ilə bağlı ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimovaya sorğu göndərdim və redaksiyaya göndərilmiş fotoşəkli onun elektron poçtuna yönəltdim.

Həmçinin, qoruq müdiri Ramazan Çuxullayevdən də telefonla açıqlama aldım. İradə İbrahimova məsələni araşdıracağını dedi, lakin bir müddət sonra, nazirlikdən Ramazan Çuxullayevə nə deyiblərsə, mənə zəng edib ağır söyüşlərlə təhqir və təhdid etməyə başladı.

Mənsə cavab qaytarmadım, ona “Evdəkilərlə belə danışırsan?!” deyərək dəstəyi atdım.

Təəssüf ki, Zaqatala Dövlət Qoruğunun rəisi Ramazan Çuxullayevin məni ağır söyüşlərlə təhqir və təhdid etməsi onun tabe olduğu Ekologiya və Təbii Sərvətlər Nazirliyində “adi əsəbiləşmə halı” kimi qəbul edilib və bu barədə bir tədbir görülmür.

Hadisədən neçə gün keçsə də, ETSN-in mətbuat xidməti və aidiyyatı olan şəxslər məsələyə aydınlıq gətirmək, təhqirə məruz qalan jurnalistdən üzr istəmək yerinə, iyunun 30-da açıqlama yayaraq, sanki “qabaqlayıcı” tədbirlər kimi, Qafqaz Xəbər Agentliyinin əməkdaşlıq etdiyi jurnalistləri reketlik və şantajda ittiham edir.

Eyni zamanda, müxtəlif saytlarda bəzi özlərinə yaxın jurnalistlərin imzası ilə, öldürülən ilanın Ramil Asabov adlı şəxs tərəfindən tutulması əks olunan fotoşəkli montaj adlandıraraq, əməkdaşlıq etdiyim agentliyin rəhbərliyini və yazı müəllifi kimi də, dolayısı ilə məni “şər-böhtan”da ittiham edirlər.

Halbuki, ETSN rəsmisi Raqub Mirzəyevin fikirlərinə də məqaləmdə yer vermiş, “o şəkil montajdır” açıqlamasını işıqlandırmışdım.Lakin ETSN tərəfindən “orijan şəkil” mənə təqdim olunmadı.

Lap şəkil montajdırsa belə, bunun mənim təhqir olunmağıma nə dəxli?

Sanki ETSN “reketlik” və montaj söhbətləriylə mənim təhqir olunmağımı unutdurmağa çalışır. Mən başa düşmürəm, mənim təhqir olunmağım, ETSN-in bu məsələni “cinayətkar dəstə” adı altında ört-bastır etməyə çalışması hansı məntiqə əsaslanır.

Əgər siz barəsində şübhəli iddialar dolaşan, mətbuat xidmətinə sorğu vermiş  jurnalisti təhqir edən Ramazan Çuxullayevi cəzlanadırmır, əksinə, qoruyursunuzsa, o zaman onunla həmfikir və hətta əlbirlik nümayiş etdirmiş olursunuz (halbuki, mən onun narkotik əkməsiylə bağlı sorğu verməmişdim. Bu barədə isə Hacıbəy Zaqatalski adlı sahibkar ötən gün mənlə söhbətində təsdiqlədi, dedi ki, Ramazan Çuxullayev obyekt sahiblərindən haqq toplayır, aparat rəhbəri Rövşən Cəlilov isə onu himayə edir).

Məni mətbuatda “reket” kimi təqdim olunan şəxslərlə hər hansı “kriminal” və ya qohumluq əlaqələri bağlamır. Lakin gözümün qarşısında hər hansı reketlik əməllərinin şahidi olmamışam! Sizə qarşı da hər hansı reketlik etməmişəm, şantaja əl atmamışam. Mətbuat Xidmətinizin rəhbəri İradə İbrahimovaya da bildirmişəm ki, sadəcə məndən üzr istənilməsini gözləyirəm. Halbuki, son günlərdə mənə böyük mənəvi ziyan dəymiş, habelə ETSN-in açıqlamasında dolayısı ilə son məqalənin müəllifi kimi “cinayətkar dəstə”də cəmləşdirilmiş, hətta profilimdən götürülən fotoşəkil Sizi müdafiə edən başqa saytlarda  “reket dəstəsi” kimi göstərilmişdir. Qoy nazirlik rəsmiləri həmin fotoşəkildə kimlərin ETSN-i şantaj etdiyini dəqiq göstərsinlər, ya da mənim fotoşəklimin çıxarılması üçün həmin “qara piarçı”lara xəbərdarlıq etsinlər.

Mən öz şərəf və ləyaqətimi qoruyan, bir çox insan üçün təmənnasız işlər görüb problemlərinin həllinə çalışan insanam. 31 yaşımda reket kimi tanınmağım mənim karyeramın və gələcəyimin məhv edilməsi deməkdir!

Əgər üzrxahlıq baş tutmasa, nazirlik öz işçilərinə yerini göstərməsə, mən xarici mətbuata və beynəlxalq təşkilatlara qədər də məktublar yazacam, Azərbaycanda media hüququnun işləmədiyini dünyaya çatdıracağam.

Yəqin ki,ETSN rəsmiləri mənim daha sərt bloq yazıları yazmağımı və bilmədən qanunu pozmağımı gözləyirlər. Əlbəttə, mən nə yazdığımı yaxşı bilirəm.

Və bilirəm ki, başqalarının söyüşünə haqq qazandıran şəxs özü də o söyüşləri qəbul və həzm edəndir.
Ümid edirəm, Siz də bunu bilirsiniz. Və onu da bilirsiniz ki, öz əzizlərinə hörmət edən şəxslər, başqalarıyla danışanda var-yox söyüşü söyməz. Xüsusilə də, fəaliyyətini qanunla görən müstəqil jurnalistə qarşı belə addım yolverilməzdir.

Siz o tərbiyəsiz Ramazan Çuxullayevi qorumağa davam edəcəksinizsə, cəmiyyətdə haqsızlığa qarşı qeyri-obyektiv və hətta onunla bərabər səviyyədə biri olduğunuzu göstərəcəksiniz.

Mən nə etməliyəm? Keçmiş polis polkovniki olan adamın üstünə silahla getməliyəm? Yoxsa, zəng edib mən də onu söyməliyəm?
Müdrikliyinizi işə salın və mənə yol göstərin. Qoy verdiyiniz tövsiyə cəmiyyətdə nümunə olsun!

Lakin bilin ki, bundan sonra mənə qarşı ediləcək hər hansı tərbiyəsizlikdən və ya cəza tədbirindən çəkinmirəm. Mən ədəbiyyat adamı, ali təhsilli tərcüməçi, şair və yazıçıyam. 5-10 manat qonorara görə hansısa səviyyəsizdən söyüş eşitmək mənə xoş deyil. Qüruru alçaldılan adam üçün həbs olunmaq və ya olunmamaq arasında böyük fərq yoxdur.

Əgər siz mənə qarşı edilənlərə haqq qazandırırsınızsa, o söyüşləri normal qəbul edirsinizsə, Sizə deyiləsi sözüm də qalmır.

Fəaliyyətinizdə uğurlar arzu edirəm.

Hörmətlə, Rüfət Seyidəhməd oğlu Əhmədzadə

QəHHHrəmanlar (mətndə 1-2 söyüş var)

Mənim bloq yazmağım, sərt tənqidlər işlətməyim klaviatura qəhrəmanlığı deyil. Nə yazdığımı, nə etdiyimi özüm də anlayıram.

Başa düşürəm ki, qapım hər an döyülə bilər və qollarımı burub “gedər-gəlməz”ə apara bilərlər. Adını da qoyacaqlar dövlət qurumlarının fəaliyyətinə kölgə salmaq.

Təsəvvür edin, dünyanın sivil və demokratik əsaslarla inkişaf edən, Avropa Şurasının qətnamələrinə və beynəlxalq konvensiyalara qoşulan Azərbaycanda belə cinayət də var: filanəs dövlət qurumlarının fəaliyyətinə kölgə salır, bəhmankəs güc strukturlarının fəaliyyətinə qarşı cəmiyyətdə neqativ münasibət aşılıyır, bir başqası da banklara etibarı sarsıdır və insanlarda yerli banklara qarşı inanmsızlıq yaradır.

Bəli, ən sonuncu “cinayəti işlədən” şəxslərdən biri Əkrəm Həsənovdur: ölkə banklarının iyrənc və soyğuncu fəaliyyətinə “kölgə saldığına” görə, bu yaxınlarda ona “yüksək səviyyədə” xəbərdarlıq olundu.

Növbə məndədir, yəqin ki… İslanmışın yağışdan nə qorxusu? İnsanların qürurunu ikiqəpiklik edəndən sonra, onlardan nədənsə qorxmağı, çəkinməyi, ehtiyatlanmağı gözləyirsiniz?

Mətbuatımız isə həmişəki kimi müğənnilərin cırışması, didişməsi, ermənilərlə atışmalar və bir də düşovka şairciklərin statusları üzərində gündəm yaratmaqla “inkişaf” edir. Şairciklər də nə şairciklər… Bir-birini tərifləyir, bir-biriylə düşük bar fahişələri kimi mırtlaşır, gö*lərindən əhvalatlar uydurub milləti “bayılmağa” vadar edirlər. Bayılanlar da var… Nə edək, əksəriyyətin IQ-su bu cür “əhvalat”lara bayılacaq səviyyədədir.

Artıq vəziyyət o həddə çatıb ki, bir-iki xarici dil bilən insanımız yerli kanallardan imtina etdiyi kimi, yerli İnternet mediasından da imtina etməyə başlayıb.

Saytcıqlarımızın gecə-gündüz söydüyü ermənilər belə, bizim üçün əlçatmaz nümunəyə çevriliblər. Zarafat eləmirəm! Sizcə, ermənilər bizə ancaq rusun, ya da fransızın, nə bilim ingilislərin və ya masonların dəstəyi ilə qalib gəldilər?

Zay materiala kim sərmayə qoyar ki? Niyə bizim xalqımıza siyasi sərmayə yatıran bir beynəlxalq güc tapılmadı?

Xeyr! Onlar icma mədəniyyəti, birlik göstərdilər. O birlik ki, illərlə Azərbaycanın xaricə əndərdiyi milyonlar, milyardlar belə sarsıda bilmədi.

Hətta Qənirə xanımın atəşin, susdurucu, keyidici, paralicedici bəyanatları belə… Düşmənlərlə bacarmadı.

Biz bir şeyi anlaya bilmədik. Düşməndən qisas almağın ən gözəl yolu rüşvət almamaqdır. Amma ürəyimiz partlayar axı! Qanımız korlanar.  Rüşvətin və korrupsiyanın bizi gündən-günə necə rəzilləşdirdiyini görməyəcək qədər “müdrik” toplumuq.

Bir neçə “inqilabçı” ruhlu, daha doğrusu, “osssvobojdyonnı” jurnalistimiz də var. Özlərini müxalif göstərər (amma mən müxalif deyiləm ha, tam ciddi!), tənqidə və maariflənməyə meyilli statuslar yazar. Di gəl ki, qorxaqdırlar. Mənə qardaş deyən, duz-çörək kəsdiyim jurnalistlər belə təhqirə və haqsızlığa məruz qaldığım vaxtda içlərinə soxdular. Hətta iki-üç jurnalist bir-birindən xəbərsiz yazışmalarını da göndərdilər mənə… Guya bir-birindən söz almaq üçün qeybətimi qırıblar. Həqiqətən də, ləyaqətini itirən insan hansı faydalı işlərlə məşğul olacağını bilməz, bikarçılıqdan hər cür düşüklüyü edər.

Nə isə, ətrafda rəzillərin bu qədər çox olması məni çox üzür. Əlimdən gələn ancaq ürəyimi bu bloqa boşaltmaqdır. Nə qədər sürəcək, bilmirəm… Hələ ölkədəyəm və öz evimdəyəm. Hələ də dövlətimdən ciddiyyət gözləyirəm.

Sonda: Ya məni sevməyənlər! İndi mənə cürbəcür damğalar da vura bilərsiniz. Bilirəm ki, qəHHHrəmanlardan hər şey gözləmək olar.

Ölkədəki qoruqlara “kartel” nəzarət edir?

Ağzına su alan həmkarlarım söyülməkdən qorxurlar, ölməkdən… yoxsa, “aylıq”dan məhrum olmaqdan?

Bu gün Zaqatalanın bir ağsaqqalı ilə danışdım, mənə təsdiqlədi ki, “sizi təhqir edən Ramazan Çuxullayev qoruq ərazisində narkotik əkdirir və bundan ETSN-dəki rəhbərliyin, aparat rəhbəri Rövşən Cəlilovun da xəbəri var. Onun sizi elə ürəklə söyməsinin səbəbi də odur ki, arxasında duranlara arxayındır. Bilir ki, ona dəyməyəcəklər, rahat-arxayın söyür”. Yəni, ortada belə söhbətlər var…

(Söyüşlü səs yazısını buradan dinləyə bilərsiniz)

Öldü var, amma “peysərə atdı” yoxdur. Sona qədər mübarizəmi davam etdirəcəyəm. Daha bir iş günü də sona çatdı, amma Hüseynqulu Bağırov o tərbiyəsiz qoruq rəisini cəzalandırmadı.

Yoxsa, qorxur ki, qayıdıb onu da söyər?! Əgər kim bu hadisənin “adi hal”, “şişirtməməli bir şey” olduğunu düşünürsə, var-yoxuna salamımı çatdırsın. Jurnalistin söyülməsiylə barışanlar öz söyülməsinə də razı olanlardır…

Mən onunla küçədə rastlaşmamışam ki, silah götürüb üstünə gedim. Peşə fəaliyyətim zamanı söyüş eşitmişəm.

Ramazan Çuxullayev keçmiş polis rəisidir, çox güman silahı da var. Amma mənim də qürurum və prinsiplərim var.  Onun arxasında duran, jurnalistə qısqırdanlar kimdir, bilirəm. Geri çəkilməyəcəm…

ETSN tərəfindən üzrxahlığın və məni təhqir edən qoruq rəisi barədə cəzanın gecikdiyi hər gün daha bir sərt yazı olacaq. Bu şantaj deyil, mübarizədir!..

Qoy ETSN-in mətbuat katibi İradə xanımla münasibətini pozmaq istəməyən, “aylıq”dan məhrum olacağından ehtiyat edən həmkarlarım kənardan seyr eləsin.

Rüfət Əhmədzadə
(bloq yazısı: rufatahmad.wordpress.com)

KİMDİR ƏSL REKET?

Hüseynqulu Bağırovun bir işçisi bizə “qardaş” deyir, başqa bir işçisi isə var-yox söyüşü söyür…

Hüseynqulu Bağırov dağ idmanına, ekspedisiyalara himayədarlıq edən nazir kimi tanınır.

Onun sərgüzəştləri barədə yazdığı bir-iki kitaba da rast gəlmişəm. Bu kitabları vərəqləyərkən, düşünürdüm ki, dünyanın ucqar nöqtələrinə səyahət edən, sərt iqlim şəraitinə qatlaşan nazirin şir ürəyi olmalıdır.

Şübhəsiz ki, onun cəsarətinə qarşı rəğbətim oyanmışdı. Heyhat… Deyir, sən saydığını say, gör, fələk nə sayır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova da öz növbəsində mehriban insan kimi tanınır və ya tanınmağa çalışır… Amma son günlərdə mediada yaşananlar əksini deməyə imkan verir.

Belədir ki, şübhələr yetərincə əsaslıdır: birbaşa şəkildə jurnalistlərlə “dil tapa” bilmədikdə, hörmətli ETSN rəsmiləri bir jurnalisti başqa jurnalistə “sifariş” edə də bilir.

Son günlər Azər Hüseynbalanın bizə hücumları, “com” domenilə açılmış geydirmə saytda həm ETSN-in (və Azər Hüseynbalanın) müdafiə olunması, həm də kollektivimizin şəklinin yerləşdirilib “ETSN-ni şantaj edən reket dəstəsi kimi təqdim edilməsi” çox iyrəncdir.

Bunu gördükdən sonra, bizə ancaq əlimizi havaya qaldırıb şükür etmək qalır: nə yaxşı ki, Hüseynqulu Bağırov hansısa güc strukturunun rəhbəri deyil.

Yoxsa, səhər evdən çıxmağa, axşam da marketə gedib siqaret almağa ehtiyat edər, hər an qapımıza qoluzorluların gəlməsini gözləyərdik.

Deyərsiniz ki, müqayisə düz deyil?

Məgər, alın təriylə dolanan, daim vətəndaşların sosial problemlərini obyektiv araşdırmağa çalışan insanlara “reket” damğası vurmaq “banditlik” əməli deyil?

Və burda, ETSN-nin də payı danılmazdır.

Hansısa mətbuat orqanının xəbər siyasətindən narazılığınız varsa, bu məsələnin müzakirəsi və həlli üçün başqa instansiyalar var.

Lakin nə Azər Hüseynbala, nə də o geydirmə sayt hər hansı istansiya sayıla bilməz… Ancaq təsəlli üçün işə yarayarlar.

Bunun üçün kollektivin ləkələnməsinə, eyni zamanda sizin qurumun “qurban” kimi göstərilməsinə təsəlli ilə baxırsınızsa, deyiləsi söz qalmır.

“Facebook”dakı profildən skrinşot olunan şəkli saytda dərc edib “reket dəstəsi” kimi təqdim edən adamın nə jurnalistikadan, nə də şərəf-ləqayətdən anlayışı ola bilməz.

Adama deyərlər ki, ay qoca, 25 il belə işlərlə məşğul olmusan?

Geydirmə saytlar, anonim məqalələr, əsassız ittihamlar…

Qoy hörmətli ETSN rəsmiləri, lap elə hörmətli və mehriban “bacı”mız İradə İbrahimova barmağın qoysun həmin o ad günündə çəkilmiş şəklin üstünə, desin ki, bu kollektivdən kimsə məni şantaj edib, qorxudub, pul tələb edib…

Əksində, ETSN-nin Zaqatala-Balakən zonasında “hörmətli şəxslərindən” olan qoruq rəisi Ramazan Çuxullayev mənə zəng edərək, nalayiq söyüşlər işlətdi. Nədi-nədi, onun barəsində agentliyə göndərilən məlumat üçün nazirlikdən münasibət istəmişəm… Deyəsən, köhnə polis rəislərini bir-bir qoruqlara təyin edən Hüseynqulu Bağırov bir şeyi nəzərdən qaçırıb: Azərbaycanda mətbuata münasibətdə Ramil Usubov nümunəsi var.

ETSN başçısı güc strukturu rəhbərliyinə belə həvəslidirsə, bir az müşahidə etməsi, öyrənməsi məsləhətlidir. Eldar Mahmudovdan nümunə götürənlərin sonu qaranlıq olar.

Hüseynqulu Bağırovun bir işçisi bizə “qardaş” deyir, başqa bir işçisi isə var-yox söyüşü söyür…

Bir doğum günü fotosunun “reket dəstəsi” kimi cəmiyyətə təqdim olunmağı, hətta “onları Mətbuat Şurası da reket siyahısına salıb” kimi sözlər çox ağır ittihamdır. Və bu ittihamın arxasında durmaq üçün məsuliyyətlə yanaşı, şərəf də lazımdır!

Çünki MŞ-nın siyahısında Qafqaznews.az yox, rəhbəri Vaqif Aşurzadə olan “Kafkaz News” qəzeti var. Habelə, yaxın günlərdə bizimlə bağlı MŞ-da hər hansı “reketliyə dair” iclas keçirilməyib.

Azər Hüseynbala deyir ki, mən istədiyimi yazacam, siz məhkəməyə gedin…

Əgər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu dörd nəfərdən biriylə hər hansı problemi yaşanıbsa, məsələni hüquqi müstəvidə və arada “vasitəçi”lər, “muzdlu killer”lər olmadan da həll edə bilər.

Yox, əgər bunun üçün dağa dırmaşmaqdan artıq cəsarət lazımdırsa… Qoy bu iyrənc şouya davam etsinlər.

Hətta məsləhət bilsələr, bu yaxınlarda nazirliyin mətbuat xidmətini ləğv edib, Azər Hüseynbala üçün “xüsusi səlahiyyətli nümayəndə” statusu təsis edə bilərlər.

Çünki “dövlətçilik sevgisi” bu ağsaqqalın başına elə vurub ki, son günlər nə yazdığını heç özü də anlamır… Hətta bir az yaddaş problemi də yaşayır ki, 2007-ci ildə hansı dövlətlərdən siyasi sığınacaq istədiyini, 2013-cü ildə isə hansı üzlə Prezidentdən mənzil istədiyini unudub.

Bizim kollektivə o qədər maraq salıb ki, öz kollektivindən, öz saytında gedən “reket” üslublu yazılardan da xəbəri yoxdur.

Əziz oxucular siz qiymət verin kimdi əsl reket?

Jurnalisti təhqir edənlər reket deyilmi? Araşdırma aparan agentliyi saxta saytlara sifariş verən nazirlik reketlik etmirmi? Və sahibi bəlli olmayan saxta saytla özünü tərifləyib, başqalarını təhqir, ittiham edən şəxslər reketin lap yekəsi deyilmi?

Rüfət Əhmədzadə

365info.az

ETSN-də söyüşsöymə turniri

Sivil ölkədə jurnalisti təhqir edən bir məmur dərhal məsuliyyətə cəlb olunmalı idi, amma Azərbaycan da sivildir axı… Bəs niyə jurnalisti təhqir edən Zaqatala Dövlət Qoruğunun rəisi Ramazan Çuxullayev cəzalandırılmır?

Hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi, öz hədsiz nəzakəti ilə hamının sevimli “bacı”sına çevrilən İradə İbrahimova da özünü bivecliyə vurub. O tərəfdən Azər Hüseynbala adlı birisinə məxsus (və ya ona yaxın) saxta saytda mənim (qonorarla əməkdaşlıq etdiyim) Qafqaz Xəbər Agentliyinin kollektiviylə çəkdirdiyim şəkil “Facebook” profilimdən oğurlanıb dərc edilir və ictimaiyyətə ETSN-i şantaj edən “reket dəstəsinin üzvü” kimi təqdim olunuram…

Gah Zaqatala Dövlət Qoruğunda “qırmızı kitab”a düşmüş piton ilanının öldürülməsiylə bağlı, mətbuat katibi “məsələni araşdıracam” deyib sorğuma cavab gözləməyi təklif edir… O tərəfdən isə qoruq rəisindən zəng gəlir, ən ağır şəkildə söyüş eşidirəm.

Üstündən iki gün keçdi, amma heç bir tədbir görülmədi. Daha neçə gün gözləməliyik ki, həmin şəxs cəzalandırılsın, ya da nazirlik rəsmiləri ictimaiyyətə açıqlama versinlər?
Daim mətbuatla əməkdaşlığa açıq olduğunu deyən İradə İbrahimova özünü niyə bivecliyə vurub görəsən?
Yoxsa, ağız dolusu vədlər verəndən sonra, müğənni adaşı İradə İbrahimova kimi “Neyləyək, alınmadı” şarkısıyla özünə təsəlli verir?
Və yaxud da, ETSN-də etikasızlıq adi hal sayılır?
Əgər o qurumda hamı əsəbiləşəndə bir-birini söyürsə, o zaman heç bir tədbir görməsinlər… Allah bağışlayandır, biz də bağışlayarıq.
Əsas odur ki, dağadırmaşan məmurlar zirvədən düşməsinlər…
Ən qısa zamanda, ETSN-də söyüşsöymə turnirinin də keçiriləcəyinə inanıram. Yəqin ki, bu turnirdə aparat rəhbəri Rövşən Cəlilov da xüsusilə fərqlənə bilər.
Mətbuatda “aylığa” bağlanan və az qala “yaylıq” bağlamağa hazır olan həmkarlarıma da salamlarımı göndərirəm.

P.S.: Dünəndən bəri neçə dostum və qohumum o səviyyəsiz və mənəviyyatsız Ramazan Çuxullayevin nömrəsini istəyir.. Vermirəm. Deyirəm ki, fikir verməyin, o adam söyülə-söyülə bu yaşa, bu vəzifəyə gəlib. Öz əzizlərinə hörmət qoyan başqalarıyla elə davranmaz.

Rüfət Əhmədzadə

Homo Oblitus

“Homo Oblitus”
(lat. unudulmuş insan)
 
Mən səninçün zamanların ən qədimi olmuşam…
Küləklərlə aşınmış, yağışlarla yuyulmuş.
Mən yazan kitabələr oxuna bilmir daha,
Salnaməsi yarımçıq, əfsanəsi yalançı…
Mən danışan dil çoxdan “ölü dillər”dən olmuş,
Mən oxuyan nəğmələr quyu dibində qalmış.
 
Sən mənimçün hələ də yaşanmamış əsrsən.
Şütüsəm də, çatmağa min illərim var hələ…
Sən bir yeni şəhərsən, səmaya qol açarkən,
Göydələnlər altında qalan məzarlıq mənəm.
 
Mən səninçün sirr idim, bir ay, bəlkə, iki ay…
Bəlkə də, bir ömürlük tapmaca saydın məni.
Sən mənimçün dürr idin, qiymətini bilmədim…
Büküb xatirələrə, dənizə atdım səni…
Düşündüm ki, sağaldar zaman yaralarımı…
Elə bildim, gələcək daha da parlaq olar…
Nə biləydim, sağalmır yaralar,
xarabalar…
Abad olmur…
Sadəcə, çəkilib bir guşəyə…
özün öz əllərinlə başına toz tökürsən.
Sadəcə alışırsan yaralanmış, dağılmış,
“ölü dildə” danışan bir insan olmağına.
Eləcə söz qoşursan öz unudulmağına….
 
Rüfət Əhmədzadə
07 iyun 2017-ci il.