Ağdamın “dəli”ləri və “anormal”ları haqqında – AUDİO

Daha nə oldu, bu rayonda mətbuata kim şikayət edirsə, deməli, başı işləmir?

Yanvarın 5-də telefon söhbəti zamanı mənimlə küçə üslubunda danışan və əri tərəfindən yandırılmış müəlliməni dolayısıyla “anormal” adlandıran (“baxın görün, o qadın normaldır?”, “Nəsə çatışmır” və s)  prokuror Rəfail Zeynalov Ağdam RİH başçısı Raqub Məmmədovun qudası imiş.

Olmaya, iki quda əl-ələ verib, rayonu “anormalxana”ya çevirməklə məşğuldurlar?..

Dayanın, əziz oxucular! Kimisə təhqir etmək, qərəzli tənqid atəşinə tutmaq məqsədim yoxdur.

Sadəcə, “məni adam bilib danışan” prokuroru mən də adam bildim, ondakı bu özgüvənin səbəblərini öyrənməyə çalışdım… Nəhayət, ağdamlı tanışlarım mənə dedilər ki, “qudasının rayonudur, gözün üstə qaşın var” deyən yoxdur… Baxın, burda barmağımı “Snickers” bilib, dişlədim. Bundan əvvəl Raqub Məmmədovun müavini Ağa Zeynalov ondan 5 min manat rüşvət alındığını, pulunu tələb edəndə isə özünün kanala atıldığını deyən bağça tərbiyəçisi Fəridə Vəliyevanı “ruhi xəstə” adlanırmışdı.

Keçən ilin yayında Ağdam RİH nümayəndəsi Hüseyn Əliyev 4 il çörəkpulusunu ala bilməyən bir xanım haqqında xoşagəlməz sözlər işlətmişdi. Bu və digər məqamlar hamısı faktdır və diktofon yazıları da var… Yəni, Ağdamdan kim şikayət edirsə, ya “dəli”dir, ya “anormal”, ya da “əxlaqında problemi var”…

Ümumiyyətlə, insan nə vaxt söyməyə, təhqir etməyə başlayır? Sadə bir cavab: Leksikonunda normal danışıq üçün söz ehtiyatı tükənəndə, ya da yerli-dibli olmayanda.

Adama deyərlər ki, daha nə oldu, bu rayonda mətbuata kim şikayət edirsə, deməli, başı işləmir? Əgər bütün narazıları “dəli” çıxarmaq çətindirsə, Raqub Məmmədov xüsusi “dəlixana” da təsis edərək, özünə və qohumlarına mane olan “dəli”ləri ora toplaya bilər.

İndi bilmirəm, Ağdamda “normal” vəziyyət necədir. Onu da bilmirəm ki, Ağdamın məmurlarından, polisindən, prokurorundan narazı qalanlar nə dərəcədə “psixi xəstə” və ya “anormal”dırlar. Mən jurnalistəm və işim vətəndaşların müraciətini qələmə almaq, araşdırmaqdır. Əgər Səhiyyə Nazirliyində müvafiq vəzifə tutsaydım, əlbəttə, o zaman vətəndaşların psixiatrik ekspertizadan keçilməsi üçün “göndəriş” yazardım.

Amma söhbət xatirinə, işi aşsın deyə… başqasının haqqında nalayiq sözlər işlətmək, böhtan atmaq, xüsusilə də, 33 il bu ölkə üçün vətəndaş yetişdirən bir müəllimənin normallığına şübhə salmaq… Əlbəttə, normal deyil!

İstər Ağdamda, istərsə də digər rayonda… Olmaz belə! Öz işinizi düzgün görə bilmirsinizsə, ən azından, mətbuatla normal danışıq bacarığınız yoxdursa – sadə insanları niyə alçaldırsınız?! Ümid edirəm ki, aidiyyatı olan şəxslər tənqidlərimdən nəticə çıxaracaq.

Əlbəttə, ümid varsa, adam da var, həyat da…

Qədir bilib deyirəm!

Rüfət Əhmədzadə

Qafqaznews.az

Mövzu ilə bağlı linklər:

“Ağdamda həyat yoldaşını yandıran kişini “günahsız” çıxardılar?”

Ağdam prokuroru əri tərəfindən yandırıldığını deyən qadını “anormal” hesab edir?

“Ağdam RİH başçısının müavini 5 min manat pulumu aldı, özümü də kanala atdırdı” – ŞİKAYƏT

Yandırılan müəllimənin direktoru: “O qadının bir anormallığını görməmişəm”

Səmimi söhbət

 

Statuslarımda afət-şair söhbəti edirəm, dost-tanış da mənə “şair” xitabı edir. Amma səmimi deyim, mən özümü şair (nazim) hesab etmirəm.

Çap edilən iki hekayə və mənsur şeirlər kitabım var, amma nəzm kitabım yoxdur. Şeirlərimi bəyənən də azdır və bunu etiraf etməkdən utanmıram. Lakin məni bəyənməyənlər də etiraf etməlidir ki, çox fərqli üslubum və fəlsəfəm var – sadəcə populist şairlərdən olmadığım, özümü reklam etdirmədiyim, efirlərdən birdəfəlik imtina etdiyim və bir-birini tərifləyənlərdən ibarət “vilka-lojka” çevrələrinə girmədiyim üçün o qədər populyar deyiləm.

Bu gün qızların xoşuna gəlmək, daha çox oxunmaq və efirlərə çıxıb məşhurlaşmaq üçün damar doğrayan həmkarlarım üçün isə çox üzülürəm.

Şablon sevgi şeirləriylə, heç bir metaforası-təşbehi olmayan misralarla, ciddi və kədərli fanatkalarıyla, hər statusa gələn 150-200 laykla öyünürlər… və ədəbiyyat tarixində iz salacaqlarına inanırlar. Vallah, məcbur deyil ey bizi oxusunlar. Əsas anlamaqdır.

Rəhmətlik sevgilim üçün yazdığım şeirlərimdə nə demək istədiyimi cəmi 2-3 nəfər anlayır, onlar da mənim köhnə dostlarımdır. Yəni, sizi anlamayacaq adamların gözünə girməyə çalışmayın. Nə fərqi var, Fatmanisə xanım sənin şeirindən təsirləndi, amma Ümbülnisə xanım təsirlənmədi… Şeir içdən gəlməlidir və mən içimdən gələni yazıb ürəyimi boşaldıram. Sadəcə paylaşıb yüngülləşmək ehtiyacı var, onu izah edə bilmirəm.

Amma əsas olan özümüz kimi olmaqdır, publika üçün əlləşən adamdan şair çıxmaz.

Rüfət Səid Əhmədzadə

Kişi olmaq istəmirsiniz?

Şairliyə heç vaxt iddialı olmamışam, lakin şeirlə, ədəbiyyatla nəfəs alıram. Bu statusu yazmağa ehtiyac yox idi, amma içim yanır.

Bilirsiniz niyə? Mən hansısa iri şirkətdə tərcüməçi işləməklə daha yaxşı maaş ala, karyera qura bilərdim. Sırf ədəbiyyata yaxın olmaq naminə mətbuata keçdim, yazdım-pozdum, imzamı tanıtdım. İndi isə hansısa saytda (hətta statusumda) hekayə və ya şeir paylaşan kimi, kimsə “özünü reklam etdirmək” sayır. Haramı reklam edirəm? Nəyimi reklam edirəm? Toya gedirəm, yoxsa cüməaxşamılara? Bəlkə, çap olunan 2 kitabımdan 1 manat gəlir götürmüşəm (nəşriyyatlar özləri çıxarıb satır)?

Ya da şeirlərimə qonorar verirlər? Mən üzdə olan adamam, bir çox əlaqələrim, tanışlarım, qohumlarım var…

Amma heç vaxt kitabımı qoltuğuma vurub hansısa deputatdan “şirinlik” istəməmişəm, kimsəyə ağız açmamışam. Xalq artisti olan qohumum da var, bir TV-yə zəng edib tapşırsa, gecə-gündüz efirdə olaram. Onu da eləmirəm, amma ədəbiyyat saytlarındakı dostlarım məni öz “kruq”larından saymazlar, heç vaxt da nə açıqlama, nə müsahibə almazlar. Halbuki, məni saymayan redaktorların şeirlərini, hekayələrini öz saytımda dərc etdirmişəm, redaktor olanda müxbirə qadağa qoymamışam. “Onu danışdırma, bunu danışdır” deməmişəm.

Tamamilə demokrat olmuşam. Ardımca da xeyli söz-söhbət eşidirəm… Bu qədər qeybətcillik, arvadağızlıq, hətta deyərdim ki, nakişilik sizə kimdən keçib, əziz qələm dostlarım? Ümumiyyətlə, sizə bu boyda status yox, 2-3 kəlməlik söyüş yazsaydım, necə olardı? Nə vaxt öz həyatınızı yaşayacaqsınız? Nəhayət, kişi olmaq istəmirsiniz?

Rüfət Əhmədzadə

Bir kasıbın bayram düşüncələri

Yazıma şablon sözlərlə başlayıram: uşaqlığım(ız) ağır keçib. Özümü və ətrafımı dərk etməyə başlayanda SSRİ dağıldı, yeni dövlət yarandı və bu dövlətin yaranması ilə müharibəyə, böhran dövrünə girməsi göz qırpımında baş verdi. Düzdür, tələbəliyimin də ilk illəri kasıblıq içində və kirayədə keçib, amma yaddaşımda ən çox 1995-1996-cı illər iz salıb. Mənimlə həmyaşıd olanların əksəriyyəti razılaşar ki, həmin vaxtlarda bir çox ailə ət nədir, yağ nədir, sadəcə çörək almağa belə pul tapmırdı.

“Dendi” və “Sega” kimi kompyuter oyunları, “Supra” televizorların təzə-təzə ölkədə yayıldığı, bu “nemətlər”dən də əsasən “tuz” balalarının zövq aldığı illər idi. Elə “tuz” sözünü də “Sega” salonlarında öyrəndim. İmkanlı ailələrin ətli-canlı uşaqları dondurmanı iştahla yalaya-yalaya gəlib qapının ağzına toplaşmış kasıb izdihamını yarıb keçir içəri, ciblərindən “qız qalası” deyilən yüzlükləri və ya “nizami” deyilən 500-lükləri atırdı masanın üstünə. Biz kasıblardan kim qıvraq, yaltaqlanmağı yaxşı bacaran idisə, tez keçib həmin “tuz”un yanında otururdu. Biz də həsədlə bu “tuz”un başına yığışıb, “kamputer” oynamasına baxırdı. Hətta bəzən valideynlərimin “kamputer pulu” vədlərinə həvəslənib az qala hər dərsdə 5 almağa çalışırdım, amma bu vədlər çox az-az yerinə yetirilirdi, çünki çox yoxsul yaşayırdıq, atam bir ay işləyir, iki ay da iş axtarırdı.Baxın, bu “kamputer” sevdası biz kasıb uşaqlarının arasından “realist”ləri də çıxardı.

Güclü məhləuşaqları əvvəl biz kasıbları “tuz”lara qarşı qoyur, sonra isə bu “tuz”larla dostlaşıb, onları qoruyurdular. Əvəzində isə “Baküş”, “Sega”, “Plombir” və s. Dərsdən sonra günüm  alüminium və mis yığmaqla keçirdi. Bir dəfə  alüminium satıb, qazandığım pulu “Sega” salonunda qoydum. Evə qayıdanda anamdan yemək istədikdə isə, yavan çörək və həyətdə əkdiyimiz pomidorlardan verdi.. Dedi gözlə, axşam atan gələndə xörək də bişirəcəm. Əvvəl başa düşmədim, amma atam gələndə də evdə xörək bişmədi… və mən o zaman həyatı necə lazımdır dərk etdim.

Ondan sonra “Sega” salonlarına az-az getməyə başladım, “qazandığım” pulu “lotu” uşaqlardan gizlincə corabıma qoyub evə gətirirdim. Həmin illər məktəbdə yazdığımız inşaları yada salanda, dodaqlarım qaçır, başımı yelləyib öz-özümə gülürəm. Təsəvvür edin, evdə ət-yağ almağa pul yoxdur, amma sən Qurban bayramının adətlərindən həvəslə, pafosla cümlələr qoşursan. İnsanların necə bir-birinə yardım etdiyini, necə deyib-gülüb bir-birlərini təbrik etdiklərini yazırsan. İnşadan “5” alıb evə gələndə isə səni tamam başqa əhval-ruhiyyə gözləyir…

Əlbəttə, Qurbanlıq günlərində elə də aciz qalmırdıq. Atamgil 6 qardaş (indi cəmi 3 qardaş qalıblar, atam keçən il dünyasını dəyişib)idilər.. Hər bayramda Coratdakı baba həyətində yığışıb qurban kəsər, öz aralarında bölüşərdilər. Qurban bayramı mənim üçün həm ət demək idi, həm də ailəmizə bir gün üçün yüngüllük, rahatlıq demək idi – zarafat eləmirəm. Az-az ət yeyirdim, ona görə… Bunu indi deməkdən utanmıram. O günləri yada salıb yazmaqdan zövq aldığım da yoxdur. Artıq 2016-cı ildir. 30 yaşım var, atasız gənc atayam, ailə başçısıyam… Bu həyatda elə də çox şeyə nail olmamışam, amma öz biliyim və savadımla ayaqda qalmağa, ailəmi saxlamağa çalışıram. Çətin olsa da, birtəhər bacarıram. Bu 20 ildə mən də, sən də, biz də, siz də çox prosesdən keçdik. Əlimizdən çox şansları qaçırdıq. Yox, yox, yerimizdə saymadıq… Sadəcə, hərdən mənə elə gəlir ki… Getdiyimiz yolda dövrə vurub geriyə qayıdırıq. Yenə oxşar çətinliklər, yenə pessimist əhval-ruhiyyə, həmin böhranlı günlər…

Bayram mədəniyyətdir, mədəniyyətsizlik deyil. Bayram, vəhşi kimi, qanı su yerinə axıtmaq üçün deyil, tarixlərdən süzülüb gələn dəyərləri yaşatmaq, cəmiyyətdə yardımlaşmaq-bayramlaşmaq üçün bir fürsətdir. Bunu unutmayaq… Heç olmasa, bayramlarda dönüb geriyə boylanmağı bacaraq.

Gün o gün olsun ki, bir-birimizə “neçə belə bayramlara çıxasan” deyəndə utanmayaq, ikrah hissi keçirməyək, bayrama necə girdiyimizi düşünəndə köks ötürməyək… Bayramınız mübarək olsun!

Rüfət Əhmədzadə

Qafqaznews.az

 

Sistemin bir hissəsi

Hər bir insanın içində eqosu, qüruru və bir də gücdən qorxusu var. Gücdən qorxu hissi hər zaman oyaq qalanda bu eqo və qürur əvvəl əzilib çeynənir (plastilin kimi).

Sonrakı mərhələdə isə qürur təkəbbürə çevrilir, eqo isə artıq “mən yaxşıyam” yox, “mən filankəsdən, bəhmankəsdən yaxşıyam, Filan müəllimin adamıyam, Bəhman müəllimlə dostam” formasında təzahür edir. Sən ancaq özündən güclülərə hörmət edirsən, onları adam sayırsan.

Özündən zəiflər, kasıblar, hətta istedadlı olsa belə gözünə “aşağılıq tip”lər kimi görünür. Sən olursan sistemin bir hissəsi… Amma mən ola bilmirəm, af edərsiniz.

Mən anlamıram, niyə insan öz istedadını, bacarığını dəyərləndirməməli, niyə daha yaxşı həyat istəməmilidir.

Niyə insan başını aşağı salmalıdır. Və nə üçün başqaları üçün çalışanda da pis olursan, 1-2 gün ailən üçün çalışanda da… Niyə bu insanlar necə gəldi yaşayır, amma özü üçün yaşayanları da qınağa çevirir?

Bir də ki, anlamıram, niyə günah həmişə yıxılanda olur? Niyə həm siyasətə qarışmırıq, həm də bir-birimizə “siyasətin olsun” deyirik…

Və niyə bura Azərbaycandır? Niyə düzələn deyil?…

Rüfət Əhmədzadə

 

Xərçəngnamə

Sevdiyimiz, əziz bildiyimiz insanların itkisi çox ağırdı. Mənim sevdiyim qız, ən yaxın dostum, keçən il atam və bu gün (artıq dünən) də əmim xərçəngdən gedib. Atam 62, əmim isə 65 yaşında vəfat etdilər. Amma sevdiyim qızın öləndə 21, dostumun isə 23 yaşı vardı. Gəncdilər, çox gənc…

Sanki dünyaya ötəri salam verməyə gəlmişdilər. Sevdiyimizi itirəndə bizə elə gəlir ki, ölüb bitəcəyik, vəssəlam..

Amma ölmürük, yaşayırıq. Başqa variant yoxdur. Nə xoşbəxt oluruq, nə bədbəxt. Sadəcə yaşayırıq. Bu gün ailəm var, övladım var, Allahın köməyilə hələ biri də olacaq. Taleyimdən naşükür deyiləm, gözəl ailəm var. Amma tam səmimi və cəsarətlə deməliyəm. Sanki müharibədən qalma bir kontuziyam var.

Hər dəfə nəsə oxşar bir şey eşidəndə silkələnirəm, diksinirəm, yaramın üstü açılır, qan-leysan oluram… Həm də belə şeylər ən yaxın ətradımda baş verir, bir-bir əzizlərimi xərçəng aparır.

Di gəl ki, yenə də yaşayıram. Çünki biz özümüz üçün yaşaya bilmiriksə, övladlarımız üçün yaşamalıyıq. Yaxşı oğlan ailəsinə halal çörək aparan oğlandır. Ona da imkan versələr…

Bağışlayın, başınızı ağrıtdım.

 Rüfət Əhmədzadə

Hər ehtimala qarşı vəsiyyət edirəm

Mayın 10-da atamı itirməyimdən 1 il keçir. İl məclisini bazar günü verdik, amma ildönümü bugünə düşür. Bir il yaman keçdi. Bu bir ildə 10 il qocaldım.
Dəli olacaqdım stresdən, amma bacardım. Bəzən hislərimi sosial şəbəkələrə, yazılara tökürdüm… ona da lağ edən tapılırdı. Buna görə bəzi adamlarla hətta söyüşdük.
Daha hislərimi yazdım, yazmadım, mənası yoxdur. Əsas odur ki, güclü olmağı bacarmışam. Hiss etdiyim kədəri də, sevinci də özüm yaşamışam, özüm keçirmişəm. Kim dərdimi bölüşübsə var olsun. Kim kədərimə sevinib, sevincimə kədərlənibsə canı sağ olsun.
Bir gün mən də öləcəm. Son zamanlar səhhətim məni çox incidir. Bilirəm ki, nə yaşasam qənimətdir. O zamana vəsiyyətimdir.
Məni ailəmin istədiyi kimi şiə adətiylə basdırın, amma “Yasin” ardınca da himn oxuyun, qəbrimə Azərbaycan bayrağı sərin (şəhid olmasam da, vətənpərvər bir yazar kimi getmək istəyirəm).
İkicə cümlə də sinədaşıma istəyirəm: “Böyük adam olmadım, amma böyük xəyallarım var idi. Xahiş edirəm, o xəyalların yaşaması üçün dua edin!”. Vəssəlam… Mümkünsə, komment yazmayın.