Abşeronun baş memarı Akif Əliyev “Yeni Bakı” haqqında dediklərini niyə danır? – FOTO, AUDİO

2016-09-08 /legion.az

(Aprelin 26-da Bakı Appelyasiya Məhkəməsində məsələ ilə bağlı növbəti məhkəmə iclası olacaq. Hakim İlham Əsədova etiraz məktubu da göndərmişəm və bu məqaləni də öz bloqumda dərc etməyi lazım bildim)

 “İlin Dörd Fəsli” MMC öz diqqətsizliyininin əvəzini Rüfət Əhmədzadə və Legion.az-dan çıxmaq istəyir?
Ümid edirik ki, İradə Gülməmmədova şöbə müdiri Akif Əliyevin ikili davranışına səssiz qalmayacaq…

Avqustun 30-da Legion İnformasiya Agentliyinə Nərimanov Rayon Məhkəməsindən məktub gəlib. Həmin məktubda bildirilir ki, “İlin Dörd Fəsli” MMC Legion İnformasiya Agentliyi və jurnalist Rüfət Əhmədzadəyə qarşı şirkətin işgüzar nüfuzuna ziyan vurmaq ittihamıyla iddia qaldırıb. Şirkətin bu iddiası iyulun 15-də Legion.az saytında dərc olunan ““Abşeronun baş memarı “Yeni Bakı”da binaların çökməsini təsdiqlədi” adlı məqalə ilə bağlıdır.

Bu məqalədə müəllifin yalnış məlumat verərək və Akif Əliyevin sözlərini təhrif edərək cəmiyyəti aldatdığını, “İlin Dörd Fəsli” MMC-nin işgüzar nüfuzuna ziyan vurdğunu hesab edən şirkət rəhbərliyi jurnalist Rüfət Əhmədzadədən və “Legion İnformasiya Agentliyi” MMC-dən 243 min 367 manat tələb edir. Bu iddia ilə bağlı olaraq, Nərimanov Rayon Məhkəməsinin hakimi Fuad Abdıyev sentyabrın 5-də saat 14:15-ə hazırlıq iclası təyin edib. Əvvəla qeyd edək ki, iddia ərizəsində sözügedən yazının başlığı da düz qeyd olunma64f49BINAyıb. Yazının başlığı legion.az saytında ““Yeni Bakıda” binaların çökməsini təsdiqlədi” yox, “Abşeronun baş memarı “Yeni Bakı”da binaların çökməsini təsdiqlədi” olaraq verilib. Digər tərəfdən, nə Rüfət Əhmədzadə Nərimanov rayonunda qeydiyyatdadır, nə də “Legion İnformasiya Agentliyi” MMC-nin məsələyə aidiyyatı yoxdur.
Çünki 2016-cı il iyulun 15-də “Abşeronun baş memarı “Yeni Bakı”da binaların çökməsini təsdiqlədi” başlıqlı məqalə Legion.az saytında dərc olunarkən, bu sayt “Legion İnformasiya Agentliyi” MMC-nin nəzdində olmayıb. “Legion İnformasiya Agentliyi” ilə heç br əlaqəsi olmayan jurnalist Rüfət Əhmədzadə dəfələrlə “Yeni Bakı” komendantı Ehtiram Yusifovun və “İlin Dörd Fəsli” MMC-nin nümayəndələrinin fikrini işıqlandırıb. Rüfət Əhmədzadə obyektivlik nümayiş etdirərək, “İlin Dörd Fəsli” MMC ilə, eləcə də Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxlayıb.

FHN əməkdaşları sakinlərin müraciət etməsinin vacib olduğunu deməsindən sonra, tərəfimizdən sakinlərə bu tövsiyə çatdırılıb və bir neçə sakin FHN-in “Qaynar Xətti”nə müraciət edərək, öz narahatlıqlarını bildiriblər. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinin əməkdaşları məhz SAKİNLƏRİN ŞİKAYƏTİ ƏSASINDA “Yeni Bakı” yaşayış kompleksinə getmiş və vizual baxışla rəy tərtib etmişdilər. Bu müraciəti də biz öz saytlarımızda işıqlandırmışıq.
Həmçinin, iyulun 18-də qanunvericiliyin tələblərinə uyğun olaraq, “İlin Dörd Fəsli” MMC-nin ulviyye.aliyeva@idfbaku.com adlı korporativ elektron poçt ünvanından gələn münasibəti dərc etmiş, şirkət nümayəndəsinin bizə qarşı işlətdiyi ittihamları da etika çərçivəsində cavablandırmışıq. Oxucular Qafqaz Xəbər Agentliyi “Yeni Bakı” ilə bağlı ittihamlara cavab verdi” başlıqlı yazıya diqqət etsələr görərlər ki, heç bir firma blankında olmayan, sonda təkzib müəllifinin vəzifəsi, imzası və ya əlaqə nömrələri qeyd olunmayan məktubda aşağıdakı tələb yer alır: “Bizim mövqemizi işıqlandırmağınızı tələb edirik.  Bütün lazımi sənədlərin elektron variantını və hadisənin təffərrüatlarını sizə yazılı şəkildə göndərə bilərik”.
Lakin iyulun 16-dan ay yarım vaxt keçib və “İlin Dörd Fəsli” MMC bütün şikayətlərə, narazılıqlara, hətta özlərinin “böhtan” adlandırdıqları informasiyalara heç bir şəkildə sübutlu-dəlilli münasibət bildirməyib, yazılı şəkildə heç bir “təfərrüat” göndərməyib. Beləliklə, sual yaranır: İlin Dörd Fəsli” MMC öz diqqətsizliyininin əvəzini Rüfət Əhmədzadə və Legion.az-dan çıxmaq istəyir? Onların münasibəti daim işıqlandırıldığı halda, indi bu məhkəmə iddiası hansı məqsəd güdür? Digər tərəfdən, “İlin Dörd Fəsli” MMC tərəfindən irəli sürülən iddia ərizəsində vurğulanır ki, FHN TTNDA-nın rəyində “sakinlərin heç birinin şikayətçi olmadığı” göstərilib. Əgər sakinlər şikayətçi deyildisə, o zaman FHN işçiləri niyə həmin yaşayış kompleksində baxış həyata keçiriblər? FHN TTNDA-nın “Yeni Bakı” rəhbərliyinə məktubunun fotoşəklini də oxuculara təqdim edirik. 14171944_290039244702809_2121985026_nHəmin məktubda agentliyin rəis müavini Elxan Əsədov bəzi çatışmazlıqların olduğunu bildirir və onların tez bir zamanda aradan qaldırılmasını xahiş edir. Deməli, çatışmazlıqlar var. Biz inşaat firması deyilik, memarların həmkarlar ittifaqı da deyilik, eləcə də binalarda çatları görüb narahat olan sakinlər ekspert deyil. Hər hansı məsələni araşdırıb aydınlaşdırmaq isə bizim vəzifəmiz və konstitusyon hüququmuzdur.
“İlin Dörd Fəsli” MMC sakinlərlə və mətbuatla münasibət qurmağı, anlaşılmazlıqlara aydınlıq gətirməyi bacarmırsa, “Yeni Bakı”dan mənzil alan vətəndaşların müqaviləni ləğv etmək tələbi qaldırmasında bizim nə günahımız var? “İlin Dörd Fəsli” MMC məhkəmə iddiasında əlində əsas kimi “Abşeronun baş memarı Akif Əliyevin “çökmə əlamətləri” ifadəsini dilinə gətirməməsi”ni götürüb, lakin Qafqaz Xəbər Agentliyinin “Youtube” kanalında yerləşdirilən audioyazıdan aydın olur ki, Akif Əliyev bu sözləri bildirib. Jurnalist telefon söhbətini yazıya çevirərkən, məzmunu yığcamlaşdırmaq və cümlə quruluşlarına dəyişiklik etmək hüququna malikdir. Əgər burda fikirlər təhrif olunmursa, deməli, narahatlıq üçün də hüquqi əsas yoxdur.mTHgjzUQ-1
Avqustun 30-da Kavkaznews.az-da dərc olunan yazıdançıxarışı oxuculara bir daha təqdim edirik: Məqalədə “Yeni Bakı” yaşayış kompleksindəki bəzi binalarda çatların müşahidə olunmasıyla bağlı sakinlərin müraciəti işıqlandırılıb. Məqalədə həqiqətən də Akif Əliyevdən aşağıdakı sitat gətirilib: “Bəli, “Yeni Bakı”dakı vəziyyətlə tanış olmuşuq, araşdırmışıq. Həqiqətən də çatlar var, binalarda çökmə əlamətlərinin olduğunu müəyyən etmişik”.
“Bəli, mən Rüfət Əhmədzadə ilə müsahibə zamanı həqiqətən də demişəm ki, “Yeni Bakı” şəhərciyindəki vəziyyətlə tanış olmuşam. Mən binalarda çatların olduğunu da demişəm. Amma çökmə əlamətləriylə bağlı heç nə deməmişəm. Mən bunu necə müəyyən edə bilərdim? Mən layihə memarıyam, geoloq və ya konstruktor deyiləm ki, çökmənin olub-olmadığını müəyyən edim”, – deyə Akif ƏliyevKavkaznews.az-a bildirib.
A.Əliyevin sözlərinə görə, o binaların yaşayış üçün təhlükəlilik dərəcəsini FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyi və ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edə bilər: “Mən vətəndaşların müraciəti əsasında o binaların yaşayış üçün təhlükəlilik dərəcəsini FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinə müraciət etdim. Agentliyin mütəxəssisləri dedilər ki, bu işlə məşğul olurlar. Onlar dedilər ki, bu məsələ ilə bağlı rəyimizi hazırlayırıq”.
“Bəs Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmisiniz?” – deyə soruşduq. “Yox, bu mənim işim deyil”, – deyə Abşeronun baş memarı cavab verdi. Junalist Rüfət Əhmədzadə bizə bildirdi ki, o, Akif Əliyevin sözlərini təhrif etməyib: “Akif Əliyev həqiqətən də deyib ki, “Yeni Bakı”dakı binalarda çökmə əlamətləri var. Müsahibənin səs yazısını məhkəməyə təqdim etməyə hazıram”.
Biz jurnalist Rüfət Əhmədzadənin Legion İnformasiya Agentliyi tərəfindən bizə təqdim olunmuş Akif Əliyevlə müsahibəsinin səs yazısını dinlədik. Qeyd edək ki, müsahibə zamanı Akif Əliyev həqiqətən də bildirib ki, “Yeni Bakı” yaşayış kompleksindəki binalarda “çökmə əlamətləri var”. Akif Əliyev FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinə müraciət etdiyini də deyib. Biz öyrənmək istədik, FHN bu müraciəti araşdırıbmı?
“Akif Əliyev bizə “Yeni Bakı”dakı binalarla bağlı müraciət göndərməyib”, – deyə FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinin ümumi şöbəsinin əməkdaşı Gülnar Hüseynova bildirdi. Abşeronun baş memarı sonrakı telefon söhbətində FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinə məktubla müraciət etmədiyini dedi: “Mən onlara sadəcə zəng etmişəm”. “Mən sizin Rüfət Əhmədzadəyə verdiyiniz müsahibənin səs yazısını dinlədim. Orda siz həqiqətən də deyirsiniz ki, “Yeni Bakı”dakı binalarda çökmə əlamətləri var, – deyə qeyd etdik.
“Mən bunu deməmişəm. Sizinlə danışmağa vaxtım yoxdur. Vətəndaşları qəbul edirəm”, – deyə A.Əliyev dəstəyi asdı”. Oxucularda sual yarana bilər: Görəsən, Abşeronun baş memarı Akif Əliyev “Yeni Bakı” haqqında dediklərini niyə danır? Biz ümid edirik ki, tezliklə bu və digər suallara aydınlıq gətiriləcək və hansısa məmurun öz yaxasını kənara çəkdiyinə görə, jurnalist Rüfət Əhmədzadə məhkəmə qarşısında “cəmiyyəti çaşdıran, qərəzli məlumatlar yayan biri” kimi durmayacaq. Bu, həm də bir jurnalistin və onun təmsil etdiyi mətbu orqanın işgüzar nüfuzuna zərbə ola bilər. Eyni zamanda ümid edirik ki, İradə Gülməmmədova şöbə müdiri Akif Əliyevin ikili davranışına səssiz qalmayacaq…
Araz Məmmədov

Qafqaznews.az

Mövzu ilə bağlı linklər:

http://qafqaznews.az/2016/08/ilin-dord-f-sli-sirk-ti-legion-informasiya-agentliyini-m-hk-m-y-ver-bilm-z-audio/
http://legion.az/9729–ab%C5%9Feronun-ba%C5%9F-memar%C4%B1-yeni-bak%C4%B1-da-binalar%C4%B1n-%C3%A7%C3%B6km%C9%99sini-t%C9%99sdiql%C9%99di-%E2%80%93-ara%C5%9Edirma–foto–v%C4%B0deo.html
http://qafqaznews.az/2016/07/qafqaz-x-b-r-agentliyi-yeni-baki-il-bagli-ittihamlara-cavab-verdi-reaksiya-cavab/ http://qafqaznews.az/2016/08/must-r-k-c-miyy-t-yaradan-yeni-baki-sakinl-ri-t-zyiql-r-m-ruz-qalir-sikay-t-foto-video/
http://qafqaznews.az/2016/07/yeni-baki-da-yangin-cixislari-ayri-ayri-sakinl-r-satilir-foto-video/
http://qafqaznews.az/2016/07/yeni-baki-da-c-za-kampaniyasina-start-verildi-foto-video/ http://legion.az/9503–yeni-bak%C4%B1da-m%C9%99nzil-m%C3%BClkiyy%C9%99t%C3%A7il%C9%99ri-ramiz-mehdiyev%C9%99-m%C3%BCraci%C9%99t-etdil%C9%99r-m%C6%8Ftn.html
http://qafqaznews.az/2016/06/yeni-baki-sakinl-ri-dovl-t-bascisina-muraci-t-etdi/
http://qafqaznews.az/2016/05/yeni-baki-da-isiqsiz-qalan-sakinl-r-alternativ-enerji-axtarirlar-video/
http://qafqaznews.az/2016/05/yeni-baki-da-qalmaqal-dusdu-sakin-ozunu-yandirmaq-ist-di/
http://qafqaznews.az/2016/05/az-risiq-dovl-t-bascisinin-f-rmanina-qarsi-gedir/
http://qafqaznews.az/2016/04/yeni-baki-massivinin-sakinl-ri-ozbasinaliq-v-kobudluqdan-sikay-t-edir-video/
http://qafqaznews.az/2016/04/az-risiq-dan-yeni-baki-sakinl-rin-q-rib-cavab-gedin-prezident-sikay-t-edin/

Advertisements

Bir-birinin arvadına göz dikənlər…

Ötən il ölkə mətbuatında yayımlanan,  “Kitablar və insanlar” silsiləsində yazdığım bir yazını oxuculara təkrarən təqdim edirəm:

Rüfət Əhmədzadə

“Elgizin millətçiliyi Cek Londonun gözüylə”

Televizora baxan deyiləm. Artıq illərdir ki, mavi ekran deyilən nəsnənin qatı düşməniyəm.

Vaxtaşırı hansısa təsadüf nəticəsində göz və qulaq şahidi oluram, ondan da əsəblərim korlanır.

Bu yaxınlarda işimizdə mətbəxə çay süzməyə keçərkən, ANS-in efirində səslənən bu sözlər beynimə işlədi: “Biz dünyanın ən humanist xalqıyıq”.

Bu sözləri aparıcı Elgiz deyirdi və bununla, bir qızın öz doğma bacısını öldürməsi hadisəsinə giriş alırdı… Bizdə belə şey ola bilməz. Olsa da, çox pisindən olar.

Həqiqətən də, baş verən dəhşətli haldır. Və Elgizə də haqq qazandırıram. Adam nə qədər milləti, xalqı öz “süzgəcin”dən keçirib, papuasları, astekləri, yaponları, ingilisləri, afrikalıları yoxlayıb və axırda qərara gəlib ki, dünya xalqları içində ən humanist xalq azərbaycanlılardır.

Məsələ heç Elgizdə də deyil. Efirdən tez-tez belə şeyləri eşidirik. “Dünyanın ən sürətlə inkişaf edən ölkəsi”, “dünyanın ən qonaqpərvər xalqı”, “ən tolerant cəmiyyət”… Bir-birimizin ətini yeyirik, bir-birimizə badalaq gəlirik, işdən qovulmaq, həbs olunmaq qorxusuyla çox şeyi uduruq… Nəticədə oluruq tolerant.

Hərdən görürsən ki, yekəağız bir müğənni efirə çıxıb, milli-mənəvi dəyərlərdən danışır. Bu mənzərə o qədər dəhşətli olur ki, səmimi millətçilər də utanır. Amma bunun adı millətçilik deyil. Başqa “–çılıq” və “-çilik”lərdəndir.

Bu günlərdə Cek Londonun (Jack London) “Güclülərin qüvvəti” adlı hekayəsini oxudum. “Uzunsaqqal” ləqəbli qoca bir kişi nəvələrinə öz doğma qəbiləsinin tarixindən danışır. Balıqyeyənlər (balıqçılar) qəbiləsi “Dəniz vadisi”ndə yaşayır və daim “Böyük vadi”dəki Ətyeyənlər (ovçular) qəbiləsinin hücumlarına məruz qalırdı.

Balıqçıların vəziyyəti ağır idi. Çox olsalar da, güclərini anlamırdılar. Ailələr ayrı-ayrı ağacların başında yaşayırdı. Hər kəs özünə görə idi. Kimsə güclü idi, zəifin arvadını oğurlayıb öz ağacına dartırdı. O zəif isə başqa bir zəifin arvadını oğurlamaqla özünə təsəlli verirdi.

Beləcə, kim kimi necə xamladısa, elə də zövqlə yaşayırdı. Bir gün ovçular balıqçıların kəndinə hücum etdi, onların kişilərini bir-bir qırdı, qadınlarını əsir apardı. Ondan sonra balıqçılar anladı ki, 60 nəfərin 10 nəfərə qarşı gələ bilməməyinin tək səbəbi birliyin olmamasıdır.

Balıqçılar qəbilə şurası yaratdı, mühafizə dəstələri və növbətçilər təyin olundu. Amma yenə də, arvad oğurlamaq adəti səngimədi. Qəbiləni düşməndən qoruyan mühafizəçilərin gözü arxada qalmışdı. Tezliklə, arvad oğurlamaq da qadağan olundu. Hətta özünü güclü sayanları da yığışıb öldürürdülər, çünki başqalarından güclü olmaq qadağan idi.

Şuranın rəhbər seçdiyi adam isə işləri yaxşılaşdırmaq əvəzinə öz mövqeyini möhkəmlətdi, öləndən sonra da oğlu onun yerini tutdu. Yeni hökmdar qəbilədən özünə yaxın adamlara güvənib xalqı əzməyə başladı. “Vilka-lojka” dəstəsi deyilən bir şey.

Bir tənbəl və başıxarab adam özünü kahin elan etdi, daxmasında tanrını saxladığını və o tanrının adından hökmdara itaətin vacib olduğunu bildirdi. Hökmdar bu kahini himayəsinə aldı.

Xalqın vəkilləri də hökmdarın vəkili oldular. Tezliklə, torpaq tutub tarla salan birisi bütün taxıl biznesini nəzarətə aldı, bir başqası balıq tutmağı inhisara götürdü, digəri “odlu su” (araq) biznesi ilə, digəri isə keçi saxlamaqla oliqarx oldu. Onlar hökmdara vergi verir, hökmdarın dəstələri isə bu oliqarxları qoruyurdu. Xalq qazandığını bunlara verir, əvəzində “dilənçi payı” alırdı.

Bir gün avara bir Böcək də peyda oldu. Ləqəbinə sadiq qalaraq, vızıldayaraq xalqın könlünü xoş nəğmələrlə oxşadı. “Ətyeyənlər əclafdır”, “Ar olsun düşmənlərə”, “Xalqı geriyə aparmaq istəyənləri dinləməyin”, “İslahatçılar inkişaf istəmir” və s.

Əlbəttə ki, xalqı nəzarətdə saxlamaq üçün düşmənlər də lazım idi, ancaq dostlar yox. Tez-tez müharibələr etmək, “daxili düşmənləri” cəzalandırıb el içində biabır etmək… Amma bütün bunların da bir həddi var.

Bir gün ətyeyənlər hücum elədi. Gücdən düşən, dilənçilər, xəstələr və əlillərin qəbiləsi darmadağın oldu. Hamını qırdılar – iki nəfərdən başqa. Axsaq olan Uzunsaqqal qaçıb canını qurtardı, Böcək isə keçdi Ətyeyənlər qəbiləsinin tərəfinə. Və oldu Ətyeyən qəbiləsinin “xalq artisti”.

Böcəklərə etibar yoxdur. Ümumiyyətlə, düşmən axtarmaq təhlükəli şeydir… Öz qəbiləsini həddən artıq sevmək də.

(yazı oxuzali.az-ın arxivindən götürülüb)

“Ölüb-dirilən” şəhərdən etüdlər

Rüfət Əhmədzadə

 “Ölüb-dirilən” şəhərdən etüdlər


reportaj 21

Bəlkə də, mənim bu yazımda Varşava üçün işlətdiyim “ölüb-dirilən” ifadəsi bir çox polyakın qəzəbinə səbəb olar, lakin o şəhərlə tanışlıqdan sonra başqa bir “bədii tərif” tapa bilmədim, ağlıma ayrı heç nə gəlmədi.

Əslində ölənin dirilməsi möcüzəli haldır, dünyada daha çox İsa Məsihə şamil olunur.  Elə Varşava üçün də möcüzəli sayıla bilər. II Dünya Müharibəsində 3 dəfə (1939, 1943, 1944) dağıdılmış şəhərin 90 faizdən çox hissəsinin, minlərlə binanın yenidən bərpası  1940-cı illərin sonundan 1970-ci illərə qədər davam etdi. Bu isə polyak xalqının öz doğma paytaxtına, öz tarixinə sevgisi və ayaq üstə qalxmaq iradəsindən xəbər verir. Onlar “ölü” şəhəri yenidən diriltdilər. Hətta, Varşavada gəzintim zamanı bir neçə bina görürdüm ki, yenidən bərpa işləri gedirdi. Lakin dağıdılmış şəhərin bərpası adi restavrasiya deyil, tamamilə yenidən tikilmə idi. Milyonlarla dollar xərclənib, Varşava sakinləri pul yığıblar, özləri də abadlaşdırma işlərində iştirak ediblər, təki doğma şəhər yenidən dünyaya gülümsəyə bilsin!

Səfərimiz “Culture.Pl” saytının təşkilatçılığı ilə baş tutdu. Mən və kinoşünas-yazar Ülvi Mehdi mayın 24-də Varşavaya yollandıq. Səfərimiz mayın 28-dək davam etdi.

Ülvinin səfər proqramı daha çox Polşa kinosu ilə əlaqəli tərtib olunmuşdu, mən isə ədəbiyyat, kitabçılıq və media ilə bağlı şəxslərlə görüşəcəkdim. Lakin bir neçə gün ərzində bələdçimiz Pavel Litskeviç ilə birlikdə şəhəri gəzmək, Varşavanın tarixinə nəzər salmaq imkanımız da oldu, elə bu yazımda məhz şəhərlə bağlı təəssüratlarımı bölüşəcəyəm.

Varşava Avropanın ən bəxtsiz şəhərlərindən hesab olunur – məhz 5 il içində 3 dəfə amansızcasına dağıdıldığına görə.

Vaxtilə “Şimali Paris” adlandırılan Varşavanın dağıdılmasına 1939-cu ildə – Nasist Almaniyası və SSRİ arasındakı sazişdən sonra başlanıldı. Qeyd edim ki, almanlar Polşada 6 milyon insanı, kommunistlər isə 5 milyon insanı terrora məruz qoyublar. Təkcə Xatında Stalinin əmri ilə 21 min polyak əsgər və zabit güllələnmişdi. Polşanın qoparılmış şərq vilayətlərindən Lvov hazırda Ukraynanın sərhədləri daxilindəndir. Polyaklar həmin torpaqları unutmayıblar, vaxtaşırı yada salırlar.

Lakin Ukraynaya qarşı Polşa tərəfindən hər hansı ərazi iddiası yoxdur. Bu gün Ukraynanın Polşa ilə isti münasibətdə olması, elə rəsmi Varşava üçün böyük qələbə sayıla bilər.

Həm də hazırkı vəziyyətdə… həmsöhbət olduğum bir çox Varşava sakinləri bunun yersiz olduğunu, Ukraynaya işğalçı Rusiya ilə mübarizədə dəstək gərəkdiyini bildirdilər. İnadla SSRİ-nin irsinə sahib çıxdığını iddian edən Rusiya Federasiyası isə bu cinayətlər barədə eşitmək istəmir, əksinə, polyakları və başqa Mərkəzi Avropa xalqlarını nankorluqda ittiham edir…

Qayıdaq  Varşavanın “ölməsi” söhbətinə. Varşavaya ilk zərbələr şəhərin 28 günlük müharibəsi zamanı endirildi.  Varşavanın ələ keçirilməsindən sonra bir neçə dəfə üsyan cəhdləri olsa da, hər dəfə bu üsyanlar amansızcasına yatırılmış, on minlərlə insan güllələnmiş və ya başqa şəkildə edam olunmuş, tarixi binalar isə hər birinə yüzlərlə, minlərlə dinamit qoyulub partladılmışdı. Hazırda 1,6 milyon əhalisi olan şəhərin müharibədən əvvəl 1,3 milyon sakini var idi (onlardan 250 minə yaxın yəhudi idi), müharibədən sonra isə şəhərdə bir neçə min insan qalmışdı…

“Staro Miasto” və ya “Starovka” (Köhnə şəhər) adlandırılan mərkəz rayonu Varşavanın ilk işğal günlərində tamamilə dağıdılmış, kral qəsri, tarixi abidələr və bir çox qədimi bina məhv edilmişdi.

1943-cü ilin aprelində 100 mindən çox yəhudinin sıxışdırılıb yaşadığı gettoda üsyan baş verdi, amma təbii ki, üsyan qısa müddətdə yatırıldı və Hitlerin əmri ilə şəhər ikinci dəfə dağıdıldı. 1944-cü ildə almanların şərq cəbhəsində geriləməsindən həvəslənən və Moskvanın “qardaşlıq” və “birgə mübarizə” çağırışlarına inanan polyak partizanlar və narazı sakinlər böyük üsyan qaldırdılar, faşistləri Visla çayının sağ sahilinə sıxışdırdılar. Kömək etmək imkanı varkən, Stalin qoşunlarına Varşava üsyanına “qarışmamaq” əmri verdi. Onsuz da, sonra gəlib şəhəri döyüşsüz alacaqdılar. Almanların əsas qüvvələri isə geriyə çəkilməkdə idi.

1944-cü ilin avqust-sentyabr aylarında baş vermiş döyüşlərdə üsyançılara qarşı alman hrəbçilərindən çox təslimçi kazaklar, ukraynalılar, başqa millətlərin nümayəndələri, xüsusilə də azərbaycanlılar döyüşüblər. Bəli, “cəza qüvvələri”nin tərkibində etnik çoxluğuna görə azərbaycanlılar fərqlənirdi – general fon dem Baxın rəhbərlik etdiyi 111-ci Azərbaycan Piyada Polku. Bunu mən bilmirdim, Paveldən eşidəndə çox təəccübləndim, hətta inadla mübahisə etməyə də çalışdım. Amma tarix elə tarixdir, dəyişmək olmaz. Otelə gəldiyimdə müxtəlif dillərdə olan mənbələrə də rast gəldim, bizim dilimizdən savayı. Gizlətməklə Polşa ilə münasibətlərimizi qorumuş olmuruq… Açmaqla da özümüzü pis etmirik. Onda gərək almanlar adam arasına çıxmasın, nə edə bilərik ki?!  Utanmayaq, qorxmayaq, inkar etməyək… Sadəcə nəticə çıxaraq!

Varşava üsyanı nəticəsində hər beş evdən dördü xarabaya çevrilmişdi.  Dağıntıları tərk edən sakinlər fevral ayında şəhərə qayıdanda bir binanın xarabalıqları altında, zirzəmidə qocaq bir qadının qışdan sağ-salamat çıxdığını gördülər. Onun ətrafına göyərçinlər yığışmış, şaxtadan qorumuşdular. İndi həmin evin qarşısında həmin qadın üçün xatirə tablosu və göyərçinlərin əhatəsində olan qadın təsviri də var….

Varşavanın mərkəz hissəsi, yəni “Köhnə şəhərin” abadlaşdırılması 20 ilə yaxın vaxt aldı. Bu abadlaşdırma işləri isə heç də asan olmadı. Qarət olunmuş ekspanatların və şəhər mənzərəsinə aid rəsmlərin tədricən geri qayıtması, müxtəlif fotoşəkillərin xarabalıqlarla tutuşdurulması, eləcə də arxivlərin açılması ilə binaları və abidələri  mümkün qədər dəqiq bərpa etməyə çalışdılar. Daha çox da, işğaldan bir il əvvəl diplom işi olaraq şəhərin bütün binalarının ölçülərini götürmüş Varşava Universitetinin memarlıq fakültəsinin tələbələrinin eskizləri bu mübarizədə yardımçı oldu. Xoşbəxtlikdən, fakültənin arxivləri salamat qalmışdı… Kral Siqizmundun şərəfinə (oğlu tərəfindən) ucaldılmış sütunun orijinal qalıqları indi bir kənara qoyulub, kral qəsrinin qalıqları isə Varşava Üsyan Muzeyinin (elə həmin qəsrdə yerləşir) içində qoyulub. Muzeydə partizanların gizli tipoqrafiyası və şəhərin dağıdılmış zamanı ilə bağlı təsvirlər, fotolar var. Bir zalda filmlər nümayiş olunur, nisbətən kiçik olan digər zalda isə dağıdılmış Varşavanın quşbaxışı 3D görüntüsü nümayiş olunurdu.

Həmçinin almanların təqibindən qaçan üsyançıların istifadə etdiyi kanalizasiya tunellərinin (həmin tunellərin özü aralıdadır) süni modelləri yaradılıb və muzeyin qonaqları həmin tunellərdən beş dəqiqə keçməklə, iki sutka ərzində dar və qoxulu tunellərdə əzab çəkən insanların vəziyyətini təsəvvür etmiş olurlar. Yeri gəlmişkən, almanların tunel lyuklarını atəşə tutması zamanı 18 yaşlı gənc bir polyak qız ağır yaralanmışdı. Alman əsilli bir həkim isə həmin qızın həyatını xilas etmiş və onun “nəzarət atəşi” ilə öldürülməsinə imkan verməmişdi.

Şəhərin abadlaşdırılması zamanı bəzi məzəli və absurd hallar da baş vermişdi. Məsələn, XVII əsrə aid Palac Branickich (Branitskilərin Sarayı) ilə bağlı tarixi fakt. Deməli, XVIII əsrdə rəssam Bernardo Bellotto kralın əmri ilə Varşavadakı binaların rəsmini çəkərkən, Branitski ailəsi (şəhərin varlı şlyaxta zadəganı Stefan Mikolayay Branitski evi Sapieh ailəsindən alıb yenidən inşa etdirib) rəssamdan “balaca” xahiş ediblər: “Bizim evin də şəklini çək, amma biz dama heykəllər qoymaq istəyirik, hələ pulumuz çatmır). Rəssam razılaşır, onlardan eskizlər alır, lakin özü də Branitski ailəsi ilə məzələnmək üçün heykəllərin yanında meymun fiqurları da təsvir edir. İki əsr keçir, binanın damına heç vaxt heykəl qoyulmur. Əslində heykəlsiz olan bina II Dünya Müharibəsində almanlar tərəfindən dağıdılır, Varşava yenidən qurulanda isə həmin rəsm əsərində olduğu kimi yenidənqurma işləri görülür. Yəni, Branitskilərin xəyal etdiyi heykəllər düz 200 il sonra, həm də meymun fiqurları ilə birlikdə reallaşır. Şəhərdə ən fərqli binalardan biridir. Yəqin ki, siz də damında heykəllər olan bina görməmisiniz… Rəssamın məzəsi də beləcə həyata keçmiş olub.

Qeyd edim ki, vaxtilə Polşada 5 milyona yaxın yəhudi yaşayıb, indi isə bu ölkədəki yəhudi icması cəmi 20 min nəfəri əhatə edir. Lakin Varşavada daxili dizaynına görə Qırmızı Dənizinin aralanmasını və bir sıra Bibliya rəvayətlərini xatırladan möhtəşəm Polin Polşa Yəhudilərinin Tarixi Muzeyi var, bu muzeydə müasir texnologiyalardan da səmərəli istifadə olunur. Səfərimizin son günündə bu muzeyin mədəniyyət proqramları üzrə koordinatoru Kayetan Proxira (Kajetan Prochyra) ilə görüşdük və o, Polin muzeyinin akt zalında hər həftə ən az 1 konsertin keçirildiyini və bu konsertlərin müxtəlif milli mənsubiyyətləri, müxtəlif janrları əhatə etdiyini dedi: “Bu işlər üçün büdcəmiz elə də çox deyil, lakin davamlı konsertlər keçirməklə tədbirlərin maliyyəsini təmin edə bilirik, həm də bəzən konsert və festivallar olanda zalı icarəyə veririk”.

Polşa Milli Muzeyində də olduq və oranın da teatrının olduğunu öyrəndim – aldığım ekskursiya biletinə muzeydəki teatrın son tamaşasına da getmək üçün güzəşt kuponu əlavə edilmişdi. Polyakların özünübərpaetmə qabiliyyəti onların tədbirli davranışları ilə də əlaqəlidir. Mədəni irsə diqqətlə yanaşırlar. Muzeylərdə köhnə əsərlərin surətini çəkən xeyli gənc rəssamlar görürdüm. 1938-ci ilin tələbələri kimi, bu gənclərə diplom işi olaraq milli mədəniyyət nümunələrinin surətini canlandırmaq həvalə olunub.

Şopen Muzeyində dahi bəstəkarın köhnə fortepianosu və əşyaları ilə yanaşı, o dövrə aid bir çox eksponatlar var və Şopen dövrünə aid tarixi hadisələri də monitordan izləmək olur. Muzey işində monitorlardan və sənədi animasiyalardan istifadə mənim üçün xoş bir yenilik idi.

Polşanın son kralı Stanislav Avqust Ponyatovski tərəfindən yay iqamətgahı kimi salınmış Lajenki Kral Parkında da Şopenin abidəsi var və hər bazar günü açıq havada, abidənin yanında gənc musiqiçilərin konsertləri olur.

Adam Mitskeviç adına Polşa Ədəbiyyatı Muzeyində isə bir daimi kolleksiya dahi şair Adam Mitskeviçə aiddir, digəri isə hər il bir yazıçı olmaqla dəyişir. Hazırda məşhur yazıçı Mariya Dombrovskayanın yaradıcılığı muzey qonaqlarına təqdim olunur, onun əsərlərinə çəkilən və ya ona ithaf olunan filmlər nümayiş etdirilir. Həmçinin muzeydə vaxtaşırı təqdimatlar keçirilir, uşaq kitab bayramları və gənc yazarların gecələri təşkil olunur. Təəssüf ki, bizim ölkədə belə muzey yoxdur… Həm də təəssüf ki, 40 milyonluq Polşa kitab oxunmasına görə Avropada ən son yerlərdən birində qərarlaşıb (axırdan dördüncü).

Ümumiyyətlə, təəssüf ki, Azərbaycan bu ölkənin (və ya Bakı Varşavanın) son 25 ildə keçdiyi inkişaf yolunun beşdə birini də keçə bilməyib. Gözəgəlimli binalardan, göydələnlərdən danışmıram. Polşanın çoxşaxəli inkişaf təcrübəsi iqtisadiyyatı neftdən asılı olan Azərbaycan üçün çox yaxşı nümunə ola bilər.

Göydələn binalardan Varşavada çox azdır (ya da mən az gördüm), müasir şəhər sahəsinə görə müharibə dövründəkindən 4 dəfə böyükdür; əhali sayı Bakıdan 3 dəfə az olmasına baxmayaraq, şəhərin genişliyi, yaşıllıqların bolluğu və tıxacların azlığı ürək açır. Tarixi ruhu qorumaq üçün olan sevgi, mədəniyyətin təbliğinə müasir yanaşma üsulları, şəhər mədəniyyəti, qanunsevərlik, polislərin 4 gün ərzində yalnız Sevilya-Dnepreptrovsk oyunu zamanı görünməsi, mübahisəyə meyilliyin az olması, hər kəsin öz həyatını rahat sürməsi… Daha nələri sayım?

Hə, bir gecə Varşava küçələrində gecə saat 4-ə qədər gəzməli oldum,, otelə geri qayıdarkən isə polyak taksi sürücüsü sayğac ola-ola (sayğacın üstündə jaket olsa da, bir balaca əyiləndə 50 zlotı yox, 13 zlotı ödəməli olduğumu görürdüm) məni aldatmağa, artıq pul almağa çalışdı.

Mənsə sürücünü şoka salaraq polyak dilində dedim ki, “pan, mən polonistəm, Varşavaya sizin ölkəniz, xalqınız haqqında reportaj hazırlamağa gəlmişəm, sizsə məni adi turist bilib aldatmağa çalışırsınız?”. Sürücü duruxdu, üzr istədi. Mənsə gülümsündüm, qapını örtərkən dedim ki, “problem yoxdur, polyaklar yaxşı insanlardır, ölkənizi sevirəm”. Ağsaqqalın qanı qaralmışdı, yəqin ki, ona babat dərs vermişəm. Ümumiyyətlə, orda belə halların çox olmadığını eşitdim, sadəcə bəzi adamlar var ki, turistlərdən “faydalanmağa” çalışır. Belələri bizdə də az deyil.

Əslində azərbaycanlılar da yaxşı insanlardır, çalışaq, heç kimi aldatmayaq. Elə özümüzü də! Bir də ki, polyaklar Azərbaycan haqqında çox az şey bilir (bəziləri bizim ölkənin Əfqanıstanla qonşu olduğunu da düşünürdü), hətta mənim məzunu olduğum Bakı Slavyan Universitetində polyak dilinin tədris olunması faktı bir çox polyak həmsöhbətim üçün də xoş sürpriz oldu. Varşava üçün çox darıxacam…

Atmosfer (növbəti kitabdan qısa hekayə)

Mən bilirdim ki, belə olacaq. Bir şeyin üstündə çox əsəndə – külək yarana bilər, havalar soyuyar, şaxta düşər, boran olar, çovğun qalxar… Və həyatda itirməyə ən çox qorxduğum şey – bizim birgəliyimiz bircə anda sovrulub yoxa çıxar. Bilirdim axı bunu… Necə oldu unutdum?Ya da hər zaman xatirimdə idi, amma inanmaq istəmədim. Əvəzində səmimiyyət haqqında nağılların qurbanı oldum. İtirdim səni… Daha doğrusu, “biz” deyilən şeyi.

Bu “biz” əvəzliyi elə “köpəyoğlu” şeydir ki, onu dilində çox hallandıranda başına bəla olur. Məsələn, deyirlər ki, “pulu çox saymazlar, azala bilər”. Sonra deyirlər ki, “körpə uşağın yanaqlarından çox öpməzlər, uşaq əriyər”. Daha sonra, bəzi internet filosofları da peyda olub, sevginin kitabını yazmış dahilər kimi məsləhətlər verirlər: “Sevdiyinizə onu çox sevdiyinizi çox hiss etdirməyin, yoxsa sizdən bezə bilər”… Doğrudan ha! Olmaya bezdin məndən? Axı elə də çox hiss etdirmirdim.

Evdən səhər 9-da çıxıb axşam 9-da qayıdırdım. Onda da yorğun-arğın. Çay içir, çörək yeyir, yarım saat belə dincəlmədən otururdum kompyuterin qarşısına…  Halbuki, işdə 10 saat şüasını aldığım kompyuterlə 1 saat əvvəl sağollaşmışdım. Evdəki isə başqa – bu kompyuterdə yarımçıq əsərlərim gözləyirdi məni. Gecə saat 3-ə qədər yazırdım, pozurdum, siqaret çəkir, bir az gəzişir… Heydən düşüb, məcburən yatağa girənə qədər.

Deməli, heç sənin üstündə əsmirdim də. Amma sevirdim. Vallah, billah, sevirdim. Elə sevirdim ki, sənə qədər olan sevgililərimin heç birini düşünmür, yada salmırdım. Sənə az vaxt ayırdığıma görə küsürdün, mənsə bu küskünlükdən ilhamlanıb ayrılıq ruhunda şeir yazırdım. Və sən düşünürdün ki… Əşşi, axı mən necə edəydim ki, lirik şair obrazımı evləndikdən sonra da qoruya bilim. İncimə, amma həmişə şən sevgi şeirlərinə gülmüşəm.

Bəlkə, xoşbəxtliyimizi bir az fərqli yaza bilərdim. Sənin duyğulu gözlərində, oğlumuzun məsum təbəssümündə… Amma mən, həmişə sizi xoşbəxt etməkdə acizliyimdən ilhamlanmışam. Mənə bədbəxtliyim şöhrət gətirib. Başqa obrazla mümkünsə də belə, mən artıq bu “oyunun içindəyəm” – ən azından, belə düşünürdüm. Və özümçün əsirdim – ruhumu oxucularım üçün yelpik edərək.

Və bir də bilirdim ki, çox şeir yazmaq ruzini qaçırır. Bunu kimsə deməmişdi mənə. Heç hardan oxumamışdım. Sadəcə qeybdən gələn səsmi deyim, yoxsa beynimin bir guşəsində oyanan qorxu instinkti… Təcrübəylə də görmüşəm bunu. Mən çox lirik şeirlər yazdıqca, daha da uğursuz olmuşam. Sanki bədbinliyim ətrafımdakı bütün müsbət auranı dağıdıb, əvəzində mənhus bir atmosfer yaradıb. Onda sonra isə…

Sonra çox çabaladım, çox əlləşdim, çox əsdim… Sən daha səbir etmədin, daha dinləmədin. Sənin gözlərin doldu, amma səbir kasan da dolmuşdu… Daha nə şeirlərim, nə də yalvarışlarım səni saxlaya, o sevgini, o birgəliyi qaytara bilməzdi.

Sənsiz, sizsiz qalanda əsməyə başladım. Bizdən əsər-əlamət qalmadığını görüb, dəli kimi hayqırdım, uzun-uzun uladım da… Əllərim siqaret dumanını sağa-sola yardı, amma bu lənətlənmiş atmosferi heç cür dağıda bilmədim. Uğursuzluq məni bədənimin hər hüceyrəsindən sıxmağa başladı. Bir anda intihar fikrinə düşdüm…

Sonra səndən zəng gəldi. Ürəyim çırpındı. İlk görüşümüzün həyəcanı kimi, amma ondan da çılğın… Küləklər evimi başına aldı. Boran yarandı, çovğun qalxdı… Şaxta qanımı dondurdu.
İntihar edəcəkdim, yaşamağa məna qoymamışdın. Amma ölməyə də məna qoymadın. Xəbərdarlıq elədin, “hər ay uşaq üçün aliment verməlisən” dedin. Nə yaxşı ki, mənim niyə və kim üçün yaşadığımı yadıma saldın. Daha lirik şeirlər yazmağa vaxt olmayacaq.

Alpay Azər və Rüfət Əhmədzadə RTV-də (VİDEO)

Fevral ayında Azərbaycanın populyar hekayə yazarları olan Alpay Azər və Rüfət Əhmədzadə Xaçmazda yerləşən Regional Televiziyanın (RTV) “Yeni Səhifə” verilişində  qonaq olub, hekayələr mövzusunda danışıblar. Sərdar Aminin telelayihəsində Rüfət Əhmədzadə nəsr və nasirlik barədə fikirlərini bölüşüb, hekayə yazarlığının xüsusiyyətlərinə toxunub. Tanınmış hekayə yazarlarından olan Alpay Azər də, özünün hekayəçilik barədə baxışını, yaradıcılıq məsələləri haqqında fikirlərini ifadə edib.

Qeyd: Verilişdə qeyd olunan “Cavid əfəndi” müsabiqə  layihəsinin formatı və adı dəyişilib, “Anamın Kitabı” Ədəbi Mükafatı təsis olunub. Hazırda müsabiqə gedir, kitabevim.az saytında məlumat almaq olar.

Biz düşünə bildiyimiz qədər azadıq!

Rüfət Əhmədzadənin oxucularla görüşündə AYO sədri, Azadlıq Radiosunun əməkdaşı Namiq Nüseynliyə videomüsahibəsi. Gənc yazar müəllifi olduğu “Adım anonim qalsın” kitabı və ümumiyyətlə, yazar və cəmiyyət münasibətləri barədə fikirlərini səsləndirib. O, ancaq sevgidən yazanları ədəbiyyatla yox, masturbasiya ilə məşğul olmaqda ittiham edib.  Yazarları ictimai mövqe göstərməyə çağırsa da, özünün inqilabçı və ya müxalif olmadığını vurğulayıb.

Sevastopollu rus gözəlçələri

rufat ahmadzada- metbuat ucunQeyd: bu yazı 26 fevral tarixində Qaynar.İnfo-da dərc olunub. Onda hadisələr təzə-təzə inkişaf edirdi. Ümumiyyətlə, “mübahisəli zona” proqnozları özünü doğrultmaqdadır. Arseniy Yatsenyuku isə şəxsən tanıyıram – əslən yəhudidir, mən tanıyan vaxtlarda partiyasına qoşulanların çoxu maliyyə məqsədləri güdürdü. belə zəif siyasətçinin baş nazir olacağını gözləmirdim.

Rüfət Əhmədzadə

Sevastopollu rus gözəlçələri

Ukraynada elə də çox yaşamamışam. Lakin bu ölkəni az qala qarış-qarış gəzmişəm, hər region barədə ortabab təsəvvürüm var. Atam 2 il orda bizneslə məşğul olub, dostları vasitəsi ilə sabiq prezident Yuşenkonun komandasına, o cümlədən indiki deputat Vitali Kliçkoya yaxın olub. Lakin onun və çevrəsinin işləri elə də rahat  getməyib. Çünki Yuşenko vaxtında prezidenti saymayan Timaşenkonun, seçkilərdən sonra isə heç kimi saymayan Yanukoviçin mafiyozi əlaltıları işlərinə əngəl olan bütün yad elementləri neytrallaşdıra bildilər – hərəsini bir yolla…

Yanukoviçin Sevastopolda gizlənməsi və Rusiyaya uçmağa hazırlaşdığı xəbər verilib.

Amma məncə, Yanukoviçin Rusiyaya getməsinə ehtiyac yoxdur. Ukraynada milyonlarla ukraynalı var ki, rus ordusunun gəlişini həsrətlə gözləyir. Şəxsən, 2009-da Ukrayna dilini öyrəndiyim və ukraynalı tanışlarımdan o dildə danışmağı xahiş etdiyim günləri xatırlayıram – təmiz xaxol olasan və sənin dilində danışmaq istəyən azərbaycanlıya güləsən…

Sadəcə, “Yevrosoyuz” tutmaları tutub. Bir az sonra da olacaqlar panslavist və antisemit. Artıq 2 dəfə devrilən Yanukoviç yenə geri qayıdacaq qədər şanslıdır. Viktor Yanukoviç iki dəfə Ukraynanın baş naziri olub. Və ölkənin ən kriminal keçmişə malik və cinayətlərdə ən çox ittiham olunan siyasətçisidir. Kuçmanın taxtının laxladığı zamanlarında Donetsk qubernatorluğundan baş nazir postuna gətirildi. Ona qədər isə, uşaq koloniyasından çıxmış təsadüfi bürokrat idi. Hansısa yollarla fəhləlikdən kombinat direktorluğuna yüksəldi, bir gün də siyasət eşqinə düşdü.

Leonid Kuçma düşünürdü ki, Yanukoviçin Şərqi Ukraynadakı dayaqları və onun milyarder dostu Rinat Axmetov vasitəsi ilə öz yerini möhkəmləndirə biləcək. Ən azından, yerinə vəliəhd olacaq. Amma alınmadı… Hakimiyyət dəyişdi, Yanukoviçin qalması və “dəngələri dəyişmək” ümidi də 2006-cı ildə boşa çıxdı. Kuçma getdisə də, Kiyev ətrafında onun arvadına məxsus olan bir neçə iri müəssisə toxunulmaz qaldı.

Ukraynada ikitirəlik başladı – Yuşenko və Timaşenko arasında. Yanukoviçin Regionlar Partiyası güclənəndə isə üçtirəlik əmələ gəldi. 2009-cu ildəki siyasi prosesləri yaxşı xatırlayıram.

Keçmiş bankir və yəhudi maliyyəçilərinin havadarı, amma zəif demokrat imici yaratmış Yuşenko məktəblərə gedir, ibtidai sinif uşaqlarıyla şəkil çəkdirirdi. Amerikayla əlaqələrin tərəfində idi, Avropa İttifaqı ilə yaxınlaşmağa isə qorxurdu. Rusiyadan qorxusu isə dəhşətli dərəcədə idi. Sadəcə, həyat yoldaşının rəhbərlik etdiyi “Qolodomor” kampaniyası ilə həm Rusiyanı, həm də Ukraynanın şərqində yaşayan rusbaşları qıcıqlandırmaqla məşğul idi.

Timaşenko – yetərincə kriminal, yetərincə işgüzar, amma aqrar siyasətçi. Fermerlərin dostu idi. Ancaq fermerlərlə şəkil çəkdirirdi. Avropa tərəfdarı və aradabir Rusiyanı qorxutmaqdan zövq alan adam. Marqaret Tetçer obrazı yaratmaqdan hədsiz ləzzət duyan adam. İndi onun yolları açılıb, amma çox uzağa gedə bilməyəcək.

Əvvəl olduğu kimi, indi də ağır sənayə maqnatlarının dostu Yanukoviç. Rusiyanın adamı. Əslən ukraynalı olub, evindər rusca danışmağı sevən insanların prezidenti. Onun gələcək taleyi o qədər dəqiq deyil. Amma… Yadıma düşən bir hadisə ilə söhbəti bağlayım:

Maydanda gəzişirdim. Yaxınlaşan üç miniyubkalı, sarışın qız gördüm. Məndən şəkillərini çəkməyi xahiş etdilər. Rusca danışırdılar, onlara zaraftyana ukraynca cavab verdim, “biz rusuq” dedilər.

– Hardansınız?

– Sevastopoldan!

– Axı ora Ukrayna torpağıdır!

– Bunu hələ bilmək olmaz… Dnestryanı barədə eşitmisənmi?

Hə, eşitdiyimi dedim. Söhbət yavaş-yavaş gəldi regionda rusluğun maraqları üzərinə… Mübahisə etmədim, sadəcə onların fikirlərini öyrənməyə çalışdım. Bir şeyi anladım: ilk baxışdan seks simvolları kimi görünən bu gözəlçələr əslində Rusiyanın dişi əsgərləri idilər. Sonralar Sevastopolu daha yaxından görmək imkanım yarandı. Yenə həmin söhbətlər…

Politoloq deyiləm, amma az-maz jurnalist təcrübəmi də bu yazıya qataraq, belə düşünürəm ki, Ukraynada “mübahisəli zona” yarana bilər. Bundan Qərb də, Rusiya da maraq güdməlidirlər. Bir tərəf rusçuları, digəri isə panukraynaçıları bəhanə edərək. Ya regionda manevrlər etmək, ya da atəşkəsi qorumaq üçün. Və necə ki, Qafqazda, həmçinin Qarabağda…