Homo Oblitus

“Homo Oblitus”
(lat. unudulmuş insan)
 
Mən səninçün zamanların ən qədimi olmuşam…
Küləklərlə aşınmış, yağışlarla yuyulmuş.
Mən yazan kitabələr oxuna bilmir daha,
Salnaməsi yarımçıq, əfsanəsi yalançı…
Mən danışan dil çoxdan “ölü dillər”dən olmuş,
Mən oxuyan nəğmələr quyu dibində qalmış.
 
Sən mənimçün hələ də yaşanmamış əsrsən.
Şütüsəm də, çatmağa min illərim var hələ…
Sən bir yeni şəhərsən, səmaya qol açarkən,
Göydələnlər altında qalan məzarlıq mənəm.
 
Mən səninçün sirr idim, bir ay, bəlkə, iki ay…
Bəlkə də, bir ömürlük tapmaca saydın məni.
Sən mənimçün dürr idin, qiymətini bilmədim…
Büküb xatirələrə, dənizə atdım səni…
Düşündüm ki, sağaldar zaman yaralarımı…
Elə bildim, gələcək daha da parlaq olar…
Nə biləydim, sağalmır yaralar,
xarabalar…
Abad olmur…
Sadəcə, çəkilib bir guşəyə…
özün öz əllərinlə başına toz tökürsən.
Sadəcə alışırsan yaralanmış, dağılmış,
“ölü dildə” danışan bir insan olmağına.
Eləcə söz qoşursan öz unudulmağına….
 
Rüfət Əhmədzadə
07 iyun 2017-ci il.
Advertisements

“Su” üçün… – ŞEİR

rufat-topqapiXəyal qurmağa da qorxursan, anlayıram səni…
Azadlığın nə olduğunu bilməyən qadına
Necə tərif edim sevginin gözəlliyini…
Sən məcbursan məni elə uzaqda saxlamağa,
Mən məcburam səni ən yaxınımda xəyal etməyə.
Sən ömrünü də məcburiyyətdən yaşayırsan…
Daha səni heç nəyə məcbur etmək də olmaz.
Mən isə ömrümü məhrumiyyətdən yaşayıram.
Doyunca sevgi duya bilmədim deyə, ölmürəm…

Sevirsən ruhunun yaralı yerlərini sığallayan
Baxışlarımı!
Amma özümü sevməyə…
Nədənsə, çəkinirsən.
Sevirsən nə vaxtsa öldürüb dənizə atdığın
o saf qız uşağının qayıtmasını…
Elə bir xoş sözümlə.
Amma “günah” deyirsən.

Sən sevirsən
Övladını, məsələn.
Həyat yoldaşın isə
Sadəcə “övladının atası”dır.

Qəlbindəki boşluğun adını da qoya bilmirsən.
O boşluq civə kimi hər gün yeyir içini…
Həyatına necəsə rəng qata bilmişəmsə,
Bu rənglər niyə belə qorxuya salır səni?

Sən xəyal qurmağa belə qorxursan, anlayıram…
Hətta darıxmağa da cəsarətin çatmır ki!
Bir an xoşbəxt olaram “Ağlımdasan” sözündən…
Amma sonra üzüntü…
Qəlbin niyə bağlıdır?

Bəlkə, mən səhv edirəm…
Ürəyində mən varam…
Xəyalların da sonsuz…
Orda elə mən və sən…
Bəlkə də, sən haqlısan…
Bu yolun sonu yoxdur…
Di gəl ki, son verməyə
İkimiz də qorxuruq.

Bəlkə də, mən nankoram,
Əslində, həyatımın ən bəxtəvər anında
Səni bikarçılıqdan özümə dərd etmişəm?
Bəlkə, yalan demişəm, özümə də, sənə də…
Mən səni sevmirəm ki…
Sadəcə, susamışam,
Sadəcə, acımışam,
Sadəcə, gücüm bitib…
Sənə ehtiyacım var.

Rüfət Səid Əhmədzadə
17.10.2016

“Çarəsizlik”

rufat-van-gogh
 
Bağışla, yanına gələ bilmirəm sənin…
Yaman qarışıb başım…
darıxmağa insan izdihamında.
Yorulub ruhum
Heç nə edə bilməməyimdən…
Axı az yaşasan da…
Bu dünyanı tanımısan bir qədər.
Ora-bura vurnuxan adamların
Elə duaları qalar ovcunda.
 
Ən xırda şeydən sevinər uşaq tək
Ömrünü əvvəl xəstə valideynə,
Sonra da uşaqlarına həsr edən böyüklər.
Onları sevindirmək çətin deyil…
Amma silkələsən, kədər tökülər.
“Böyük” sözü də yaman böyükdür ha!
Var qarışqa kimi əzilmək hər yolun sonunda.
 
Necə deyim, sənə yeni xəbər verim dünyadan?
Nəyi deyim, məni daha beş il bağışlayasan?
Gözlərimi yumub-açdım, eləcə keçdi illər…
Toparlamaq istədim, ilgəyə keçdi illər…
Sanki ömrüm yadların oyuncağına dönmüş…
Ölüm məndən küsəndən, həyat eşqi də sönmüş…
 
Qəribədir, deyilmi…
İnsan nə xoşbəxt olar…
Nə də bədbəxt sayılar…
İnsan elə yaşayar…
Eləcə yaşayanlar…
Nə xoşbəxt, nə də bədbəxt insan izdihamında.
 
Bağışla, yanına gələ bilmirəm sənin…
Yaman qarışıb başım,
Maaşı siqaretə, içkiyə xərcləməyə.
Əslində elə avara deyiləm ki, əzizim…
O qədər işləyirəm,
Əlimdən bir iş gəlmir.
 
Rüfət Səid Əhmədzadə
07.10.2016

Rüfət Əhmədzadə – “Möhtəşəmlik”

Sənin möhtəşəmliyinə vuruldum…
Gözlərindən necə sevgi yağırdı,
Sanki bütün insanlığa yetəcək,
Bircə məndən savayı.
Sənin sadəliyinə heyran oldum.
Gülüşündən məsumiyyət yağırdı,
Sanki bütün dünyanı xoşbəxt edəcək…
Bircə məndən savayı.

Əslində xoşbəxtliyim ilğım kimi bir şeymiş…
Sənin gözlərindən yağan kini görcək anladım.
Nə biləydim, uzaqlığın belə aldatması var…
Nə biləydim, yaxınlığın belə ağlatması var.
Əslində möhtəşəmlik yaxşı şey də deyilmiş…
Məsələn qorxuları yenməyə çalışarkən,
Arzuların da qalır ayaq altında hərdən…
Ya da ki, gələcəyə qəti addım atarkən,
Keçmişdə vicdanı da qoyub gedə bilərsən.
Eybi yox, əsas odur,
Sən xoşbəxt ol… Gülümsə!

Sənin sadəliyinsə sehirli nağıl kimi,
“Biri var, biri yox”la başlayan uşaqlığım.
Bir az qorxutsa belə, bir az incitsə belə,
Əvvəl-axır sonunda açılacaqdı kefim.
Dərhal yuxum gələcək, nə şirin yatacaqdım…
Amma hardan biləydim, sən də nağıl imişsən.

Mən heç böyüməmişəm…
Elə həmin uşağam.
Mənim dünyam da elə bir otağım boydadı.
Mənim dünyamda sənə yer yoxdur,
Düzün deyim…
Onu ki, özün dedin…
Başqa-başqa dünyalar
Başqa-başqa adamlar..
Sənin dünyan eləcə böyük əzablar verir.
Sənin dünyanda hamı tərəziylə gəzirmiş.
O tərəzi ədalət nədir hələ görməyib…

Rüfət Əhmədzadə – “Uşaqlar kimi”

Mən istəmirdim belə olsun,
İçimdəki boşluğun səbəbkarı özüm olsam da.
Sən istəmirdin mən belə üzülüm
Könlümdə fırtına qoparsan da.
Biz istəmirdik belə ayrılaq.
Bəli… söz vermişdik bir-birimizə
Uşaqlar kimi sevəcəkdik, amma…
Böyüklər kimi ayrılacaqdıq.
Sanki böyüklər ayrılanda
Uşaqlar ağlamır…
Sanki böyüklər dalaşanda
Heç nə sınmır, dağılmır.
Biz xəyallarımızı da zamanın axarına buraxmışdıq.
Biz arzularımızı da hardasa unutmuşduq.
Həyatı unutmuşduq demə…
Nə gözəl yaşayırdıq.
Sonra sən dedin ki, belə gedə bilməz…
Mən üsyan elədim.
Mən yox dedim…
Itirmək istəmirdim, başa düşürsən?
Itirdim.
Sevmək istəmirdim.
Sevdim.
Unutmaq istəyirdim.
Unutmadım…
Sonra dedim daha bəsdir.
Itirmək istədim.
Olmadı… hara getdimsə mənlə gəldin.
Sevmək istədim… özün də bilmədən, imkan vermədin.
Unutmayacam dedim…
Onun məni necə çox sevdiyini…
Amma sən hər yadıma düşəndə…
Elə bil itələdin, qovdun hər kəsi ağlımdan.
Mən istəmirdim belə olsun,
Içimdəki pintiliyin səbəbi özüm olsam da.
Sən istəmirdin mən belə heykələ dönüm.
Könlümdə yağışlar yağdırsan da.
Biz istəmirdik belə ayrılaq.
Bəli… aldatmışdıq bir-birimizi
Böyüklər kimi sevdik, amma…
Uşaqlar kimi ayrıldıq.

Rüfət Əhmədzadə – “Vaxt”

Onun sənə bağlanması
vaxt öldürmək deyildi
Bəlkə də, uzun illər çiynində daşıdığı
Ölünü dirildəcəkdi,
nə bilirsən, Simuzər?
Bəlkə də, diriltmişdi…
Gəncliyi qayıtmışdı…
Həmin gur saçları
Həmin çılğın baxışları
Həmin təbəssümünü
yenidən tapmışdı sənə baxanda…
Sənin adın “xəzinə” demək imiş…
Onunku isə “bilgin”…
Gör, necə tutuşurdu…
Səninsə gələcəyin…
Əlindən sovuşurdu.
O getdikcə yaşlanır,
Sən getdikcə şahlanırsan gəncliyindən, Simuzər!
Onun uşaqları böyüyür evdə…
Sən özgənin uşaqlarına baxıb,
xəyallar qurursan özlüyündə…
Sonra nə deyirsən, Allah bilir…
Sonra nə düşünürsən, Allah bilir..
Sən elə “xəzinə” kimi əlçatmaz olub, itirsən…
Simuzər.
Mən o deyiləm…
Mən o dəli şair deyiləm,
səni daha yaxşı sevə bilərdim.
Mən o evli şair deyiləm,
Səni başqa cür də xoşbəxt edə bilərdim.
Məsələn, sənin ən çətin suallarına
“Ürəyini sıxma, zaman göstərər”
deyə verdiyim cavablarımla…
Zaman göstərəcək, bəli, Simuzər…
Bir gün mənim adım sənin yadından çıxacaq
Bir gün heç bu şeiri xatırlamaram bəlkə.
Bir gün, bəlkə, hardasa üz-üzə gəlsək, nolar…
“O gün niyə ayrıldıq?” deyə soruşmaram ki.
Sağlıq olsun, Simuzər.
Əsas odur, vaxt öldürür bizləri…
Bizim nə həddimiz var,
saf duyğuyla sevdiyimiz insanla vaxt öldürək?!

Rüfət Əhmədzadə – “Unutqanlıq” (ŞEİR)

Sənin yoxluğunda nələr etmədim…

Allah bilir, necə keçdi bu illər.

Ən maraqlısı, mənim yoxluğumdur.

Bəzən bütün varlıqlar göz qabağından deyil,

Ayaqların arasından keçirlər.

Belə pis çıxmasın ey,

Sadəcə kiçilirlər….

Xatirələr unutqanlıq yaradır!

 

Sənin yoxluğundan nələr yazmadım…

Allah bilir, kimi üzdü şeirlər.

Ən maraqlısı, bir gün

Öz üzüntümün yoxa çıxmasıydı…

Bir səhər ayıldım ki,

məndən ancaq qəm-kədər gözləyirlər.

Pessimist çıxmasın ey,

Sadəcə sevinirlər…

Faciələr nikbinliyə calanır.

 

O səhərin səadəti sənin yoxluğundaydı,

Bunu anlamaq lazımdı, anladım.

Bu gecənin bədbəxtliyi sənin varlığındaymış.

Hey lazım olmadığın vaxtlarda xatırladım.

Məsələn, romantik görünmək üçün,

Nişanlımın qapısına əlimdə gül dəstəsiylə gedəndə…

Ya da xoşbəxtliyimi sübut eləmək üçün,

Həyat yoldaşıma ilk şeirimi həsr edəndə.

Özgələrin şkafında qurdalanmaq kimidir,

Sənin xatirələrlə

Evimə soxulmağın.

Sənin unutqanlığın,

Mənim unutqanlığım…

O, sənli şeirləri tərifləməyi də heç unutmur ki…

Unutsaydı, daha çox yox olardım.

Ürəyindən keçənləri desəydi,

daha çox uzaqlaşardım mən ondan…

Bəzən ağ yalan bizi həqiqətə qaytarır.

 

Sənə nə var,

Tanımazlar, bilməzlər…

Mənə nə var,

Evdə heç nə deməzlər,

Desələr də özümü eşitməzliyə qoyub keçəcəyəm.

Sırtılmışlıqdan deyil…

Sadəcə bilirəm ki,

Özünü tanımaq nadanlıq deyil.

Qapanmalar bəzən daha çox açır həyatın qapısını!