İntihar üzrə konsultant

rufat 2013Rüfət Əhmədzadə

İntihar üzrə konsultant

(“Bezginlikdən etüdlər” silsiləsi, 1-ci hekayə)

Təhqiqatçının qəzəbli sifətinə baxa bilmirdim. Sanki qorxurdum. Ya da utanırdım. Bilmirəm…

– Deməli, sənin heç bir günahın yoxdur?

– Əlbəttə. Qızın başı xarab idi, mən nə edim? Ölüb, öz günahıdır…

– Qız hələ ölməyib! Ağıllı ol, bu danışıqla türməyə gedəcəksən, bilirsən?

– Ölməyib, lap yaxşı!.. Oturub dua etməliyəm ki, ölməsin?!

– Hə, türməyə getmək istəmirsənsə, dua elə!

– Vecimə deyil… Məni türməylə qorxutma!

– Qorxmursan?

– Yox, səndən niyə… – sözümü bitirməmiş, çənəmdən dəyən yumruq məni stuldan yerə saldı. Ağzımdan axan qan necə də iyrənc görünürdü…

Bəlkə, doğrudan da mənim günahım var? Özü istəyirdi də ölməyi… Bilmirəm!

***

– Şair, sən də düşünürsənmi?

Müştəriylə qaynayan kitab kafesinin bir küncdə ikimizin qərq olduğu sükutu bu sual pozdu. Gözlərimi divardan asılan Mona Liza portretindən ayırdım, siqareti külqabıya basdırıb ona baxdım. Axı mən niyə burda oturmuşam? Məni bu qızla görüşə nə vadar etdi? Sadəcə, insanlara yaxşılıq etmək istəyimi? Yoxsa, əslində qəhrəman obrazı yaratmağın ləzzəti?

– Mən susuramsa, deməli, düşünürəm…

– Yox ey, sən də düşünürsən ki, həyat maraqsızdır?

– Mən daha bu barədə düşünmürəm, əzizim… Dön, o əsərə bax!

Üzünü döndərdiyində qıvrım telləri çiyninin üstündən qalxıb elə endi ki, sanki kimsə əlində pult onun hərəkətlərini yavaşladır, mənə “bax, bu qız romantik filmdən çıxıb, onun qədrini bil, sev” deyirdi. Amma bu, ucuz bir klipin səhnəsinə də bənzəyə bilərdi.

– Əslində o qədər də gözəl deyil, eləmi?

– Haqlısan, şair! Mən ondan gözələm, he-he…

Elədir. Mən də rəssam olsaydım onun rəsmini çəkərdim. Amma heyif.

– Bəs mənə kömək edəcəkdin?

– Nədə?

– Həyatın mənasını tapmaqda!

– Gəl gedək! – dedim və onun hazırlaşmasını gözləmədən siqaret qutusunu, alışqanı götürüb piştaxtaya yaxınlaşdım. Hesabı soruşub ödədim və qapının ağzına irəlilədim. O isə çaşqın halda hələ də yerində mənə baxırdı.

Başımla “gəl” işarəsi verib çıxdım küçəyə.

***

Mən hara getdiyimi bilmirdim, eləcə küçə uzunu irələyirdim. O isə tövşüyə-tövşüyə dalımca gəlirdi. Daha doğrusu, qaçırdı.

– Şair, biz niyə görüşdük?

– Bilmirəm, peşmansan?

– Yox, amma dünən görüşmək üçün o qədər inad elədin ki…

– Bəs bu gün? – dönüb kinayəli baxışlarla çaşbaş qalmış gənc qıza baxdım. Əslində, bu kinayənin səbəbini özüm də anlamırdım.

– Bu gün soyuqsan. Hara tələsirsən axı?

– Bilmirəm, xətrinə dəydim? – geriyə baxmadan gedirdim. – Hə, deyirsən soyuğam… Necə olmalıydım ki?

Səs gəlmədi. Addım səslərini də eşitmirdim. Dönüb geriyə boylandım. Yox idi.

Hara qaçdı görəsən? Əşşi, cəhənnəmə… Yenidən bir siqaret yandırdım və küçəni burulub metronun səmtini buruldum.

O isə küçənin kənarındakı maşınların arxasında gizlənmişdi: səkidə oturub ağlayırmış… Bu isə mənim ağlıma gəlmədi. Niyə? Bilmirəm…

***

– Hardaydın? Xalamgilə gedəcəkdik. Bayaqdan uşağı geyindirmişəm… oturub səni gözləyirik!

– Mənsiz gedin! – və öz yazı otağıma keçib qapını bağladım.

Noutbuku açdığımda ilk işim “yoxa çıxan” o qızı bloklamaq oldu. Niyə? Bilmirəm…

***

İki gün sonra zəng etdi.

– Necəsən?

– Ogünkü kimi. Sən?

– Mən daha yaxşıyam.

– Nə əcəb?

– Hə… Sən məni atıb gedəndən sonra bir oğlanla tanış oldum.

– Afərin… Amma mən səni atmadım ki! Sən yoxa çıxdın…

– Ağ cipin yanında oturub ağlayırdım.

– Ağ cip nədir? Harda?

– Həmin küçədə də… bir oğlan yaxınlaşdı, göz yaşımı sildi..

– Ağ cipin yiyəsi?

– Ha-ha! Yox, adi bir oğlan… Qayıtdıq o kafeyə söhbət elədik.

– Afərin! Yenə intihar eləmək fikrin var, yoxsa… ?

– Düzün deyim?

– Hə!

– Hələ də qalıb o fikirlər… Amma oğlan elə mehribandı, elə yaraşıqlıdır…

– Onda möhkəm tut ondan.

– Bu gün görüşəcəyik, səni də tanıyır..

Sanki qısqandım onu. Həm də əsəbiləşdim – mənim haqqımda ona-buna danışıbmış!

– Cəhənnəm ol! –deyib dəstəyi asdım.

***

– Uşağı dayədən götürə bilərsən?

– Baxaram!

– Nə baxaram? Mən işdən çıxa bilmirəm, sən get də…

– İşim var!

– Evdə boş-bikar oturmusan ey!

– Dedim işim var!

Və dəstəyi asdım. Əslində, heç bir işim yox idi. “Youtube”da diskoteka mahnılarını dinləyib siqaret tüstülədirdim. Diskoteka mahnıları və məlul, sakit oturuşum…

Yenidən zəng gəldi. Nömrəyə baxmadan, “Yes”i basıb bağırmağa başladım

– Sənə deyirəm, işim var da!

– Şair, nolub, mənəm ey!..

– Hə… Səndən nə əcəb?

– Vaxtın var?

– Görüşməyə? Yox, uşağın dalınca getməliyəm…

– Danışmağa! Ayrıldıq ey…

– Kimlə?

– Sən məni atanda oğlanla tanış olmuşdum ha…

– Nolsun ki! İki günə başqasını taparsan! Axır birinə gedərsən də.

– Bu dəfə sənə asan gəlməsin!

– Niyə?

– Mən qız deyiləm artıq!

Duruxdum. Deməli, belə… 18 yaşlı qızın həyatında baş verə biləcək ən axmaq şey!

– Gəl “Facebook”da danışaq.

– Bloka atmısan.

– Çıxardaram.

– Yaxşı…

***

Başa salmağa çalışırdım ki, həyat bununla bitmir. Nə olsun ki?! Axı nə olsun ki, daha bakirə deyil? Dünyada o qədər qız… yox, qadın var ki, gündə biriyə yatıb-durur, amma xoşbəxtdir!

Anlamırdı. Ya da anlamaq istəmirdi. Axı, mən onu intihar fikirlərindən daşındırmağa çalışırdım. Yoxsa, əksinə, daha da həyatını ağırlaşdırırdım…

– Günahkar sənsən!

– Niyə?

– Mənlə bir az mehriban ola bilərdin.

– Axı nə edə bilərdim?

– Səni fikrindən daşındırmaq üçün iki ay boş-boş danışdım. Qulaq asmadın.

– Mən səndən məsləhət istəyirəm.

– Haçan məsləhətlərimə qulaq asmısan?

– Bu dəfə qulaq asacam.

– Yaxşı, onda evdə nə qədər dərman varsa, hərəsindən 5-6 dənə dalabadal udarsan.

– Qorxuram axı!

– Onda çıx eyvana at özünü…

– İkinci mərtəbədən ölmərəm axı…

– Damarını doğra!

– Qorxuram.

-Onda yaşamağı yoxla.

– Ən çətini elə budur da, şair!..

– Vallah, sən bilərsən.

***

– Bu oğlanı tanıyırsan?

Təhqiqatçının göstərdiyi A4-də bir sarıbəniz oğlanın şəkli vardı.

– Yox, amma o səni tanıyır. Zərərçəkmişlə yazışmalarını da verib bizə.

– Zərərçəkmiş? O xəstəyə zərərçəkmiş deyirsiz?

– Xəstə? Qıza təcavüz eləmisən, intihara təhrik eləmisən.. Hələ dilin var danışmağa?

– Hə, var. Mən ona heç nə eləməmişəm! – niyə bu qədər təmkinli idim… Bilmirəm!

Növbəti yumruqdan huşumu itirdim.

***

– Cənab leytenant! Sizi məhkəməyə versəm, necə olar?

Sualıma cavab gəlmədi. Təhqiqatçı susub, başını aşağı əymişdi.

Cibimdən sınıq dişlərimi çıxarıb tamaşa elədim. Əşşi, nə məhkəmə? Cəhənnəm olsunlar… Evimə qayıtmalıyam.

***

– Yazıq, nə günə qoyublar səni?

– Çay ver…

– Mama ləvəngi bişirib, bir tikə ye…

– Heç nə istəmirəm.

Öz otağıma keçib sükutuma qayıtdım.

***

– Ona yalandan demişdim ki, mənə təcavüz eləmisən.

– Niyə axı? Səbəbi nəydi bu qədər yalan danışmağın?

– Bilmirəm… Sənə acıqlıydım.

– Bəs niyə intihar elədin?

– Səndən qisas alacaqdım.

– Nəyin qisasını?

– Bilmirəm…

– Bakirə olduğun məlum oldu. Əsas budur.

– Hə, amma səni tutsaydılar, necə də əla olardı!

– Sən dəlisən? Daha mənə zəng eləmə…

Mətbuat məndən danışırdı. “Facebook”da isə hər kəs bu suala cavab axtarırdı: Şairi türmədən kim xilas etdi? Hansı nazir tapşırdı? Nə qədər rüşvət verdi?…

Kimsə günahsız olduğuma inanmaq istəmirdi. Əşşi, cəhənnəm olsunlar.

Əslində heç də günahsız deyildim. Qəhrəman olmaq istəyirdim. Al, bu da sənə qəhrəmanlıq ləzzəti!

 

Rüfət Əhmədzadə – “Cihad-2035” (hekayə)

 

Bu hekayə “Ədəbi azadlıq – 2015” müsabiqəsində 20-liyə düşə bilməyib və 18 bal tələbinə qarşı münsiflərdən 16 bal alıb. Buyurun, özünüz qiymət verin!…

Rüfət Əhmədzadə

Cihad-2035

(alternativ tarix)

Böyüklərə deyəndə ki, “çəhrayı kərpicdən gözəl bir ev gördüm, pəncərələrində ətirşah gülləri, damında isə göyərçinlər var idi” – onlar bu evi heç cür təsəvvür edə bilməyəcəklər. Belə demək lazımdır: “Mən yüz min frank qiymətində olan bir ev gördüm”. Onda dillənəcəklər: “Gözəlliyə bax!”..

(Antuan de Sent Ekzüperi, “Balaca şahzadə”)

Abdulla bu beşotaqlı evdə özünə yer tapa bilmirdi. Lap otaqların sayı on beş olsun, nə əhəmiyyəti var ki?!

Vaxtilə adi bir jurnalist olan, amma indi 30-40 dildə kitabları satılan məşhur yazıçı Abdulla Kaspiani tamamilə aciz qalmışdı. İyirmi illik mühacirət həyatında əldə etdiyi bütün uğurları indi bir-bir yadına salmaq istəyir, amma heç nəyi tam xatırlaya bilmirdi. Ala-bula xatirələr cızıq və köhnə film lenti kimi ən maraqlı yerlərdə qırılır, rabitəsiz bir xaosa dönüşürdü.

Onun bütün həyatına yön verən, dəyişən insan… hətta vətəni tərk edib ailəsiylə soyuq ölkəyə mühacirətə gəlməsinə yeganə səbəb… oğlu Turanın otağı boş idi.

Artıq üç gün idi ki, Turan səssiz-səmirsiz çıxıb getmişdi. Atasının yazı masasının üzərinə üçcə cümləlik namə qoymuşdu:  “Ata, bağışla məni! Əvvəl İstanbula, ordan da Vətənə uçacam. Mənim üçün nə etdinsə, çox sağol, indi mənim növbəmdir”.

Yazıq Sevda çox ağladı, gah üzünü cırmaqladı, gah da ərinin sinəsini, çiyinlərini yumruqladı…

– Nəsə elə! Polisə müraciət edək, diplomatik yollarla saxlayaq onu. Onun orda  nə işi var?  Qurban olum, dost-tanışa zəng elə, tutub deportasiya eləsinlər! Abdulla…

Abdulla heç nə etmədi. Hər dəfəsində susdu, ömür-gün yoldaşını dərdi ilə baş-başa buraxdı. Amma özünün dərdi daha böyük idi. Sadəcə o qədər böyük idi ki, boğazından çıxarıb dilə gətirə bilmirdi, əllərini qaldırıb yazmaqda aciz idi…

 

***

Tez-tez bağçaya çıxıb qaranlıq səmada gümüşü işıq saçan dolun aya baxır, salavat zikr edirmiş kimi dodaqaltı nəsə qımıldanır, sonra yenidən zala qayıdıb televizorun qarşısına otururdu. Ancaq xəbər yayımlayan TV-ləri izləyirdi. Vaxtaşırı divanın üstünə atdığı planşeti əlinə alır, Azərbaycandakı jurnalist dostu Musaya oxşar suallar yazırdı, hər dəfəsində də bir-birindən çox fərqlənməyən cavablar alırdı.

***

Durub yataq otağına keçdi. Amma Sevdanı orda tapmadı.

– Sevda, hardasan? Həyatım!.. – həyəcanla yoldaşını səslədi.

– Burdayam… – səs Turanın otağından gəlirdi.

Abdulla otağa girəndə oğlunun yazı masasının yanında duran Sevdanın əlində bir kitab gördü: Antuan de Sent Ekzüperinin “Balaca şahzadə” əsəri.

– “Le Petit Prince”! Oğlumuz sevirdi bu kitabı… – Abdulla köks ötürdü.

– Hə… Bu kitaba baxmısan heç? – Sevda yeni xəzinə kəşf edibmiş kimi, diqqətlə kitabın səhifələrini nəzərdən keçirirdi.

– Baxmışam? Mən onu bir dəfə uşaq vaxtı, bir dəfə yazmağa təzə başladığım vaxtlarda oxumuşam… Amma nə isə, gəl gedək yatmağa, artıq gecdir…

– Dayan! Oxumağı demirəm! Məhz bu kitaba baxmısan? Yaxın gəl…

– Nə var axı o kitabda?

– Deyirəm, yaxın gəl… Səhifələrə bax! – Sevda kitabı ona yaxınlaşan ərinə uzatdı. – Hər səhifədə qeydlər buraxıb… Elə bil gündəlikdir… – Ağlamaqdan gözləri çuxura çökmüş ana yenidən qəhərləndi.

– Hə…  Hər səhifədə nəsə yazıb. Maraqlıdır.

– O biri kitablarında belə qeydlər yoxdur. Oxu hələ… Oxu.

– Bu dəqiqə, – Abdulla eynəyini çıxarıb şüşələrini köynəyinin döşünə sildi, sonra yenidən taxıb 3-cü səhifənin aşağısındakı əl yazısını oxumağa başladı, – “Mənim də uşaqlığım eynilə bu cür keçib. Rəsmlərimi, həvəsimi heç kimi anlamayıb. Həyatıma hey atam və anam istiqamət verib, mən də tabe olmuşam. Çünki belə lazım idi”.  – Turanın qeydləri 5-ci səhifədə davam edirdi: – “Bilmirəm, bu balaca şahzadə kimdir, amma bir anlıq  valideynlərimin öldürdüyü uşaq yadımda düşdü. Həmin uşaq mən idim”.

Abdulla əsəbiləşdi:

– Sevda, qurban olum, bu dövrü hamımız keçmişik. Sən də, mən də… Hamının ürəyində bir küskünlük olur… Məgər biz ölkəmizi tərk eləyəndə valideynlərimiz “get, yaxşı yol” deyirdi?! Mən özüm 30 yaşına kimi necə dözdüm… Sən öz gözlərinlə görmüşdün, indi məni nədəsə ittiham eləməyə çalışma! Elə oğlumuz üçün köçdük bura. Kreditlərin, borcların, az maaşın əlindən gəldik. Nə elədimsə, Turançün elədim. Az eləmişəm?! Bir yerdə bütün məhrumiyyətlərə dözdük, işlədik, əziyyət çəkib bu evi aldıq, oxutduq… Filan qədər də kollecə xərclədim…

Sevda əllərini ərinin yanaqlarına apardı.

– Abulla, səni heç nədə ittiham eləmirəm. Əgər sənin səhvin olubsa, ikiqat artıq səhv məndə də olub. Səhv ikimizdə olub. Oğlumuz üçün az eləməmişik… Amma deyəsən, çox eləmişik. Qədərindən də çox. Öz vətəniylə maraqlandı, az danışdıq. Bizdən İslam haqqında soruşdu, “dinlə çox maraqlanma” dedik. Bircə azərbaycanlı görmədi, nənəsindən-babasından uzaqda böyüdü. Çox sıxdıq onu…

– Turana yaddır oralar. Kanadanın vətəndaşıdır… Bilsəydim, adını Connidən-zaddan qoyardım…

–  Amma buranın da adamı deyil! Bircə dəfə ona Bakıdakı işindən danışmısan? Ya mən?.. Ona uşaqlığımdan çox az şey danışdım. Elə “sən belə edəcəksən, sən belə olacaqsan”… O ancaq bizim pul saymağımızı gördü, başqa heç nə. Hər dəfə yanına gəlib “ata” deyəndə əlini pulqabıya atdın, dərdləşmədin. Onun yerinə arzular qurduq.  Xəyalımızda qalstuklu bir obraz çəkmişdik, zorla Turanı ona oxşatmağa çalışırdıq.

– Mən onu heç nəyə məcbur etmədim. Bircə gün də qoymadım ki, ehtiyac hiss eləsin. Kefincə yaşadı, axırda da belə…

– Yadındadır, biz gənc olanda nə qədər azərbaycanlı Suriyaya döyüşə gedirdi? Niyə gedirdilər, çünki onları kimsə inandırmışdı ki, öz ailələrində tapmadıqları gözəllik ordadır.

– Müharibədə nə gözəllik ola bilər? Başa düşürəm, mənəvi boşluq yaşayırdı oğlumuz. Londonda gül kimi kolleci yarımçıq atdı, ətrafında o qədər qız ola-ola gəncliyinin dadını çıxarmadı…  Ona dedim ki, onunla görüşmə, bununla gəzmə? Əksinə, başını çox buraxdıq! Qoşuldu dindarlara…

Sevda ikrahla güldü, başını buladı.

– İlahi! Mənim heyran olduğum o gənc yazardan əsər-əlamət də qalmayıb. Hanı o meydanlarda bozqurd işarəsi göstərən, millət-vətən söhbəti gələndə qanı qaynayan oğlan? Hanı o?

Abdulla duruxdu, günahkar kimi başını aşağı saldı, sonra gedib Turanın çarpayısında əyləşdi. Baxışlarını döşəməyə dikib asta səslə dedi:

– Nə etməliyəm, Sevda? Axı indi nə edə bilərəm? Səni mitinqlərdə qışqırmaqla dolandıracaqdım? Yoxsa sən həbsxana yollarında qalmalıydın? Başa düşürəm səni, biz həyatımızı dəyişdik, amma oğlumuzun həyatını… Yaxşı, Turana necə gələcək qura bilərdim? Biz bura karyera qurmağa, yenə həyata başlamağa gəldik. O ki buranın vətəndaşıdır, yad ölkəyə niyə can atır axı?

– Əzizim, səni çox sevirəm, bizim üçün əziyyət çəkdin… Amma səhv edirsən. Azərbaycan yad ölkə deyil, onun vətənidir. Əslində ona bura yaddır. Biz hara gediriksə, hardan olduğumuzu soruşurlar… İyirmi ildir ey, buranın vətəndaşısan, vergi verirsən, dövlətdən neçə mükafat almısan… Nolsun? Hər tədbirdə “Azərbaycan yazıçısı” deyirlər. O da sənin oğlundur…

– Nə edə bilərik bundan sonra?

– Get yanına… gətir onu… Amma ona vətəni unutdurmağa çalışma… Dost ol, millətdən-vətəndən, lap dindən danış…

Abdulla susdu. Yenidən kitabı vərəqləməyə başladı.

Gözlərinə bu cümlələr sataşdı:

“Məndə onun bir imzalı kitabı da yoxdur. Elə bilir ki, onu oxumuram. Amma bilsəydi ki, onu tanımaq üçün yazdığı hər cümləni həvəslə oxuyuram… Kaş ki, bir az da mənimlə danışmağı sevərdi”.

– Yaxşı, sabah Xarici İşlər Nazirliyinə gedəcəm. Çalışacam, nazirlə birbaşa görüşüm, Bakıya getmək üçün kömək istəyim. Ondan sonra görək nə olur. Amma inanmıram… Azərbaycan hökumətini çox tənqid eləmişəm. Viza verməyəcəklər…

Sevda ərinin yanında oturub onu çiyinlərindən qucaqladı, sağ yanağından öpdü:

– Sən bacararsan… Səfirliyə də get… Lazım olsa, ordakı qəzetlərdən birinə müsahibə ver…

– Yaxşı, söz verirəm! Onunla görüşəcəm…

***

Turanın Gəncədəki hərbi hissəni ələ keçirən üsyançılarla bir olduğu təsdiqlənmişdi. Əlində silah, əynində qara “mücahid” geyimiylə “Əl-Cəzirə”nin kamerasına düşmüşdü.  Bir ay içində tamam dəyişmişdi: üz cizgiləri sərtləşmişdi; iri, qara gözlərindən od saçırdı. Əvvəlki utancaq, tərəddüdlü Turana bənzəmirdi.

O ana qədər Abdulla Kaspiani ilə bütün təmaslardan boyun qaçıran Azərbaycan hökuməti birdən fikrini dəyişdi.

Azərbaycan səfiri şəxsən zəng edib demişdi ki, iki gün içində viza məsələsi həll olunacaq, döyüşçülərə Turanla bağlı sorğu göndəriləcəkdi… Amma bir şərtlə: Abdulla Kaspiani bəyanat verməli, oğlunun və onun qoşulduğu silahlı dəstənin hərəkətlərini pisləməliydi. Abdulla razılaşdı. Onsuz da bu cür silahlı mübarizəni qəbul etmirdi.

Səfirlə danışandan bir saat sonra Azərbaycan dilində yığcam bir bəyanat yazdı, “e-mail”lə Musaya göndərdi, mətbuata yaysın. Özü isə agentinə zəng edib yerli TV-lərdə bir-iki verilişə çıxmaq istədiyini bildirdi. Məsələni ictimailəşdirmək nə qədər utancverici, qalmaqallı olsa da belə, Abdulla özündə qətiyyət tapmışdı.

Ağlında hey bu sözlər fırlanırdı: “Kaş ki, bir az da mənimlə danışmağı sevərdi”.

Bəyanatda demişdi ki, vətənə gələcək və oğluyla görüşəcək. Əvvəl istəmişdi yazsın ki, “oğlumu alıb qayıdacam”, amma utanıb “diplomatik” ifadələrə keçmişdi. Onun kimi nə qədər valideyn indi əzab çəkir… Artıq küçə aksiyaları silahlı qarşıdurmaya, atışmaya keçib. Sonra şəhərlər darmadağın olacaq, minlərlə insan yerindən-yurdundan didərgin düşəcəkdi.

İndi Abdullanın çiyninə böyük yük düşürdü. Qarşısına böyük bir məqsəd də qoymuşdu: üsyançılarla iqtidar arasında dialoq yaratmaq. Dünya şöhrətli yazıçının sözündən çıxmazdılar, heç olmasa, masa arxasında oturub nədəsə razılığa gələ bilərdilər…

***

Musa taksidən düşüb tələsik özünü otelə atdı. “Reception”a yaxınlaşıb Abdullanın qaldığı otağa zəng etməyi xahiş etdi.

– Deyin, Musa Rəhmanlı aşağıdadır, təcili geyinib düşsün.

Beş dəqiqə sonra Abdulla foyedəydi.

– Nə olub, Musa? Turandan bir xəbərmi var?

– Ondan hələ xəbər yoxdur. Amma Gəncədə döyüşçülərin yanına bir general gedəcək, danışıqlar üçün. Səni də özüylə aparmağa razılaşıb. İndi bizi gözləyir…

– Hə, gedək!

Abdulla ümidlənmişdi. Oğlunu görə biləcəkdi.

***

General-leytenant Cavadov vertolyotda oturub Abdullanın oğlu ilə vidalaşmasına tamaşa edirdi. Fısıltı ilə yanındakı mayora dedi:

– Bunların vidalaşma mərasimi nə uzun çəkdi! Kürdəmirlə əlaqə saxla, hazırlaşsınlar.  Bu zatıqırıqlarla dil tapmaq mümkün olmayacaq…

Vertolyotdan iyirmi metr aralıda qara geyimli döyüşçülərin əhatəsində Abdulla və Turan durmuşdu. İkisi də susqun vəziyyətdə yerə baxırdı.

– Oğlum, mən səni aparmadan gedə bilmərəm. Artıq iki aydır ki, anan səninçün ağlayıb-sızlayır. Yazıq arvad bir dəri-bir sümük olub. Gəl gedək…

– Olmaz, ata. Məni rahat buraxmayacaqlar. Nə onlar, nə qardaşlar. Mənə xain kimi baxacaqlar. Artıq üstümdə cinayətlər var, nə qədər adam öldürmüşəm, bilirsən? İyirmidən sonra özüm də saymağı dayandırdım…

Abdullanın bədənini üşütmə bürüdü:

– Oğul! Qarabağda vəziyyət yenə gərgindir… güclə-bəlayla, qondarma bir sülh görüb yazıq camaat. O da üç il çəkmədi! Heç olmasa, düşmən öldürəydin də, öldürdüyün polis də, əsgər də sənin qanını daşıyır ey! Ərəblərin, pakistanlıların nə vecinədir?!

– Ata, bəsdir! Onlar mənim din qardaşlarımdır. Millətçilik eləmə! Sənin qanını daşıyanlar isə rafizilərdi, onlar lənətləniblər…

– Bəs ermənilər? Maraqlıdır, sənin din qardaşların bilirmi ki, Gəncədəki atışmalar Qarabağda təzə müharibəyə səbəb olacaq?

– Bilir… Bizim hədəfimiz Bakıdır. Qarabağla bağlı cihad qərarı olsa, ora da gedərik.

– “Gedərik” nədir? Rədd ol, qayıt xarabana! – Abdulla oğlunun yaxasından yapışıb qeyzlə silkələdi, səsini daha da qaldırdı. – Eşidirsən?! Beynini doldurublar, sənin! Ya mənimlə gedirsən, ya da məni vurub öldürürsən burda.

Turan hərəkətsiz qalmış, atasına müqavimət göstərmirdi. Gözlərini qaldırmadan, sakit səslə dedi:

–Dinsiz olsan da, vurmayacam səni. Atamsan… xahiş edirəm, get.  Bakıda da qalma, anamın yanına qayıt. Mən gəlsəm də, sən türmə yollarında qalacaqsan. Qurban olum, get!..

Abdulla oğlunu buraxdı.

– Peşman olacaqsan, amma onda gec olacaq!

***

Kürdəmir bazasına niyə endiklərini əvvəlcə anlamadı. Döyüş təyyarələri havaya qalxanda isə… Aciz bir ata kimi, oğlu üçün dua etməkdən başqa çarəsi qalmamışdı…

Şahın valideynləri (hekayə)

Şahın valideynləri

(hekayə)

Yadımdadır, 1995-ci ilin payızıydı. İyirmi il bundan əvvəl. Atamın inadla iş axtardığı vaxtlar. Ac idik, evdə çörək yox idi, adi yavan çörəyi deyirəm ey…

9 yaşlı mən və məndən bir neçə yaş böyük olan iki bacım axşamlar ümidlə atamızın iş tapması xəbəri, bir də dolu torbayla gələcəyi saatı gözləyirdik.

Qürurumuzdan səbirlə atamızı gözlərdik. Mənim rəngli, bəzəkli, böyük xəyal dünyamsa get-gedə ağarırdı. Məhlədəki mağaza sahibinin nisyə dəftərinə tərs mütənasib.

Kimsə də səsini çıxarmırdı… Hətta mənim “ana, acmışam” deyə ağladığım ilk gecədən 10-15 gecə keçmiş… Həyat mənə susmağı öyrətmişdi. Nə verirdilərsə, onunla kifayətlənirdim.

Otağımda divarları yazırdım, xəritələr çəkirdim, özümdən əyri-üyrü… Dövlətləri yıxırdım, ölkəmi böyüdürdüm… Axı niyə gizlədim? Ac-yalavac bir uşaq öz xəyallarında şahlıq edirdi. Amma artıq yorulmuşdu bu gün şah, ordu da əldən düşmüş, döyüşlər ləng gedirdi…

Elə o xəyalla yuxu apardı.

Səhər anam yeməyə çağırırdı.

Atam isə “siz yeyin, mənim işim var” dedi… Yerimdən boynumu uzatdım, onun tələm-tələsik qapıya getdiyini gördüm.

– Yaxşı, bəs…. Pencəyin hanı sənin?

– Təzə iş yerimdə yadımdan çıxıb… Gələndə götürərəm.

– Yaxşı… Özünü qoru.

– Ona denən, divarları az yazsın…

Axşam qayıdanda yenə də pencəksizdi. Amma üzü gülürdü.

– İlk maaşdan sənə atlas alacam. Özünçün rəngləyərsən.

– Rəngli karandaşlar da?

– Hə, nə istəsən, oğlum…

Və dəhlizdən səs gəldi.

– Pencəyə də pul saxla!

Atam əsəbiləşdi:

– Axı dedim, pencəyim işdə qalıb.

Anam gülümsündü. Yanımıza gəlib onun saçını qarışdırdı:

– Bilirəm, istəyirəm, özünə təzə pencək alasan… Düzdür, o da təzə sayılardı, amma olsun, daha təzəsini al…

Atam üzünü turşutdu.

– Qabaqdan qış gəlir, ən yaxşısı palto alaram…

Səhər evdəki köhnə pencəklərindən birini əyninə keçirib işə getdi. O biri pencək isə unuduldu. Bahalı pencək idi, bir neçə ay əvvəl özü Türkiyədən almışdı. Amma sonra…

Atam sözünü tutdu, ilk maaşından mənə rəngli karandaşlar, atlas və bir neçə maraqlı kitab aldı. Amma özünə heç nə almamışdı. Borclarımız çox idi, atam bir sexdə fəhləlik edə-edə əlinə düşən pulu borclara və yeməyimizə xərcləyirdi. Bizim üst-başımızı da unutmurdu, sinif yoldaşlarımızın yanında utanmağa qoymurdu. Hər şeyimiz olmasa da, heçnəsiz qalmamışdıq.

“Palto gözləyər, hələ çovğunlar düşməyib” deyirdi. Payız bitdi, qış gəldi, onu təzə palto ilə ancaq yeni il gecəsi gördük. Anam bir pullu aspirant üçün dissertasiya yazmış, ərinə palto hədiyyə almışdı.

Həmin axşam anamın əlavə işlə paltoya pul tapdığını eşidən atam əsəbiləşdi:

– Nəyə lazım idi, niyə belə etdin ki?

Anamsa gülümsündü:

– Bəs sən niyə məni aspiranturada oxutdurdun?

– Mən oxutdurmadım, özün oxudun…

Mən və bacılarım bayram süfrəsində nəfəsimizi saxlayıb onların dialoquna qulaq asırdıq.

Anam sağ əlini ehmalca onun çiyninə toxundurdu.

– Eh! Sən olmasaydın, biz nə edərdik? Uşaqlar, başlayın…

Beləcə, 1996-cı ili toxqarına, kefikök qarşıladıq. Ondan sonra hər şey düzəlmədi, amma hələ heç nə itirilmiş sayılmazdı. Şahın xəyalları da.

Rüfət Əhmədzadə

kulis.az 7 yanvar 2015

Köhnə yara (hekayə)

Rüfət Səid

Köhnə yara
(hekayə)

“Hər an ölə bilərəm” deyə düşünmək insana çox əzab verir. Elə hər an da ölürsən. Bunun bir yolu olmalıdır. Amma deyəsən, ürək xəstəliyindən çox ruhi məsələ var burda. Psixikam tamamilə pozulub. Necə edəcəyimi bilmirəm. Yaşamaqmı, ölməkmi… Əlbəttə ki, görəcəyim çox iş var. Bunu hətta cəmiyyətə ən faydasız insan da düşünə bilər. Mən niyə bu qədər xudbinəm?
Həkim deyir, yaxşısan. Elə də ciddi problemlər görmür. Sadəcə deyir ki, “hər şeyi ürəyinə salmağın ziyanınadır”.
Yəni ki, o tərəfə bir addım atırsan. İnsan olduqca, ölümə daha çox yaxınlaşırsan… Bəli! Duyğusal olmaq çox pis şeydir. Emosionallıq bizi məhv edir…

– Bəlkə, müalicə olunasan?
– Nə lazımdırsa, həkim nə yazıbsa, alıb yığmışam evə…
– Qəbul edirsən?
– Hə… Amma vaxtlı-vaxtında dərman atmaq yadımdan çıxır. Ən çox ürəyim sancanda atıram.
– Çox bərk sancır?..
– Bilmirəm, o zaman yarıcan oluram. Ağrılarımı ölçməyə taqətim qalmır.
– Necə yəni? Tam mənada necə hiss edirsən özünü?
– Nə bilim… Bir neçə saniyə sürən halsızlıq olur. Amma sonra küt ağrılar hiss edirəm. Köhnə yaranın ağrısı kimi.
– Köhnə yara? Qəribədir…
– Burda qəribə nə var ki? Hər kəsin ürəyində köhnə yara var. Nə isə, yaxşı olar, narahat olma!

Dostumla sağollaşdım. Onun gözləri arxamca gəlirdi, özü isə durmuşdu. Ondan mümkün qədər uzaqlaşmağa çalışdım. Birlikdə oturduğumuz kafe “Sahil”ə yaxın bir küçənin döngəsində yerləşir. Ordan buruldum, özümü metroya atdım. Atdım da sözdür…

Gözlərimi açanda gördüm ki, ölmüşəm. Həyat yoldaşım oğlumu qucağında tutaraq, göz yaşları axa-axa mənə baxır.

– Özünə gəldin? Necəsən?
– Hə… Gəldim. Hansı dünyadayam?
– Biz olan dünyada.
– Siz olan dünyada bu ürəklə yaşamaq mümkün deyil axı.
– Amma sən yaşayırsan… Şükür Allaha! Qorxmuşduq. Həkim deyir ki, 1-2 gün burda qalmalısan, sabah evə aparacağıq səni.
– Basdırmağa?
– Niyə belə danışırsan?
– Bilmirəm… Hər an ölə biləcəyimi o qədər düşündüm, artıq həyatdan uzaqlaşmışam.
– Belə danışma… Sən bizə lazımsan.
– Yaxşı… Yuxum gəlir.

Mən xəstəxanadan çıxanda həkimin gözləri mənimlə gəlirdi. Özü isə durmuşdu. Nədənsə, bu gün onu məşğul edən başqa xəstə yox idi. Günün xəstəsi məhz mən idim. Bəlkə də qəhrəmanı.. Bəlkə də, məğlubu. Səhnədəki rolundan məhrum olan uğursuz bir aktyor.

Məni dəfn etməyə aparırdılar. Ya da ki, yaşatmağa. Fərqi nədir, köhnə yaralarımı nə qədər sarısam da, onlar məni hər zaman ölü kimi yaşadacaq.

Və mən… hər dəfə klavişə toxunduqca, qəbrimə bir kürək torpaq atıram.

Atmosfer (növbəti kitabdan qısa hekayə)

Mən bilirdim ki, belə olacaq. Bir şeyin üstündə çox əsəndə – külək yarana bilər, havalar soyuyar, şaxta düşər, boran olar, çovğun qalxar… Və həyatda itirməyə ən çox qorxduğum şey – bizim birgəliyimiz bircə anda sovrulub yoxa çıxar. Bilirdim axı bunu… Necə oldu unutdum?Ya da hər zaman xatirimdə idi, amma inanmaq istəmədim. Əvəzində səmimiyyət haqqında nağılların qurbanı oldum. İtirdim səni… Daha doğrusu, “biz” deyilən şeyi.

Bu “biz” əvəzliyi elə “köpəyoğlu” şeydir ki, onu dilində çox hallandıranda başına bəla olur. Məsələn, deyirlər ki, “pulu çox saymazlar, azala bilər”. Sonra deyirlər ki, “körpə uşağın yanaqlarından çox öpməzlər, uşaq əriyər”. Daha sonra, bəzi internet filosofları da peyda olub, sevginin kitabını yazmış dahilər kimi məsləhətlər verirlər: “Sevdiyinizə onu çox sevdiyinizi çox hiss etdirməyin, yoxsa sizdən bezə bilər”… Doğrudan ha! Olmaya bezdin məndən? Axı elə də çox hiss etdirmirdim.

Evdən səhər 9-da çıxıb axşam 9-da qayıdırdım. Onda da yorğun-arğın. Çay içir, çörək yeyir, yarım saat belə dincəlmədən otururdum kompyuterin qarşısına…  Halbuki, işdə 10 saat şüasını aldığım kompyuterlə 1 saat əvvəl sağollaşmışdım. Evdəki isə başqa – bu kompyuterdə yarımçıq əsərlərim gözləyirdi məni. Gecə saat 3-ə qədər yazırdım, pozurdum, siqaret çəkir, bir az gəzişir… Heydən düşüb, məcburən yatağa girənə qədər.

Deməli, heç sənin üstündə əsmirdim də. Amma sevirdim. Vallah, billah, sevirdim. Elə sevirdim ki, sənə qədər olan sevgililərimin heç birini düşünmür, yada salmırdım. Sənə az vaxt ayırdığıma görə küsürdün, mənsə bu küskünlükdən ilhamlanıb ayrılıq ruhunda şeir yazırdım. Və sən düşünürdün ki… Əşşi, axı mən necə edəydim ki, lirik şair obrazımı evləndikdən sonra da qoruya bilim. İncimə, amma həmişə şən sevgi şeirlərinə gülmüşəm.

Bəlkə, xoşbəxtliyimizi bir az fərqli yaza bilərdim. Sənin duyğulu gözlərində, oğlumuzun məsum təbəssümündə… Amma mən, həmişə sizi xoşbəxt etməkdə acizliyimdən ilhamlanmışam. Mənə bədbəxtliyim şöhrət gətirib. Başqa obrazla mümkünsə də belə, mən artıq bu “oyunun içindəyəm” – ən azından, belə düşünürdüm. Və özümçün əsirdim – ruhumu oxucularım üçün yelpik edərək.

Və bir də bilirdim ki, çox şeir yazmaq ruzini qaçırır. Bunu kimsə deməmişdi mənə. Heç hardan oxumamışdım. Sadəcə qeybdən gələn səsmi deyim, yoxsa beynimin bir guşəsində oyanan qorxu instinkti… Təcrübəylə də görmüşəm bunu. Mən çox lirik şeirlər yazdıqca, daha da uğursuz olmuşam. Sanki bədbinliyim ətrafımdakı bütün müsbət auranı dağıdıb, əvəzində mənhus bir atmosfer yaradıb. Onda sonra isə…

Sonra çox çabaladım, çox əlləşdim, çox əsdim… Sən daha səbir etmədin, daha dinləmədin. Sənin gözlərin doldu, amma səbir kasan da dolmuşdu… Daha nə şeirlərim, nə də yalvarışlarım səni saxlaya, o sevgini, o birgəliyi qaytara bilməzdi.

Sənsiz, sizsiz qalanda əsməyə başladım. Bizdən əsər-əlamət qalmadığını görüb, dəli kimi hayqırdım, uzun-uzun uladım da… Əllərim siqaret dumanını sağa-sola yardı, amma bu lənətlənmiş atmosferi heç cür dağıda bilmədim. Uğursuzluq məni bədənimin hər hüceyrəsindən sıxmağa başladı. Bir anda intihar fikrinə düşdüm…

Sonra səndən zəng gəldi. Ürəyim çırpındı. İlk görüşümüzün həyəcanı kimi, amma ondan da çılğın… Küləklər evimi başına aldı. Boran yarandı, çovğun qalxdı… Şaxta qanımı dondurdu.
İntihar edəcəkdim, yaşamağa məna qoymamışdın. Amma ölməyə də məna qoymadın. Xəbərdarlıq elədin, “hər ay uşaq üçün aliment verməlisən” dedin. Nə yaxşı ki, mənim niyə və kim üçün yaşadığımı yadıma saldın. Daha lirik şeirlər yazmağa vaxt olmayacaq.

Alpay Azər və Rüfət Əhmədzadə RTV-də (VİDEO)

Fevral ayında Azərbaycanın populyar hekayə yazarları olan Alpay Azər və Rüfət Əhmədzadə Xaçmazda yerləşən Regional Televiziyanın (RTV) “Yeni Səhifə” verilişində  qonaq olub, hekayələr mövzusunda danışıblar. Sərdar Aminin telelayihəsində Rüfət Əhmədzadə nəsr və nasirlik barədə fikirlərini bölüşüb, hekayə yazarlığının xüsusiyyətlərinə toxunub. Tanınmış hekayə yazarlarından olan Alpay Azər də, özünün hekayəçilik barədə baxışını, yaradıcılıq məsələləri haqqında fikirlərini ifadə edib.

Qeyd: Verilişdə qeyd olunan “Cavid əfəndi” müsabiqə  layihəsinin formatı və adı dəyişilib, “Anamın Kitabı” Ədəbi Mükafatı təsis olunub. Hazırda müsabiqə gedir, kitabevim.az saytında məlumat almaq olar.