Bir kasıbın bayram düşüncələri

Yazıma şablon sözlərlə başlayıram: uşaqlığım(ız) ağır keçib. Özümü və ətrafımı dərk etməyə başlayanda SSRİ dağıldı, yeni dövlət yarandı və bu dövlətin yaranması ilə müharibəyə, böhran dövrünə girməsi göz qırpımında baş verdi. Düzdür, tələbəliyimin də ilk illəri kasıblıq içində və kirayədə keçib, amma yaddaşımda ən çox 1995-1996-cı illər iz salıb. Mənimlə həmyaşıd olanların əksəriyyəti razılaşar ki, həmin vaxtlarda bir çox ailə ət nədir, yağ nədir, sadəcə çörək almağa belə pul tapmırdı.

“Dendi” və “Sega” kimi kompyuter oyunları, “Supra” televizorların təzə-təzə ölkədə yayıldığı, bu “nemətlər”dən də əsasən “tuz” balalarının zövq aldığı illər idi. Elə “tuz” sözünü də “Sega” salonlarında öyrəndim. İmkanlı ailələrin ətli-canlı uşaqları dondurmanı iştahla yalaya-yalaya gəlib qapının ağzına toplaşmış kasıb izdihamını yarıb keçir içəri, ciblərindən “qız qalası” deyilən yüzlükləri və ya “nizami” deyilən 500-lükləri atırdı masanın üstünə. Biz kasıblardan kim qıvraq, yaltaqlanmağı yaxşı bacaran idisə, tez keçib həmin “tuz”un yanında otururdu. Biz də həsədlə bu “tuz”un başına yığışıb, “kamputer” oynamasına baxırdı. Hətta bəzən valideynlərimin “kamputer pulu” vədlərinə həvəslənib az qala hər dərsdə 5 almağa çalışırdım, amma bu vədlər çox az-az yerinə yetirilirdi, çünki çox yoxsul yaşayırdıq, atam bir ay işləyir, iki ay da iş axtarırdı.Baxın, bu “kamputer” sevdası biz kasıb uşaqlarının arasından “realist”ləri də çıxardı.

Güclü məhləuşaqları əvvəl biz kasıbları “tuz”lara qarşı qoyur, sonra isə bu “tuz”larla dostlaşıb, onları qoruyurdular. Əvəzində isə “Baküş”, “Sega”, “Plombir” və s. Dərsdən sonra günüm  alüminium və mis yığmaqla keçirdi. Bir dəfə  alüminium satıb, qazandığım pulu “Sega” salonunda qoydum. Evə qayıdanda anamdan yemək istədikdə isə, yavan çörək və həyətdə əkdiyimiz pomidorlardan verdi.. Dedi gözlə, axşam atan gələndə xörək də bişirəcəm. Əvvəl başa düşmədim, amma atam gələndə də evdə xörək bişmədi… və mən o zaman həyatı necə lazımdır dərk etdim.

Ondan sonra “Sega” salonlarına az-az getməyə başladım, “qazandığım” pulu “lotu” uşaqlardan gizlincə corabıma qoyub evə gətirirdim. Həmin illər məktəbdə yazdığımız inşaları yada salanda, dodaqlarım qaçır, başımı yelləyib öz-özümə gülürəm. Təsəvvür edin, evdə ət-yağ almağa pul yoxdur, amma sən Qurban bayramının adətlərindən həvəslə, pafosla cümlələr qoşursan. İnsanların necə bir-birinə yardım etdiyini, necə deyib-gülüb bir-birlərini təbrik etdiklərini yazırsan. İnşadan “5” alıb evə gələndə isə səni tamam başqa əhval-ruhiyyə gözləyir…

Əlbəttə, Qurbanlıq günlərində elə də aciz qalmırdıq. Atamgil 6 qardaş (indi cəmi 3 qardaş qalıblar, atam keçən il dünyasını dəyişib)idilər.. Hər bayramda Coratdakı baba həyətində yığışıb qurban kəsər, öz aralarında bölüşərdilər. Qurban bayramı mənim üçün həm ət demək idi, həm də ailəmizə bir gün üçün yüngüllük, rahatlıq demək idi – zarafat eləmirəm. Az-az ət yeyirdim, ona görə… Bunu indi deməkdən utanmıram. O günləri yada salıb yazmaqdan zövq aldığım da yoxdur. Artıq 2016-cı ildir. 30 yaşım var, atasız gənc atayam, ailə başçısıyam… Bu həyatda elə də çox şeyə nail olmamışam, amma öz biliyim və savadımla ayaqda qalmağa, ailəmi saxlamağa çalışıram. Çətin olsa da, birtəhər bacarıram. Bu 20 ildə mən də, sən də, biz də, siz də çox prosesdən keçdik. Əlimizdən çox şansları qaçırdıq. Yox, yox, yerimizdə saymadıq… Sadəcə, hərdən mənə elə gəlir ki… Getdiyimiz yolda dövrə vurub geriyə qayıdırıq. Yenə oxşar çətinliklər, yenə pessimist əhval-ruhiyyə, həmin böhranlı günlər…

Bayram mədəniyyətdir, mədəniyyətsizlik deyil. Bayram, vəhşi kimi, qanı su yerinə axıtmaq üçün deyil, tarixlərdən süzülüb gələn dəyərləri yaşatmaq, cəmiyyətdə yardımlaşmaq-bayramlaşmaq üçün bir fürsətdir. Bunu unutmayaq… Heç olmasa, bayramlarda dönüb geriyə boylanmağı bacaraq.

Gün o gün olsun ki, bir-birimizə “neçə belə bayramlara çıxasan” deyəndə utanmayaq, ikrah hissi keçirməyək, bayrama necə girdiyimizi düşünəndə köks ötürməyək… Bayramınız mübarək olsun!

Rüfət Əhmədzadə

Qafqaznews.az

 

Sistemin bir hissəsi

Hər bir insanın içində eqosu, qüruru və bir də gücdən qorxusu var. Gücdən qorxu hissi hər zaman oyaq qalanda bu eqo və qürur əvvəl əzilib çeynənir (plastilin kimi).

Sonrakı mərhələdə isə qürur təkəbbürə çevrilir, eqo isə artıq “mən yaxşıyam” yox, “mən filankəsdən, bəhmankəsdən yaxşıyam, Filan müəllimin adamıyam, Bəhman müəllimlə dostam” formasında təzahür edir. Sən ancaq özündən güclülərə hörmət edirsən, onları adam sayırsan.

Özündən zəiflər, kasıblar, hətta istedadlı olsa belə gözünə “aşağılıq tip”lər kimi görünür. Sən olursan sistemin bir hissəsi… Amma mən ola bilmirəm, af edərsiniz.

Mən anlamıram, niyə insan öz istedadını, bacarığını dəyərləndirməməli, niyə daha yaxşı həyat istəməmilidir.

Niyə insan başını aşağı salmalıdır. Və nə üçün başqaları üçün çalışanda da pis olursan, 1-2 gün ailən üçün çalışanda da… Niyə bu insanlar necə gəldi yaşayır, amma özü üçün yaşayanları da qınağa çevirir?

Bir də ki, anlamıram, niyə günah həmişə yıxılanda olur? Niyə həm siyasətə qarışmırıq, həm də bir-birimizə “siyasətin olsun” deyirik…

Və niyə bura Azərbaycandır? Niyə düzələn deyil?…

Rüfət Əhmədzadə

 

Xərçəngnamə

Sevdiyimiz, əziz bildiyimiz insanların itkisi çox ağırdı. Mənim sevdiyim qız, ən yaxın dostum, keçən il atam və bu gün (artıq dünən) də əmim xərçəngdən gedib. Atam 62, əmim isə 65 yaşında vəfat etdilər. Amma sevdiyim qızın öləndə 21, dostumun isə 23 yaşı vardı. Gəncdilər, çox gənc…

Sanki dünyaya ötəri salam verməyə gəlmişdilər. Sevdiyimizi itirəndə bizə elə gəlir ki, ölüb bitəcəyik, vəssəlam..

Amma ölmürük, yaşayırıq. Başqa variant yoxdur. Nə xoşbəxt oluruq, nə bədbəxt. Sadəcə yaşayırıq. Bu gün ailəm var, övladım var, Allahın köməyilə hələ biri də olacaq. Taleyimdən naşükür deyiləm, gözəl ailəm var. Amma tam səmimi və cəsarətlə deməliyəm. Sanki müharibədən qalma bir kontuziyam var.

Hər dəfə nəsə oxşar bir şey eşidəndə silkələnirəm, diksinirəm, yaramın üstü açılır, qan-leysan oluram… Həm də belə şeylər ən yaxın ətradımda baş verir, bir-bir əzizlərimi xərçəng aparır.

Di gəl ki, yenə də yaşayıram. Çünki biz özümüz üçün yaşaya bilmiriksə, övladlarımız üçün yaşamalıyıq. Yaxşı oğlan ailəsinə halal çörək aparan oğlandır. Ona da imkan versələr…

Bağışlayın, başınızı ağrıtdım.

 Rüfət Əhmədzadə

Rüfət Əhmədzadə – “Möhtəşəmlik”

Sənin möhtəşəmliyinə vuruldum…
Gözlərindən necə sevgi yağırdı,
Sanki bütün insanlığa yetəcək,
Bircə məndən savayı.
Sənin sadəliyinə heyran oldum.
Gülüşündən məsumiyyət yağırdı,
Sanki bütün dünyanı xoşbəxt edəcək…
Bircə məndən savayı.

Əslində xoşbəxtliyim ilğım kimi bir şeymiş…
Sənin gözlərindən yağan kini görcək anladım.
Nə biləydim, uzaqlığın belə aldatması var…
Nə biləydim, yaxınlığın belə ağlatması var.
Əslində möhtəşəmlik yaxşı şey də deyilmiş…
Məsələn qorxuları yenməyə çalışarkən,
Arzuların da qalır ayaq altında hərdən…
Ya da ki, gələcəyə qəti addım atarkən,
Keçmişdə vicdanı da qoyub gedə bilərsən.
Eybi yox, əsas odur,
Sən xoşbəxt ol… Gülümsə!

Sənin sadəliyinsə sehirli nağıl kimi,
“Biri var, biri yox”la başlayan uşaqlığım.
Bir az qorxutsa belə, bir az incitsə belə,
Əvvəl-axır sonunda açılacaqdı kefim.
Dərhal yuxum gələcək, nə şirin yatacaqdım…
Amma hardan biləydim, sən də nağıl imişsən.

Mən heç böyüməmişəm…
Elə həmin uşağam.
Mənim dünyam da elə bir otağım boydadı.
Mənim dünyamda sənə yer yoxdur,
Düzün deyim…
Onu ki, özün dedin…
Başqa-başqa dünyalar
Başqa-başqa adamlar..
Sənin dünyan eləcə böyük əzablar verir.
Sənin dünyanda hamı tərəziylə gəzirmiş.
O tərəzi ədalət nədir hələ görməyib…

Rüfət Əhmədzadə – “Uşaqlar kimi”

Mən istəmirdim belə olsun,
İçimdəki boşluğun səbəbkarı özüm olsam da.
Sən istəmirdin mən belə üzülüm
Könlümdə fırtına qoparsan da.
Biz istəmirdik belə ayrılaq.
Bəli… söz vermişdik bir-birimizə
Uşaqlar kimi sevəcəkdik, amma…
Böyüklər kimi ayrılacaqdıq.
Sanki böyüklər ayrılanda
Uşaqlar ağlamır…
Sanki böyüklər dalaşanda
Heç nə sınmır, dağılmır.
Biz xəyallarımızı da zamanın axarına buraxmışdıq.
Biz arzularımızı da hardasa unutmuşduq.
Həyatı unutmuşduq demə…
Nə gözəl yaşayırdıq.
Sonra sən dedin ki, belə gedə bilməz…
Mən üsyan elədim.
Mən yox dedim…
Itirmək istəmirdim, başa düşürsən?
Itirdim.
Sevmək istəmirdim.
Sevdim.
Unutmaq istəyirdim.
Unutmadım…
Sonra dedim daha bəsdir.
Itirmək istədim.
Olmadı… hara getdimsə mənlə gəldin.
Sevmək istədim… özün də bilmədən, imkan vermədin.
Unutmayacam dedim…
Onun məni necə çox sevdiyini…
Amma sən hər yadıma düşəndə…
Elə bil itələdin, qovdun hər kəsi ağlımdan.
Mən istəmirdim belə olsun,
Içimdəki pintiliyin səbəbi özüm olsam da.
Sən istəmirdin mən belə heykələ dönüm.
Könlümdə yağışlar yağdırsan da.
Biz istəmirdik belə ayrılaq.
Bəli… aldatmışdıq bir-birimizi
Böyüklər kimi sevdik, amma…
Uşaqlar kimi ayrıldıq.

Rüfət Əhmədzadə – “Vaxt”

Onun sənə bağlanması
vaxt öldürmək deyildi
Bəlkə də, uzun illər çiynində daşıdığı
Ölünü dirildəcəkdi,
nə bilirsən, Simuzər?
Bəlkə də, diriltmişdi…
Gəncliyi qayıtmışdı…
Həmin gur saçları
Həmin çılğın baxışları
Həmin təbəssümünü
yenidən tapmışdı sənə baxanda…
Sənin adın “xəzinə” demək imiş…
Onunku isə “bilgin”…
Gör, necə tutuşurdu…
Səninsə gələcəyin…
Əlindən sovuşurdu.
O getdikcə yaşlanır,
Sən getdikcə şahlanırsan gəncliyindən, Simuzər!
Onun uşaqları böyüyür evdə…
Sən özgənin uşaqlarına baxıb,
xəyallar qurursan özlüyündə…
Sonra nə deyirsən, Allah bilir…
Sonra nə düşünürsən, Allah bilir..
Sən elə “xəzinə” kimi əlçatmaz olub, itirsən…
Simuzər.
Mən o deyiləm…
Mən o dəli şair deyiləm,
səni daha yaxşı sevə bilərdim.
Mən o evli şair deyiləm,
Səni başqa cür də xoşbəxt edə bilərdim.
Məsələn, sənin ən çətin suallarına
“Ürəyini sıxma, zaman göstərər”
deyə verdiyim cavablarımla…
Zaman göstərəcək, bəli, Simuzər…
Bir gün mənim adım sənin yadından çıxacaq
Bir gün heç bu şeiri xatırlamaram bəlkə.
Bir gün, bəlkə, hardasa üz-üzə gəlsək, nolar…
“O gün niyə ayrıldıq?” deyə soruşmaram ki.
Sağlıq olsun, Simuzər.
Əsas odur, vaxt öldürür bizləri…
Bizim nə həddimiz var,
saf duyğuyla sevdiyimiz insanla vaxt öldürək?!

Abşeronun baş memarı “Yeni Bakı”da binaların çökməsini təsdiqlədi – ARAŞDIRMA, FOTO, VİDEO

Akif Əliyev: “Həmin binalarla bağlı ekspertiza qrupu yaradılması üçün FHN və ETSN-ə müraciət hazırlamışıq”

Ələmdar Piriyev: “O binaları tikən şirkətdən soruşmaq lazımdır, inşaat zamanı mühəndisi-geoloji işlər aparılıbmı?”

Sakinlər “İlin Dörd Fəsli” MMC-ni məhkəməyə verməyə hazırlaşır

İyulun 11-də LEGİON.AZ-da “Yeni Bakı”da binalar çat verir?” başlıqlı yazı dərc olunmuş və həmin məqaləyə bir neçə foto və video da yerləşdirilmişdi.

Artıq bir neçə aydır ki, Qafqaz Xəbər Agentliyi Masazırdakı “Yeni Bakı” yaşayış kompleksinin sakinlərinin şikayətlərini araşdırır və problemlərini işıqlandırıb həllinə çalışır. Sakinlər komendant Ehtiram Yusifovun kobudluğundan, eləcə də kompleksin inşaatını həyata keçirmiş “İlin Dörd Fəsli” MMC-nin öz vədlərini yerinə yetirməməsindən dəfələrlə ölkə mətbuatına şikayətləniblər.13664345_261503720889695_870250897_n

Həmçinin, sakinlər Azərbaycan Prezidenti İlham Əliyevə, PA rəhbəri Ramiz Mehdiyevə, Baş Prokuror Zakir Qaralova və DİN başçısı Ramil Usubova da müraciət ediblər. İyulun 11-də LEGİON.AZ-a müraciət edən “Yeni Bakı” sakinləri şəhərciyin 2-ci, 3-cü və 4-cü həyətindəki “P-şəkilli” binalarda çatlar yarandığını bildiriblər.Sakinlər dediklərinin sübutu olaraq LEGİON.AZ-a fotoşəkillər və videoyazılar göndəriblər.Bir çox binanın birinci mərtəbə hissəsində uzun və gözəçarpacaq qədər dərin çatlar yaranıb. Fotoşəkillərdən və videogörüntülərdən də görünür ki, (həmin yerlər videogörüntüdə və şəkillərdə ox işarələri ilə göstərilib-red.) əksər çatların üzərinə suvaq çəkilib.

Yazı hazırlanan zaman “İlin Dörd Fəsli” MMC-nin Zamiq adlı meneceri sakinləri yalan deməkdə, bizi isə qərəzli yazmaqda günahlandırdı, lakin məqalənin dərcindən bir gün keçməmiş, sakinlər bizə daha yeni bir video göndərdi: sözügedən  binanın qarşısında çömələn usta çat yerlərinə suvaq vurmaqla məşğuldur.

Biz əlimizdə olan məlumatı FHN-in “Qaynar Xətt”i ilə də bölüşmüşdük, həmçinin, sakinlər FHN-dən bizə deyilən mobil nö13720601_263743550665712_1357096009_omrəyə foto və videoları “vatsap” vasitəsilə göndərmişdilər.İyulun 12-də FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinə (TTNDA) zəng etdik, adını bildirməyən növbətçi əməkdaş nə bizi dinləmək, nə də rəhbərliklə əlaqələndirmək istəmədi: “Gedin hara şikayət edirsiniz, edin”.

Lakin iyulun 14-də öyrəndik ki, həm məqalənin yaratdığı rezonans, həm də sakinlərin FHN-in “112” xidmətinə aramsız zəngləri azacıq da olsa nəticə verib.LEGİON.AZ-ın əldə etdiyi məlumata görə, TTNDA nümayəndələri “Yeni Bakı”da çatlar müşahidə olunan binalara baş çəkərək akt hazırlayıblar, lakin aktın məzmunu barədə sakinlərə məlumat verilməyib. Məsələyə aydınlıq gətirmək üçün FHN-in mətbuat xidmətiylə əlaqə saxladıq, bizə bildirdilər ki, akt hələ hazır deyil və ən qısa zamanda LEGİON.AZ-a ətraflı məlumat veriləcək.İyulun 15-də sakinlərLEGİON.AZ -la əlaqə saxladılar. Onların sözlərinə görə, “Yeni Bakı”ya baş çəkən FHN əməkdaşları şifahi olaraq bildirib ki, şəhərcikdəki 1-ci və 2-ci “P-şəkilli” binalar, eləcə də bu binalar13649697_261494470890620_440726887_nla üzbəüz 8 ədəd təkbloklu binaların FHN-dən istismara qəbul aktı var.  Lakin sakinlər bu barədə indiyə qədər məlumatlı olmadıqlarını deyiblər: “FHN rəhbərliyindən mətbuat vasitəsilə xahiş edirik ki, “Yeni Bakı”da istismara qəbul aktı olan binaların sayını və nömrələri ictimaiyyətə dəqiq açıqlasınlar. Çünki “İlin Dörd Fəsli” MMC uzun müddətdir bizə heç bir məlumat vermir və müvafiq çıxarışla təmin etmir. Dünənki şifahi məlumatdan sonra, biz “İlin Dörd Fəsli” MMC-yə  qarşı məhkəmə iddiası qaldırmağa qərar vermişik”.

LEGİON.AZ-ın əldə etdiyi digər məlumata görə, Abşeron RİH-in Memarlıq və Tikinti Şöbəsinin aparıcı məsləhətçisi Abdun Dadaşov da iyulun 14-də həmin ərazidə olub və sözügedən binalardakı vəziyyət barədə şöbə müdiri Akif Əliyevə məruzə edib. Abşeron rayonunun baş memarı Akif Əliyev də bu məlumatı LEGİON.AZ-a təsdiqlədi.

“Bəli, “Yeni Bakı”dakı vəziyyətlə tanış olmuşuq, araşdırmışıq. Həqiqətən də çatlar var, binalarda çökmə əlamətlərinin olduğunu müəyyən etmişik. Lakin o binaların yaşayış üçün təhlükəlilik dərəcəsini FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinin xüsusi ekspertiza qrupu müəyyən edə bilər. Adi baxışla bu barədə dəqiq qərar vermək çətindir. Amma bir daha deyə bilərəm ki, sizdə olan məlumatlar doğrudur, fakt olaraq həmin binalarda çatlar və çökmə əlamətləri var. Onların səbəbləri ətraflı araşdırılmalıdır. Bu, yeraltı, tektonik proseslərdən də ola bilər, yaxud yeraltı qrunt suları ilə bağlı ola bilər… Torpağın xassəsi ilə bağlı da, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq ekspertiza qrupu rəy verməlidir”, – deyə A13639576_261494477557286_1900199258_o-768x302bşeronun baş memarı vurğulayıb.

O qeyd edib ki, “Yeni Bakı” yaşayış kompleksinin inşa olunduğu ərazi sürüşmə zonasında deyil, lakin sözügedən hadisə ilə bağlı aidiyyatı olan qurumlar araşdırma aparmalıdır. Abşeron RİH-in hansı tədbirlər görəcəyi ilə bağlı LEGİON.AZ əməkdaşının sualına isə Akif Əliyev belə cavab verdi: “Artıq biz bu məsələ ilə bağlı müraciət hazırlamışıq. “Yeni Bakı”ya ekspertiza qrupları göndərilməsi üçün Fövqəladə Hallar Nazirliyinə, eləcə də Ekologiya və Təbii Sərvərlər Nazirliyinə rəsmi müraciət hazırlamışıq, bazar ertəsi göndərəcəyik”.

Məsələ ilə bağlı ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ilə də əlaqə saxladıq. ETSN sözçüsü bizə ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyevlə danışmağı tövsiyə etdi.

13672203_263830460657021_1924101188_nƏ.Piriyev LEGİON.AZ-a bildirdi ki, “Yeni Bakı”dakı binaların çökməsi ilə bağlı onlara hələ hər hansı məlumat verilməyib: “Lakin Abşeron RİH-in bu müraciəti bizə daxil olacağı halda, ora qrup göndərəcəyəm, lazım olsa özüm də şəxsən iştirak edəcəyəm. Orda cürbəcür proseslər gedə bilər, aydınlaşdırmaq lazımdır. Ola bilər ki, həmin binaların çökməsinə antropogen amillər səbəb olub.  O binaları tikən şirkətdən soruşmaq lazımdır, inşaat zamanı mühəndisi-geoloji işlər aparılıbmı? Bir sıra məqamları araşdırandan sonra, dəqiq nəsə demək olar. Nazirlər Kabinetinin qərarına görə, Azərbaycanda sürüşmə zonalarının atlası hazırlanıb. Həmin ərazilərdə, o cümlədən Masazırda hər hansı inşaat işləri aparılarkən, mütləq ETSN-dən rəy alınmalıdır. Masazır əvvəl sürüşmə zonası hesab olunmurdu. Lakin son illərdə əhali çoxalıb, torpağa kanalizasiya suları axıdılır, ona görə də, sürüşmə ehtimalı artıb.

Mövzu ilə bağlı araşdırmamız davam edir.

Rüfət Əhmədzadə

LEGİON.AZ

Mövzuya aid linklər:

http://legion.az/9503–yeni-bak%C4%B1da-m%C9%99nzil-m%C3%BClkiyy%C9%99t%C3%A7il%C9%99ri-ramiz-mehdiyev%C9%99-m%C3%BCraci%C9%99t-etdil%C9%99r-m%C6%8Ftn.html

http://qafqaznews.az/2016/06/yeni-baki-sakinl-ri-dovl-t-bascisina-muraci-t-etdi/
http://qafqaznews.az/2016/05/yeni-baki-da-isiqsiz-qalan-sakinl-r-alternativ-enerji-axtarirlar-video/
http://qafqaznews.az/2016/05/yeni-baki-da-qalmaqal-dusdu-sakin-ozunu-yandirmaq-ist-di/
http://qafqaznews.az/2016/05/az-risiq-dovl-t-bascisinin-f-rmanina-qarsi-gedir/
http://qafqaznews.az/2016/04/yeni-baki-massivinin-sakinl-ri-ozbasinaliq-v-kobudluqdan-sikay-t-edir-video/
http://qafqaznews.az/2016/04/az-risiq-dan-yeni-baki-sakinl-rin-q-rib-cavab-gedin-prezident-sikay-t-edin/