Bir-birinin arvadına göz dikənlər…

Ötən il ölkə mətbuatında yayımlanan,  “Kitablar və insanlar” silsiləsində yazdığım bir yazını oxuculara təkrarən təqdim edirəm:

Rüfət Əhmədzadə

“Elgizin millətçiliyi Cek Londonun gözüylə”

Televizora baxan deyiləm. Artıq illərdir ki, mavi ekran deyilən nəsnənin qatı düşməniyəm.

Vaxtaşırı hansısa təsadüf nəticəsində göz və qulaq şahidi oluram, ondan da əsəblərim korlanır.

Bu yaxınlarda işimizdə mətbəxə çay süzməyə keçərkən, ANS-in efirində səslənən bu sözlər beynimə işlədi: “Biz dünyanın ən humanist xalqıyıq”.

Bu sözləri aparıcı Elgiz deyirdi və bununla, bir qızın öz doğma bacısını öldürməsi hadisəsinə giriş alırdı… Bizdə belə şey ola bilməz. Olsa da, çox pisindən olar.

Həqiqətən də, baş verən dəhşətli haldır. Və Elgizə də haqq qazandırıram. Adam nə qədər milləti, xalqı öz “süzgəcin”dən keçirib, papuasları, astekləri, yaponları, ingilisləri, afrikalıları yoxlayıb və axırda qərara gəlib ki, dünya xalqları içində ən humanist xalq azərbaycanlılardır.

Məsələ heç Elgizdə də deyil. Efirdən tez-tez belə şeyləri eşidirik. “Dünyanın ən sürətlə inkişaf edən ölkəsi”, “dünyanın ən qonaqpərvər xalqı”, “ən tolerant cəmiyyət”… Bir-birimizin ətini yeyirik, bir-birimizə badalaq gəlirik, işdən qovulmaq, həbs olunmaq qorxusuyla çox şeyi uduruq… Nəticədə oluruq tolerant.

Hərdən görürsən ki, yekəağız bir müğənni efirə çıxıb, milli-mənəvi dəyərlərdən danışır. Bu mənzərə o qədər dəhşətli olur ki, səmimi millətçilər də utanır. Amma bunun adı millətçilik deyil. Başqa “–çılıq” və “-çilik”lərdəndir.

Bu günlərdə Cek Londonun (Jack London) “Güclülərin qüvvəti” adlı hekayəsini oxudum. “Uzunsaqqal” ləqəbli qoca bir kişi nəvələrinə öz doğma qəbiləsinin tarixindən danışır. Balıqyeyənlər (balıqçılar) qəbiləsi “Dəniz vadisi”ndə yaşayır və daim “Böyük vadi”dəki Ətyeyənlər (ovçular) qəbiləsinin hücumlarına məruz qalırdı.

Balıqçıların vəziyyəti ağır idi. Çox olsalar da, güclərini anlamırdılar. Ailələr ayrı-ayrı ağacların başında yaşayırdı. Hər kəs özünə görə idi. Kimsə güclü idi, zəifin arvadını oğurlayıb öz ağacına dartırdı. O zəif isə başqa bir zəifin arvadını oğurlamaqla özünə təsəlli verirdi.

Beləcə, kim kimi necə xamladısa, elə də zövqlə yaşayırdı. Bir gün ovçular balıqçıların kəndinə hücum etdi, onların kişilərini bir-bir qırdı, qadınlarını əsir apardı. Ondan sonra balıqçılar anladı ki, 60 nəfərin 10 nəfərə qarşı gələ bilməməyinin tək səbəbi birliyin olmamasıdır.

Balıqçılar qəbilə şurası yaratdı, mühafizə dəstələri və növbətçilər təyin olundu. Amma yenə də, arvad oğurlamaq adəti səngimədi. Qəbiləni düşməndən qoruyan mühafizəçilərin gözü arxada qalmışdı. Tezliklə, arvad oğurlamaq da qadağan olundu. Hətta özünü güclü sayanları da yığışıb öldürürdülər, çünki başqalarından güclü olmaq qadağan idi.

Şuranın rəhbər seçdiyi adam isə işləri yaxşılaşdırmaq əvəzinə öz mövqeyini möhkəmlətdi, öləndən sonra da oğlu onun yerini tutdu. Yeni hökmdar qəbilədən özünə yaxın adamlara güvənib xalqı əzməyə başladı. “Vilka-lojka” dəstəsi deyilən bir şey.

Bir tənbəl və başıxarab adam özünü kahin elan etdi, daxmasında tanrını saxladığını və o tanrının adından hökmdara itaətin vacib olduğunu bildirdi. Hökmdar bu kahini himayəsinə aldı.

Xalqın vəkilləri də hökmdarın vəkili oldular. Tezliklə, torpaq tutub tarla salan birisi bütün taxıl biznesini nəzarətə aldı, bir başqası balıq tutmağı inhisara götürdü, digəri “odlu su” (araq) biznesi ilə, digəri isə keçi saxlamaqla oliqarx oldu. Onlar hökmdara vergi verir, hökmdarın dəstələri isə bu oliqarxları qoruyurdu. Xalq qazandığını bunlara verir, əvəzində “dilənçi payı” alırdı.

Bir gün avara bir Böcək də peyda oldu. Ləqəbinə sadiq qalaraq, vızıldayaraq xalqın könlünü xoş nəğmələrlə oxşadı. “Ətyeyənlər əclafdır”, “Ar olsun düşmənlərə”, “Xalqı geriyə aparmaq istəyənləri dinləməyin”, “İslahatçılar inkişaf istəmir” və s.

Əlbəttə ki, xalqı nəzarətdə saxlamaq üçün düşmənlər də lazım idi, ancaq dostlar yox. Tez-tez müharibələr etmək, “daxili düşmənləri” cəzalandırıb el içində biabır etmək… Amma bütün bunların da bir həddi var.

Bir gün ətyeyənlər hücum elədi. Gücdən düşən, dilənçilər, xəstələr və əlillərin qəbiləsi darmadağın oldu. Hamını qırdılar – iki nəfərdən başqa. Axsaq olan Uzunsaqqal qaçıb canını qurtardı, Böcək isə keçdi Ətyeyənlər qəbiləsinin tərəfinə. Və oldu Ətyeyən qəbiləsinin “xalq artisti”.

Böcəklərə etibar yoxdur. Ümumiyyətlə, düşmən axtarmaq təhlükəli şeydir… Öz qəbiləsini həddən artıq sevmək də.

(yazı oxuzali.az-ın arxivindən götürülüb)

Xam xəyallar

Nə dartıb çıxarardım ordan səni..
Vəhşətin içində qovrulmayaydın.
Oddan çıxan gözyaşardan his kimi,
Yerində kül qoyub sovrulmayaydın!

Nə dartıb çıxarardım ordan səni…
Nalayiqin tutduğu yer xaraba!
Nə sən qazanaydın günah-lənəti,
Nə də mən qatlanardım min əzaba!

Oxumağa davam et

Ac ruhlar

(mənsur şeir)

Göz tamahına, qarın toxluğuna qurban getdiniz… Öz xoşunuzla. Yox, bu bir insafsız ittiham oldu. Sadəcə, böyüyün sözünə hörmət, itaət etdirən saf duyğunuzla. Sizə “yaxşılığın üçün!” dedilər… Siz inandınız. Yox, sizi aldadan yox idi, qəti! Eləcə, boğaraq içdəki səsi, hey özünüzü inandırdınız. Bədənin kefinə, siz ac qaldınız!

İndi, vücudunuz tərləyir ancaq. Beliniz, sinəniz əllənir. Ancaq… Ruhunuz hələ də tumara möhtac. Bəlkə də, illərlə duymadığınız tamam yad, naməhrəm bir ruha möhtac? Axı, necə olar qalmaq yalavac – hər sifarişiniz icra olunmur? Eh! Nə edək ki, dünyada pulla, ruhun səadəti icad olunmur?!

Oxumağa davam et

Basdırma bir hekayə

Qocanı basdırdılar. Yataqda. Bir az sonra torpaqda basdırmaq üçün. Son dəfə, əbədiyyən! O da bilir bunu. Gözləyir o anı… Müqavimət göstərmir. Gördüyünü görüb, çəkdiyini çəkib.

Birinci dəfə deyil idi ki, onu basdırırdılar! O elə bu dünyaya basdırılmış gəlib. Doğularkən anasını, 3 yaşında ikən isə, atasını itirib. Bir nənəsi qalmışdı. Qoca, xəstə, təqaüddə olan bir əmək qəhrəmanı.

Basdırılmış bir həyat tərzi keçirirdilər onlar. Cəmiyyət unutmuşdu bu ailəni. Amma, onlar çıxmağa çalışdılar. Bütün məhrumiyyətlərə baxmayaraq, nənəsi onu oxutdurdu və mühəndis olmaq üçün Bakıya yolladı.

Birinci kursun sonuna yaxın, nənəsini də basdırdı. Özü də basdırıldı, Bakının düz ortasında – tələbə yataqxanasında. Amma, yenə də çıxdı. Özünün diri olduğunu sübut etdi qəhrəman. Bütün dünyaya… O gücünü göstərdi!

Oxumağa davam et