Ağdamın “dəli”ləri və “anormal”ları haqqında – AUDİO

Daha nə oldu, bu rayonda mətbuata kim şikayət edirsə, deməli, başı işləmir?

Yanvarın 5-də telefon söhbəti zamanı mənimlə küçə üslubunda danışan və əri tərəfindən yandırılmış müəlliməni dolayısıyla “anormal” adlandıran (“baxın görün, o qadın normaldır?”, “Nəsə çatışmır” və s)  prokuror Rəfail Zeynalov Ağdam RİH başçısı Raqub Məmmədovun qudası imiş.

Olmaya, iki quda əl-ələ verib, rayonu “anormalxana”ya çevirməklə məşğuldurlar?..

Dayanın, əziz oxucular! Kimisə təhqir etmək, qərəzli tənqid atəşinə tutmaq məqsədim yoxdur.

Sadəcə, “məni adam bilib danışan” prokuroru mən də adam bildim, ondakı bu özgüvənin səbəblərini öyrənməyə çalışdım… Nəhayət, ağdamlı tanışlarım mənə dedilər ki, “qudasının rayonudur, gözün üstə qaşın var” deyən yoxdur… Baxın, burda barmağımı “Snickers” bilib, dişlədim. Bundan əvvəl Raqub Məmmədovun müavini Ağa Zeynalov ondan 5 min manat rüşvət alındığını, pulunu tələb edəndə isə özünün kanala atıldığını deyən bağça tərbiyəçisi Fəridə Vəliyevanı “ruhi xəstə” adlanırmışdı.

Keçən ilin yayında Ağdam RİH nümayəndəsi Hüseyn Əliyev 4 il çörəkpulusunu ala bilməyən bir xanım haqqında xoşagəlməz sözlər işlətmişdi. Bu və digər məqamlar hamısı faktdır və diktofon yazıları da var… Yəni, Ağdamdan kim şikayət edirsə, ya “dəli”dir, ya “anormal”, ya da “əxlaqında problemi var”…

Ümumiyyətlə, insan nə vaxt söyməyə, təhqir etməyə başlayır? Sadə bir cavab: Leksikonunda normal danışıq üçün söz ehtiyatı tükənəndə, ya da yerli-dibli olmayanda.

Adama deyərlər ki, daha nə oldu, bu rayonda mətbuata kim şikayət edirsə, deməli, başı işləmir? Əgər bütün narazıları “dəli” çıxarmaq çətindirsə, Raqub Məmmədov xüsusi “dəlixana” da təsis edərək, özünə və qohumlarına mane olan “dəli”ləri ora toplaya bilər.

İndi bilmirəm, Ağdamda “normal” vəziyyət necədir. Onu da bilmirəm ki, Ağdamın məmurlarından, polisindən, prokurorundan narazı qalanlar nə dərəcədə “psixi xəstə” və ya “anormal”dırlar. Mən jurnalistəm və işim vətəndaşların müraciətini qələmə almaq, araşdırmaqdır. Əgər Səhiyyə Nazirliyində müvafiq vəzifə tutsaydım, əlbəttə, o zaman vətəndaşların psixiatrik ekspertizadan keçilməsi üçün “göndəriş” yazardım.

Amma söhbət xatirinə, işi aşsın deyə… başqasının haqqında nalayiq sözlər işlətmək, böhtan atmaq, xüsusilə də, 33 il bu ölkə üçün vətəndaş yetişdirən bir müəllimənin normallığına şübhə salmaq… Əlbəttə, normal deyil!

İstər Ağdamda, istərsə də digər rayonda… Olmaz belə! Öz işinizi düzgün görə bilmirsinizsə, ən azından, mətbuatla normal danışıq bacarığınız yoxdursa – sadə insanları niyə alçaldırsınız?! Ümid edirəm ki, aidiyyatı olan şəxslər tənqidlərimdən nəticə çıxaracaq.

Əlbəttə, ümid varsa, adam da var, həyat da…

Qədir bilib deyirəm!

Rüfət Əhmədzadə

Qafqaznews.az

Mövzu ilə bağlı linklər:

“Ağdamda həyat yoldaşını yandıran kişini “günahsız” çıxardılar?”

Ağdam prokuroru əri tərəfindən yandırıldığını deyən qadını “anormal” hesab edir?

“Ağdam RİH başçısının müavini 5 min manat pulumu aldı, özümü də kanala atdırdı” – ŞİKAYƏT

Yandırılan müəllimənin direktoru: “O qadının bir anormallığını görməmişəm”

Rüfət Əhmədzadə – “Sosial sifariş”

13091Rasim Əliyev üçün…
(“sistem altından şeirlər” silsiləsindən 4-cü şeir)

Öldür onu, Coni,
Kəs nəfəsini, elə yerdə qalsın.
Qalxmasın ayağa,
Birdən yenə ağ olar üzümüzə.
Kəfənsiz basdırılmalıdı, belə əclaflar…
Qoymurlar
halalcana çalıb-çapdığımızı
rahatcana, qəmsiz-qayğısız yeyək.
Yuxumuzu qaçırıb, kefimizi pozurlar.
Hərəsi əlinə bir fotokamera alıb…
Əəə, get, lovstori çək də,
siyasətdə nə itin azıb sənin?
Sonra utanmadan car çəkirlər ki…
Kimsə bunları təhdid-zad eləyir.

Öldür onu, Coni…
Qır qabırğasını, canı çıxsın qoy…
İdmana qayğının fışqırdığı bir zamanda
Belələri ağzının qatığın niyə dağıdır?
Qoymurlar bayraq dalğalandırıb pul qazanaq…
Aman vermirlər özümüzü bircə anlığa
Messidən, Peledən, zaddan hiss edək…

Öldür onu, Coni…
Xirtdəyindən yapış,
“vətən-vətən” dediyi torpağa tez qovuşsun qoy…
Öldür ki, yeni nəsil insanlara yol açaq,
Öldür ki, gələcəyə yenidən cığır açaq…
Öldür, gəbərt bu dəyərsiz məxluqu…
Axı, axı, bu dəyərlər heç də onun dediyi tək…
Axı bu dəyərlər heç də iy verdiyi tək…
Əşşi, nə isə, öldür onu Coni!

9 milyonluq şeir

Sən mənə həyat yoldaşı olmadın,
Sadəcə yoldaş da ola bilərdin…
İşin-gücün elə qısqanmaq idi,
Sevgini bu cür göstərirdin sanki…
Əslində məni eşqdən soyudurdun.
Bir də həmişə nəvaziş gözlədin…
Gözlərin qarşısında əridiyimi də görə bilərdin.

Məsələn, sevə bilərdin
Mübahisəli anları da…
Çünki bundan sonra o da olmayacaq.
Bir az səbirlə davrana bilərdin
Xətrimə dəymədən,
Ürəyimə xal salmadan…
Bir də yad ətəklərə itələmədən…
Sadəcə yanında tuta bilərdin.

Sənə acıqlanıb niyə başqasına ağladım,
boşaltdım ürəyimi…
Niyə öz əlimə almadım taleyimi…
Özgələrinin qərarı ilə,
Özgələrinin insafına…
Və bir şam əriyir pəncərə kənarında…
“Cəhənnəm olsun pərvanələr,
Rahat can verim!”
– deyəcək cəsarəti yoxdur…
İntihar etməyə qorxan şairin
Təsəllisi sual yağışlarına
həmişə eyni cür cavab verməkdir:
“Əzizlərim, bu, sadəcə şeirdir!”…

Sonra əllər yellənir havada
Başlar bulanır monitorlar arxasında
Hökm də çoxdan kəsilib
“Gebbels”in masasında…
Sən öz milli sevdanla,
“anti-milli” damğanla…
Şam həyatına belə paxıllıq apararaq yaşayırsan.
Səni, məni qarışdırdım, bağışla…
Başın çox qarışmasın…
Onu daha vacib günlərçün daşıyırsan.

Səninləyəm,
ey özünü yaralı aslan sayan
qorxaq, əyriqıç dovşan!
Azərbaycan, Azərbaycan…
Çürüyür səninlə can…

Rüfət Əhmədzadə

Yetim bir şeir

Ata,
“darıxmışam” desəm, pis çıxmaz?
Ölənçün darıxmaq günah sayılır…
Düz 4 həftədir ki, yetiməm, yetim…
Yetimə hansı gün sabah sayılır?

Bilirəm, məndən də dərdli olan var,
Adam var dünyaya yetim göz açıb.
Adam var anadan, atadan məhrum…
Elə küçələrdə illərin sayıb.

Adam var, atasın savaş alıbdır,
Yadında bir əsgər qalıb yetimin.
Adam var atanın çiynində gedir…
Adam var, atasın dəfnində sevir.

Adam var, bir adam yoxdur yanında
Adamlar içində adamsız qalıb.
Kimi yada salsın, kimçün darıxsın?
Allah təkliyindən Allah saxlasın!

Adam var, mən kimi, gənclik görməyib,
Heç qocalığın da hayında deyil.
Adam var, adammı?..
Adam içində
Adam olduğunun fərqində deyil!

Ata,
“darıxmışam” desəm, pis çıxmaz?
Bu doğum günümə sənsiz girmişəm.
Yep-yekə kişiyəm, uşağım da var…
Ağlamaq harama yaraşır mənim?
Xatirə, ağrılar… peşmanlıqlar…
Əzabla bir işim aşırmı mənim?

Nə qədər haqqıma girdilər, ata!..
Nə qədər badalaq vurdular mənə…
Heç kimə qəzəbli deyiləm hətta!
Hamısı müəllim oldular mənə.

Sadəcə, küsmüşəm – gələcəkdən də…
Küsüb, uşaq kimi
Lal… kirimişəm.

İnternetdə “partlamaq” istəyirsən?

İnternetdə “Boom” yaratmaq elə də çətin deyil. Bir az ağlın olmalıdır, bir az ağlından artıq cəsarətin, bir qədər də ağlını və cəsarətini sığortalayan istedadın (və ya məhsulun). Bu işi bacaran və hətta bir neçə dəfə sınaqdan keçirən biri kimi, “Boom” fəlsəfəsi üzrə dissertasiya da yaza bilərəm.

Amma ehtiyac görmürəm. Və bunu zərərli fəaliyyət hesab edirəm. Məsələn, Karate ustaları özünümdafiədən danışır, amma bu idman növünü öyrənib onun-bunun üstünə “xod” gedənlərə haqq-ədalət fəlsəfəsi danışacağıq? Dinləyəcəklərmi? Ya da, məsələyə elmi yanaşaq: Eynşteyn atomu parçaladı ki, yaponları məhv etsin?

Biz heç nə ixtira eləmirik. Heç bir yenilik gətirmirik. Sadəcə “partlamaq” istəyirik… Və partlayırıq.

Kimsə deyə bilər ki, əlin yağlıdır, öz başına sürt. İki dəfə müsabiqələrdə rəqiblərimin yuxusunu qaçırdım, bəs etmədimi? Bir neçə şirkətin piar işini təşkil etməkdə ustalığımı göstərdim. Yox… Həmin şirkətlərin rəhbərlərini bunu çoxdan unudub.

Məsələ “like” və ya “səs” istəməkdə deyil. İstənilən an (ancaq 2015-ci ildə), növbəti bir İnternet müsabiqəsində ortaya çıxa və növbəti bir “Boom” effekti yarada bilərəm. Buna “inanmıyormuş gibi yapa” bilərsiniz. Amma hələ də bir çox yazar tanışım “sən Allah, bunu necə etdin?” deyə soruşur. Çünki məndən çox gündəmdədirlər, yazıları mənim yazılarımdan çox paylaşılır… Amma hələ də mənim “Boom”u necə qaldırdığımla maraqlanırlar.

“Boom” özlüyündə piramida effektinə malikdir. Maliyyə piramidasından danışıram. İnsanları başına yığıb irəliləyirsən. Əyləci basanda hər şey dağılır. Amma gördün ki, laxlama və ya yorulma baş verib, dayana bilərsən. Lakin sürücü ustalığı göstərməlisən. “Saxla, sağa ver” məsələsi. Yaxud da tempi azalda bilərsən. Yoxsa, bayaq dediyim kimi, partlayacaqsan.

Dünyanın valyuta sistemi də belə işləyir. Dolların kursu da “boom” fəlsəfəsini yaxşı bilənlərin idarəsindədir. Dünya siyasətində “konservləşdirilmiş lider” anlayışı da var. Hərçənd, siyasəti sevmirəm.

Pulu sevirəm. Uzaqdan da olsa… Bilirəm ki, artıq “like”, “səs” və ya reytinq naminə “Boom” mərhələsi geridə qaldı. 2014-cü ilin sonuna çatırıq. Gündəmdə olan yazarların adlarını şərh yerinə yaza bilərsiniz. Onlar qəfildən ortaya çıxıb “Boom” yarada bilməzlər. Çünki elə ortadadırlar, gündəmdədirlər… Səhnəyə “daramm!” deyə elə səhnədən tullana bilməzsən. Səhnəyə “zakulis”dən atılmaq və insanları ancaq bu cür heyrətləndirmək mümkündür. Ya da zaldan… Amma onun da effekti müvəqqətidir. Sonra səhnəarxasına keçib libas dəyişməlisən. Yoxsa, hamı səni elə “zaldan çıxan uşaq” kimi tanıyacaq.

Həmişə gündəmdə olmaq heç də yaxşı hal deyil. Məncə, özünə hörmət edən və sevən yazar 12 ayın ancaq 6 ayında gündəmdə ola bilər. İnsan enerjisidir, hələ 28 yaşımda 12 ay populyar olub sonra intihar etmək fikrində deyiləm.

Niyə özümdən danışıram axı. Mənim mövzum “partlamaq” və “partlatmaq”dandır. Bombanın effekti onun barıtından asılıdır. Barıt nə çox olmalıdır, nə də az. Meydana çıxanda barıta diqqət edin. Partlayanda insanın bağırsaqları sağa-sola yayılır…

Rüfət Əhmədzadə

Gündəlik, 20-21 oktyabr, 2014-cü il.

Psixoz kolxoza qarşı (gündəlik qeydi)

Tam səmimi yazacam: mənim psixoloji problemim var. Mahiyyətindən özüm də baş açmıram. Kompleksdir, depressiyadır, ya nədir… Amma bütün dünyadan qaçmaq, gizlənmək istəyirəm. Hətta ailəmdən də, özümdən belə.

Bu bloqda özümlə baş-başa qalmışam. Çünki paylaşmıram, “fan” səhifəmi də bağlamışam, “facebook” profilimi də. Əsasən abunə olanlar bildirişlə girib baxacaq. Əgər yada salsalar. Belə kimsə yada salmır, ya da nə bilim, var.. o da tək-tük… Vaxt keçəcək, “belə bir yazar var idi” deyəcəklər, vəssəlam.

Bəlkə də, qələm “dostlarım”, özündənrazı “filosof” tanışlarım düz deyir. Mənim ədəbiyyatda yerim yoxdur. Halbuki “sən ədəbiyyatda olmalısan” deyənlərin sözünü dinləyib gəldim. Ya da heç gəlməmişdim. Nə bilim…

Bunun daha mənası yoxdur. Müstəqillik gününü geridə qoyduq. 100 nəfərlik kitab təqdimatı keçirdiyim, mən metrodan çıxarkən kiminsə sevgilisinə “Rüfət Əhmədzadəni tanıdın?” deyə işarə etdiyi, bulvarda bir skamyada tək otururkən heç tanımadığım bir xanımın gəlib mənə lirik şeirlərimi xatırlatdığı və dərdləşdiyi, öz dərdimi unudub başqalarını səbirlə dinlədiyim, özüm param-parça olduğum halda depressiyalı gənclərə ruh verdiyim, inboksuma gündə 10-15 oxucudan tərif, bir o qədər də “fake”lərdən təhqir gəldiyi günləri də geridə qoyduq.

Müstəqil ölkənin vətəndaşıyam… Uğurlu yazar olmaq üçün yetərincə müstəqilliyim çatmadı. Ya da ki, istedadım. Amma yenə də fəxr edirəm. Çünki nə qədər tez ruhdan düşsəm də, qəlbimin dərinliyində əminəm: mənə ağız büzənlərdən qat-qat istedadlıyam. Amma… psixoloji problemim var. Düzü onlarda da var, gizlətməkdə çox istedadlıdırlar. Növbəti “nə bilim”…

Görəsən, mənim problemim düzələndirmi? Bəs başqalarının varlığından əzab çəkən, istehza və kinayədən zövq alan insanların problemi necə? Hərənin bir dərdi var… Ən böyük dərd isə həddən çox səmimi olmaqdır

Dərdimiz dağlara!..

Rüfət Əhmədzadə

Gündəlik qeydləri

18-19 oktyabr, 2014.

“Allahın həyat tərzi” (esse)

Rüfət Səid

“Allahın həyat tərzi”
(esse)

Əgər baş kəsən də, başı kəsilən də “Allahu əkbər” deyirsə və hər ikisi də seçdiyi yolla Cənnətə gedəcəyinə inanırsa, burda dava Allah davası deyil. Yüz illərlə, min illərlə sürən mübarizənin əsas predmeti həyat tərzi və hakimiyyətdir.

Lap istəyirsiniz, əqidə və məfkurəni də bura əlavə edin. Təbii ki, inancına hörmət etdiyim bir çox insan İmam Hüseyn şəhadətini cəsarətdən doğulan cihad hesab edir. Haqlı saymaq olar. Amma istənilən halda, burda iki fikrin mübarizəsi gedir. Bir fikir hakimi-mütləq olmaq üçün, digər fikir isə gələcəkdə hakim olmaq ümidi ilə müqavimət göstərmək üçün savaşır.

Və heç də, dava Allah (Tanrı, Boq, God) davası deyil. Yəni, məsələ iman gətirməkdən yox, necə iman gətirməkdən (hansı instansiyanın, təşkilatın və ya şəxslərin davamçısı olmaqdan) gedir. Tərz və üslub polemikası müharibələrə yol açır. Budizmdə belə insanlar yaxşılığa dəvət olunur. Amma dərinə getdikcə, dinlər arasında fərq yaranır. Hələ 100 il əvvəl bakirəliyin önəm verildiyi xristian cəmiyyətlərində bu gün bakirəlik haqqında danışmaq qeyri-adi görünür.

Əksini isə İslam dünyasında danışmaq olmaz. Amma hər iki din də Tanrı dinidir, necə deyərlər əhli-kitabdır. Kitabdan kitaba da fərq var, atam balası.

Hələ çox əsrlər didişəsi, qırışasıyıq. Nəticə? Hə… Qiyamət olacaq, ağaclar və daşlar dilə gələcək, “ey müslüm, arxamda yəhudi gizlənib” deyəcək…

Məni maraqlandırmır. Tam səmimi deyirəm. Mənim yaşadığım cəmiyyətdə bu onu “müşrik”, o bunu “xəvaric” adlandırıb yastıq altına silah yığacaqsa… Qiyamət nəyimə lazımdır axı? Ateistlər və teistlər arasında mübarizə də bitən deyil. Hər kəs öləndən sonra həqiqəti öz gözüylə görəcək (və ya sadəcə ölüb yoxa çıxacaq). Ya da hər qoyun öz ayağından asılacaq.

Dəvət deyirsiniz? Dəvətin barıtı çox olmadımı? Şübhəsiz, dini inancını rahat yaşamaq istəyənləri də anlayıram, amma nə olur olsun, bu sadəcə həyat tərzidir. Və intim məsələdir. Kimsə kiməsə öz qadınıyla necə sevişməyi öyrədə bilmədiyi kimi, öz Allahıyla münasibətlərinə də qarışa bilməz.

Yəqin ki, çoxunda belə suallar yaranır: Allaha inanıram, o var, amma niyə onun sözlərini hərə bir cür deyir? Nə üçün hamı düz yola dəvət edir, amma biri Şamaxıdan, o biri Kürdəmirdən, digəri də Salyandan görür bu yolu?

Deməli, Tanrının dərki də nisbi məsələdir. Allahın necə olduğu, necə həyat tərzi sürdüyünə necə əmin ola bilərəm? Ehkamlar, ayələr.. Bunlara şəkk etmək günahsa belə, bu qədər dilemmanın içində şəkk etməyin, fikrə dalmağın özü normal deyilmi?

Nə isə… Uzun sözün qısası: Tanrının varlığına inanıram, amma dini təbliğatlar, polemikalar, debatlar (çox nadir görülən), müharibələr yordu məni. Gəlin, sadəcə inanaq (və ya inanmayaq), təriqət şeyxlərini və məscid axundlarını varlandırmaq, siyasi oyunların aləti olmaq isə…

Kim bilir, bəlkə də bu yazımla məndə kiminsə dəyirmanına su tökdüm. Olsun, sadəcə yorulduğumu demək istədim. Nəticədə uzun yazı alındı.