Köhnə yara (hekayə)

Rüfət Səid

Köhnə yara
(hekayə)

“Hər an ölə bilərəm” deyə düşünmək insana çox əzab verir. Elə hər an da ölürsən. Bunun bir yolu olmalıdır. Amma deyəsən, ürək xəstəliyindən çox ruhi məsələ var burda. Psixikam tamamilə pozulub. Necə edəcəyimi bilmirəm. Yaşamaqmı, ölməkmi… Əlbəttə ki, görəcəyim çox iş var. Bunu hətta cəmiyyətə ən faydasız insan da düşünə bilər. Mən niyə bu qədər xudbinəm?
Həkim deyir, yaxşısan. Elə də ciddi problemlər görmür. Sadəcə deyir ki, “hər şeyi ürəyinə salmağın ziyanınadır”.
Yəni ki, o tərəfə bir addım atırsan. İnsan olduqca, ölümə daha çox yaxınlaşırsan… Bəli! Duyğusal olmaq çox pis şeydir. Emosionallıq bizi məhv edir…

– Bəlkə, müalicə olunasan?
– Nə lazımdırsa, həkim nə yazıbsa, alıb yığmışam evə…
– Qəbul edirsən?
– Hə… Amma vaxtlı-vaxtında dərman atmaq yadımdan çıxır. Ən çox ürəyim sancanda atıram.
– Çox bərk sancır?..
– Bilmirəm, o zaman yarıcan oluram. Ağrılarımı ölçməyə taqətim qalmır.
– Necə yəni? Tam mənada necə hiss edirsən özünü?
– Nə bilim… Bir neçə saniyə sürən halsızlıq olur. Amma sonra küt ağrılar hiss edirəm. Köhnə yaranın ağrısı kimi.
– Köhnə yara? Qəribədir…
– Burda qəribə nə var ki? Hər kəsin ürəyində köhnə yara var. Nə isə, yaxşı olar, narahat olma!

Dostumla sağollaşdım. Onun gözləri arxamca gəlirdi, özü isə durmuşdu. Ondan mümkün qədər uzaqlaşmağa çalışdım. Birlikdə oturduğumuz kafe “Sahil”ə yaxın bir küçənin döngəsində yerləşir. Ordan buruldum, özümü metroya atdım. Atdım da sözdür…

Gözlərimi açanda gördüm ki, ölmüşəm. Həyat yoldaşım oğlumu qucağında tutaraq, göz yaşları axa-axa mənə baxır.

– Özünə gəldin? Necəsən?
– Hə… Gəldim. Hansı dünyadayam?
– Biz olan dünyada.
– Siz olan dünyada bu ürəklə yaşamaq mümkün deyil axı.
– Amma sən yaşayırsan… Şükür Allaha! Qorxmuşduq. Həkim deyir ki, 1-2 gün burda qalmalısan, sabah evə aparacağıq səni.
– Basdırmağa?
– Niyə belə danışırsan?
– Bilmirəm… Hər an ölə biləcəyimi o qədər düşündüm, artıq həyatdan uzaqlaşmışam.
– Belə danışma… Sən bizə lazımsan.
– Yaxşı… Yuxum gəlir.

Mən xəstəxanadan çıxanda həkimin gözləri mənimlə gəlirdi. Özü isə durmuşdu. Nədənsə, bu gün onu məşğul edən başqa xəstə yox idi. Günün xəstəsi məhz mən idim. Bəlkə də qəhrəmanı.. Bəlkə də, məğlubu. Səhnədəki rolundan məhrum olan uğursuz bir aktyor.

Məni dəfn etməyə aparırdılar. Ya da ki, yaşatmağa. Fərqi nədir, köhnə yaralarımı nə qədər sarısam da, onlar məni hər zaman ölü kimi yaşadacaq.

Və mən… hər dəfə klavişə toxunduqca, qəbrimə bir kürək torpaq atıram.

Proza içində dərc edildi

Nəyə görə çılpaq sinə?

delakrua 

Rüfət Səid (Əhmədzadə)

 

Hərdən düşünürəm ki… Daha doğrusu, həmişəm düşünürəm ki… “Düşünürəm” deyəndə ki… Özümə bol-bol suallar verirəm.

Məsələn:

Axı, nəyə görə insanlarımız elə düşünür ki,  biz hansısa yaşlı bir yazıçını hansısa hərəkətinə və ya sözünə görə tənqid ediriksə,  yaşlı nəslə hörmət qoymuruq?

Nəyə görə, arada-sırada tənqid ediriksə, bizim “heç nəyi və heç kimi bəyənmədiyimizi” iddia edirlər?

Və ən əsası, nəyə görə bir az tənqid yazan adama damğa yapışdırırlar?

Olmazdımı ki, yazarları siyasiləşməkdə ittiham edənlər hər ağzından söz çıxana “müxalifət” damğası vurmasınlar?

Nəyə görə səllimilik və çərçivəsizlik azadlıq hesab edilir?

Nəyə görə çərçivələr və kompekslərə aludə olmaq mədəniyyət və tərbiyə rəmzi kimi qəbul olunur?

Niyə fransız rəssamı Delakrua öz məşhur əsərində  Anna Şarlottanı çılpaq sinə ilə təsvir edib?

Azadlıq sinəsini açıb irəli getməkdirmi?

Azadlıq getməkdirmi?

Bəlkə, azadlıq intizarında olduğumuz hansısa bir gəlişin təntənəsidir?

Azadlıq qovuşmaqdır?

Yoxsa, ayrılmaq?

Azadlıq sevməkdirmi?

Azadlıq sevgidən də azad olmaqdırmı?

Azadlıq yaşamaqdırmı?

Azadlıq ölməkdirmi?

Oxumaqdırmı azadlıq?

Yazmaqdırmı?

Azadlıq yaşadıqlarını yazmaqdır, yoxsa yazdıqlarını yaşamaq?

Sözə görə məsuliyyətdir, yoxsa sadəcə məsud olmaqdır?

Bəlkə bədbəxtlikdir?

Bəlkə torpaqların azadlığı?

Məsələn, ölülərimiz yatan torpaqların…

Yoxsa dirilərin – cəmiyyətin azadlığıdır əsl azadlıq?

Azadlıq nədir axı?

Yazmaq nədir?

Təbliğat nədir?

Mən nəyəm?

Kiməm?

Sən?

… Və bütün sualları cavablandırmağı oxucunun öhdəsinə buraxıram.

Yaxşısan?

 

“Kardiolet”

Rüfət Səid (Əhmədzadə)

“Kardiolet”

Gəl, sənə bir xoş xəbər verim,
Daha itirəsi heç nəyimiz qalmayıb.
Cəmi 5-6 ay…
O da Əzrayılla görüşə hazırlaşan birinə
Mənasız bir möhlətdir.
Gözlərini yumub-açıb,
Bir də görəcəksən ki…
Daha itirəsi heç kimin qalmayıb.

Gəl, sənə bir bəd xəbər verim,
Səni necə xoşbəxt edəcəyimi
Düşünüb tapammıram.
Əvvəl istədim ömründən səssizcə çıxıb gedim…
Sonra başa düşdüm ki,
Hay-küylə ölüb getmək…
Xəbərsiz öldürüb getməkdən daha yaxşı olar.
Gəl, belə şeylərlə təsəlli tapaq.
Sarıl mənə,
Qucaqla…
Və heç kimdən utanma!
Onsuz da ki, itirəsi heç nəyimiz qalmayıb.

Biz “Cabriolet”imizə minib getməyəcəyik…
Sən başından arxaya gül dəstəsini atmayacaqsan…
Amma mən gülə-gülə…
Hər zaman yanında olacağam.
Ürək insanlar üçün yaşamağa ən gözəl yer…
Sənin sol yanında yaşayacağam.
Yəqin ki, sən Tanrı tək xəsislik eləməzsən…
Onsuz da, itirəsi ürəyimiz qalmayıb.

Qabdakı qabiliyyət, üzdəki qalibiyyət

sabir beyleBloq mənim gündəliyimdir. Bəzən qeydlərim gündəlik xarakterli olmasa da, öz fikirlərimi buda yazmağı vacib bilirəm. Bu nə açıqlamadır, nə “facebook” statusu, nə də köşə yazısı.

2010-dan bəri 5-ci dəfə qatıldığım “Ədəbi Azadlıq”da şeir nominasiyası üzrə I yer tutdum, bunu sadəcə mövzuya görə bir də xatırladım. Qələbəmi də layiqli hesab edirəm. Hərçənd məni şair saymayanlarla razılaşıram. Nəsrdə yeni formalar, fərqli üslub sınamağa çalışsam da, bu cəhdlərim nəzmdə çox az hiss olunur. Fəlsəfəm yoxdur demək olar. Buna lüzum da görmürəm. Poetika və fikir ifadəsini önəmli sayıram. Bu öz yerində. Şəhriyarın qələbəsini şərh edənlərə isə münasibət bildirməyəcəm. “Bizim olan heç nə” yetərincə yaxşı yazılmış hekayə idi. Başlıq mənim “Hər şey və heç nə” hekayəmin adını xatırladırdı. Məzmun isə fərqli idi.

Müsabiqə elə anlayışdır ki, burda narazılıq təbii haldır. Çünki seçilmə-seçmə məsələsi nisbidir. Nə münsiflər, nə də mən hamını razı sala bilməzdik. Amma insafla demək lazımdır: “Ədəbi azadlıq-2014”  nadir müsabiqələrdəndir ki, münsiflərin rəyi oxucuların rəyi ilə üst-üstə düşdü. Şeirlərimin sosial şəbəkədələrdə və saytlarda yaxşı oxunması və çox paylaşılması onu deməyə əsas verir ki, insanlarımız arasında öz oxucularımı tapmışam.

Əlbəttə, kimisə istedadımla qane etməyə bilərəm. İstedadsız adamın da zamanla öz oxucu kütləsi formalaşır, bu ayrı məsələ. Amma istedadım, ədəbi dilə sevgim və oxuyub-öyrənmək həvəsim olmasaydı, 2010-cu ildən bu yana əzmlə çalışmazdım. ÇALIŞA BİLMƏZDİM HEÇ!

Adamın qabındakı qabiliyyət özünü göstərir. Üzdəki qalibiyyət insanın içindəki qabiliyyətlə düz gəlməyə bilər. Necə ki, bir çox müsabiqələrin qalibləri bu gün az gözə dəyir. Amma çalışqan biri kimi, sizdən sadəcə zaman istəyirəm. Öz  yolum, fikrim və ideyalarım var. Vətəndaş mövqeyim var. Hər şeyə nihilist yanaşmağı da düzgün hesab etmirəm. Ən pis halda – istedadlı yaltaqdansa istedadsız mübariz daha yaxşıdır.

Təqdimatda Şəhriyardan çox sevindim. Əlimi göyə qaldırıb şükür də etdim. Təbii ki, kənardan yaxşı görünmədi. Sevincimə şəbədə qoşanlar oldu. Şəbədədən başqa ad vermirəm.

Əgər mən sevinmək və heyrətlənmək xüsusiyyətimi itirsəydim, çoxdan intihar etmiş olardım. İnsan heyrətlənmək və sevinmək qabiliyyətini itirəndə həyat da adiləşir.

Tədbirdə xalq şairi Sabir Rüstəmxanlıdan mükafat almaq şərəf oldu. Amma bir az qəribə gələn hal da oldu ki, Fazil Mustafa o tədbirdə idi. Təbii ki, təşkilatçıların dəvət işinə qarışa bilmərəm. Digər tərəfdən, hər zaman yazarları təhdid edən və dözümsüz yanaşan şəxsin tədbirə gəlib bizə dəstək göstərməsi sevindirici haldır. Lakin inanmaq istərdim ki, hörmətli millət vəkili öz dəstəyinə bundan sonra da davam edəcək.

Qələm dostlarımın təhqir və təhdid olunması heç də ürəyimi açmır. Və belə bir cəmiyyətdə yazmaq-yaratmaq istəmirəm də!

Yetər ki, eynullalıq etməsinlər

Gündəmlə bağlı fikirlərimi bölüşürəm:

Gəlin belə danışaq. Kimsə özündən qəhrəman çıxarmasın. Və hər kəs qorxusunu, narahatlığını etiraf edəcək qədər dürüst olsun. Hətta liberal cəbhənin ideoloqu Seymur Baycan da qorxduğunu etiraf edir, halbuki itirəcəyi ailəsi və övlad həsrəti yoxdur.

Mən də istəmirəm tutulum, “Road”da qızları içirdib sonra xəlvət yerə aparan sektor uşaqları üçün gedib həbsdə günlərimi keçirim. Hərçənd, mən sözümü şəxsən vicdanım və əqidəm üçün deyirəm. Amma mənim nərə çəkməyimlə indi xalq da ayağa qalxmaz, boşuna xərclənərəm.

Bəxtiyara maksimum haqq qazandırmıram, amma mübarizəni də onun hərəkətinə görə cılız görmənizi qəbul etmirəm. Gün gələcək, o əfv ərizələri lətifələr toplusu olacaq. Əgər bir ailənin həsrəti sona yetəcəksə, bir ananın göz yaşları duracaqsa, Bəxtiyarın YAP-a üzv olmasını da alqışlaya bilərəm. Yetər ki, çıxandan sonra eynullalıq etməsin.

Bu qədər. Gecəniz xeyrə qalsın.

Cənab nazir, Aygünü eşidin!

Qeyd: bu yazım 19.05.2014 tarixində Kult.Az-da dərc olunub.
Bu ölkənin bir prezidenti varsa, bir mədəniyyət naziri də var – buna şəkk edənin gözünə çiban çıxsın!

İndiyə qədər bu mədəniyyətin kosmik surətlə inkişafında, öz dolması, “Sarı gəlin”i, eləcə də Alimi ilə dünyaya tanıdılmasında, şübhəsiz ki, möhtəşəm və möhtərəm nazir Əbülfəs Qarayevin müstəsna xidmətləri var.

Amma, ancaq və lakin…

Son zamanlar analoqu olmayan inkişafımızın fonunda bir nazirin fəaliyyəti sanki kiçik görüntülənməyə çalışılır. Biri aktyorların vəziyyətindən şikayətlənir, digəri teatrlara diqqətin azaldığını deyir, bir başqası isə şou-biznesin eybəcərləşməsindən ah-fəğan qaldırır. Hələ rəssamların nəmişlik zirzəmilərə sıxışdırılması isə, sanki böyük faciə imiş kimi gözümüzə soxulur. Hələ İçərişəhərin səfirliklər məhəlləsinə dönməsində də cənab naziri günahkar çıxaranlar var.

Əstəğfürullah! Desəm ki, bu sadaladığım məsələlərdən nazirin heç xəbəri yoxdur, inanarsınız?

Bəs Eurovision? Bəs bir-birinin dalınca keçirilən beynəlxalq tədbirlər… Qurban olum, ay oxucum… Bəs drip-drop?!

Axı nazir nə etsin?! Nazirin başı qarışıb turizmə, dəbdəbəli otellərin və istirahət komplekslərinin tikilməsinə, turpaketlərin hazırlanmasına… Amma musiqi, incəsənət, mədəniyyət bir qədər (çox yox) qalıb diqqətdən kənarda.

Və nazirin bu qədər məşğulluğu isə şou-biznesdə bir növ yiyəsizlik, böyüksüzlük mənzərəsi yaradıb. Müraciətimi birbaşa Əbülfəs Qarayev cənablarına sarı çevirirəm:

Başa düşürəm, siz şou-biznesdə bir çox səlahiyyətləri səhnəmizin əvəzedilməz primadonnası İlhamə Quliyevaya tapşırmısınız, cənab nazir… Amma o qadın da artıq bacarmır… Başa düşürəm, partapart xalq artisti və əməkdar artist titullarını kimə gəldi payladınız. 70-80 yaşlı qocaman incəsənət xadimləri ilə dəxlisiz adamları bir tərəziyə qoydunuz. Lakin bu islahatların ardı da gəlməlidir!

Axı niyə Aygün Kazımova kimi diva və star statuslu müğənnimiz öz qızını da böyük sənətkar kimi bu xalqa sırıya bilmir? Nəyə görə, o, öz qızının titul alması üçün İlhamə Quliyevaya müraciət edir? Onun verdiyi titulların möhürü olur? Əlbəttə ki, yox!

Sizdən xahiş edirik, cənab nazir! Aygün Kazımovanın səsini eşidin! O, sizdən nəsə istəməyə utanır. Bilir ki, başınız qarışıqdır, turizm sektoru sizin bütün enerjinizi alır. Lakin bu şou-biznesin sizin ATA böyüklüyünüzə ehtiyacı var.

Həm mədəniyyət və turizm naziri, həm də Qara Qarayevin nəvəsi olaraq, siz musiqi dünyamıza bu qədər biganə qalmamalısınız. Siz bu şou-biznesə bircə dəfə mübarək əlinizi gəzdirsəniz, əminəm ki, narazı adam qalmayacaq. Müğənnilərimizin nəsli-şəcərəsi davam edir. Bu nəsil-şəcərəyə titullar, fəxri adlar, məqamlar paylamaq lazımdır. Xalqımızın buna ehtiyacı var.
Kult.Az