Əsas səhifə » Esselər(içsəslər) » “Ağıllı sima”lar səltənətində

“Ağıllı sima”lar səltənətində

umnoe litsoTelevizordan nə qədər uzaq olsam da, aradabir və çox zaman təsadüfi, ötəri şəkildə bəzi “əttökən” verilişlərin tamaşaçısı oluram. İstəmədən olur, amma ki, olur… “Əttökənlik” deyilən şeyi ən çox hansı məqamlarda görürəm, deyim: “Umnoe litso” formatında keçən verilişlərdə.

Və ya bizim dildə desək, “ağıllı sima”.

Bu formatda bəzən tok-şoular da ola bilər, bəsən telemüsahibələr də… Hətta əyləncəli-musiqili proqramlara da bəzən “umnoe litso” formatı qarışır.

Mənim üçün bu xarakterdə keçən bütün verilişlərin bir adı var: “Umnoe litso”.

Qonaq ağzına gələni danışsa da, fəlsəfi danışsa da… Aparıcı “ağıllı sima” alıb başını dayanmadan tərpədəcək. Bu zaman “ağıllı” aparıcı dodaqlarını “büzüşmüş əncir” formasına salmağı da unutmayacaq…

O zaman əməlli-başlı ətim tökülür.

Əsəbiləşirəm, vallah! Hətta deyim ki, dəli oluram!

Əllərimi ekrana uzadıb o aparıcının yaxasından tutmaq və silkələmək istəyirəm. Axı sən nə başa düşdün, ay kütbeyin!

Maraqlıdır ki, bu “umnoe litso” formatı cəmiyyətdə “zəncirvari qəza” effekti yaradır. Tədricən, tamaşaçılar da “umnoye litso” rejiminə keçirlər… yuxarı-aşağı tərpənən başlar, “büzüşmüş əncir”  formasına düşən dodaqlar… Beynin içi isə yuyulmaqdadır.

Elə buna görə də, ilk və son dəfə ümumrespublika yayımlı verilişdə iştirakım 4 il əvvələ təsadüf edir… Yəni, son 4 ildə heç bir verilişə çıxmıram və heç vaxt da çıxmaq istəmirəm. Gələcəkdə məşhur bir yazardan, jurnalistdən olsam… Nə vaxtsa, “umnoe litso” formatındakı verilişə çıxsam, bu yazını çap edib bürmələyər və başıma çırparsınız.

Çünki acığım gəlir… Son dəfə bu cür formatlı verilişdə mən danışarkən aparıcının ətli dodaqlarının getdikcə “büzüşmüş əncirə” dönməsini seyr etməkdən…. Cəhhənəm əzabı yaşamışdım. Bir daha bu əzabı yaşamaq istəməzdim!

Mən niyə “umnoe litso”dan danışdım ki? Axı sözümün məğzi var…

Əsl yazıçı, əsl şair, əsl ziyalı heç vaxt “umnoe litso” almamalıdır. Uşaq kimi sadəlövh… qoca kimi müdrik, amma yenə də sadəlövh olmalıdır.

Yəni, bir doza müdriklik, iki doza sadəlövhlük!

Ətrafda bu qədər haqsızlıqlar, absurdizmlər baş verdiyi halda, vicdanı olan şəxs necə “umnoe litso” ala bilər? Və necə dodaqlarını “büzüşmüş əncir” formasına salıb, bütün əclaflıqları müticəsinə təsdiqləyə bilər?

Heç cür… Amma edirlər… Hətta vicdanı olanlar belə. Çünki vicdanı olanların bəhanələri də var. Evdə yemək, geyim, xərclik gözləyən, Vətən üçün hər gün daha çox tualetə gedən bəhanələr…

Gecəniz xeyrə qalsın, əziz (tək-tük) bloq oxucularım!..

Rüfət Əhmədzadə

04-05.07.2017

Bir şərh yazın