Əsas səhifə » Poeziya » Rüfət Əhmədzadə – “Düyün” (şeir)

Rüfət Əhmədzadə – “Düyün” (şeir)

Lax çıxmısan taleyin bütün sınaqlarından,
İndi verdiyin dərslərin
hamısından “iki”n var.
Xatirədən danışma, acizliyin görünər…
Xəyallarından söz aç,
barı buna gücün var?
Gücün varmı geridə yanan bir liman qoyub
Sadəcə arzuların qoynuna atılmağa?
Unutmusan bir sözə yanına gələnləri…
Bəs bir söz dinləmədən gedəni unutmağa?
Məsələn, bir xatirə yaman incidir səni…
Deməyə də utanır adam, nə gülməlidir…
Sadəcə yola salıb uğurlaya bilərdi,
“Daha ayrılaq” deyib oğurlamağı seçdi.
Rahatlığını aldı, yollarını doladı…
Hara getdinsə onun saçlarına ilişdin.
Bütün yollar necə də calanıb bir-birinə,
Bütün illər necə də oxşayır bircə günə…
O bir sözü yüz dəfə deyə bilərdin, amma,
Yol o yoldur, o mənzil həminki deyil axı…
O mənzildə gözləyən yoxdu səni, bilirsən…
Hələ dilənçi kimi qapısını döyürsən.
İçəridən səs gəlir, həmin o şən qəhqəhə…
Amma sənin səsinə səs verən olmayacaq.
Nə itin azıb axı, sənin bu xarabada?
Yarı yolda yorulub yıxılsaydın, a kişi!…
Yoxsa ki…
Yoxsa ki, özgəsinin xoşbəxtliyini hər gün
Bir açar deşiyindən izləməkdi xatirə?
Bəlkə də, “özgəsiylə bədbəxtliyini görüm”
Arzusunu yaşadıb bəsləməkdi xatirə!
Lax çıxmısan taleyin bütün sınaqlarından…
Yazdığın şeirlərin hamısında düyün var.

Bir şərh yazın