Əsas səhifə » Poeziya » Rüfət Əhmədzadə – “Unutqanlıq” (ŞEİR)

Rüfət Əhmədzadə – “Unutqanlıq” (ŞEİR)

Sənin yoxluğunda nələr etmədim…

Allah bilir, necə keçdi bu illər.

Ən maraqlısı, mənim yoxluğumdur.

Bəzən bütün varlıqlar göz qabağından deyil,

Ayaqların arasından keçirlər.

Belə pis çıxmasın ey,

Sadəcə kiçilirlər….

Xatirələr unutqanlıq yaradır!

 

Sənin yoxluğundan nələr yazmadım…

Allah bilir, kimi üzdü şeirlər.

Ən maraqlısı, bir gün

Öz üzüntümün yoxa çıxmasıydı…

Bir səhər ayıldım ki,

məndən ancaq qəm-kədər gözləyirlər.

Pessimist çıxmasın ey,

Sadəcə sevinirlər…

Faciələr nikbinliyə calanır.

 

O səhərin səadəti sənin yoxluğundaydı,

Bunu anlamaq lazımdı, anladım.

Bu gecənin bədbəxtliyi sənin varlığındaymış.

Hey lazım olmadığın vaxtlarda xatırladım.

Məsələn, romantik görünmək üçün,

Nişanlımın qapısına əlimdə gül dəstəsiylə gedəndə…

Ya da xoşbəxtliyimi sübut eləmək üçün,

Həyat yoldaşıma ilk şeirimi həsr edəndə.

Özgələrin şkafında qurdalanmaq kimidir,

Sənin xatirələrlə

Evimə soxulmağın.

Sənin unutqanlığın,

Mənim unutqanlığım…

O, sənli şeirləri tərifləməyi də heç unutmur ki…

Unutsaydı, daha çox yox olardım.

Ürəyindən keçənləri desəydi,

daha çox uzaqlaşardım mən ondan…

Bəzən ağ yalan bizi həqiqətə qaytarır.

 

Sənə nə var,

Tanımazlar, bilməzlər…

Mənə nə var,

Evdə heç nə deməzlər,

Desələr də özümü eşitməzliyə qoyub keçəcəyəm.

Sırtılmışlıqdan deyil…

Sadəcə bilirəm ki,

Özünü tanımaq nadanlıq deyil.

Qapanmalar bəzən daha çox açır həyatın qapısını!

 

 

 

Bir şərh yazın