Kəlağayı

Rüfət Əhmədzadə

Kəlağayı

(bənövşəyi esse)

Gözlərimi açanda, kimi necə görməyim yadıma gəlməsə də, ilk uşaqlıq illərimin mühiti çox yaxşı yadımdadır. Anamın başı elmi işlərinə daha çox qarışdığından, uşaqlığımın daha çox hissəsi ana nənəmlə keçib.

Dindar-mühafizəkar bir ailədən çıxan kəlağayılı bir bakılı qızı idi. Yetişdirdiyi övladlar da mühafizəkar ruhludurlar, lakin, anamın və xalalarımın oxumuş olması, tipik Azərbaycan mühafizəkarlığına yad əlamətlərdir. Buna, görə də, ana nənəmə və babama çox minnətdaram. Və hər zaman da, xoş xatirələr kimi qalarlar yaddaşımda.

Ağlım kəsən ilk vaxtlardan, ətrafımda gördüklərim məni çox düşündürməyə başladı. Bu hamıda olur, təbii ki. Uşaq ki, hər gördüyünə bir sual həsr etmədi, demək, onun təfəkkürü indidən dar yetişir. Hər halda, mən belə düşünürəm. Məncə, hər şeyə sükutla yanaşan bir uşaq, gələcəyin sınacaq, əziləcək və əsl mütrif olacaq bir vətəndaşıdır.

Marağımı oyadan ilk şeylərdən biri də kəlağayı oldu. Nənəmin  göz bəbəyi kimi qoruduğu, başında olanda əli ilə tez-tez yoxlayıb tumarladığı, başından açanda isə, evin ən toxunulmaz və əlçatmaz bir yerində saxladığı. Mənə çox qəribə gəlirdi bu. Adi bir baş örtüyünə qarşı bu qədər də həssas olmaqmı olar!? Nə idi o kəlağayının daşıdığı böyük məna görəsən? Hələ, nənəmin tez-tez kəlağayı üzərindəki bənövşəyi butaları sığallamasını seyr edincə…

… Beynimdə çox dolaşmağa qoymadım sualları. Nənəmə yan aldım… O, belə cavab verdi: “Kəlağayı Azərbaycan qadının namusu, qeyrətidir!” Namusun- qeyrətin də nə olduğunu soruşdum. Amma, dəqiq bir cavab ala bilmədim.  Axı, uşağ idim, nə biləydim ki, bu namusla qeyrət nə işə yarayırlar!? Suallarımı çox uzatmadım. Sadəcə, özlüyümdə qəbul etdim ki, namus-qeyrət nər nədirsə, qorunmalıdır.

Bir neçə ay ötdü. Bir gün, atam məni Yasamala, dostugilə aparmışdı özüylə. Ev sahibinin uşaqlarıyla küçədə oynarkən, əsil əlbəyaxa davanın şahidi oldum.  İki dəliqanlı bir-birinə tərs gəlmişdi. Hətta, o dərəcədə ki, ikisi də bıçaq siyirib bir-birinə cummağa çalışırdılar. İksinin də beyni qızmışdı. Ətrafdakılardan heç kim onları ayıra bilmirdi. Bıçaqlar çıxandan sonra isə, heç kim də araya girməyə cəsarət etmədi.

Bu arada bir yaşlı qadın girdi araya qəfildən. Başındakı kəlağayını düz onların arasına atdı. Və elə o andaca, hər şey dəyişdi tamam. Sanki, bu oğlanların ikisinin də başına suyuq su səpmişdilər. İkisi də duruxdu. Əlləri boşaldı və bıçaqları yerə atdılar. Yalnız kəlağayının tən ortada yerə düşməsindən sonra, bıçaqlaşmanın qarşısı alındı. Özümə də çox qəribə gəldi bu. Axı, necə və niyə oldu bu soyuma?

Və görəsən, qeyrət-namus rəmzi kimi qorunmalı olan kəlağayı nə üçün yerə atıldı?

Evə qayıdarkən, elə yoldaca, atamı dilə tutdum. Və izah tələb etdim. O isə, başa saldı ki, kəlağayını savaşanların arasına atmaq bizim xalqın bir ənənəsidir. Özünə hörmət edən kimsə, kəlağayı üzərindən keçməz və tapdalamaz. Sonradan “ana ləçəyi” deyimini də öyrəndim.

Amma, hələ də qaranlıq qalan bəzi məqamlar oldu mənə. Axı, niyə həmişə başıaçıq gəzən xanımlarımızın əksəriyyəti matəm məclislərində kəlağayı örtürlər? Yas məclisindən çıxan kimi isə, baş örtüklərini çantaya dürtürlər? Bu suallarımı da anam cavabladı. Sən demə, cəmiyyətimizi müasirləşibmiş və qadınlarımız çoxdan azad olubmuş çadradan da, kəlağayıdan da… Amma, yas məclislərində, baş örtüyü vacib imiş! Çünki, dinimiz bunu tələb edirmiş.

Elə, bir çox yeyib-içən kişilərimizin də, yas məclislərində özlərinə çəki-düzən verdiyini və əsl müsəlman kimi davranmasını müşahidə etdim. Bax, elə o vaxtdan da, hələ də cavabını tapa bilmədiyim bir sual yarandı beynimdə: İSLAM MATƏM DİNİDİR?

Uzun illər də keçdi. Baş örtüyü haqqında çox söhbətlər eşitdim, çox kitablar oxudum. Baş örtüyünə görə, insanların qadağa ilə rastlaşdığını gördüm, etirazlara şahid oldum. Örtüyü özünə ağır bir yük kimi qəbul edən didnar qızlar da gördüm, onun çəkisini öz davranışıyla yüngülləşdirənləri də…

Amma, bu yaxınlarda, daha tükürpədici bir olayın şahidi oldum. Öz doğum gününü konsertlə qeyd edən müğənni Röya kəlağayını dekorativ əşyaya çevirmişdi səhnədə. Uzunluğu tumanından aşağı olmayan bu “yenilik” mücəssiməsi səhnədə rəqs edirdi – yerlə sürünən, əsdirilən, bənövşəyi butalı kəlağayılar fonunda. Bəli, bəli, KƏLAĞAYILAR YERLƏ SÜRÜNÜRDÜ!

Mənə çox toxundu bu. Çünki, bu hərəkət həqiqətən də həqarət idi millətə. ƏXLAQSIZLIQ İDİ! Hətta, həqarət saymasaq belə, çox mənasız bir əlavə idi şouya. Belə mənasızlığa görə isə, kəlağayıları yerlə süründürmək axmaqlıqdan başqa bir şey deyil!

Dünyanın ən liberal cəmiyyətlərində belə, milli geyim əşyaları ilə bu cür məzələnmirlər. Amma, bizim “mühafizəkar” və günü-gündən bənövşəyi rəngə bürünən cəmiyyətimizdə buna yol verilir.

Görəsən, tarı, kamançanı, qavalı, muğamı, xalçaılığı milli dəyrələr kimi qəbul edib cəmiyyətdə mühafizəkar istiqamətdə “piar” aparanlar, KƏLAĞAYINI NİYƏ UNUTDULAR!? Röyanın bu axmaq hərəkətinə niyə biganə qaldılar!?

Və görəsən, mənim bu essem ilə, nəsə dəyişəcəkmi? Çətin ki! Mən sadəcə yazaraq, öz ürəyimi boşaltdım. Hərdən bir deyəcəm də bəlkə. Yeri gəldi-gəlmədi… Amma, yəqin ki, eşidənlər əhəmiyyət verməyib keçəcəklər.

Necə deyərlər:

BU DAŞIN, QAYANIN, TORPAĞIN SƏSİDİR!

Kəlağayı” üçün 9 cavab

  1. Rüfət, cəmiyyətimiz artıq öz ilkin formasını itirmişdir. Nə yazıq ki, bu kimi hallar baş verməkdədir. Ən təəssüfləndirici hal isə hamının buna susmasıdır. Yaxşı mənim olduğum Bakı kəndlərində hələ də bu kimi adətlər qorunmaqdadır və nənələrimiz də Kəlağayını qorumaqdadırlar. Buna da min şükür.

Bir şərh yazın