Əsas səhifə » Poeziya » Günah rapsodiyası

Günah rapsodiyası

Günah rapsodiyası

(poetik köşə)

Günahmı mənimlə doğuldu,

Ya mən günahı doğdum?

Yoxsa, İblis gəldi,

kəsdi başımın üstünü körpə ikən,

yetişən övliya elə beşikdəcə boğuldu!?

Bəlkə, hər şey tamam başqa,

mən günah tək böyüdüm?

Belə çıxır ki,

məni doğan da, günahın özüydü…

Şeytanı lənətləyim,

ya Allaha verdiyi bəxtdən gileylənim!?

Məni faciələrə aparan ilk Tanrı sözüydü

“Ol!” əmri – mənim “Öldür!” eşitdiyim,

iyrənc həyat kitabının bəzəkli üzüydü!…

…Mən olmaq üçün aldım,

Mən qalmaq üçün çaldım,

Mən öldürdüm

daha gec ölmək üçün,

azacıq,

qancıq kimi vicdan zingildədən

vaxt qazandım.

Mən elə insan oldum,

nə şeytan, nə də mələk!

Mən ortada qaldım,

çevrəmdən dəqiqlik istəyərək.

Bəlkə də,

bu mənim içimdəki ehtiyacdan idi,

Özümdə olmayanı axtardım

– bəlkə, axtardığım elə insan idi,

yoxsa, insan cildində gələcək

səmavi mehman idi!?…

…Yaratdım

– özümün məhvinə məqsəd!

Yaramadı işə özünütənqid,

Zəiflədi özünəinam,

oldum daha da mürtəd!

Mən  əzabımı sevdim,

səadətmi istədim?

Heç özüm də bilmədim,

Sevgini qəlbimdə

nə niyyətlə bəslədim!

Şikayətim yoxdur kimsədən,

Özümdən başqa!

Baisə cəza vermək istəyən,

Özündən başla!

Mən özüm səbəbkarammış

Çəkdirdiyin hər qəhərə…

Tələbkarammış, sənə yox,

Sənin içirtdiyin zəhərə!

Mən üz verməsəydim,

əlbəttə ki,

sən də üzməzdin məni.

Mən düz nədir bilsəydim…

Çox güman  ki,

sən də sonda,

adımın önünə “o söz” yazıb,

sabiqlər siyahısına  da

düzməzdin məni!

Günah rapsodiyası” üçün 2 cavab

Bir şərh yazın